İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə

İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
2 avqust 2021
# 12:30

Kulis.az Milli Kino Günü münasibəti ilə rejissor, ssenarist, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovla müsahibəni təqdim edir.

- Əli İsa bəy, son on ili Azərbaycan kino tarixi üçün nə ilə xarakterizə edərdiniz?

- Son on il Azərbaycan kinosu özünü axtarır. İşıq yanan tərəfə getsin, ya it hürən tərəfə? Festival kinosu çəksin, ya komediya? Hər iki istiqamətdə uğurlar var. Amma dahi Üzeyir yolu da var: sənət dəyəri yüksək olan, tamaşaçı uğuru qazanan filmlər də çəkmək olar. Bayrağımızın rəngləri kimi məğribə də, məşriqə də mesajlar ötürməliyik filmlərimizlə.

- Pandemiya ərəfəsinə qədər müxtəlif kinoteatrlara əməlli-başlı tamaşaçı gəlirdi. Kommersiya filmləri tamaşaçı toplamışdı. Sizcə, bu, hansı mərhələdir və ciddi kinonun inkişafı üçün nə vəd edir?

- Kommersiya kinosu ciddi kino üçün gübrə rolu oynayır və mütləq lazımdır. Tamaşaçını zallara qaytaran insanların mədəniyyətimiz qarşısında xidmətləri danılmazdır. Sadəcə, komediya aludəçiliyindən melodrama və dramaya keçiddə gecikirik.

- Son vaxtlar Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətində irəliləyiş hiss olunur. Müxtəlif müzakirələr, müsabiqələr, master-klaslar... Eyni zamanda, İttifaqın saytının və sosial şəbəkələrdəki səhifələrinin aktivləşməsi. Yeni nələr gözlənilir?

- İttifaq olaraq məqsədimiz hadisələrin dalınca sürünmək yox, onlara təkan verməkdir. Yay və qış məktəbi layihələri hazırlayırıq. Əsasən ssenaristlər üçün. Bu, ən zəif sahəmizdir. Bir də kino ədəbiyyatının inkişafı, dərsliklər və nəzəri kitablar... Nəzəriyyə olmadan proses yoxdur, necə ki, qafa olmadan insan mövcud deyildir.

- Mədəniyyət Nazirliyinin rəhbərliyində və müvafiq şöbədəki dəyişiklər necə səmərə verəcək sizcə?

- Şöbənin rəhbəri Rüfət bəyə çox ümidliyəm. Onun kino üçün əhəmiyyəti beynəlxalq əlaqələr sahəsində təcrübəsidir. Bu, bizim üçün çox vacibdir. Kinomuzu dünya kinosunun bir hissəsinə çevirməliyik. Bu sahədə kövrək addımlar atılır, davamının gəlməsini daim təşviq edəcəyik. Şöbədən hədiyyələr gözləmək lazım deyil, qapını döyüb, ideya verin, birlikdə işləmək və açıq söhbət etmək lazımdır.

- Özəl kino sektorunun formalaşması istiqamətində sevindirici nələrsə müşahidə edirsiniz?

- Özəl kino artıq ayaq üstədir və pandemiya bitən kimi dövlət sektorunu geridə qoyacaq.

- Qarabağ qələbəsi kinomuz üçün nə deməkdir? Pafosa sürüklənmək qorxusu yoxdur ki?

- İkinci Qarabağ müharibəsi təbliğat filmlərinə rəvac verdiyi kimi insan hekayələrinə də səbəb olacaq. Prosesi nəzarətdə saxlamaq, ifrata varmamaq lazımdır. Kino İttifaq bu işdə aktivlik göstərəcək.

- Bu il həm də bir neçə filmimiz nüfuzlu beynəlxalq müsabiqəyə yol tapdı. Prosesin davamı və güclənməsi üçün nə etməliyik?

- Düşünürən ki, bu uğurlarda kino şöbəsinin yeni rəhbərliyinin müəyyən rolu var. Hələlik bu tendensiya xarakteri almayıb. Ancaq tendensiya yaratmaq üçün potensialımız var.

- Üzümüzə gələn on il üçün proqnozlarınız nədir?

- Növbəti illər ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur. Bu təbliğat pafosu arxasında gizlənən filmlər də ola bilər, festival konyunkturası maskası taxmış filmlər də. Gerçək insan və gerçək Azərbaycan unudula bilər. Növbəti on il “feyk” və gerçək Azərbaycan kinosu polemikası ilə keçəcək.

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #