Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri, şair-dramaturq Hidayət Orucov Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun APA-ya 14 sentyabr 2013-cü ildə verdiyi müsahibəyə cavab verib.
Hidayət Orucovun yazısını təqdim edirik:
Xeyli müddət bundan öncə - 14 sentyabr 2013-cü ildə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov səhnənin mövcud problemlərindən özünün dərk etdiyi sayaq danışanda deyib: "... Onda teatr bilirsiniz nə olacaq? Olacaq, əvvəlki teatr! Mən pis adam olmaqdan qorxmuram.
Baxın, əvvəllər kimlərin əsərləri tamaşaya qoyulub: Xeyrəddin Qoca, Hidayət Orucov və s”. (deyimini olduğu kimi təqdim etdim). Xeyrəddin ona bu müsahibəsindən dərhal sonra müfəssəl cavab verib. Ötən vaxtda İsrafil iki şəxsə (onlardan biri çox görkəmli, o biri tanınmış adamdır) söyləyib ki, o, mənim haqqımda belə söz deməyib - yaxın günlərdə təkzib verəcək. Təkzib vermədi, mən də cavab verməyə tələsmədim. Və açıq deməliyəm: əgər İsrafil bu sözləri əvvəllər, səksəninci illərin axırlarından başlayaraq tutduğu vəzifələrdə - Kommunist Partiyasının Mərkəzi Komitəsində inspektor, rayon icra hakimiyyəti başçısı, sonralar muzey direktoru işləyəndə söyləsəydi - əsla fikir verməzdim (hərdən ünvanıma səslənən əsassız, yalandan, böhtandan başqa nəsə olmayan deyimlərə münasibət bildirmirəm). Lakin onun bu gün tutduğu vəzifədə dediyi söz son dərəcədə əsassız, absurdsa da rəhbərlik etdiyi kollektivin (mənim bu qədim sənət məbədimizə və onun bugünkü istedadlı kollektivinə böyük ehtiramım var!) cüzi hissəsinin də olsa - mövqeyi kimi səslənə bilər. Buna görə mütləq cavab verməliydim, cavab verməmək üçün təkzibi çox gözləməli oldum və... indi cavab verməyin alternativi qalmadı. Mənim Akademik Milli Dram Teatrımızda bircə əsərim göstərilib: "Bu dünyanın adamları". Və həmin əsər mənim dramaturq kimi ilk addımım deyildi, o vaxtacan bir çox professional teatrlarda - Bakıda, İrəvanda, Naxçıvanda digər şəhərlərdə pyeslərim tamaşaya qoyulmuş və uzun müddət repertuarlarda qalmışdı. Bu qəmli komediya isə ötən əsrin səksəninci illərinin əvvəllərində yazıldı, çətinliklə də olsa o vaxtlar çap olundu və... on səkkiz il sonra tamaşaya qoyuldu. Nə üçün bu qədər illər ötəndən sonra? Hələ on iki il bundan öncə əsərin "Azərbaycan" jurnalında çapına redaksiyanın xahişilə yazdığım ön sözdə bu sualın cavabı var və həmin sətirləri olduğu kimi köçürürəm bura:
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə
İntiqam, əzizim, "Bu dünyanın adamları" o dünyada - Sovet kommunist rejiminin öz içindən, hiss edilmədən yavaş-yavaş çökməyə başladığı vaxtlarda - ötən əsrin səksəninci illərinin əvvəllərində yazılıb və "təbii" olaraq o vaxtlar səhnəyə çıxmasına qadağa qoyulub. Hətta mənim rəhbərlik etdiyim Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da! Səbəbini o vaxtlar Ermənistan DTK-sinin sədri mənə açıq və səmimi dedi. İrəvan aeroportunun deputat otağında təsadüfən görüşdük və DTK şefi (bu, həmən DTK sədri idi ki, Ermənistanın müstəqilliyinin ilk illərində vəhşicəsinə öldürüldü) mənlə mehriban salamlaşaraq: - Necəsən? Teatrın işləri yaxşıdır, bilirəm, özün təzə nə yazırsan? - soruşdu. - Təzə yazdıqlarımı qoyursuz ki, səhnəyə çıxsın? - Elə-belə söz atdım, gözləyirdim desin ki, nə danışırsan, nə məsələdir, bizim xəbərimiz yoxdur. "Qlavlit" bizim boynumuza qoymasın... Amma o, sakitcə-sakitcə gülərək: - Deyirlər, Sən Sovet hökumətini yıxırsan... DTK şefinin səmimi etirafı xoşuma gəldi. Özüm də hiss etmədən qəhqəhəmi saxlaya bilmədim:- Yəni Sovet hökuməti elə zəifdir ki, mənim bir pyesimlə yıxılsın? DTK sədri uğunub getdi...
Dünyanın bütün dillərində "perestroyka" deyilən, ana dilimizdə o illərin özündə də "yenidənqırma" saydığım və mətbuatda da beləcə yazdığım dövrü mən artıq Bakıda yaşayırdım. Milli Akademik Dram Teatrımızın o vaxtkı rəhbərliyi əsəri oxudu, xoşlarına gəldi, amma başladılar - orasını kəsərək, burasını kəsərək... "Qlavlit" belə deyəcək, Mərkəzi Komitə elə deyəcək... Əlbəttə, mən razılaşmadım. Bu epizodları niyə xatırladım? O dünyanın adamları istər yüksək vəzifəlilər olsun, istər sadə insanlar, anlayırdılar ki, mövcud idarəetmə sistemi əsassız qadağalar üzərində qurulub, bilirdilər - belə davam edə bilməz, amma etiraz etməyə heyləri qalmamışdı (heyləri olanlar otuz-qırxıncı illərdə güllələnmişdilər). Əhalinin mütləq əksəriyyəti nifrət edirdi rejimə, amma hamı paradda, təntənəli iclaslarda əl çalmaq zorunda qalmışdı. İnsanlar ikili həyat yaşayırdılar - iclaslarda, çıxışlarda, cəmiyyətdə, üzdə bir cür görünürdülər, şəxsi həyatlarında, öz qənaətlərində və maraqlarında - ayrı cür, ümumiyyətlə, işdə - bir cür, əməldə - ayrı cür. Bu həqiqətlər əks olunmuşdu həmin pyesdə - Sovet həqiqətlərinin yetmişinci illərin sonundan başlayan dövrü. Bu da şübhəsiz - DTK-nı "Bu dünyanın adamları"na münasibətdə adi müşahidəçi rolunda saxlaya bilməzdi. İntiqam, sənlə mənim yaşıdlarım, bizdən sonrakı neçə nəsil yaşayıb həmin ağır mənəvi irtica illərini. Ancaq bugünkü tamaşaçılarımızın və oxucularımızın ən gənc nəsli - 20 Yanvardan, 26 Fevraldan sonra dünyanı tanımağa başlayanlar xəbərsizdilər o dünyadan. Buna görə də bu gün artıq əbədiyyətə qovuşan sənətkarımız Həsən Turabov mənim pyeslərimin birini Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulması istəyini bildirəndə "Bu dünyanın adamları"nı məsləhət gördüm. Çünki əvvəla, dediyim kimi - bugünkü yeniyetmələrin və gənclərin kifayət qədər təsəvvürləri yoxdur o dünyada - nəhəng bir imperiyada mövcud olmuş qadağalar, repressiyalar rejimindən. İkincisi - bu gün də insanlar var o dünyanın - imperiyanın, heç olmasa, o sistemin həsrətini çəkirlər, hətta bu məqsədlə siyasi qruplar və təşkilatlar yaratmaqdan da çəkinmirlər. Üçüncü mövsümdür - tamaşa uğurla göstərilir. Pyes 1983-cü ildə necə yazılıbsa, 2000-ci ildə eləcə də səhnəyə qoyulub və həmin ilk variantı Sənə təqdim edirəm, bircə proloqdan və epiloqdan başqa. Bu iki parça, yeri gəlmişkən, maraqlı tamaşa yaradan rejissor Mərahim Fərzəlibəyovun xahişi ilə yazılıb: əsərin qəhrəmanları təxminən iyirmi il sonra görüşərək ötən çağlara bu günün pəncərəsindən baxır, öz səhvlərini etiraf eləyir, itirdiklərimizə təəssüflənirlər. Biz artıq tarixə gömülmüş o sistemi olduğu kimi bu günün və sabahın nəsillərinə çatdırmalıyıq, heç nə əksiltmədən, heç nə artırmadan, necə olubsa - eləcə çatdırmalıyıq. Bu günün, sabahın nəsilləri tanısınlar o cəmiyyəti. Kim qayıtmaq istəyirsə, qayıtsın (mümkünsə əgər - qayıtsın...). "Bu dünyanın adamları"nı "Azərbaycan" jurnalının oxucularına da çatdırmaqda məqsədim budur. Hidayət. 2 mart, 2003".
Bu ön sözə iki məqamı da əlavə etməliyəm: "Bu dünyanın adamları" dediyim kimi, çətinliklə də olsa, 1984-cü ildə "İrəvanda xal qalmadı" toplumda dünya işığına çıxa bildi. Kitab İrəvanın "Sovet yazıçısı" nəşriyyatının olsa da, Bakının "Qızıl Şərq" mətbəəsində çap olundu. O vaxtın qaydalarına görə, hər çap məhsulu nəşriyyat və istehsalat prosesləri başa çatandan, çapa imzalanandan sonra - ən son məqamda senzuraya - "Qlavlit"ə verilirdi ki, nöqtəsini, vergülünü dəyişməyə də imkan olmasın.
Azərbaycan "Qlavlit"i "təbii olaraq" çapa icazə vermədi. Rəis Cahangir İldırımzadəyə müraciət etdim: - İrəvan bu kitabı buraxır, Bakı isə... saxlayır. İctimaiyyət bunu başa düşməyəcək ... - dedim. Sözüm rəisə təsir etdi. Senzoru çağırıb mənim yanımdaca məsələnin nə yerdə olduğunu soruşdu, kitabın çap basmalarını varaqladı, senzor xətlədiyi çoxsaylı "xətalı" yerlərə baxdı, ona da, mənə də suallar verdi. Sonra senzora qətiyyətlə: - İcazə verilsin, - dedi. Yeri gəlmişkən: kitab hələ İrəvanda çapa hazırlananda nəşriyyatda mənə demişdilər: bu əsərlər nəşr olunsa - çox maraqla qarşılanacaq (topludakı başqa pyeslər və nəsr əsərləri də nəzərdə tutulurdu), amma nəşri "perspektivsizdir", "Qlavlit" saxlayacaq - istər Bakı olsun, istər İrəvanda, fərqi yoxdur. Kitab çap olundu. Bizdə bu barədə susmağa üstünlük verdilər, ancaq xarici radiolar - xüsusilə "Azadlıq" və "Amerikanın səsi" uzun müddət "İrəvanda xal qalmadı" kitabındakı əsərlərin, həmin sırada bu pyesin antisovet ideya-bədii istiqamətindən danışdı... Sonra... 1986-cı il idi. "Yenidənqırma" yenicə başlamışdı. Rejissor Ağakişi Kazımov "Bu dünyanın adamları"nın televiziya tamaşasını hazırlamaq həvəsinə düşdü. Dedi: "İndi fürsətdir". Hazırladı da. Televiziya tamaşasına Muxtar Avşarov, Səyavuş Aslan kimi görkəmli görkəmli aktyorlarla yanaşı o dövrün istedadlı gəncləri çəkildilər. Elşad Quliyevin, Nahid Hacıyevin, Gəray Fəzlinin səyləri ilə tamaşa efirə buraxıldı, ancaq yalnız bircə dəfə! Sonra yuxarıların göstərişi ilə dərhal qapandı, lenti də tezcə pozduruldu. Qapanışın səbəblərindən biri də əsərdə Ulu Öndər Heydər Əliyevin böyüklüyü ilə bağlı işarələr, onun Azərbaycandan uzaqlaşdırılmasının gizli "səbəblərinə" vurulan eyhamlar idi. "Bu dünyanın adamları" Akademik Milli Dram Teatrının səhnəsinə belə "tərcümeyi-halla" gəlmişdi. Premyeralar 2000-ci ilin 14 mayından başlayaraq getdi. 50-ci tamaşası, yüzüncü tamaşası bayram edildi (deyirdilər, bu möhtəşəm sənət ocağımız çoxdan belə bayramlar görməmişdi), kollektiv 150-ci tamaşasının təntənəsi barədə düşünürdü. Yox, 150-yə çatmağa qoymadılar. 116 tamaşası göstərildi. O vaxtkı direktorun vaxtında gözlənilmədən, hətta müəllifə məlumat verilmədən repertuardan çıxarıldı, dekorasiyaları dərhal ləğv edildi ki, bir daha bu söhbətə qayıdılmasın. Hətta sonralar hörmətli nazir Əbülfəs Qarayev də məndən maraqla soruşdu: "Bu dünyanın adamları"nı nə üçün repertuardan çıxardılar?" Dedim: "Bilmirəm". Çox təəccübləndi. Tamaşa azı yeddi il repertuarda yaşadı. "Bu dünyanın adamları" teatrın o vaxtkı rəhbərliyinə nə "pislik" eləmişdi? 116 tamaşanın böyük əksəriyyəti anşlaq getmişdi. Bu əsər Həsən Turabovun, rejissorların, aktyorların, digər sənət adamlarının dedikləri kimi, teatrın qapısını tamaşaçılara geniş açmışdı. (Bir epizod heç gözlərim önündən getmir: tamaşanın antraktında Həsən Turabov mən neçə tanınmış sənət və elm adamlarının içində olanda yaxınlaşdı: "Siz teatrın qapısını yenidən açdınız, tamaşaçılara tanıtdınız" - dedi. Sevincindən göz yaşlarını saxlaya bilmədi. Demə, teatrın kassası on ildir bağlı imiş. Yalnız "Bu dünyanın adamları" səhnəyə çıxandan sonra tamaşaçılar kassaya müraciət etməyə başlamışdılar (rica edirəm - dediklərim təvazökarlıqdan uzaqlıq kimi qarşılanmasın, axı, o uğurlar yalnız müəllifin deyildi, ilk növbədə istedadlı quruluşçu heyətin, aktyorların, bütün kollektivin idi!).
Söhbətlərdə bir məqam da deyilirdi: Tamaşanı həm ziyalılar, həm məmurlar, həm də sadə insanlar eyni dərəcədə səmimiyyətlə qəbul edir, eyni dərəcədə hərarətlə alqışlayırdılar. 116 tamaşanın böyük əksəriyyətində salon əsasən həmin üç kateqoriyanın mənsubları ilə dolurdu. O vaxtlar 50-60 yaşlarında olan necə-neçə tanınmış adam mənə dedi ki, tələbəlik illərindən sonra ümumiyyətlə, teatra getməyiblərmiş... Bir daha vurğulayıram: bu, tamaşa üzərində böyük həvəslə, güclü enerji ilə işləmiş bütün yaradıcı heyyətin və kollektivin uğuru idi. Əlbəttə, müəyyən dairələrdə olan qısqanclıq hissi gizlənə bilməzdi. Bu, təəccüblü olsa da, ilk tamaşalarda hiss olunmağa başladı, əsərin əks-sədası, ağzınacan dolu salon, tamaşaçıların səhnədə cərəyan edən proseslərə hər an həyəcanlı reaksiyası... bəzilərini narahat etməyə başlamışdı. (Əlbəttə, onlar teatrın kollektivindən deyildilər). Sonra... Nə üçün 116? Qarşıda - 150? Nə üçün belə anşlaqlar? Son əlli ildə Akademik Dram Teatrında neçə əsər bu qədər göstərilib, bu qədər repertuarda qalıb, neçə tamaşa haqqında bu qədər yazılıb? O vaxt teatra rəhbərlik edən şəxs belə suallara cavab vermək iqtidarında və marağında deyildi. Ona görə ən "asan yol" tamaşanı xəlvətcə repertuardan çıxarmaq idi. "Bu dünyanın adamları"nın səhnədə ilk quruluşunu Mərahim Fərzəlibəyov, Tahir Tahirov, Ağarəhim Əliyev və Eldar Mansurov hazırladılar. Aktyorlar - Səyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Məcnun Hacıbəyov, Laləzar Mustafayeva, İlham Əsgərov, Cəfər Namiq Kamal, Sabir Məmmədov, Dilarə Nəzərova, Aslan Şirinov, Almas Amanova, Əjdər Həmidov, Əli Nur, Telman Əliyev, Əsgər Məmmədoğlu və başqaları... Onlardan elələri var - dublyorsuz oynadı, 116 dəfə səhnəyə çıxdı, əksəriyyəti 90-100 dəfə! Teatr adamları yaxşı bilirlər: bu, aktyor üçün necə şərəfli, unudulmaz, eyni zamanda necə məsuliyyətli sınaqdır! Qəmli komediyanın həcmi mənim son illərdə nəşr olunmuş səkkiz cildliyimdə, bizim günlərdə ən populyar sayılan kitab formatında (60x84 1/16 ) normal şriftlərlə, normal intervalla 100 səhifədir. Tamaşa haqqında yazılmış müsbət rəyləri bir yerə yığsan, yəqin 500 səhifədən çox olar. Bu yazıların müəllifləri içində elə məşhurlar var - titulları ilə təqdim etməyə ehtiyac yoxdur: Ağamusa Axundov, İsa Həbibbəyli, Cənnət Səlimova, İnqilab Kərimov, Mikayıl Mirzə, Əliabbas Qədirov, Səyavuş Aslan, Hacı İsmayılov, Laləzar Mustafayeva, İlham Əsgərov, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, İlham Rəhimli, Mehriban Ələkbərzadə, Azad Nəbiyev,Bala Qasımov, Zahid Xəlil, İftixar Piriyev, Svetlana Mirzəyeva... Fəxri adları, elmi dərəcələri göstərilmədən də hamının tanıdığı, hörmət etdiyi bu insanların və tamaşada uğurla çıxış etmiş aktyorların bəziləri əbədiyyətə qovuşublar. İsrafil elə əsassız, yöndəmsiz və qərəzli söz deyəndə heç olmasa, bu gün bizlə olmayan o böyük sənətçilərin ruhlarını incidəcəyindən çəkinəydi.
Qəzetlərdəki başlıqlar (bəziləri manşetə çıxarılmışdı) bu gün də yadımdadır: "Bu dünyanın adamları" Azdramada hay-küy saldı", "Tanrı özü qoruyacaq bu dünyanı adamlardan", "Hara baxır bu dünyanın adamları?" "Bu dünyanın Allahsız və şeytansız adamları", "Bu dünyanı öz adamlarından qoruyun". "Biz doğurdanmı "Bu dünyanın adamları"nın oynanılmış obrazlarıyıq?" və s. Ancaq "Bu dünyanın adamları"nın "səs küyü" yalnız "Azdramanın" pəncərələrinin arxasında qalmadı, yayıldı, bir il sonra Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında Aleksandr Şarovskinin quruluşunda səhnəyə çıxarıldı ("Mənzil" adıyla) və uzun müddət oynanıldı. Tamaşada bu mötəbər professional sənət ocağının görkəmli aktyorları çıxış edirdilər. Mediada yeni tərifli rəylər, fikirlər, deyimlər... (R.Mirkinin "Mənzilin açarı", V. Verçeviskinin "Zamanın haqqı veriləcək" adlı sanballı yazıları və s.) Əsər tanınmış publisist-tərcüməçi Seyfəddin Altaylının çevirməsində Ankara Bələdiyyə Teatrında ("Başqa dünyanın adamları" adıyla) tamaşaya qoyuldu və həmin teatrın repertuarında uzun müddət yaşadı. Naxçıvan, İrəvan, Füzuli, Mingəçevir və digər teatrların repertuarında da özünəməxsus yer aldı. AzTV bu tamaşanı dönə-dönə nümayiş etdirdi və indi də vaxtaşırı göstərir. 2001-ci ildə videoyazıya alınmış tamaşaya Akademik Milli Dram Teatrının internet saytında bu gün də baxılır. Yuxarıda dediyim kimi, əsər professional ədəbiyyat dərgisi olan "Azərbaycan" jurnalında dərc edildi. Görkəmli şair-tərcüməçi Səyavuş Məmmədzadənin çevirməsində "Literaturnıy Azerbaydjan"da çap olundu. Məlumdur ki, bu ədəbi orqanlar çox az hallarda pyes dərc edirlər. 2008-ci ildə fransız dilinə də tərcümə olundu, görkəmli teatrşünas-publisistlər Donimik Dololeyin və Verginya Sayamakenin rəhbərliyi ilə nəşr olunan nüfuzlu "La montagne bec langues" antologiyasında özünə yer aldı. Dünya şöhrətli rejissor Robert Struanın təqdimatı, Gürcüstan Mədəniyyət Nazirliyinin sifarişi ilə, tanınmış şair-tərcüməçi İmir Məmmədli əsəri Rustavelli teatrında tamaşaya qoyulmaq üçün gürcü dilinə tərcümə etdi. Lakin Robertin gözlənilmədən Rustavelli teatrından və Gürcüstandan getməsi mənim bu işin inkişafına marağımı yox elədi. Gürcüstanın o vaxtkı mədəniyyət nazirinə dedim: "Başqa rejissorla işləməyə həvəsim yox, mən Roberti gözləyəcəyəm".
İsrafil "Bu dünyanın adamları"nı səhnədə görməmişdi. Direktor təyin olunandan qabaq tamaşa repertuardan çıxarılmışdı. Direktor olandan sonra tamaşanın videoyazısına baxdı, sonra gəldi, görüşdük, çox yüksək rəy-fikirlər söylədi. Cümlələri yadımdadır: "Bu əsl tragikomediyadır". "Sovet senzurası, əlbəttə, bunu buraxmazdı...". "İndi bu rolu kim Səyavuş kimi oynaya bilər?..." (Səyavuş dünyasını dəyişmişdi). Dediyinə görə, tamaşanı mütləq bərpa edəcəkdi... On bir il bundan öncə, 2004-cü ildə Prezidentimizin Sərəncamı ilə ədəbiyyatımızda xidmətlərimə görə "Şöhrət" ordeni ilə təltif ediləndə İsrafil mənə göndərdiyi təbrik məktubunda yazırdı: "Sizin qibtə ediləsi milli təəssübkeşliyiniz təkcə ədəbiyyat adamlarına deyil, mədəniyyətimizin bütün sahələrində çalışan insanlara yaxşı məlumdur. Milli ədəbiyyatımızın, mədəniyyətimizin zənginləşməsi naminə xidmətlərinizin (ayırma - mənimdir) ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsi hər birimizin ürəyincədir. Sizə Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz işlərdə, yaradıcılığınızda, şəxsi həyatınızda uğurlar, cansağlığı, xoşbəxt ömür arzulayıram. Allah köməyiniz olsun". Prezidentimizin Sərəncamının preambulasında "mədəniyyət" sözü yoxdur (və təbiidir - belə də olmalıydı). İsrafil isə təbrik məktubunda "mədəniyyətimizin zənginləşməsi naminə xidmətləri" xüsusi qeyd edir. Ədəbiyyatdan başqa mədəniyyət sahəsində mənim fəaliyyətim (İsrafil "xidmətləriniz" adlandırır) əsasən teatrda olub, gəncliyimdə - direktor kimi, həmişə - dramaturq kimi... "Milli ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşməsi naminə..." İsrafil o sətirləri yazanda "Bu dünyanın adamları"nın "şıdırğı" getdiyi çağlar idi - həm Akademik Teatrda, həm Rus Teatrında, həm də digər səhnələrdə.
Bəs o, müsahibəsində nə deyir?! Teatr, dramaturgiya sahəsindəki fəaliyyəti bir yana qoyaq, əllidən çox kitabın müəllifinə, Əməkdar incəsənət xadiminə, təkcə Azərbaycanın deyil, başqa ölkələrin də çox yüksək dövlət mükafatları ilə təltif olunmuş yazıçıya, nəhayət, erməni təcavüzü ilə əlaqədar hələ 1988-ci ildə "Ermənistan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adından imtina etmiş ziyalıya. İsrafil İsrafilov yadımda qalanı - dörd ildir teatra rəhbərlik edir. Bundan sonra dörd il də işləsin və təki belə "tərcümeyi-halı" olan müasir pyes və uzunömürlü tamaşa yarada bilsin, edə bilsə - onu təbrik edərəm. O ki qaldı dediyi gülünc atmacaya, elə hallarda düşünürsən: bu, ya kiminsə sifarişidir - yerinə yetirilib, ya da daxili "köklü" nifrətdən gəlir. Aydınlıq üçün bir məsələni də qeyd etməliyəm. Mənim İsrafilə münasibətim həmişə yaxşı olub, hətta bir dəfə, o gülünc atmacasından cəmi 2-3 il qabaq mənə özü, ailəsi ilə bağlı çox vacib bir xahiş edib və asan olmasa da, o xahişini həll etmişəm (məni tanıyanlar yaxşı bilirlər - belə mövzularda adətən, heç vaxt danışmıram, o məsələni, mənim ona münasibətimin yaxşı olduğunu təqdim etmək üçün açdım və İsrafilin təkzibini bu qədər gözləmək, o absurda gec cavab verməyimin əsas səbəblərindən biri də mənim ona illər uzunu olmuş münasibətimlə bağlıdı). Əgər daxili nifrətdirsə - İsrafil bunu uzun illər necə gizlədə bilib - mən hiss etməmişəm. Əgər sifarişdirsə... Bütün hallarda - hər ikisi tutduğu vəzifəylə, ziyalılıqla bir araya sığan deyil.
31 yanvar, 2015. Bişkek"
525.az