Qocalar evindəki Azərbaycan rejissoru

Qocalar evindəki Azərbaycan rejissoru
27 avqust 2013
# 13:23

Kinoçəkilişdən reportaj

Kinostudiya başını aşağı əymiş Cəfər Cabbarlı heykəli, sınıq-salxaq pəncərəli fasadı ilə kənardan mürgüləyən bina təsiri oyadır. Bina mürgüləyir, amma içindəki dərin qaranlıqları, gördüyü yuxuları xəyal belə edə bilməzsən.

Binanı təmirsiz görüb adətə uyğun olaraq gileyli reportajmı istədiniz? Tələsməyin. İllər əvvəl işlədiyim “Kino+” qəzetinin redaksiyası dörd il bu binada yerləşib, kinostudiyanın əvvəlki direktoru Xamis müəllim demişkən, kinostudiyanın meyvələrini yeyə-yeyə qışa çıxmışıq.

Bu üzdən təmirsiz, uçulan divarlı bina mənə əzizdi; bu köhnəlik, bədii səliqəsizlik tam bir yaradıcı, fədakar, tənha, içinin xarabalığına sığınmış adamı xatırladır. O, dərin depressiya keçirib, daim yuxuludur, amma onun nələrsə yaradacağına hələ də inanırsan.

Kinostudiya kimi binanın yuxusu nə ola bilər? Əlbəttə kino. Pavilyonda “Polkovnikin xəzinəsi” filminin çəkilişləri gedir. Milli kinoya “Baladadaşın ilk məhəbbəti”, “Yuxu” kimi baxılan, məşhur filmlər bəxş etmiş rejissor Fikrət Əliyevin “Polkovnikin xəzinəsi” filmi kinokomediya olacaq. Filmin ssenari müəllifi İlqar Fəhmi, operatoru Kənan Məmmədovdur. Adətən rejissordan sonra xatırlanan işçilərin adını yazdım. Amma pavilyonda o qədər adam görürsən ki, unudulan və gözəl bir söz vacib olur: Kino zəhmətkeşləri” tüstü verənlər”, assistentlər, işıqçılar, qrim edənlər...

Yuxu

Çoxlu əşyalar tökülmüş dağınıq və qaranlıq pavilyonda işıq gələn tərəfə - dekorasiyadan qurulmuş iki otaqlı “evə” taxta pilləkənlərlə qalxıram. Fikrət müəllim adət etdiyimiz, bildiyimiz rejissor stereotipini elə ilk telefon söhbətindəcə dağıtmışdı.

Pavilyonda da əsəbi, qışqıran, narazı, ətrafdakı uyğunsuzluğu, “kütlüyü” öz “mükəmməl” idealı ilə tutuşdura bilməyən “dahi” rejissor obrazının yerinə, insanca davranan, mülayim, öyrətmək və işinə yardımçı olmaq istəyən, öz işini təmkinlə və səbirlə görən kinorejissoru görürük. Fikrət müəllimdən “Bəs ənənəvi “dahi rejissor” obrazı hanı?” deyə soruşanda gülümsəyir: “Hər kəsin əsəbi var. Amma bu iş elədir ki, nə qədər sakit, təmkinli davransan, əzizləsən, o da rahat gedəcək. Həm də burda hər kəs öz işini görməlidi. Akif Rüstəmov ikinci rejissordu. 45 ildi kinoda işləyir. Təcrübəli insandı. Yəni, mən durum niyə qışqırım? Mən də burdan baxıram. (gülür) Qıraqdan baxan da deyir ki, rejissorluq budusa mən də edərəm”.

Tumbanın üstündə dərman həbləri

Filmlə daha yaxından tanış olmağa başlayırıq. Qocalar evinin sakinlərindən bəhs edən kinokomediyadır. Fikrət müəllim filmdən daha ətraflı danışır: “Filmin ideyası yarananda fikirləşdim ki, ssenarinin daha maraqlı alınması üçün müşahidəyə ehtiyac var. 10 gün Bilgəhdəki Qocalar evinin “sakin”inə çevrildim. Burada yaşayan 180 ahılın hər birinin maraqlı və qəmli həyat hekayəti var. Əlbəttə ki, biz bunların hamısını bir filmə yerləşdirə bilməzdik. Çalışmışıq ki, ssenaridə qocalığın yalnız kədərli anlarını yox, həm də komik məqamlarını üzə çıxaraq. Qocalar evində tərtib etdiyim gündəliyi gətirib yazıçı İlqar Fəhmiyə verdim və ssenariyə əlavə etdik. Bu filmdə baş qəhrəman da yoxdu, sadəcə insanlar və o, mühit var”.

Qeyd edək ki, filmin quruluşçu rəssamı İbrahimxəlil Əminov, geyim üzrə rəssamı Aygün Əliyeva, bəstəkarı Aygün

Səmədzadə, prodüseri Ülvi Qasımovdur. Baş rollarda xalq artistləri Fuad Poladov, Arif Quliyev, Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artistlər Vahid Əliyev, Səmayə Musayeva, Zemfira Sadıqova və digərləri çəkilirlər. Bizim təsadüf etdiyimiz çəkiliş günündə isə Səmayə Musayeva və Zemfira Sadıqova ilə bağlı epizodlar çəkilir.

Pavilyon tüstüyə bürünüb. Tüstü dərinlik effekti almaq üçündür. Bunu rejissor assistenti Xədicə Qarayeva xatırladır. Bu arada Xədicəni arıya bənzədirəm. Zəhmətkeş, sadə və balaca. Xədicə kino çəkilişi əsnasında bu texnika və qarmaqarışıqlıq içində heç kimə mane olmayacaq qədər balaca və çevikdir. Taraqqanı (“xlopuşka”nı) əlinə alanda daha sevimli olur. Onun çöhrəsindən uşaq cizgi filmlərinin təbəssüm oyadan saflığı yağır. Kinoçəkənlər də borclu qalmırlar. Operator Kənan Məmmədov da məni Şahzadə Dianaya oxşadır.

Çəkiliş aparılan məkan, qocaların otağı ən xırda detallarınadək işlənib. Tumbanın üstündə su, dərman həbləri, kitab, fotoşəkillər. Bir sözlə qocalara xas səliqəli sadəlik. “Kinoda xırda heç nə yoxdur, kino xırdalıqlardan ibarətdir.” Bunu yüzüncü dəfə xatırladıram. Rekvizitçi Eldəniz Vəliyev bu detalların əvvəlcədən düşünüldüyünü, işləndiyini deyir. “Hətta divardakı fotoşəkilləri belə işləyir, obrazların xarakterini, filmin ab-havasını nəzərə alırıq”.

Qocalardan biri (Səmayə Musayeva), otaq yoldaşına (Zemfira Sadıqova) yuxusunu danışır. Yuxudan dəhşət işində ayılmış qadının hər hərəkətinin, kəlməsinin necə işləndiyini görürəm. Hm...Asan məsələ deyil...

Akif Rüstəmov- 45 ildən artıq kinoda

Film plyonkaya yox, rəqəmsal kameraya çəkilir. Bu, heyətə sərbəstlik verir, plyonkaya qənaət etmək, yüz dəfə məşq edib bir-iki dubla çəkmək lazım deyil. Fikrət müəllimin sözlərinə görə, bu həm də daha rahatdı: “Əvvəl kinoplyonka Moskvaya gedirdi. Plyonka işıq üzündən keyfiyyətini itirir və ya cızılırdısa təzədən çəkməli olurdun. İndi qabağındadı, necədi görürsən. Yaxşı film alınsa, kinolentə köçürüləcək”.

Akif müəllim mətnə, aktyor oyununa nəzarət edir. Epizod məşq də daxil olmaqla 6-7 dubla çəkilir. “Diqqət! Çəkirik!” deyildimi, Xədicənin taraqqasının səsindən sonra sakitlik olur. Yalnızca üstündə kamera hərəkət edən relslərin cırıltılı səsi eşidilir - yaxşı nəticə üçün eyni epizoda dəfələrlə çəkilən, əziyyətə qatlanan oyunçulardan fərqli olaraq relslər dözümsüzlük göstərir.

Montajda kadrların bir-birini əvəzləməsi üçün bir epizod müxtəlif rakurslardan çəkilir.

Gözəl Mələk və Qocalar evi

İmkan tapıb Zemfira xanıma yaxınlaşırıq. Bu aktrisanı “Dəli Kür” filmindəki Mələk rolundan tanıyırıq. Zemfira xanımdan bu qədər adamın içində obrazına köklənməyi necə bacardığını soruşuram.

“İnanın, mən heç onları görmürəm. Sanki divarın o tayındadırlar. Peşəkarları bu narahat etməməlidir. Tərəf müqabilim də istedadlı aktrisadı, peşəkardır. Qəhrəmanım formatına görə böyük olmasa da, məzmunca, mənaca böyükdür. Bir insan taleyidir”.

Texniki işçiləri, özləri demişkən, “tüstü verənləri” də fotolentə köçürüb pavilyondan çıxıram. Film necə alınacaq? O damı unudulan yuxulardan olacaq?

Qaranlıq məkandan günəşə çıxan kimi bir az da tüstünün təsirindən gözlərim qamaşır. Yuxudan ayılmış kimiyəm. Metroya aparan səkidə arıq bir kişi yerə parça sərib nəm cib dəsmalı, iki cüt geyilmiş ayaqqabı, işlənmiş telefon qabı, təsbeh, sarı sağanaqlı, dəbi keçmiş gün eynəyi və köhnə eynək qabı satır. Kişinin köhnə əşyaları satacaq qədər ehtiyac çəkməsi yox, bu əşyaların heç kimə lazım olmaması adamı yandırır. Beləcə, bütöv bir filmin yanından etinasız keçirəm. Bəlkə elə bu əşyalar da hardasa bir “Polkovnikin xəzinəsi”dir? Kim bilir...

# 3839 dəfə oxunub

Oxşar xəbərlər

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
#
#
# # #