“Dərvişin qeydləri” tarixi-detektiv janrında çəkilən Azərbaycan filmidir. Hadisələr Azərbaycan xanlıqlarının süqutu, Rusiyanın Azərbaycanı işğal etməsi ərəfəsinə təsadüf edir və film boyu cavab axtarılan sual sadədir: xanlıqlarının işğalına gətirib çıxaran səbəb nədir? Xəyanət, birləşmək istəməyən xanların hakimiyyət hərisliyi, yoxsa qarşısıalınmaz məğlubiyyəti sürətləndirən qüvvələrin qeyri-bərabərliyi? Son illərdə dövlət sifarişi ilə “xanlıqlar dövrü” haqqında çəkilən filmlərin sayı çoxluq təşkil edir. “Cavad xan”, “Hökmdarın taleyi” və nəhayət “Dərvişin qeydləri” bu qəbildən olan filmlərdəndir. Əlbəttə, bu faktın özü müsbət haldır və Azərbaycan kinosunun iqtisadi yüksəlişinin, yaradıcı müstəqilliyinin göstəricisidir. Bəs bu filmlərin bədii keyfiyyəti necədir, müasir tamaşaçının zövqünə uyğundurmu?
Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Eldar Quliyev olan “Dərvişin qeydləri” filmində “şərti xanlıq” yaradılıb və iki yüz il əvvəl baş verən hadisələr haqqında yazılan qeydlər müasir dövrdə araşdırılır. Professor və tələbə arxivdən əldə edilən “dərviş qeydləri”ni təftiş edən zaman ortalığa müəmmalı suallar çıxır, tarixiliklə müasirliyin paralel işıqlandırıldığı filmdə suallara cavab axtarılır. Xanın oğlu qonşu məmləkətə “işğaldan xəbərdar” məktubunu apararkən karvansarada öldürülür və qatilin kimliyi yalnız filmin sonunda məlum olur: xan oğlunun keşikçisi!
Eldar Quliyev Azərbaycan tamaşaçısının yaddaşında daha çox “Babək”, “Bir cənub şəhərində” “Nizami” filmləri ilə qalıb. Hərçənd, “Nizami”nin uğursuz film olduğunu təkrar etmək artıqdır, amma zənnimcə, Azərbaycan üçün iki bəxti gətirmiş filmə imza atmaq, yetərli sayıla bilər! Üçüncü də ola bilərdi, olmadı!
“Dərvişin qeydləri”nin dramaturji həlli, daha doğrusu, müəmmanın səbəbini üzə çıxarmaq üçün istifadə olunan detektiv fəndlər final səhnəsinə qədər uğurla qurulub. Sadə tamaşaçı qatilin kimliyini və xan oğlunun qətlinin hansı şəraitdə aparıldığını öyrənmək üçün marağını gizləyə bilmir. Filmin ssenari müəllifi İlqar Fəhminin bundan əvvəlki “Ölüm növbəsi” və “Aktrisa” filmləri də dövlət sifarişi ilə çəkilmişdi. Zənnimcə, daha çox “Aktrisa”nın ekran taleyinin uğurlu gətirməsi məhz yazıçı İlqar Fəhmi və rejissor Rövşən İsaxın adı ilə bağlıdırsa, “Dərvişin qeydləri”ndəki uğursuzluq daha çox ssenariyə olan müdaxilələr üzündəndir. Amma hər halda bu, “cümlə qüsurlara bais” rejissordur deyib də, ssenaristi məsuliyyətdən yayındırmaq anlamına gəlmir. Eldar Quliyevin müsahibəsindən: “Filmdə ssenari müəllifi kimi hər ikimizin adı yazılıb. Bu da o deməkdir ki, biz hər ikimiz ssenari müəllifiyik. Mən deməyəcəyəm ki, ssenarinin çoxunu mən yazmışdım, yoxsa İlqar. Xeyr! Biz birgə işləmişik”.
Filmin ciddi qüsurlarından biri aktyor seçimi ilə bağlıdır. Fuad Poladov, Şövqi Hüseynov və Pərviz Məmmədrzayev istisna olunmaqla, digərləri ciddi aktyor oyunu göstərmədilər. Eldar Quliyevin filminin ən
böyük qüsurlarından biri mövzusu Azərbaycan tarixinin ciddi dövrü ilə bağlı olan filmdə Kənan Mahmudova (Kənan M.M-red.) rol həvalə etməsidir. Kənanın aktyor oyunu, jestləri, mimikası tarixi-detektiv janrına tamam yabançı təsir bağışlayırdı. Tarixi mövzuda reklam və klip effektlərindən, süni qəzəbli baxışlardan xilas ola bilməyən aktyorun naşılığını onlarla filmə imza atan qocaman rejissor hiss etmirsə, biz hansı kino uğurundan danışa bilərik?
Filmin səslənməsindəki texniki qüsurlar haqqında uzun-uzadı danışmaq da olar, amma bircə cümləyə yekun vurmaq daha ağlabatandır: hətta ssenari və aktyor oyunu şedevr olsaydı belə, səslənmədəki primitivlik “Dərvişin qeydləri”ni xilas edə bilməzdi.
İkinci vacib və əhəmiyyətli sual: filmin tamaşaçıya ötürdüyü mesaj nədən ibarətdir? Yaxud professorla tələbəsinin dərvişin qeydlərini incələdiyi, müzakirələr apardığı səhnəyə keçiddə Bakının gözəlliyini, alov binalarını, karvan-karvan xarici maşınları, asfalt döşənmiş dolanbac yolları göstərmək o qədərmi vacib idi? Hə, bunun mesaji belədir: ölkəmiz inkişaf edir! Bəs bunun tarixi detektivlə nə əlaqəsi? Bax, əsl müəmma budur!