Kulisin xüsusi layihəsi: Fellininin aktyoru azərbaycanlı sənət adamlarının suallarını cavablandırır  

Kulisin xüsusi layihəsi: Fellininin aktyoru azərbaycanlı sənət adamlarının suallarını cavablandırır   
7 may 2020
# 08:55

Dahi Federiko Fellininin məşhur “Amarkord” filmində əsas aktyorlardan biri olan Bruno Zanin yazıçı Alpay Azərin təşəbbüsü ilə azərbaycanlı sənət adamlarının suallarını cavablandırıb. Kulis.az həmin müsahibəni təqdim edir.

Ruslarda belə bir deyim var: “Puşkin bizim hər şeyimizdir”. Mən Federiko Fellininin filmlərinə baxanda, fikirləşmişdim ki, yəqin italyanlarda da təxminən buna oxşar deyim ola bilər, çünki o filmlər İtaliya həyatının çoxlu, müxtəlif aspektlərini əhatə edir.

Tutaq ki, böyük İsveç rejissoru İnqmar Berqmanla müqayisədə azərbaycanlı filmsevərlər üçün Fellini daha yaxındır, çünki Felininin bir çox obrazları milli psixologiya, mental baxımdan bizə daha doğmadır.

Hörmətli Bruno, onu deyim ki, bizim fellinisevərlərə siz məşhur “Amarkord” filmindəki Titta obrazına görə tanışsınız. Mən azərbaycanlı sənət adamlarından sualları toplayıb sizə ünvanlamaq istəyirəm.

Alpay Azər

yazıçı

Gallery

Aydın Talibzadə (professoru): “Amarkord” Fellininin xatirələri ilə bağlıdır. Onlar sizin xatirələrə nə qədər uyğun idi?

- Rimini qədim və əhəmiyyətli tarixi keçmişə malik bir şəhərdir. Bu şəhəri romalılar inşa edib. Federiko Fellini də 1920-ci ildə məhz bu şəhərdə dünyaya gəlib. Mən isə Venesiya yaxınlığında yerləşən kiçik bir kənddə, zəhmətkeşlər ailəsində dünyaya gəlmişəm. Mənim keçmişimin və ya xatirələrimin Fellininin keçmişi ilə heç bir əlaqəsi, bağlılığı və ya oxşarlığı yoxdur. Ailə münasibətləri müəyyən qədər oxşar ola bilər, məncə. Bu oxşarlıq da bütün italyan ailələrində var. Haqqında danışdığımız film Fellininin keçmişinə, onun uşaqlıq xatirələrinə bağlıdır. Qəhrəmanların əyalət macəraları, problemləri və sair ...

Teymur Daimi (kinorejissor): Konkret olaraq, Fellini sizinlə necə işləyirdi, mülayim yoxsa sərt, rolu necə izah edirdi, təzyiq edirdi, yoxsa əksinə, improvizasiyaya yol açırdı?

- Bayaq dediyim kimi, mən kiçik bir kənddə doğulmuşam, Venesiya yaxınlığında. Bu məkanın dünya ilə əlaqəsi, demək olar ki, yox idi. Həyat çox darıxdırıcı keçirdi. Bu səbəbdən 15 yaşım olanda, mən evdən qaçaraq Avropanın müxtəlif yerlərində yaşamağa başladım. Hippi qruplarına qoşuldum, çox fərqli işlərdə çalışdım, tənhalığı təcrübədən keçirdim. Və nəhayət, ətraf mühitlə, eləcə də məni əhatə edən insanlarla bir ahəng içində yaşamağı öyrəndim. Bu və buna bənzər səbəblərdən rola girməyi yaxşı bacardığıma inanırdım. Belə də oldu. Fellininin mənə verdiyi rolu ifa etmək çətin olmadı. O, mənə yetəri qədər azadlıq verirdi. Hər xırda detalı necə etməyim gərəkdiyini demirdi. Lap əvvəldən bizim aramızda bir empati yarandı və bu da işimizə sirayət etdi. Sadəcə, bəzi hallarda mən çərçivədən çıxdığım an məni düzgün istiqamətə yönləndirməklə kifayətlənirdi.

File:Bruno Zanin in 2009.jpg - Wikimedia Commons

Elçin Musaoğlu (rejissor): Kastinq zamanı niyə Fellini məhz sizi “Amarkord” filmi üçün seçdi? Bu filmə qədər sizin aktyorluq təcrübəniz olmuşdumu?

- Federiko Fellininin intuisiyası çox güclü idi. O, rahatlıqla kimin nəyə qadir olduğunu anlayırdı. O, bilirdi ki, mən ona lazım olan nəticələri əldə edə biləcəyəm. Mənim daha öncə aktyor kimi təcrübəmin olmaması onu narahat etmirdi.

Sevda Sultanova (film tənqidçisi): Çox güman ki, siz tez-tez “Amarkord” filminə baxırsınız. Hər dəfə baxanda, bu film sizdə hansı assosiasiyalar, hisslər doğurur?

- Əlbəttə, “Amarkord” filminə təkrar-təkrar baxıram. Çox vaxt bu məcburiyyətdən irəli gəlir. Qonaq qismində dəvət edildiyim tədbirlərdə, kino festivalları və mədəniyyətlə bağlı konfranslarda bu əsər tez-tez nümayiş olunur. Açığı, mən artıq özümü görməkdən yorulmuşam. Filmdə çox gözəl, cavan və güclü görünürəm. İndi isə kifayət qədər yaşlı və eybəcərəm. Bu isə məni incidir. Ömrümün sonuna qədər filmdə olduğum kimi cavan və yaraşıqlı qalmaq istərdim. Amma bu, mümkün deyil. Təəssüf, mən Dorian Grey deyiləm.

In Search of Fellini on Twitter: "The beautiful @nancycartwright ...

Aliyə Dadaşova (teatrşünas): Karantin günlərini necə keçirirsiz?

- Mən əslində, virusdan əvvəlki dövrlə indiki dövr arasında elə böyük fərq görmürəm. Yeganə böyük fərq səyahət imkanlarının olmamasıdır. Bəlkə də çox sakit və asosial bir təbiətə malik olmağımdan qaynaqlanır bu. Xoşbəxtlikdən yaşadığım yerdə özümə aid torpaq sahəm var və mən orada əkin-biçinlə məşğul oluram. İstifadə etdiyim məhsulları özüm əkib becərirəm. Bütün fikrimi, enerjimi və vaxtımı buna sərf edirəm.

Alpay Azər (yazıçı): Bəzi sənət adamları yaşa dolanda, öz dövrünün rejissorlarını, aktyorlarını, aktrisalarını tənqid edib deyirlər ki, bizim vaxtda daha yaxşı filmlər çəkilirdi, aktyor oyunu daha yaxşı idi. Yəqin, italyanlar arasında da “İndi Fellini, Pazolini, Viskonti kimi rejissorlar, Mastroyani, Uqo Tonyatsi, Sofi Loren kimi aktyorlar yoxdur” deyənlər var. Müasir İtaliya kinematoqrafiyası barədə düşüncələriniz necədir?

- Təxminən 28 ildir kino sahəsindən ayrılmışam. Artıq aktyorluqla məşğul olmuram və bu sahə ilə maraqlanmıram. Mənə bu barədə suallar ünvanlananda nə deyəcəyimi bilmirəm, açığı …

Gallery

- Məşhur rus (sovet) komediya aktyoru Andey Mironov, - yeri gəlmişkən, o, məşhur “İtalyanlar Rusiyada” filmində çəkilib, - jurnalistlərin tez-tez ona “Brilyant əl” filmindəki roluna görə verdikləri suallardan bezdiyini etiraf etmişdi. Siz necə, “Amarkord” filmində Titta roluna görə komplimentlərdən bezməmisiz ki?

- Artıq bütün bunlar mənə maraqlı deyil. “Amarkord” filmində Titta və ya digər filmlərdə başqa qəhrəmanlar haqqında danışıldığını eşitdikdə, mənə elə gəlir ki, insanlar mənim haqqımda yox, tamam başqa biri haqda danışırlar.

- “Amarkord”un digər aktyorları, - Ovo, Gilyotzi, bir də şeirdən bir misra olan “Emar psamen” sözlərini deyərkən, ağzını əyib ədəbiyyat müəllimini özündən çıxaran aktyorla əlaqələriniz varmı?

- “Amarkord” filminin aktyorlarının çoxu dünyasını dəyişib. Ən azından, əsas rolların ifaçılarının öldüyünü dəqiq bilirəm. Bu yaxınlarda Ciccio da öldü, ölüm səbəbi infarkt oldu. Sadəcə, Naso rolunu ifa edən Alvaro Vitalinin sağ olduğunu eşitmişəm, lakin onun da nə işlə məşğul olduğundan, harada yaşadığından xəbərim yoxdur. Elə Gigliozzi rolunu ifa edən aktyordan da heç bir xəbər almadım. Digərləri də həmçinin.

- Müsahibə verdiyinizə görə dərin təşəkkürlər, hörmətli Bruno.

Bruno Zaninin italyan dilində verdiyi cavabları tərcümə etdi: Nihad İsa

# 3578 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #