Kulis.az Sevinc Mürvətqızının "Öz İtakasına qayıtmaq yanğısı" essesini təqdim edir.
Ötən gün tanınmış rejissor Kristofer Nolanın ssenarisini yazdığı və rejissorluğunu etdiyi, dünya miqyasında rekordlar qıran epik-fantastik döyüş filmi "Odisseya"ya baxdım. Əvvəlcə ilkin təəssüratımı bircə cümlə ilə ifadə etsəm, bu, faniliyi, yaddaşın müqəddəsliyini və bəşəri zəiflikləri işləyən təsirli, dərin ekran əsəridir.
Qısa annotasiya versək, Homerin "Odisseya" dastanının adaptasiyası olan filmdə Mett Deymon İtakanın yunan kralı Odisseyi oynayır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopaya qovuşmağa çalışarkən Odisseyin uzun və təhlükəli səyahətindən bəhs edir. Filmdə Penelopa rolunu Enn Heteuey canlandırıb. Aktyor heyətində həmçinin Tom Holland, Robert Pattinson, Lupita Nyonqo, Zendaya və Şarliz Teron kimi dünya ulduzları da yer alıb.

Filmdə ilk nəzərə çarpan miflərin vahid qaynaqdan qidalandığı həqiqətidir. Minillərdir bəşəriyyətin əbədi arxetipləri mövcuddur - hansı xalqa, hansı mədəniyyətə aid olduğundan asılı olmayaraq.
Əslində Odisseyin yolu yalnız yunan mifologiyasının dənizlərindən keçmir. Bəşəriyyətin bütün qədim mətnlərinə - Şumerin Gilqameş dastanından Şərqin min bir gecə nağıllarına qədər baxsaq, eyni ruhu görərik: Evdən ayrılan, sınaqlara çəkilən və nəhayət, öz faniliyini dərk edib özünə qayıdan insan.
Azərbaycan mifologiyasında da bu universal ideya “Kitabi - Dədə Qorqud” və "Koroğlu" kimi dastnalarımızda, eləcə də "Ağac ata" / "Su ana" kultlarında öz əksini tapır. İnsan təkəbbürə qapılıb təbiətin və ya ilahi nizamın sərhədlərini aşanda dəhşətli bəlalarla üzləşir.
“Kitabi - Dədə Qorqud”dan bildiyimiz "Basatın Təpəgözü öldürdüyü boy" və "Bamsı Beyrək boyu"ndakı məqamlar "Odisseya" da yenidən qarşımıza çıxır. Azərbaycan mifoloji və dastançılıq təfəkküründə bu universal arxetipin parlaq nümunəsi şübhəsiz ki, Bamsı Beyrəkdir. Beyrəyin 16 illik əsarətdən sonra öz yurduna tanınmaz halda - ozan cildində dönməsi, toyda öz köhnə yayını qurub hədəfi vurması və Banıçiçəyəqovuşması Odisseyin İtakaya qayıdış səhnəsi ilə tam bir ruh və süjet əkizliyidir.

Hər iki dastan pıçıldayır ki, insan nə qədər uzaqlara düşürsə düşsün, yaddaşında qalan xatirələr və ilkin andlar (Banıçiçəyin/Penelopanın sədaqəti) onu öz daxili evinə qaytarır.
Eynilə Odisseyin İtakaya həsrəti kimi, dastanlarımızdakı qəhrəmanların da əsas qayəsi yad aləmlərdə ilahi qüvvələrlə mübarizə aparmaqdan ziyadə, öz yurduna, torpağına və ata ocağına - yəni öz köklərinə dönə bilməkdir.
Bu mənada, bəşəri mifologiyada olduğu kimi bizim mifoloji təfəkkürümüzdə də insanın ən böyük zəfəri yad diyarda tanrılaşmağı seçməkdənsə, öz doğma məkanında və mahiyyətində "insani-kamil”ə çevrilməyi bacarmaqdır.
Mifologiyaların qaynağı birdir, çünki insanın qorxusu, həsrəti və nəfsi dəyişmir. Odisseyin ilahələrin ölməzlik təklifini rədd edib öz fani arvadı Penelopaya və doğma İtakasına qayıtmaq yanğısı bu mənada nə qədər insanidir! Bütün mifoloji sistemlər eyni böyük həqiqəti pıçıldayır: İnsanın əsl zəfəri öz faniliyi ilə barışması və təslimiyyətə keçməsidir.
Eynilə filmdə Odisseyin dalğalar üzərində sınıq-salxaq bir salın üzərində özünün Yaradanın və taleyin ixtiyarına təslim etdiyi kimi... Bu, mənə həyatımın ən ağır anlarında artıq taleyin fırtınaları ilə lazımsız savaşmağı kəsib Allaha təslimiyyətin nə qədər böyük nemət olduğunu və yalnız bundan sonrakı o ilahi dinclik mərhələsində çıxış yolunun tapdığımı bir daha xatırlatdı...
...Filmdə hər şey ağlın və hiylənin təntənəsi olan Troya atı hədiyyəsi ilə başlayır. İllərlə alınmayan qalanı bir taxta atın qarnında daxil olan döyüşçülərlə fəth etmək Odisseyin zəkasının zirvəsidir. Lakin elə bu zirvə onun fəlakətinin də başlanğıcına çevrilir. Kadrların dinamikası, fəth anındakı vizual dramatizm və zəfərin verdiyi sərxoşluqla dənizin qoynunda ilahlara meydan oxuyan Odissey, insanın öz uğurunu yalnız özünə aid etməsi ilə təkəbbürünün bəlasına düçar olur. Troya divarlarını yıxan o möhtəşəm ağıl, sahibini illərlə öz evinə, İtakaya həsrət qoyacaq fəlakətlər zəncirinin ilk halqasına çevrilir.

İnsanın nəfsi öz gücünə kor-koranə inanmağa başladığı an, taleyin fırtınaları qopmağa məhkumdur. Və o fırtınlar onu sahildən sahilə amansızlıqla çırpıb gec-tez ağlını başına gətirir. Hamımızın həyatında olduğu kimi... “Odisseya” filmi ona görə daxilən hamımızın filmidir ki, bu həqiqətləri 3 saatlıq seans boyunca kino dili ilə xatırladır...
Odisseyin səyahəti həm də insanın öz daxili heyvani hissləri ilə, lap elə deyək ki, “xalı altına süpürdüyü” təhtəlşüuru ilə mübarizəsidir. Cadugər Kirkenin adasındakı səhnə bu mənada fəlsəfi-psixoloji baxımdan ən dərin mesajlardan birini verir. Qorxunc və ağlagəlməz olmasına baxmayaraq bu səhnəni gözümü qırpmadan izlədim. Cadugər nəfsinə və zövqlərinə yenilən dənizçiləri donuzlara çevirir. Bu, sadəcə bir cadugər qadının sehiri deyildi - insanın öz iradəsini, nəfsini idarə edə bilməyəndə necə mənəvi olaraq “donuzlaşdığının” açıq-aydın vizual təsviridir.
Bundan da dəhşətlisi yaddaşına arxa çevirmək təhlükəsidir. Psixoloji baxımdan yaddaşını itirmək - kimliyini, haradan gəlib haraya getdiyini unutmaqdır. İnsan nəfsin zövqlərinə qapananda keçmişini və məqsədini unudur. Odissey bu adada yalnız ağlın, təmkinin və ilahi xəbərdarlığın sayəsində insan qala bilir və öz dənizçilərinə yenidən kim olduqlarını xatırladır.
Filmin kinematoqrafik baxımdan ovsunlayıcı, məni bir tamaşaçı kimi sarsıdan məqamlarından biri də sirenlərin (dəniz qızlarının) nəğməsi səhnəsidir.
Sirenlər sadəcə gözəl səslə oxuyan mifik, mistik varlıqlar deyil, onlar insanın ən zəif damarından vurub onu öz həqiqətindən, gedəcəyi yoldan yayındıran arzu, keçmişin nisgili və ölümcül cazibənin simvolu kimi filmə daxil edilib. Və o qədər yerində daxil edilib ki, "bu səhnə olmasa olmazdı" düşünürsən. Və təkcə bu səhnə deyil, filmdəki elə bütün səhnələr olmazsa, bəlkə də bu film alınmazdı. Sirenlər Odisseyə keçmişi, unudulmuş zəfərləri, öz daxili yaralarını və sonsuz bilgini xatırladırlar. Sirenlərin səsi insanın öz daxili ziddiyyətləri, nəfsi ilə üz-üzə qaldığı anın sədasıdır.
Odisseyin özünü gəminin dirəyinə zəncirlətdirib, qulaqlarını mumla bağlamış dənizçilərinin gözü önündə o nəğməni dinləyərək çabalaması, ağzından qopan o çarəsiz fəryad insanın böyük psixoloji faciəsi kimi işlənib. Bəlkə də buna görə insanın iliyinə işləyir. Odissey zəncirləri qırmaq üçün çırpınır, bədəni gəminin taxtasına çırpılır, gözlərində həm sonsuz bir həzz, həm də ölümcül bir əzab oxunur. O, dənizçilərinə onu buraxmaları üçün yalvarır, fəryad edir. Amma qulaqlarına mum tıxamış dənizçilər yalnız tapşırılımış bir intizamla avarları çəkirlər.

Bu fəryad mənə insanın həqiqəti, əbədiyyəti və qadağan olunmuş zövqü eyni anda yaşamaq istəyini xatırlatdı.Hansımız həyatımızın müxtəlif mərhələlərində “sirenlərin nəğməsi”nin qarşısında duruş gətirmək gücü tapa bilmişik özümüzdə? Ona görə də gəmidəki dənizçilərdən birinin qulağındakı mumu çıxarıb sirenlərin səsini eşitdikdən sonra dirigözlü ölümün qoynuna atılıb onlara tərəf üzməsinə heç şaşırmadım... İstəklərinin bəzən onun məhvi olacağını bilə - bilə bunu istəmək hər insanın mahiyyətində var.
Odisseyin qarşısında ölməzlik təklifi var idi - ilahələr ona əbədi gənclik və ölməzlik vad edirdi. Lakin o, hər gecə dəniz kənarında oturub fani ömrü, keçmişi və İtakası üçün göz yaşı tökürdü.
Mənə görə, psixoloji baxımdan ölməzlik mənasızlıqdır. Məhz sonu olan şey dəyərlidir. Bədənin fani olması, zamanın axıcılığı sevgini müqəddəs, qovuşmağı isə təsirli edir. "Odisseya"nı faniliyi işləyən ən möhtəşəm əsər edən də məncə, elə budur.
İtakaya çatmaq sadəcə bir coğrafi məkana qayıtmaq deyil. Uzun illərin ayrılığından, qan, itki və tufanlardan sonra Odissey öz sarayına bir kral kimi değil, dilənçi cildində daxil olur. Bu, kinematoqrafiyanın və psixologiyanın ən sarsıdıcı məqamıdır. Böyük zəfərlər qazanmış, divləri və ilahları məğlub etmiş qəhrəman, öz evində tamamilə tanınmaz haldadır.
Psixoloji baxımdan bu dilənçi cildi insanın öz keçmişinə, doğmalarına qarşı yaşadığı yadlaşmanın da vizual təsviri ola bilər. Zaman hər şeyi dəyişir. Odissey oğlu Telemaxın gözlərində atasızlığın böyütdüyü o yaralı gənci, Penelopanın baxışlarında isə illərin gözləntisindən yorulmuş qadın kədərini görür.
Köhnə yayı çəkib oxu hədəfdən keçirtdiyi o anın mənim üçün mənası bu idi: Odissey keçmiş kimliyini və kəsildiyi köklərini bərpa etməyə cəhd göstərir. Lakin sarayında qadınına və taxtına iddia edənləri qətlə yetirdikdən sonra gələn o məşum sükut bizə göstərir ki, qayıdış heç vaxt köhnə üsullarla olmur, ola bilməz. İnsanın mahiyyətcə “öz evinə dönməsi” üçün bəlkə də əvvəlcə zahirindəki bütün təkəbbürü, qüruru “soyunub” həqiqi, çılpaq və fani mahiyyətinə bürünməsi gərəkmiş...
Homerin vasitəsilə Nolan bir daha bizə ən böyük bəşəri mesajı ünvanlayır: Həyat əslində, insanın öz İtakasına qayıdış yolçuluğudur, vəssalam. Amma bu dönüşü istəyərsənmi, bacarmaq üçün çabalayarsanmı, bu, artıq hər kəsin özünə qalmış bir seçimdir...

Ömrümüz boyunca Troya atlarının, cadugər kirkelərin, unutqanlıq lotusu yedirmək istəyən ilahələrin, sirenlərin yanından ötüb keçməyə məcbur oluruq. Bizi bu yolda yox olmaqdan qoruyan şey iradəmiz, yaddaşımız və evimizə olan sevgimizdir. İnsanın dəyəri ilahlaşmaqda deyil, bütün fırtınalara, itkilərə və ağrılara baxmayaraq, öz bəşəri mahiyyətini qoruyub "insan kimi ölə bilmək" cəsarətində və öz İtakasına qayıtmaq yanğısındadır.
Hər birimizin ömrü əslində böyük bir ənginlikdə, tufanlı dənizin ortasında irəliləyən gəmiyə bənzəyir. Biz də dalğalar qoynunda öz İtakamızı - ruhumuzun sığınacağını, ziddiyyətlərdən arınmış dincliyimizi və səmimi mahiyyətimizi axtarırıq.
Yollar nə qədər təhlükəli, dalğalar nə qədər amansız, təkəbbürümüz nə qədər qarşısıalınmaz olursa-olsun, gec-tez bütün zahiri maskalarımızı, üstümüzə keçirdiyimiz saxta kimlik qiyafələrimizi soyunub ilkin yoxluq libasımıza büründüksə, o zaman İtakamıza qayıda biləcəyik.
Nolan Homerə “sığınaraq” düz 3 saat bunları düşündürür və nəticə çıxarmağı da buraxır öz ixtiyarınıza... Daha qayıdarsınız, qayıtmazsınız, özünüz bilərsiniz...