“Yasaq cəh-cəhlər”, yoxsa səhnədəki deklamasiya?

“Yasaq cəh-cəhlər”, yoxsa səhnədəki deklamasiya?
9 dekabr 2016
# 16:59

Aliyə

“Yasaq cəh-cəhlər” ən gözlədiyim tamaşa idi. Məşqdən rejissor Elvin Adıgözəlin Facebook səhifəsində gördüyüm kiçik bir görüntü, tamaşanın çox maraqlı, bizim teatr mühitində hələm-hələm görmədiyimiz uğurlu traylerleri (bu həm də obrazların təqdimatıdır), fərdi üslubdan (gizli qrotesk), az-az işlənən janrdan (antiutopiya) xəbər verirdi və gözləntimi o qədər böyütmüşdü ki, bu bir dəfə oynanılacaq tamaşaya iki göz də borc alıb baxmaq istəyirdim.

Antiutopiya janrı xəyali (amma belə getsə) gələcəkdə ola biləcək dövlət modelindən bəhs edən əsərləri əhatə edir. Burada “xəyali”, “belə getsə” sözləri əvvəldən artıqdır, çünki artıq belə modellər var-məsələn Suriyada terrorçuların idarə etdiyi dövlətdə musiqi qadağandır. Kino, dünyəvi təhsil qadağandır. Sözün birbaşa mənasında qadağandır.

Sözün birbaşa mənasında olmasa da dolayı yolla qadağalar yaradan, cəmiyyəti geriyə aparan modellər də var. Var nədir, biz özümüz onun içindəyik. Anitiutopik əsərlər məhz belə sistemlərlə səsləşir və bu onda xəyalilik əsərdə yox, reallığa xəyal pərdəsindən baxan gözlərdədir. Bir çox antiutopik əsərlərdə bu xəyal pərdəsi televiziyadır.

“Yasaq cəh-cəhlər” tamaşasında da televiziya bu totalitar idarəetmə modelinin əsas mexanizmidir. Tamaşanın qəhrəmanları büt kimi ona sitayiş edirlər. Qaydaları, qadağa qanunları o diktə edir, həyatın keyfiyyətini o təyin edir.

Bir oğlu ilə yaşayan dul qadın (İlqarə Tostka) darıxır. Həyatına stimul verəcək bir kişi arzusundadır. Bu zaman Qarğa (Oqtay Mehdiyev) peyda olur. Qarğa adı simvolikdir yəqin ki. İsti qucaq və yemək axtarır. Qarğa qadının həyatındakı boşluğu doldurmaqla öz qarnını dolduran bir kişidir. Gözlərindəki qorxu və təlaş, boynunu gizlənir kimi qısması, hərəkətlərindəki ehtiyatlılıq Oqtay Mehdiyevin bir ayağı qaçaq Qarğasını bütövləşdirən, həyat şərtlərini, keçmişini açan cizgilərdir.

Qadın – (İlqarə Tostka) həyatına elə ciddi yanaşmır və onun həyatındakı boşluq ilk baxışda elə də dərin deyil. Amma məhz ilk baxışda… Məgər insan özünü tanıyırmı? Aktrisa İlqarə Tostka dərin qaranlıqlardan xəbər verən gözlərini bir an da nəzarətsiz buraxmır. Daima küt baxışlarla yükləyir. Məncə bu, obraza birtərəfli, səthi yanaşmadır. Faciəsindən xəbərsiz olmaq bir şeydir, ona ironiya tamam başqa bir şeydir və obrazın bayağılığı bu ikisini birləşdirə bilməz. Faci isə vakuumdakı canlının faciəsidir, o, sağ qalmaq üçün minimumla təmin olunub. Amma bu həyat sayılırmı? Sual budur.

Antiutopik modeldə həyat hər hansı dərinlikdən məhrumdur. Amma əlbəttə, bu həmin həyatdan bəhs edən sənət əsərinin də dərinlikdən məhrum olması anlamına gəlməz. Sənətçi bu dərinlikdən məhrum həyatı səhnədəcə fəlsəfi müstəviyə çıxarmalı, insan münasibətlərində psixoloji incəliklər kəşf etməlidir. Ki, bədii kontekst, elə budur.

“Yasaq cəh-cəhlər” tamaşası bədii kontekstdən tez-tez qopması ilə məni bir tamaşaçı kimi xeyli heyfsləndirdi. Amma bu barədə az sonra…

Televiziyada çıxış edən Nazir (Elşən Rüstəmov) və aparıcı (Təhminə Dantsiq) hakimiyyətin, rejimin, həyatın şərtlərini bütün çalarları ilə göstərə bilir. GTV-nin sual vermək gücü yoxdur, o, ancaq hırıldamalı və təsdiq etməlidir. Musiqilər monotonluğun, əziciliyin intonasiyasını ötürür. Qəhrəmanlar da bu əzici musiqinin diktəsilə rəqs edirlər.

Bu musiqinin alternativi klassik musiqidir. Musiqidəki dərinlik, əhatəlilik səhnədəki vakuum həyatla kontrast üçündür, tamaşaçıya yeni baxış bucağı verir.

Oğulun (Ziya Ağa) inqilabçı pafosu məğlubiyyətin yaxınlığından xəbər verir. Oğulun bu həyatla barışması Qarğanın etirazı ilə eyni vaxta düşür. İndi bu həyata etiraz edən Qarğadır. Uçub başqa yerlərə getmək istəyən Qarğa…

Nazir teatrın və kinonun hətta musiqinin qadağan olunduğunu elan edir və bu qadağalar “BSS” biz sizi sevirik” siyasətinin şərtləridir. Əvəzində nazirin şeirləri var. Ondan kənara çıxmaq olmaz.

Bizim özünü dünyada ölkədə baş verən hər şeydən təcrid etmiş hermetik teatrlarımızda hələm-hələm belə məsələlərə rast gəlməzsən, bu üzdən, elə mövzu görməmişliyimiz, protest həsrətimiz anlaşılandır (bundan əvvəl də “Yaşlı xanımın gəlişi” tamaşası səs-küylə qarşılanmışdı). Elə bu tamaşanın xarici təşkilatın dəstəyilə, həm də teatr üçün elə də çox uyğun olmayan (səhnə dərin deyil, işıqlar məhduddur-amma buna da min şükür) məkanda cəmi bir dəfə oynanılmağa imkan tapması faktı bəsdir. Oysa müstəqil alternativləri demək olar ki, olmayan dövlət teatrlarımız mütləqa bir nazirin, bir məmurun əsərini yüz birinci dəfə tamaşaya hazırlamaqla sənət hədəflərini bəlli edirlər. Qısası, həyata rəng qatmalı ikən monotonluğa, bozluğa xidmət edirlər. Bunlar Elvin Adıgözəlin tamaşasının dəyərini birə-üç artırır.

Video bloklar (Videoqraf Şahin Xəlil) üslubu, dinamikası, intonasiyası və təqdim olunma sərtliyi ilə tamaşanın ideya-problematikasına birbaşa qoşulur və eyni zamanda tamaşanın ifadə vasitələrini artırır. Hətta heç bir şey göstərməyəndə belə televiziya bir qütb kimi öz nəzarətçi idarəedici rolunu oynayır, səhnəni, oyun məkanını çərçivəyə salır.

Oxşar mövzulu “Farenqeyt üzrə 451 dərəcə” filmində də televiziya insanların həyatını tənzimləyən, çərçivəyə salan cihazdır, orda kitabların qadağan olunması ilə başlayan əhvalat insanın ruhunu əzməyin mümkünsüzlüyü fikri ilə bitir.

“Yasaq cəh-cəhlər” tamaşası isə Qarğanın zala müraciəti ilə bitir. Hərçənd, bu final bir tamaşanın hədəflərini dağıdır; ideyanın, fikrin səhnədəki deklamasiyası teatr üçün əlacsızlıqdır. Bəlkə buna da qəhrəmanların əlacsızlığını, çıxılmazlığını zalla bölüşməsi deyək? Necə olsa bu mövzuda tamaşa yoxdu teatrlarda…

# 1660 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #