Kulis.Az ədəbiyyat, teatr, kino adamları arasında keçirilmiş “Hansı filmdə yaşamaq istərdiniz?” sorğusunun cavablarını təqdim edir.
Anar: “Çarli Çaplinin bütün filmlərində yaşamaq istərdim”.
Əkrəm Əylisli: “Mən elə bir film görmürəm ki, orda yaşaya bilim. Mən heç bir filmdə yaşamaq istəməzdim”.
Fuad Poladov: “Hansısa filmdə yaşamaq barədə düşünməmişəm. Amma müxtəlif vaxtlarda sevdiyim, baxdığım müxtəlif filmlər olub. İndi Rusiya kanallarından birində gedən “Ottepel” (“Mülayimləşmə” - red) serialını izləyirəm. Bunu məşhur rejissor Valeriy Todorovskiy çəkib. “Xruşşov mülayimləşməsi” dövründən bəhs edir. O zamanın ab-havası, yaradıcı insanların münasibətləri təsvir olunub”.
Seyran Səxavət: ““Böyük dayaq” filminin bəhs elədiyi zamanda böyük məmnuniyyətlə yaşayardım. O vaxt böyük vardı, kiçik vardı. Hamının işi vardı, gücü vardı. Azərbaycanın ən böyük kəndində də işsiz adam yox idi. Hamı kolxozçu kimi işə gedirdi. O vaxt Azərbaycan daha çox azərbaycanlıların idi. Həm də qəribə bir azadlıq da vardı. Gedirdin işə, gəlirdin evə. Ruzin olurdu, ondan sonra ali məktəbə girirdin, yaxşı oxuyurdunsa ucqar kəndə gələndə sayılırdın – seçilirdin. Mən təbii ki, yaxşı cəhətləri sayıram. Rüstəm kişi obrazını Ələsgər Ələkbərov oynayır, Məmmədrza Şeyxzamanov da bu filmdə çəkilib. Gözəl dövr idi. Bu filmə baxanda dincəlirəm. Adamlar da dincəlir, baxmayaraq ki, orda da müəyyən mübarizə gedir. Biri deyir bir belə plan verəcəyik, biri deyir mən bəyəm bilmirəm məhsuldarlığın mənası nədir? Qurşaqdan aşağı zərbə vurmaq yoxdu bu filmdə. Hər şey oyun qaydalarıyla gedir. O dövrdə böyük məmnuniyyətlə yaşayardım”.
Bəhram Osmanov: ““Avatar” filmində yaşayardım (gülür)”.
Çingiz Abdullayev: ““Vaterloo” filmində yaşayardım. Bu filmi çox sevirəm. Altı – yeddi ölkənin ən gözəl aktyorları bu filmdə çəkilib. Ümumiyyətlə, Napoleon dövrünü sevirəm. Baxıb görürsən ki, o vaxt əsl kişilər olub”.
Sənubər İsgəndərli: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, ümumiyyətlə mən Orta Əsr Qərbində yaşamaq istəmişəm. Oradakı saraylar, əyanlar həmişə məni cəlb edib. Qabaqlar Moris Drüonun “Dəmir kral” və başqa əsərlərini oxuyub təsvir etdiyi dövrdə yaşamaq istəmişəm. Yəqin, elə Orta əsrlərdən bəhs edən filmdə yaşayardım”.
İsrafil İsrafilov: “Yaşamaq yox, amma Fellininin “Amarkord” filminə baxmağı sevirəm. Amarkord - xatırlayıram deməkdir. İnsan yaşlandıqca xatirələr daha da şirinləşir. Mən gəncliyimdə, uşaqlığımda oxuduğum kitabların, baxdığım filmlərin həzzini indi ala bilmirəm. İndi çəkilən art -hause filmlərə baxıram. Sanki dünyada kino daha böyük dərin mövzulardan uzaqlaşıb, kiçik mövzularla əlləşir. Daha Antonioni kimi, Fellini kimi, Berqman kimi rejissorlar yoxdur”.
Arif Quliyev: ““Bəyin oğurlanması” filmində yaşamaq istəyərdim. Elə həmin kənddə, həmin dövrdə, həmin adamlarla, həm də Mirişin yerində yaşamaq istərdim. İnsanlara lazım olmaq, canlı, təbii ünsiyyətdə olmaq, sevmək çox gözəldi”.
Şərif Ağayar: ““Velosiped oğruları" filmində velosipedi oğurlanan kişiyə kömək edərdim. Adı səhv etmirəmsə Antoniodur”.
Seymur Baycan: ““Hansı filmdə yaşamaq istərdin?” sualına cavab vermək bir az çətindi, amma iki film var ki, onlara baxanda depressiyaya düşürəm, dəli oluram. Məsələn, “Afonya” və bizim “Gümüşgöl əfsanəsi” filmləri. Həmçinin, “Şərikli çörək” filmi məni babat kədərləndirir. Bir nəfər demişdi ki, sənin uşaqlığını “Şərikli çörək” filmindəki Vaqif kimi təsəvvür edirəm. Doğurdan da mən uşaqlıqda Vaqifə çox oxşamışam və təxminən elə özüm də onun kimi olmuşam”.
Qan Turalı: “Sevdiyim filmlər çoxdur... Amma yaşamaq istədiyim film bircə dənədir: “Amelia”. Fransız filmidir, rejissoru da Jan Pyer Jene. O balaca kafedə Amelianın gətirdiyi qəhvəni içmək... Xəyalıma gətirəndə belə həyəcanlanıram. O filmin enerjisi məni heç zaman tərk etmir”.
Aqil Abbas: ““Onu bağışlamaq olarmı?” filmini deyə bilərəm. Mənim üçün qeyri-adi bir filmdir. İndi də baxanda ağlayıram”.
Faiq Ağayev: “Belə filmlər çoxdur. Ümumiyyətlə, məsələn, sevimli kitab, sevimli aktyor kimi bu qəbildən olan suallara cavab verməyə çətinlik çəkirəm”.
Əli İsa Cabbarov: “Sergey Paracanovun “Aşıq Qərib” filmində yaşayardım. Eşqin, cəngavərliyin, açıq düşmənçiliyin hökm sürdüyü dünyada yaşamaq gözəldi”.