“Ay ev yiyəsi”nin aparıcısının hamını karıxdırması

“Ay ev yiyəsi”nin aparıcısının hamını karıxdırması
12 sentyabr 2011
# 11:35
Adətən, azərbaycanlılar bir-birinə qonaq gedəndə xəbərsiz-filansız, qəfil getməyi xoşlayırlar. Düşünmürlər ki, bəlkə, qonaq getdiyi ev sahibinin vacib işi var, o kimisə qonaq qəbul etmək istəmir. Yaxud hansısa səbəbdən o, həmin vaxt evdə olmaya bilər.

Bəlkə, qonaqla təmasda olmaq üçün əhvalı yoxdur, ovqatı təlxdir və o özünün təşrifi ilə ev sahibini daha da qıcıqlandıra bilər.

Ya da deyək ki, ev sahibinin qonaq qəbul etmək üçün maddi imkanı yetərli deyil, üstəlik, bəlkə evində günlərlə suyu, qazı gəlmir, kanalizasiya sistemi işləmir.

Qonaq isə öz gəlişi ilə onu narahat edəcək, xərcə salacaq və o, evindəki səliqə-sahmanın qaydasında olmamasına görə xəcalət çəkəcək.

Nə isə, narahatlığı yaradacaq min cürə subyektiv amil var. Bir də ki, axı, niyə adam məcburən çağrılmamış qonağa yalandan gülümsəməli, ona dözməlidir.

Sovet dövründə mobil rabitə problemi vardı. Gedəcəyin evin sahibinə xəbər vermək imkanı məhdud idi. İndi ki, belə problem yoxdur. Hərədə bir mobil telefon. Və bir zənglə ev sahibini heç olmazsa, etika xətrinə də olsa, xəbərdar etmək olar.


****

“Lider” kanalında həftədə bir dəfə yayımlanan, haqqında çoxdan yazmaq istədiyim “Ay ev yiyəsi” proqramı məhz çağrılmamış qonaq təəssüratı yaradır.

Proqramın “özəlliyi” odur ki, aparıcı Lalə Əlimuxtarova hər həftə bir müğənniylə ölkənin müxtəlif bölgələrinə gedir, gözünü alan qapını döyür, bəzən isə ev yiyəsi qapını açmamış, özü darvazını açıb icazəsiz-filansız camaatın evinə girir.

Aparıcılarda nə adətdir bilmirəm, evin sahibini vecinə almadan girən kimi də otaqların künc-bucağını qurdalamağa başlayırlar.

Elə sonuncu buraxılışda olduğu kimi.

Lerikin kəndlərindən birinə gedən aparıcı ev sahibləri ilə salam-əleyki bitirər-bitirməz otaqları gəzməyə, gözünə dəyən əşyaları təftiş etməyə başladı. Sanki bu belə də olmalıymış.

Düşünmür ki, onun təftişi ev yiyəsinin xoşuna gəlməyə bilər və ümumiyyətlə ən azından bu, etik deyil.

İzlədiyim proqramların bir neçəsində aparıcının döydüyü qapı sahiblərinin hamısı onların gəlişindən məmnun qalmayıb. Soyuq qarşılayanlar, könülsüz qəbul edənlər də olub. Daha neyləsinlər, abırlarına qısılıb bir təhər dözüblər.

Nəzərə almırlar ki, onsuz da camaatın problemləri başından aşır, hərənin bir dərdi-səri var, gözlənilməz gəlişləri ilə daha çox narahatlıq gətirirlər, nəinki xoş sürpriz.

Üstəlik, proqramın konsepsiyası da aydın deyil: insanları evində rahatsız, az qala çay süfrəsi açmağa vadar etmək, eləcə havadan-sudan danışmaq? Hansısa müğənnini sanki əlçatmaz varlıq kimi təqdim etməklə onlara xoşbəxtlik gətirəcəklərini düşünmək?

Yəqin, onlara elə gəlir ki, bu məmləkətdə insanların xoşbəxtlik haqda təsəvvürləri müğənni görmək, onunla ünsiyyətdə olmaqla şərtlənir.
Yadıma düşmüşkən, L.Əlimuxtarovanın xüsusiyyətlərindən biri də dəvət etdiyi müğənni telefonuyla danışanda ona xəlvətcə yaxınlaşıb birbaşa mikrofonu ağzına tutmasıdır. Guya ki bununla da o tamaşaçılara müğənni barədə nəsə mühüm sirri açıqlayır, ya da ola bilsin o öz qəfil hərəkətini qəhrəmanlıq kimi qavrayır.
Əminəm ki, ənənəvi olaraq dünyanın ilk paparatzi adlandırılan Tazio Sekkyaroli yaradıcılğının başlanğıcında belə gülməli və bəsit priyomdan istifadə etməyb.
Bəlkə adam telefonda şəxsi məsələsini danışır. Və ümumiyyətlə hərəkətin özü ədəbsizlikdir axı.

Belə ucuz vasitələrlə verilişi guya ki maraqlı-baxımlı etmək cəhdinin kökündə yenə ideyasızlıq dayanır.

Bir tərəfdən də düşünürəm ki, teleməkanda çərçivələr o qədər məhduddur ki, zavallı aparıcılar hansısa əhəmiyyətsiz şeydən yapışıb ona tapıntı kimi baxırlar. Amma hətta çərçivə daxilində belə ağıllı nəsə etmək mümkündür axı... Gərək mütləq mədəniyyətsizlik istehsal olunsun? Və tamaşaçı hər cürə ədəbsizliyin istehlakçısı olmağa məcbur edilsin?




P.S. Əslində, “Ay ev yiyəsi” layihəsinin müəllifi İdris Heydərlidir və bu proqram vaxtilə AzTV və Space-də yayımlanıb. Görəsən, Lalə Əlimuxtarova “Ay ev yiyəsin”nin halallığını alıbmı?
# 5048 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
#
#
# # #