Kinoya pul ayrılması üçün nə edək?

Kinoya pul ayrılması üçün nə edək?
13 noyabr 2025
# 13:30

Kulis.az Mirmehdi Ağaoğlunun "Rasim Balayevin gödəkcəsi, yaxud kinoya pul ayrılması üçün nə edək?" yazısını təqdim edir.

Dünən günorta saatlarında belə bir xəbər yayıldı ki, gələn ilin dövlət büdcəsində kino sahəsi üçün vəsait ayrılması nəzərdə tutulmayıb. Hətta Parlamentdə müzakirə zamanı Maliyyə Nazirliyinin məsul şəxsi ilə deputat Polad Bülbüloğlu arasında mübahisə də yaranıb. Polad müəllim bu qərarın kino sahəsinə mənfi təsir göstərəcəyindən şikayətlənib. Bundan dərhal sonra kino ictimaiyyəti öz mövqeyini necə deyərlər, ortaya qoydu, nazirlik də narazılığını bildirdi.

Həqiqətən, kədərli mənzərədir. Belə götürəndə dövlətdən kino istehsalına illərlə ayrılan vəsaitin xüsusi səmərəsinin olmadığını az görməmişik. Amma bu vəsait təmiz kəsiləndə də reanimasiyada yatan kinomuzun indiki şəraitdə başına nə gələcəyi aydındır, nəticəni deməyə lüzum yoxdur.

Yenə ayrılan bu vəsait hansısa dava-dərmanları almağa bəs edir... Bu da kəsilsə, hansı qurumun, hansı kommersiya təşkilatının, hansı ictimai təşkilatın marağındadır ölkədə kinonun inkişafına vəsait ayırsın? Heç kimin!

Nə isə... Axşam Yutubda gəzindiyim vaxt təsadüfən İTV-nin “Ötən günlər” verilişinin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevə həsr etdiyi (nə vaxtsa baxdığım) buraxılışı qabağıma çıxdı.

Yeri gəlib, deyim ki, İTV-nin bu layihəsi Azərbaycan efirinin üzünə tutub hər yerə çıxara biləcəyi nadir işlərdəndir. Baxmayanlar üçün formatı deyim: Verilişdə hansısa sənət adamı barədə dostları xoş xatirələrini bölüşürlər, müxtəlif musiqi parçaları səslənir.

Xülasə Rasim Balayev haqqında da Ramiz Rövşən, Ramiz Həsənoğlu, Alim Qasımov, Baba Vəziroğlu öz şən-şux xatirələrini bölüşdülərsə də ən maraqlı söhbəti elə Rasim özü danışdı. Dedi:

“Ağdaşda Nəsiminin heykəlinin açılışı idi. Anar Rzayevin maşınında getdik. Ora çıxanda gördüm hamı pencəkdədir, bircə mən kurtkadayam. Dedim yaxşı deyil də, Prezident orda durub kostyumda, mən də kurtkada. Kurtkanı çıxardım, kimə verim, gördüm hamı ministrdir (bu yerdə gülüşmə düşür). İndi mən bunu kimə verim, deyim bunu saxla, mən gedirəm ora... Təzədən geyindim (gülüşmə). Getdim cənab Prezident İlham Əliyevin yanına, dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, dedi, eybi yoxdur. Prezident məndən soruşdu ki, Rasim, sən jivoy Nəsimisən, bu heykəl necədir? Heykəli düzəldənlər də Fərhad Xəlilovun da heykəltəraşlarıdır, Prezidentin razılığını gözləyirlər ki, bunlar qonorarı alsınlar (gülüşmə), pul alsınlar, desə ki, pisdir... batdı da bunlar. Dedim ki, cənab Prezident çox yaxşıdır, amma... Amma deyəndə belə baxdım, gördüm bunlar ağardı (gülüşmə). Nə amma, amma yeridir?! Dedim ki, vallah, bilirsiz, film-zad da çəkilmir, elə yaxşı pul versələr mənə, səhər gəlib duraram burda, axşama kimi (gülüşmə)... O da çox bərkdən güldü. Adamlar elə bildilər ki, mən anekdot zad danışmışam".

Rasim Balayev, cıqqana pauza verib sonra əlavə elədi:

“Yəni o sözlə çatdırdım ki, kino çəkilmir”.

Deyirəm, bəlkə Rasim Balayev yenə o gödəkcəsini geyinsin...

Yoxsa, işimiz Allaha qalacaq.


# 5052 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər