Berqmanın şizofreniyası: "Persona"

Berqmanın şizofreniyası: "Persona"
13 may 2020
# 17:49

Kulis.az Nigar Səmədlinin "Berqmanın şizofreniyası – “Persona”" yazısını təqdim edir.


Bir kadrı izləyicinin gözündən qaçdığında qopan filmlərin müəllifi Berqmanın əsərlərini nevrozların kinemotoqrafiyası adlandırırlar. Yəqin ki, kino sənəti ilə bağlı ilk yazı təcrübəmi sırf bu səbəbdən Berqmanın “Persona”sı ilə sınaqdan keçirmək istədim. İlk olaraq, rejissorun “Persona” kimi sıradan olmayan bir filmi niyə çəkdiyi ilə bağlı yazacam.

1965-ci ildə qulaq infeksiyası yaşayan Berqman yuxuda belə baş gicəllənmələri keçirir. Bunun qarşısını almaq üçün həkiminin tavanda boyadığı bir nöqtəyə baxsa da hər dəfəsində otağın fırlandığı hissinə qapılır. Daha sonra Berqman bütün diqqətini tavandakı nöqtəyə verərək iki üzün bir-birinə qarışdığını düşünür və bu ona az da olsa kömək edir. Sağaldıqdan sonra pəncərədən baxarkən oturacaqda oturan tibb bacısı və xəstə diqqətini çəkir. Beləcə, rejissorun şah əsəri “Persona”nın təməli bu xəstə-tibb bacısı ikilisi və bir-birinə qarışan üzlər üzərində qurulur.
1966-cı ilin istehsalı olan film, adını isveçrəli psixiatr Karl Qustav Yunqun analitik psixologiya nəzəriyyəsinə aid olan şəxsiyyət arketiplərinin birindən alıb. Yunqun bu nəzəriyyəsində yer alan dörd arketipə persona, anima-animus, kölgə və mən aiddir. Filmdə isə izləyicinin qarşısına bunlardan persona və kölgə çıxır. Bir-birinin ziddi olan bu iki arketipə açıqlama versək, persona insanın gərçək şəxsiyyətini gizləyərək toplumda görünmək istədiyi və özünü tanıtdığı biçimidir. Daha bəsit formada, persona insanın başqaları ilə ünsiyyəti zaman geyindiyi maskadır. Kölgə isə personanın tamamilə əksi olaraq şəxsin üzləşməkdən qorxduğu, toplumdan gizlətdiyi, xoş qarşılanmayan istək və düşüncələridir. Bu, hər zaman insanın içində olan, amma fərqində olmadığı qaranlıq tərəfi, “digər o”sudur. Filmdə personanı aktrisa Elizabet Voqler (Liv Uillmann), kölgəni isə tibb bacısı Alma (Bibi Andersson) təmsil edir.

Gallery

Filmin qısa xülasəsi; məşhur aktrisa Elizabet, “Elektra” adlı teatr tamaşasının nümayişi zamanı səhnədə anidən susur. Həkimi onun heç bir fiziki və mənəvi narahatlığının olmadığını söyləyir və onun baxımını tibb bacısı Almaya həvalə edir. Müalicə müddətində həkimin dəniz kənarındakı evində qalarkən Alma, Elizabet`in təhrikedici susqunluğunun qarşısında bütün qaranlıq dünyasını açığa çıxarır və Elizabetin yanında öz kimliyini itirmək qorxusu ilə üzləşir.
Filmin ssenarisini yazıb başınızı ağrıtmaq fikrim yoxdur. Sizə bir Berqman filmini oxumağın yollarından, incə detallardan və dəvətlərdən bəhs edəcəm.

İlk olaraq hər filmdə rejissorun özünü bəlli etdiyi nöqtələr var. Təbii ki, söhbət otörlərdən (özünə məxsus tərzi olan rejissor) gedir. Bu, Berqmanda izləyicinin bəlkə də bir anlam verə bilmədiyi, onu narahat edən görüntülərdir. “Persona” filminin girişində qulaq batırıcı bir səslə ekranda görünən proyektor lampası, film lenti, penis, hörümçək, kəsilən qoyun başı, içalat, mismar vurulan əl, meşə, morg kimi görüntülərin verilməsi izləyicini filmin xaricində saxlayır. Berqmanın filmləri izləyicini hekayənin içinə almır, onu izləyici mövqeyində saxlayır. “Persona” filmində də izləyici yaddır, yəni sadəcə izləyicidir. Morq səhnəsində öncə ölü olduğu düşünülən, daha sonra isə Lermontovun “Əsrimizin qəhrəmanı” kitabını oxuyan bir uşağın telefon səsinə ayağa qalxaraq Alma və Elizabetin görüntüsünün olduğu böyük ekrana toxunduğu zaman izləyici filmin içinə alınaraq uşaqla eyni otaqda dayanır və film başlayır. Amma bu dəfə də izləyici filmə uşaqla birlikdə çöldən baxır.

Elizabetin susqunluğu, həkiminin də dediyi kimi onun seçimidir. Həqiqətlə üzləşə bilmədiyi üçün susqunluğu seçməsi nəticəsində ən azından yalan danışmayacaqdı. Xəstəxanada Almanın radioda açdığı pyesə gülüşü saxtalığa qarşı reaksiyası, televizorda insanın yanma səhnəsini dəhşət içində izləməsi həqiqətlə üzləşə bilmədiyini göstərir. Həqiqətə verdiyi qorxunc reaksiyası kitabın arasından tapdığı və faşistlərin zülmünün göstərildiyi fotoşəkilə baxdığı səhnədə də aydın şəkildə izləyiciyə təqdim olunur.

Gallery


Filmin Almanın etiraflarının yer aldığı qismindən sonra bu iki bir-birinə zidd, bir o qədər də eyni qadının arasında uçurum yaranır. Elizabetə qaranlıq dünyasını açması ilə onun haqqında fikirlərini yazdığı məktubdan öyrənən Almanın maşından enərək gölün kənarında dayandığı səhnədə o, heç vaxt Elizabet kimi olmayacağını anlayır. Bu nöqtədən sonra persona və kölgənin mübarizəsi başlayır. Elizabetin qaçmaq istədiyi həqiqət Almanın timsalında onun personasını sıxışdırır, dağıtmağa, yox etməyə çalışır. Daha sonra Almanın yuxusu olaraq izlədiyimiz Elizabetin ərinin evə gəldiyi səhnədə Almaya Elizabet kimi davranır və Alma Elizabetin susqunluğunu dilə gətirir. Personanın kölgəsi kimi davranaraq gərçək hislərini birüzə verir.


Filmin zirvəsi isə Almanın Elizabetin qaçmaq istədiyi həqiqətlərini üzünə söylədiyi səhnədir. Bu, persona və kölgənin üz-üzə qarşılaşmasıdır. Bergman bu sahnəni özünə xas bir üslubla ekranlaşdırıb. Eyni səhnə bucaq-qarşı-bucaq çəkimi ilə iki dəfə təkrar olunub. İlk plan öncə Almanın çiyin planından və daha sonra yaxın planla Elizabetin görüntüsündən ibarətdirsə, səhnənin təkrarında izləyici yenə eyni planlarda bu dəfə Almanın üzünü görür. Bu səhnə ilə bağlı Berqman, “Danışdığınız hekayə ilə dinlədiyiniz hekayə eyni deyil” fikirlərini söyləyib. Səhnənin Berqmanvari üslubla ekranlaşdırılmasında məqsəd izləyicini filmin içinə almamaq, onu bir film qarşısında olduğunu unutdurmamaqdır. Səhnənin sonunda Almanın yaxın plan görüntüsü ilə Elizabetin üzü birləşərək tək üz halını alır. Bu kadrla rejissorun bu iki qadının bir-birinin tamamlanmamış digər yarısı olduğu mesajını verdiyi düşünülə bilər. Filmin girişindəki morq səhnəsində ekrandakı bu iki üzə toxunan uşağın isə filmdə bu qadınlar tərəfindən istənməyən uşaq, dolayı yolla Berqman olduğu düşünülür. Berqmanın arzuolunmaz uşaq olduğu ilə bağlı fikirlər mövcuddur.

Filmin sonlarında Alma artıq Elizabetə bənzəməyə çalışmadan öz həyatına geri dönür. Kölgənin persona üzərində zəfəri Elizabetin Almanının qanını içdiyi səhnənin ardından yenə başqa bir yuxuda xəstəxana otağında Almanın ona hökmranlıq etməsi ilə açıq şəkildə görünür. Elizabet isə filmin sonunda yenidən Elektra rolu ilə ekranda görünür. Mifologiyada analıq bağına xəyanət edən Elektra xarakterinin Elizabetin obrazında yenidən göstərilməsi filmin sonunda Elizabetin aktrisalığa döndüyünü, öz personasından xilas ola bilmədiyini göstərir. O bundan sonra da gerçəklikdən qaçaraq susmağa davam edəcəkdi.

# 3270 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #