Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevin APA-ya müsahibəsi.
- Rasim müəllim, necəsiniz, səhhətiniz necədir?
- Son vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm, davamlı müalicə olunuram, görək sonu necə olacaq. Deyirlər yaxşı olacaq. Buna da şükür... Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər ki, belə getsə gələcəkdə gözümdə mirvari suyu əmələ gələcək. Maraqlandım, dedilər 5-7 dəqiqəlik lazer əməliyyatıdır. Yəni, əgər əmələ gəlsə, cərrahiyyə əməliyyatı ola bilər...
Görünür, yaşdandır, insan yaşa dolduqca problemlər ortaya çıxır. Mənə deyirlər ki, sən belindən zərbələri harada almısan? Düzdür, cavanlıqda atdan yıxılmışam, qaçanda ayağım ilişib, nə bilim, cürbəcür çəkilişlərdə hadisələr olub. Bir az ağrıyıb keçib, sən demə, onlar hamısı bir-bir yerini alıb, indi yavaş-yavaş üzə çıxır. Ömrün qış fəslinə gedirik. Ömrün yaz, yay, payız, qış fəsli var. Alın yazısına inanıram, hər kəsin öz alın yazısı var...
- Bəlkə elə səhhətinizdə yaşanan problemlər Azərbaycan kinosundakı nisbi durğunluqla da bağlıdır?
- Bilirsiniz ki, son bir neçə il çəkiliş problem oldu. Amma mən hər il ən azı bir filmdə çəkilirəm. O mənada şükür. Ötən il iki filmdə - “Sübhün səfiri” və Ayaz Salayevin bir filmində çəkildim. Birini dövlət qəbul edib, biri gözləmə məqamındadır. Amma 2013-cü ilin planını, ssenariləri, məni dəvət edib-etməyəcəklərini bilmirəm. Bizim sənət asılı sənətdir. Yəni, ola bilər ki, gələn il məni heç kim dəvət etməsin. Bu, mənlik deyil. Rasim Ocaqovun bir neçə filmində çəkilmişəm, o mənimlə işləmək istəyirdi, bir də görürdün deyirdi ki, “Rasim, təəssüf ki, ssenaridə sənə uyğun rol yoxdur”. Hələ ki canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək istəyirəm... Mən kamera, çəkiliş üçün darıxmaqdan qorxuram, darıxıram və buna görə də çəkilirəm.
- Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqı yaradıldıqdan sonra sərt çıxışlarınız, açıqlamalarınız oldu. Buna görə gələn il çəkilişə dəvət almaqla bağlı tərəddüdləriniz var?
- Yox, elə deməzdim. Sənət başqa şeydir. Biz burda neyləyirik ki? Sadəcə, kinoda o qədər də xidməti olmayan adamlara sözümüzü deyirik. Məsələn, Cəmil Quliyev adlı bir adam var, bütün tarix boyu iki film çəkib. Bir filmi “Sonqulunun hekayəti”, biri də “Oçen skuçnaya istoriya”. Filmə baxıblar, o qədər darıxdırıcı olub ki, adını da elə qoyublar, əslində adı başqa olub. Yəni, bu adam burada işləyə-işləyə, haqsız danışır. Mən demirəm ki, biz ideal işləmişik. Bizim də çatışmayan cəhətlərimiz olur, hər qurumda olduğu kimi. İnanın mənə, başqa ittifaqların rəhbərlərini biz bura tədbirlərimizə çağırmışıq, onlar hər gəlişlərində deyiblər siz xoşbəxt adamsınız ki, burada mehriban bir mühit yaratmısınız, bizdə bu cür səmimiyyət yoxdur. Elə bil göz dəydi... Əslində məlum məsələdir bu niyə və necə oldu. Amma bu məsələni bu qədər şişirtmək lazım deyildi. Kino İttifaqı nə dərəcədə dövlət üçün əhəmiyyətli bir idarədir ki? Bu, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi deyil, ictimai qurumdur. Bu qurumun bölünməsi nəyə lazım idi? Problemi sivil yolla həll eləmək olardı. Məsələn, qurultay çağırıla bilərdi. Bir az biədəb oldu, nə bilim vallah... İşləsinlər onlar da. Sənət başqa şeydir, şəxsi münasibətlər başqa. Ola bilər kiminsə məndən xoşu gəlmir. Deyirlər Rasim yalvarır ki, mənə rol verin, ona rol vermirlər. Halbuki indiyə qədər ən yalvarılan aktyor mən olmuşam və düşünürəm ki, Azərbaycanda filmdən imtina edən aktyorlar arasında ilk qaranquşlardan biri mənəm. Mən məhz belə olmuşam – xoşuma gəlməyib, bəyənməmişəm, oynamamışam. Yoxsa, aktyorlar onun rolu oldu-olmadı, oynayıblar. Nə deyirlər desinlər, özləri bilər. Düşünürəm ki, əgər mənə uyğun rol olduğunu görsələr, mənə verərlər, verilməsə də canları sağ olsun. Təəssüf ki, son vaxtlar arxasınca gözüm qalan rollar yoxdur. Elə bir rol olmayıb ki “ay Allah, kaş bunu mənə verəydilər” deyim.
- Heç vaxt hansısa rolun arxasınca gözünüz qalmayıb?
- Qabaq belə idi ki, seçimim olurdu, bir neçə ssenari verilirdi, seçirdim. Amma indi seçim yoxdur, açıq desəm, bəzən kameraya qarşı məndə o qədər nostalgiya olur ki, ssenari ümumən xoşuma gəlməsə də, razılıq verirəm. Şansım yoxdur, ondan da imtina etsəm, deməli, bir il çəkilməyəcəyəm. Bilirəm ki, bu dəfə də imtina etsəm, daha olmayacaq. İndi imtina etmək belə istəmirəm, çünki nə qədər imkanım var, çəkilmək istəyirəm. Mən filmə cavabdeh deyiləm, filmə rejissor cavabdehdir. İstəyirəm ki, nəyi oynayıramsa, onu vicdanla oynayım. Yalnız öz roluma cavabdehəm, bütün filmə yox.
- Açıq danışırıqsa, elə belə də davam edək. “Sübhün səfiri” filminin ssenarisini oxuyanda ilk təəssüratınız necə oldu?
- Mən bu filmdə çəkilmişəm, filmin iştirakçısıyam. Orada hamıyla bərabər mənim də əməyim var. Əvvəlki variantda mənim o filmdə adım yox idi. Tamam başqa adamlar idi. Mənə filmdə Axund Ələsgər rolu təklif olunmuşdu. Mən də o roldan imtina elədim. Sonra axırda Axundov roluna təsdiq elədilər. Vallah, mən imkanım daxilində çalışdım bir aktyor kimi. Ssenari haqqında fikir demək istəmirəm. Artıq film hazırdır, nümayiş olunur. Bilirsiniz, hərənin beynində bir Axundov, Cavid, Nəsimi var. İndi biz bunu belə fikirləşmişik, kiminsə xoşuna gəlir-gəlmir, nə bilim. Təbii ki, bunu zaman göstərəcək. Zaman öz işini görür. Mən “Cavid ömrü” filminə baxmışdım, film o qədər də məni tutmamışdı. Ümumiyyətlə, mən öz çəkildiyim filmlər haqqında fikir söyləməyi xoşlamıram. Amma bu yaxınlarda gördüm ki, bu film baxılır və tamaşaçını tutur. Siz bilirsiniz ki, o zamanlar filmlər üç kateqoriyaya bölünürdü. III kateqoriyaya daxil olan filmlər yalnız Azərbaycanda göstərilə bilərdi. “Əhməd haradadır” filmi üçüncü kateqoriya aldı, amma indiyə kimi də göstərilir və sevilir. İndi də kateqoriyalar var, I və II kateqoriyalara bölünür, bu hal rejissor və ssenaristin maaşına dəlalət edir. Azərbaycan kinosunun əsas problemlərindən biri də prokat məsələsidir. Mən müxtəlif təbəqələrlə görüşürəm və məni görən soruşur ki, “Rasim müəllim, niyə daha film çəkmirsiniz?” Deyirəm, necə yəni çəkmirik, ilə 4-5 film çəkirik. Qabaq kinoteatrlarda gedib baxırdılar, indi kinonun taleyinə bax. Ya Heydər Əliyev Sarayında, ya “Nizami”də, ya da 100 nəfərlik bu məkanda tədbir keçiririk, orda göstərirlər.
- Yeni alternativ qurum yaradılanda niyə Siz də çoxları kimi addım atmadınız? Niyə fərqlənməyə üstünlük verdiniz?
- Hərənin bir xarakteri var. Hər zaman səhv də olsa, düz də olsa, bir sifətim var. Dəqiqədə dəyişən adamlardan deyiləm. Əqidəm var, bir şeyə inanıramsa, sona kimi inanacağam. Mən hər şeyi görürəm və bilirəm ki, səhv etdilər, bu, yaxşı şey deyil. Bu gün insanların arasında olan ən böyük problemlərdən biri səmimiyyətdir, insana qayğı ilə yanaşmaqdır. Bizim kollektivdə bu, bir balaca var idi, onu da böldülər və iki cəbhə yaratdılar. Nəyə lazımdır bu? Özündən demək olmasın, mən çalışıram obyektiv, vicdanlı olum, tək özümü düşünməyim, yalnız öz mənafeyimi güdməyim, axı biz cəmiyyətdə yaşayırıq. Mən demirəm ki, qəhrəmanam. Amma hansısa bir hərəkəti edəndə buna kənardan nə deyərlər deyə götür-qoy edirəm. Bu yaşıma kimi hər gün gecə yatmazdan əvvəl mən özüm üçün iclas etmişəm. Götür-qoy edirəm, düşünürəm ki, deyəsən orda yaxşı eləmədim, gərək o adamdan üzr istəyim və ya hansısa hərəkətim kobud çıxdı. Hər bir insan öz vicdanı qarşısında gərək hesabat versin.
- Sizin hazırda konkret əməkhaqqı aldığınız dövlət müəssisəsi varmı? Sizə dövlət işi təklif olunsa, razılıq verərsinizmi?
- Yoxdur və razılıq da vermərəm. İndi heç təklif də olunmaz yəqin. Bu ittifaqdakı iş ictimai işdir. Mən filmdə çəkilən zaman yalnız qonorar alıram. Burda da simvolik maaş alıram. Milli Məclisin deputatları Allah şahididir, 4-5 ildir mən Milli Məclisə, Nazirlər Kabinetinə, Prezident Aparatına kimi getmişəm. Vaxtında biz bunu istəmirdik, çünki təminat var idi. Lap əvvəllər Moskva ilə əlaqəmiz var idi, “Azərbaycan” kinoteatrı bizim balansımızda idi. Burda keçirdiyimiz tədbirlər üçün pula ehtiyac var. Hər ay bura 1100 manatdan bir az artıq kirayə haqqı veririk. İndi Rüstəm İbrahimbəyov o pulu verir. Vaxtilə tədbirlərimizi rahat keçirirdik. Bu gün də tədbirlər keçiririk, çətin də olsa, bunu edirik. Cəmil Quliyev deyir ki, orda yalnız siyasi söhbətlər aparılıb. Rüstəmin öz siyasi baxışları var, o özü bilər, azad adamdır, amma biz burda heç vaxt siyasətlə məşğul olmamışıq, yalnız başımızı aşağı salıb kino ilə məşğul olmuşuq. Deyirlər, gənclərə fikir vermirik. Halbuki burda gənclərə məktəb açdıq, məşhur adamları çağırdılar, master-klasslar keçirildi. Bilirsiniz o məktəbin direktoru kim idi? Cəmil Quliyev... Adamı yandıran odur, məhz o deyir ki, burada gənclərə fikir verilməyib.
- Tədbirlərin birində bildirdiniz ki, müxtəlif verilişlərdən Sizin çıxışlarınız silinərək efirə verilir...
- Bəli, doğrudur. Cəmil Quliyev mənim müxtəlif tədbirlərdən lent yazılarımı kəsib, efirə o cür verir. Məni lent yazılarından silmək olar, amma Azərbaycan kino tarixindən silmək mümkün deyil. O zaman gərək o filmləri verməsinlər, ya da filmləri də kəsib versinlər. “Babək”də, “Nəsimi”də mənim rolumu kəssələr necə olar? Bilirsinizmi, bunu dar düşüncəlilik hesab edirəm. Məsələn, bir-iki verilişə baxdım. Rasim Ocaqov haqqında fikir demişdim və həmin verilişi AzTV verib, təkrarını verirlər, görürəm mən yoxam. Leyla Bədirbəyli haqqında da fikir demişəm, hamı var, məni çıxarıblar. Mən 3-5 filmə yox, 100-ə qədər filmə çəkilmişəm. 100 filmi qoy qırağa, görək nə olur. Bu iş deyil axı. Sənə iş veriblər, get işini gör. Sən elə et ki, bizim Kino İttifaqından daha yaxı işlə, biz də deyək, bunlar nə yaxşı işləyirlər, gəlin biz dağılışıb gedək.
- Sizin ittifaqdan yeni yaradılan ittifaqa üz tutanların sayını bilmək olarmı?
- Bizim ittifaqdan 20-25 nəfərə qədər insan gedib ki, mən bilirəm onlar nəyə görə gedib. Kiminsə Rüstəmlə münasibəti pis olub, kiminsə məndən açığı gəlib, gedib, amma qalanını Cəmil Quliyev bir-bir zəng edib aparıb. Bu yolla 100-ə yaxın adam gedib. Amma belə olmamalıdır axı. Bura ümumi evdir, gəlib burda dərdləşirik, danışırıq.
- Siz uzun illərdir bu ittifaqdasınız. Niyə Sizə bu çətin günlərdə ittifaqa sədrlik təklif olunmadı?
- Olunmadı... Bilmirəm niyə.
- Sizcə elə olsaydı, alternativ quruma ehtiyac qalardımı?
- Mən düşünürəm ki, ehtiyac qalmazdı...Elə bir variant edə bilərdilər, eləmədilər. Təəssüf... Gərək bu alternativ qurum söhbətindən əvvəl olaydı. Bəlkə də bizə pul ayırardılar, diqqət olardı. Amma olmadı, indi artıq gecdir. Bizim sözbazlarımız çoxdur, amma inanın, bu ittifaqdan mənim heç bir maddi xeyrim olmayıb. Əvvəldən simvolik maaşa işləmişəm. Hətta mən bura gələndə aylarla Türkiyədə, İranda filmə çəkilmişəm. Yəni bu mənada maneçilik olmayıb, nə zaman istəmişəm getmişəm, bizdə ay bu sədrdir, bu birincidir, bu katibdir, belə bölgü olmayıb. Kimin nəyə gücü çatıb, iş görülüb.
- Belə çətin deyil?
- Çox çətindir. İnsan bəzən ruhdan düşür. Axı bir işi görəndə insan istər-istəməz arzulayır ki, yaxşı işi görəndə ona qiymət verilsin. Məsələn, desinlər ki, Kino İttifaqı fəal işləyib. Amma görəndə ki, bu heç kimin diqqətində deyil, insan ruhdan düşür. Nəyə görə? Kimə görə? Müəyyən yaxşı işə mütləq qiymət verilməlidir. Tənqid də olmalıdır. Bu gün Azərbaycan kinosunda tənqid, tərif, nə bilim kinoşünaslıq da yoxdur. Mən istəyirəm ki, biri filmə baxdıqda qəzet səhifələrində öz fikrini bildirsin. Adam oxusun, götür-qoy eləsin. Sovet vaxtı əməlli-başlı var idi. Özü də çox qəribə bir şeydir ki, yalnız tərifləyirlər, amma mənfi cəhəti demirlər, heç kim pis olmaq istəmir.
- Amma “Sübhün səfiri” filmi elə dediyiniz kimi, mətbuatda da kifayət qədər tənqid olundu...
- Eləsinlər də, təki eləsinlər.
- Tənqidləri oxumusunuzmu? Bildirilir ki, filmdə yozum fərqliliyi və Axundovun təqdimatında yanlışlıq var. Ssenarinin zəif olduğu da qeyd edilir. Bu fikirlərlə razısınızmı?
- Yaxşıdır da, qoy olsun. Bəlkə inanmayacaqsınız, amma mən hələ o filmi görməmişəm. Öz yazdığım yerləri, özümü görmüşəm. “Nizami” Kino Mərkəzində nümayiş zamanı filmi ikinci hissədə verdilər, mən də əsəbiləşib çıxdım. Sonra dayandı, yenidən başladı, mən hətta hirslənib dedim ki, bu, təxribatdır.