TV-lər milli filmləri niyə göstərmir? - PROBLEM

TV-lər milli filmləri niyə göstərmir? - <span style="color:red;">PROBLEM
12 fevral 2015
# 16:52

Təzə çəkilən Azərbaycan filmləri nə üçün TV-də göstərilmir? “Əvvəlki kinolar yoxdur” - deyən statistik tamaşaçı ən son Azərbaycan filmlərindən nə qədər xəbərdardır? Filmlər çəkilir, təqdimatlar keçirilir, əgər tamaşaçı gəlsə, bir-iki seans göstərilir və belə deyək, “rəflərdə” qalır. Qalırsa, onda bu filmlər niyə istehsal olunur? Ən azı dövlət televiziyaları və ictimai televiziyada göstərilə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun rəhbəri Yusif Şeyxov filmlərin əslində dövlət kanallarında göstərildiyini deyir: “Əlbəttə “Nabat” və ya “Axınla aşağı” kimi ən yeni filmlər göstərilmir, amma sizin dediyiniz kimi də deyil. Sənədli filmlər də, bədii filmlər də vaxtaşırı AzTV və Mədəniyyət kanalında göstərilir. İndi mən bildiyim qədər “Azərbaycanfilm” kinostudiyasının müqaviləsi var telekanallarla. Əslində belə qayda var ki, filmlər bir müddət prokatda olandan sonra müəyyən vaxtdan sonra TV-də göstərilə bilər. Amma bu qayda bizim nümunəmizdə özünü doğrultmur və faktiki olaraq bizdə belə qayda yoxdur. O halda qaydaya riayət olunardı ki, filmlər gəlir gətirərdi. Bizdə bu, yoxdur. Məsələn, “Dolu” filmi göstərilir, populyar filmdir. Ya mənim ssenarisi olduğum “Arxada qalmış gələcək” filmi matəm günlərində telekanallarda göstərilir, az da olsa o filmlərin nümayişindən qonorar alıram. Ümumiyyətlə, yeni milli filmlərin niyə sıx-sıx göstərilməməsi sualı artıq telekanallara aiddir”.

“Space” göstərəcək

C.Cabbarlı adına “Azərbaycafilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmovun söylədiyinə görə, demək olar ki, bütün telekanallarla filmlərin nümayişi üçün müqavilələr imzalanıb. “Bu günlər isə “Space” telekanalı ilə “Azərbaycanfilm”in birgə layihəsi işə başlayıb. Telekanalın anonslarından da gördüyünüz kimi, yeni filmlərimiz hər cümə telekanallarda nümayiş olunacaq”.

Filmlərin nümayiş haqqının qiyməti məsələsinə gəlincə Hətəmov bu məbləğin elə də çox olmadığını, hətta çox ucuz olduğunu söylədi: “Bir yerli filmi almaq telekanala təxminən 60-70 manata başa gəlir. Müəlliflərə verilən qonorar da elə çox deyil”.

Bəs xarici filmlərin tərcüməsinə, dublyajına bundan qat-qat artıq vəsait xərcləyən telekanallar nə üçün milli filmlərə maraq göstərmirlər? Kinostudiyanın direktoru bunu telekanal rəhbərlərinin kino savadının azlığı ilə əlaqələndirir.

“Təzə filmlər onlar üçün baş ağrısıdır”

Peşəkar Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev yerli filmlərə diqqətin yetərincə olduğunu düşünür, amma milli filmləri az göstərən telekanallar da var, yəqin ki, onun da səbəbləri var.

“Məncə, bəzi kanallarda kino nümayişi ilə bağlı siyasət formalaşmayıb. Bəzilərində bu nümayişlər stabildir, bəzilərində yox. Təzə filmləri göstərmirlər, ona görə yox ki, onlar təzədir, ona görə ki, maraqlanmırlar. “İndi daha kino çəkmirlər” fikrinin dalınca düşüblər, elə bilirlər ki, doğrudan da kino çəkən yoxdur.

Ola bilər, bəzi telekanallar bizim filmlərimizə qısqanclıqla yanaşır. Elə bilirlər ki, özlərinin çəkdiyi seriallarla telekanalın audiovizual məhsula olan bütün tələbatını ödəyəcəklər. Onlar səhv edirlər əlbəttə...

Biz təbii ki, filmlərimizin yerli telekanallarda göstərilməsinə maraqlıyıq. Düşünürük ki, göstərilməlidir, bizim filmlərimiz də yaxşıdır, keyfiyyətlidir və s. Amma telekanal belə yanaşmır... Təzə filmlər onlar üçün baş ağrısıdır. Orada hansısa məqamlar ola bilər, hansısa epizodu kəsməli olar və s. Ona görə, köhnə, dəfələrlə göstərilmiş, yəni sınaqdan çıxmış filmləri göstərirlər, başlarını ağrıtmaq istəmirlər. Məsələn, “Dolu” filmini demək olar ki, bütün telekanallar bir neçə dəfə göstərib. Ona görə ki, aktual filmdir, yaxşı da çəkilib, təsirli filmdir. Başağrısı da yoxdur. Hərçənd, başağrısından nahaq qorxurlar, onsuz da hər çəkilən film Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçir, filmdə nə isə bir şey olsa nazirlik onu qəbul etməz. Sadəcə, telekanallar daha kütləvi vasitədir, onların məsələyə yanaşması fərqlidir.

Düşünürəm ki, telekanalın efirində - konsertlərin, verilişlərin arasında yerli film nümayişinin tutduğu faiz qanunla müəyyənləşsə daha asan olar. Məsələn, bir neçə xarici ölkədə belə qanun var ki, nümayiş olunan audiovizual əsərlərin 30 faizini ölkənin milli audiovizual əsərləri təşkil etməlidir. Bu, obyektiv mexanizmdir. Bizdə bu tarazlığı yaratmaq kanalın rəhbərliyindən asılıdır.

H.Mehdiyev filmlərin telekanallara verilməsi prosedurundan da söz açdı: “İki təşkilat – biz və “Azərbaycanfilm” kinostudiyası hər hansı telekanalla müqavilə bağlayanda hüquqları kinorejissorlar gildiyasına və “Azərbaycanfilm”ə məxsus bütün filmlərin siyahısını onlara təqdim edirik. O siyahıda filmlərin adları, istehsal tarixi, müddəti, müəllifləri göstərilir. Son zamanlar bu siyahıya filmin annotasiyalarını da yazırıq ki, filmin tək texniki parametrləri ilə yox, həm də məzmunu və ya mövzusu ilə tanış olsunlar. Son illərdə çəkilən filmlər də, təbii ki, o siyahıda var.”

Filmlərin qiymətinə gəldikdə isə sədr istehzayla danışdı: “Bir filmin bir saatının nümayiş haqqını 100 manata qaldırmışıq. Çox sevindirici haldır...”

Gildiya bəzən telekanallara hədiyə də edir. H.Mehdiyev: “30 dənə yaxşı keyfiyyətli cizgi filmini toplayıb telekanallara yolladıq. Elə belə. Bəzi telekanallar göstərir, bəziləri yox”.

Mövzuya qayıdacağıq.

# 1700 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #