"SSRİ-də seks yoxdur" - Azərbaycan kinosunda erotika

"SSRİ-də seks yoxdur" - Azərbaycan kinosunda erotika
2 avqust 2024
# 14:41

Kulis.az Emil Hacıyevin "Azərbaycan kinosunda erotika" yazısını təqdim edir.

“SSRİ-də seks yoxdur” — bu ifadə sovet dövründə televiziya və mediada açıq-saçıq səhnələrə qoyulan qadağalara görə yaranmışdı.

Sovet dövründə çəkilən Azərbaycan filmlərində seks olmasa da, açıq səhnələrə rast gəlmək mümkündür. Buna 1958-ci ildə çəkilmiş “Uzaq sahillərdə” filmini misal çəkmək olar.


“Uzaq sahillərdə”

“Əhməd haradadır” filmində isə biz erotik səhnə görməsək də, Əliağa Vahidin erotik qəzəlini eşidirik:

Mən, sevgilim, eşqində gərək bülbül olaydım,
Mərmər sinən üstündə qızıl bir gül olaydım.

Zülfün tək uzandıqca öpəydim ayağından,
Sən seyrə çıxan yerdə dönüb sünbül olaydım.

Əmdikcə o gül ləblərini nəşələnəydim.

Bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyi tərəfindən “qayçılanıb”. Belə səhnələri çəkən rejissorlarımız məcburən həmin rolların qadın ifaçılarını Azərbaycandan kənarda axtarmalı olublar.

Hüseyn Seyidzadənin rejissorluq etdiyi “Yenilməz Batalyon” və “Dəli Kür” filmlərində biz erotik səhnədən daha çox açıq-saçıq səhnə görürük.



“Yenilməz batalyon”

“Dəli Kür"

Eldar Quliyevin rejissorluq etdiyi “Babək”, “Bir cənub şəhərində”, “Ürək…Ürək” filmlərində də açıq səhnələrə rast gəlmək olur.

"Bir cənub şəhərində"



1976-cı ildə ekranlara çıxan “Ürək…ürək” filmi əxlaq probleminə həsr olunub. Filmin qəhrəmanı Muradın mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Murad idmançı Ramizin həyat yoldaşı, sirk ustası Lenaya vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.

“Ürək…Ürək”

1979 cu ildə lentə alınmış Babək filmi sovet dövrü üçün erotik səhnələrin çox olduğu filmlərdəndir. Burada xürrəmilərin yüngül, eyş işrətlə keçirdikləri həyat tərzi açıq aydın göstərilir. Həmçinin Amaliya Pənahovanın yaratdığı Zərnisə obrazının geyimi o zaman xürrəmi xanımlarının geyim tərzini ortaya qoyur. Babəklə münasibətin yaranmasının təşəbbüskarının da Zərnisə olması xürrəmi qadınlarının azad seçim etməsinin bariz nümunəsidir.

"Babək"

Tofiq Tağızadənin rejissoru olduğu, “Dədə Qorqud” dastanının motivləri əsasında çəkilmiş Dədə Qorqud filmində də biz erotik səhnəyə rast gəlirik. Orada Qıpçaq Məlikin kənizi ilə Bamsı Beyrək arasında olan qısa dialoq və yüngül erotika illərlə azərbaycanlıların dilinə düşmüşdü. (murad) Həmçinin qızların rəqs səhnəsi o zaman üçün ənənəvi olmasa da gözoxşayan idi.

"Dədə Qorqud"

Tofiq Tağızadənin 1981-ci ildə lentə aldığı “Babamızın babasının babası” filmində isə erotikanın daha qabarıq formasına rast gəlinir. Film Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş 160 yaşlı Əziz babadan bəhs edir. Filmin lap əvvəlində Əziz babanın uşaqlığını əks etdirən səhnədə balaca Əzizin özündən yaşca böyük Nərgizə vurulmasını görürük. Filmdə erotik səhnənin canlı və təbii alınması üçün rejissor Tofiq Tağızadə Nərgiz roluna görə Rusiyanın tanınmış aktrisası Yelena Qaracovanı Azərbaycana dəvət edib.

"Babamızın babasının babası"

Sovet dövründə çəkilmiş və həmin dövrün çərçivələrindən kənara çıxan, kommunist ideologiyasına xidmət etməkdən uzaq olan azsaylı Azərbaycan filmlərimizdən biri də heç şübhəsiz “Sahilsiz gecə” bədii filmidir. Film Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında ekranlaşdırılıb və Mərkəzi Moskva televiziyasının sifarişi ilə çəkilib. SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə, konkret olaraq, 1989-cu ildə Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə böyük qalmaqal, ajiotaj yaşanır. “Sahilsiz gecə” filmində azərbaycanlı aktrisalardan heç kim “Zibeydə” roluna çəkilməyə razı olmur. Buna görə də o rolu Türkmənistanlı aktrisa canlandırır. Filmin çəkilməsindən 30 ilə yaxın bir vaxt ötsə də, Azərbaycan telekanallarında demək olar ki, hələ də onun yayımına rast gəlinmir.

"Sahilsiz gecə"

1988-ci ildə çəkilən rejissor Cahangir Mehdiyevin “Gənc qadının kişisi” filmi yaşlı kişinin gənc qıza aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulub. Filmi müasir nağıl da adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da.

"Gənc qadının kişisi"

1989-cu ildə Yefim Abramov və Nizami Musayevin rejissorluğu ilə çəkilən “Lətifə” filmində təsvir olunan hadisələr də real həyatdan götürülüb. Filmdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.

"Lətifə"

Vaqif Mustafayevin rejissoru olduğu və bir çox mükafatlara layıq görülən “Yaramaz” filmində də erotik səhnəyə rast gəlmək olar. Filmin qəhrəmanı Hətəmin daxili aləminin tam açılması məhz filmin sonuna təsadüf edir. Belə ki, Hətəmin əlində olan imkanlardan yararlanaraq əsl yaramazlığını göstərməsi və müfəttiş qadına təcavüz etməsi onun həqiqətən də yaramaz olmasını göstərir.

"Yaramaz"

Rejissor Fuad Şabanovun çəkdiyi “Axırıncı reys” qısametrajlı bədii filmdə təcavüz olunan qızı xilas etmək üçün özünü qurban verən avtobus sürücüsündən bəhs olunur.

"Axırıncı reys"

Rejissor Rasim İsmayılovun çəkdiyi “Tələ” filmində hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən Tural və Günel də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır.

"Tələ"

Əbdül Mahmudovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır.

"Gecə qatarında qətl"

1990-cı ildə Davud İmanovun quruluş verdiyi “Zirzəmi” filmində ailə dramı göstərilir. Ailə başçısı, memar Teymur pul qazanmaq naminə əsl sənətə göz yumub adi “ustaya” çevrilir. Arvadı Səbinə bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.

"Zirzəmi"

Buradan belə bir qənaətə gəlmək olar ki, SSRİ-də ağır senzuranın olmasına baxmayaraq əsl, azad sənətə hasar hörülə bilməyib və bu filmlər illər sonra sovet insanının həyat tərzinin necə olmasını açmaqda araşdırmaçılara işıq tutub.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #