Nicat Kazımov: “Nə xanım evdə polisdir, nə də mən rejissor”

Nicat Kazımov: “Nə xanım evdə polisdir, nə də mən rejissor”
13 sentyabr 2011
# 14:05
Nicat Kazımov maraqlı rejissordur, ondan da maraqlı aktyordur, amma hələ aktyor kimi onu kəşf edən rejissor olmayıb. Bəlkə də bu məsələdə bir az da xarakteri səbəbkardır. Niyə? Söhbət əsnasında bəlli olacaq. Onu bilirəm ki, ən ilk işlərindən tutmuş, yəni “Tıq-tıq xanım”dan “Kabuslar”a qədər gözlərim qarşısında olub. Təpədən-dırnağa enerji və həvəs doludur, istedadı da özünü inikasa şərait yaradır. Nədənsə... Yox, qalanlarını özü danışsın.


Özümü təsdiqdən bezmişəm

- 40 yaşım olacaq hələ də mənə gənc rejissor deyirlər. Baxır onlara necə sərf edir də, bir də görürsən, deyirlər ki, sən daha yaşlısan də... Aktyor kimi vaxtilə hansı rolusa oynaya bilərdim, indi onu oynamağa yaşım imkan vermir. Bir şey yaxşıdır ki, yaşımdan cavan görünürəm. Bir il əvvəl sinif yoldaşlarımla görüşdük, baxdım ki, hamısının saçı-başı ağarıb. Mənim saçlarıma indi-indi dən düşməyə başlayır. Rejissor kimi şükür Allaha ki etimad göstərib Milli Dram Teatrının səhnəsində Eduardo De Filipponun “Kabuslar” əsərini tamaşaya qoymağa imkan verdilər. Birinci premyera oldu, ikinci bu ay olacaq. İkinci tamaşa hazırlamaq artıq təklif olunub. Sadəcə, özümü sübut etməkdən bezmişəm artıq. Meydan lazımdır ki, işimi görüm. Məqsəd sübut etmək olmamalıdır.

- Məncə hazırladığın “Ana qaz” və “Pəri-cadu” tamaşaları özünü sübut üçün kifayət edər...

- Ona qədər “Ələddinin sehrli çırağı”na görə ilin rejissoru oldum. Gənc Tamaşaçılar Teatrının rus bölməsində uğurlu tamaşalarım olub. Tamaşalarımdan utanmıram, amma demirəm ki, hamısı uğurludur. 18 tamaşadan 5-nin adını çəkərəm - “Ələddinin sehirli çırağı”, “Ana qaz”, “Xeyir və Şər”, “Pəri-cadu”, “Kabuslar”.

- Aktyorluğu qurtarmısan, amma daha çox rejissor kimi çalışırsan?

- Məni Gənc Tamaşaçılar Teatrına “Romeo və Cülyetta” tamaşasına Romeo roluna dəvət olunmuşdum. Tamaşa qoyulmadı. Bir-iki qa tamaşada oynadım, sonra boş qaldım. Bir gün o vaxtkı direktor Kamal Əzizov çağırdı məni ki, bala, sən niyə tamaşalarda yoxsan? Dedim, o rejissorlar ki, tamaşa qoyurlar, mən onları rejissor hesab etmirəm. Başımda gənclik havası, heç kimi bəyənməyən vaxtlarımdı. Soruşdu ki, kimi rejissor hesab edirsən? Dedim, Bəxtiyar Xanızadəni. Çağırdı, təqdim etdi, Bəxtiyar müəllim də məni tanıyırdı. O vaxtdan Pantomima Teatrında işlədim və bu günə qədər də o vaxtkı öyrəndiklərimə görə Bəxtiyar müəllimə minnətdaram. Sonra ordan da çıxdım, bir ara heç yerdə işləmədim. Teatrdan, televiziyadan, institutu da bitirmişdim.

- Bəs, neynədin?

- Getdim kənddə yer belləməyə. Sağ olsun yaxşı dostlar kömək olub məni o depressiyadan çıxartdılar. Qayıtdım Gənc Tamaşaçılar Teatrına Kamal müəllim dedi, səni işə götürməyəcəm, “bezdarnısan”. Dedim, qoyun bir tamaşa qoyum, sizdən heç nə istəmirəm, xoşunuz gəlsə qəbul edin, gəlməsə yox. “Tıq-tıq xanım”ı hazırladım. Tamaşaçı bilet tapmayıb teatrın pəncərəsini sındırmışdı. Məcburən rejissor oldum, çünki nə qədər naftalin iyi verən tamaşalarda oynamaq olar. Amma yalnız “Pəri-cadu” tamaşasından sonra hiss etdim ki, rejissorluğu peşəm hesab edə bilərəm. Aktyor kimi hələ də içimdə aclıq var. Bəlkə də rejissorluğum da o səbəbdən oldu. Neronu, Sultan İbrahimi, nə vaxtsa Kral Liri oynamaq istəyirəm. Peşəm rejissor olmadığı üçün çox mütaliə edirəm, öyrənirəm.

- Mütaliə məsələsinə qayıdarıq, amma sənin bir az televiziya fəaliyyətindən danışaq. Ümumiyyətlə, səni bir dağ çayına bənzədirəm ki, özünü dağa-daşa çırpırsan, hələ məcrana düşməmisən?

- Yox, çətin düşəm. Televiziyada diktorluq elan olunmuşdu, axına düşüb getdim və keçdim. Heç vaxt nə aparıcı, nə də rejissor olmaq istəməmişəm, aktyor olmaq arzusundaydım. Müsabiqədən keçdim, dedim, diktor olmaq istəmirəm. Sonra müxtəlif verilişlərdə aparıcı oldum. Hərdən həyatımızda baş verənlər bizi məyus edir, amma üstündən zaman keçdikcə anlayırsan ki, belə məsləhət imiş, yaxşısı bu imiş. Maddi sıxıntını isə qəbul edə bilmirəm. İstəyərəm ki, başımı salıb aşağı sərbəst surətdə işimlə məşğul olum. Dublyaja, tədbirlərə, aparıcılığa getməyim. Ordan-ora özümü ona görə atıram ki, həm ailəmi saxlaya bilim, həm də sənətimdən ayrılmayım. Ailə və sənət mənim üçün eyni səviyyədə əzizdir, heç birindən ayrılmaq istəmirəm. İndiyə qədər evim yoxdur. Qazancım var, şükür, amma o qazanc dolanışığa çatır, ev almağa yox. İldırım kimi çalışıram. Dublyajda bir gündə 9-10 seriya yazıram, rejissor şoka düşür. Bir gündə 2-3 seriyadan artıq yazan yoxdur. Niyə özümü belə zorlayıram, ona görə ki, sabahkı günümü teatrdakı işimə sərf edim. Arxayınlıqla sabah gəlib qalanını yazaram-deyə bilmirəm.

- Dublyajdan qazanc sizi qane edir?

- Yox, bir filmə 25-30 manat alırıq.

- Bayaq dedin ki, mütaliə edirəm. İlk oxuduğun nə olub xatırlayırsan?

- Aktyor olacaqdım deyə Azərbaycan klassikasını çox oxumuşam, nağıllarımızı. İlk oxuduğum uşaq vaxtı “Min bir gecə olub”.

- Ay uşaq, niyə yaşına uyğun kitablar oxumursan?

- Hə, ona görə də heç nə başa düşmədən sadəcə oxumuşdum.
İlk dəfə dünya ədəbiyyatı ilə məni Həmidə Ömərova tanış edib. Markesin “100 ilin tənhalığı” əsərini verdi mənə ki, oxu və qaytar. Rus dilində idi, mən də dili az bilirdim. Bir dəfə başladım oxumağa, oxuya bilmədim, atdım kənara. Bir müddət keçdi yenidən oxudum və ayrıla bilmirdim. Qısa müddət oxudum.

- Hansı əsərdən aldığın təəssüratı indiyə qədər unuda bilmirsən?

- Bəxtimə həmişə yaxşı ədəbiyyat düşüb. İlk səhifələrdən xoşuma gəlməyə əsəri oxumuram. Bir dəfə “Duman” adlı bir kino dublyaj edirdim. Gedişatda ürəyimdə deyirdim ki, bu filmi niyə çəkiblər, bu nə filmdir... Duman gəlir şəhəri alır, iri tarakanlar, həşəratlar dumanla bərabər gəlib insanları yeyir. Bir super marketə insanlar yığılıb. Bir nəfər öz ailəsi ilə maşına yığışıb qaçırlar. Birdən benzin bitir, duman çəkilmək bilmir. Kişi qərar verir ki, əzablı ölümdənsə, bir güllə ilə ölmək yaxşıdır. Birinci oğlunu, sonra da o birilərini öldürür, özünə güllə qalmır, düşüb maşından qışqırır, birdən duman çəkilir. Super-marketdəki insanlar da xilas olunur. An söhbəti, bütün film də onun üstündədir. Belə də olur. Hakkardın romanlarını sevirəm. “Manta summanın qızı”, “Kleopatra”. Macəra janrını oxumaqdan xoşlanıram. Roman teatr üçün yazılmır, ona görə də onu işimə görə yox, istirahət üçün oxuyuram. Romanın tamaşa həlli heç vaxt uğurlu olmayıb. İndi türk yazarlarının pyeslərini müştəri gözü ilə oxuyuram, onlardan tamaşaya qoyacaqlarım var.

- Əyləncə oyunlarını sevirsən?

- Gənc aktyorların nərd, domino oynamağını heç sevmirəm. Ona sərf edilən vaxtı mütaliəyə sərf et ki, sənə lazım olacaq. Nərddən, dominodan, kartdan nə öyrənəcəksən, niyə vaxtını boşuna keçirirsən. Futbolu da nə oynamıram, nə baxmıram. Telekanallarda baxdığım daha çox heyvanat aləmindən bəhs edən sənədli filmlərdir.

- Niyə?

- Bilmirəm. Filmlərə baxıram. Seriallara hərdən baxıram. “Möhtəşəm yüz il” çox xoşuma gəlir. Sultan İbrahimi oynamaq istəyirəm axı. Bizimkilərdə bir fikir formalaşıb ki, türk filmləri zəifdir, amma onların diziləri, bədii filmləri son illər inkişaf edib. Avropaya inteqrasiya edirlər, kino çəkənləri də Avropa təhsili görüblər. Deməli, bizdən bir addım öndədirlər. Mahsun Qırmızlgülü müğənni kimi sevmirdim, amma onun son filmi çox maraqlıdır.

- Bir vaxtlar hind filmlərini sevərdik, bəs onların indiki filmləri necə, xoşuna gəlir?

- İndiki filmləri xoşuma gəlmir, amma köhnə filmləri yaxşıdır. Hind xarakterini, hind mədəniyyətini gördüyümüz üçün o filmləri sevirdik. Biz sənət əsərlərimizdə özümüzdən qaçırıq. “Pəri-cadu”nu bizim sərhədlərdən uzaqda elə qarşıladılar ki, ekzotik gəldi onlara, çünki bizim idi, onlar üçün yeni oldu.

- Evə, ailəyə vaxt sərf edə bilirsən?

- Çox az, biz dördlükdə, oğlanlarım, yoldaşım bir yerdə görüşəndə sevinirik. Gedirəm evə yatıblar, səhər çıxıram yatmış olurlar, ya da artıq məktəbdə olurlar.

- Xanımın polis nəfəridir, necə yola gedirsiniz, yumşaq sənət adamı, sərt polis?

- Evdə nə o, polisdir, nə də mən rejissor. Bir yerdə keçirməyə vaxt tapanda onu çox həssaslıqla xərcləyirik. Ötən il bir dəfə Batumiyə apardım onları 10 günlük. Bu il imkan olmadı. İndi babasıgilin bağındadırlar. Bu gün gəlməlidirlər görüşüb məktəb bazarlığına getməliyik. Özüm heç istirahət etmədim, istirahət ağ adamlar üçündür, mən qarabuğdayıyam. İndi yeganə məqsədim Türkiyəyə çıxıb getməkdir.

- Necə çıxıb getmək, yaradıcılıq imkanlarını genişləndirmək, yoxsa məişət şəraitini yaxşılaşdırmaq üçün?

- Daha çox məişət. Yaradıcılıq imkanlarım burda da var, amma məişətdə heç bir imkanım yoxdur. Yol açılsa, böyük məmnuniyyətlə hər hansı ölkəyə çıxıb gedərəm. Bir il əvvəl atamı itirdim və bir az da böyüdüm. Artıq qəti addımlar atmaq lazım olduğunu anladım. Türkiyədə mən raundda olan sənətkarların dolanışığında heç bir çətinliyi yoxdur. 40 yaşım olacaq nə vaxtacan məişət dərdi çəkəcəm. Nəyə nail olmuşamsa cırmaqlarımla olub. Bəsdir, rahat həyata doğru...


Ramilə Qurbanlı
# 1869 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #