Müharibənin cəbhədən uzaqdakı talelərə düşən qəlpələri... - Rəsmi hesabatlara düşməyən qurbanlar kimlərdir?

Müharibənin cəbhədən uzaqdakı talelərə düşən qəlpələri... - Rəsmi hesabatlara düşməyən qurbanlar kimlərdir?
2 oktyabr 2026
# 11:45

Kulis.az Sevinc Mürvətqızının yeni yazısını təqdim edir.

Bu günlərdə Lent.az-da Ahıllar Evinin sakinləri ilə müsahibəni oxudum. Atılmış, tərk edilmiş və unudulmuş insanların tale hekayələri həmişə ağrılı olur, amma oradakı bir həyat tarixçəsi məni mövzuya başqa bir baxış bucağından baxmağa vadar etdi.

Vaxtilə Bakının qabaqcıl işçisi, Nərimanov rayonunun deputatı seçilmiş Mirvari Məmmədovanın taleyini oxuyanda gözümün önünə böyük hərflərlə MÜHARİBƏ sözü yazıldı. Hər kəsin vaxtilə həsəd apardığı firavan və nizamlı bir həyat yaşayan bu qadının bütün dünyası 1993-cü ildə, yoldaşı müharibəyə aparılandan sonra alt-üst olub. Düşmənlə cəmi əlli metr məsafədə döyüşüb ağlını itirən, on iki il ruhi dispanserdə qalıb amansız bir yanğında can verən ər, atasızlığın gətirdiyi psixoloji boşluqda böyüyüb sonradan səhvlərin və taleyin qurbanı kimi həbsxanaya düşən savadlı, hüquqşünas oğul və nəticədə xəstəliklər içində Ahıllar Evinə pənah gətirib övladının uşaqlıq fotoları ilə ovunan kimsəsiz bir ana...

Mirvari Məmmədova nə qaçqındır, nə məcburi köçkün, nə də cəbhə zonasında doğulub yaşayıb. Lakin uzaq bir səngərdə partlayan mərminin qəlpələri yüz kilometrlərlə yol qət edərək onun ocağının tən ortasına düşüb və bütöv bir ailəni içəridən səssizcə məhv edib… Ailənin başçısının ağlını, ruhi tarazlığını itirməsi təkcə onun öz faciəsi deyil; bu, onun həyat yoldaşının çiyinlərinə düşən dözülməz bir yük, uşaqlarının şüurunda ömürlük sağalmaz bir çatdır. Bir insan fiziki olaraq nəfəs ala bilər, lakin onun daxilindəki şəxsiyyət artıq çoxdan ölüb. Bu mənəvi ölüm isə ətrafındakı hər kəsi yavaş-yavaş, illər boyu davam edən bir əzaba sürükləyir.

Xəbər lentləri müharibəni rəqəmlərlə ölçməyi sevir: atılan mərmilərin sayı, itirilən mövqelər, vurulan hədəflər, qurbanların statistikası... Hər gün dünyanın hansısa nöqtəsindən - istər yaxınımızda, istər uzaqlarda gedən döyüş xəbərləri artıq adiləşib. Biz müasir dünyada müharibəni artıq soyuq rəqəmlərlə qavramağa, onu xəbər bülletenlərinin gündəlik xronikası kimi qəbul etməyə az qala vərdiş etmişik. Bu gün dünyanın müxtəlif nöqtələrindən gələn xəbərləri adi bir informasiya axını kimi izləyirik: öldürülən qurbanlar, vurulan tanklar, atılan raketlər, zərərsizləşdirilən mövqelər və hərbi hesabatların quru dili... İnsan təfəkkürü nədənsə fəlakətin miqyasını ancaq dağılmış binalar və ya çadır düşərgələrinə sığınan qaçqın izdihamları ilə ölçməyə köklənib.

Hərdən də elə zənn edirik ki, əgər pəncərəmizdən mavi, günəşli səma görünürsə, küçəmizdə partlayış səsi eşidilmirsə və yaşadığımız şəhər xəritələrdə döyüş zonası kimi qeyd edilməyibsə, deməli, o amansız bəla bizdən yan keçib. Amma yanılırıq.

Müharibə atom bombasının partlaması kimidir - partlayışından qurtulanlar da, onun zəhərli radiasiya nəfəsindən və sonrakı nəticələrindən xilas ola bilmirlər. Müharibənin amansız nəfəsi toxunduğu torpaqdan minlərlə kilometr uzaqlara sovrular, heç vaxt döyüş görməyən bir evin qapısından içəri sızar və bir ailənin bütün gələcəyini viran qoya bilər.

Müharibə heç vaxt yalnız ön cəbhə xətti ilə hüdudlanmır. O, atəş xəttindən yüzlərlə kilometr uzaqda yaşayan bir insanın da həyatını bir göz qırpımında kökündən dəyişə biləcək qədər məkrli və əhatəlidir.

Müharibənin ən dəhşətli silahı bəlkə də onun fiziki yoxluq yaratmasından daha çox, geridə buraxdığı ruhi, psixoloji travmalardır. Bir güllə insanın bədənini dəlməyə bilər, amma onun zəkası, ruhu və insanlığı elə o səngərdəcə basdırıla bilər. Cəbhədən geri dönən hər bir travmalı döyüşçü ilə bərabər, müharibə həm də cəmiyyətin tən ortasına, dinc mənzillərə həyasızcasına daxil olur.

Müharibənin dağıdıcı gücü illərlə səngimir, əksinə, zaman keçdikcə zəncirvari fəsadlara yol açır. Atasız, travmalı, xəstəxana və dispanser dəhlizlərində keçən bir uşaqlıq hansı parlaq zəkaya malik olursa-olsun, həyatın qəfil silkələnmələrinə qarşı müdafiəsiz qala bilir. Cəbhədə atılan bir güllənin təsiri onilliklər sonra bir gəncin qurduğu karyeranın dağılmasında, həbsxana divarları arasına düşməsində və ya heç vaxt ailə qura bilməməsində özünü göstərir.

Müharibə təkcə insanları öldürmür - o, ailə institutunu, gələcək nəsillərin bünövrəsini və bir ocağı içəridən çürüdən bəladır. Səngərdə başlayan tufan, illər sonra başqa bir məkanda, tamamilə fərqli bir taleyin iflası ilə nəticələnə bilir.

Zaman keçir, tərəflər arasında atəşkəs elan olunur, rəsmi sənədlər imzalanır və siyasətçilər barışıqdan, sülhdən bəhs edirlər. Uçurulmuş körpülər yenidən inşa edilir, yandırılmış şəhərlər bərpa edilir, hətta səngərlərin yerində yeni parklar salınır. Lakin heç bir sülh müqaviləsi bir qadının gəncliyini, bir kişinin itirilmiş ağlını, bir övladın kimsəsizliyini, yaxud ömrünün son çağında qocalar evinin pəncərəsindən boylanan bir ananın daxilindəki hüznü sağalda bilmir.

Müharibənin həqiqi nəticəsi hərbi qənimətlərlə, əldə edilmiş zəfərlərlə deyil, dağıdılmış insan ömürləri ilə ölçülür. Cəbhədən kilometrlərlə uzaqda, kimsəsizlik içində səssizcə əriyən insanlar var, əslində, onlar həmin o müharibənin gecikmiş, rəsmi hesabatlara heç vaxt düşməyən çoxsaylı qurbanlarıdır.

Dünyanın harasında olursa-olsun, atılan hər mərmi təkcə hədəf aldığı torpağı deyil, insanlığın ümidini də məhv edir.

Müharibənin nəfəsi dəyən, sorağı çatan hər yer zəhərlidir, oradan fiziki olaraq sağ qayıdanlar da, mənəvi - psixoloji olaraq sağ çıxa bilmirlər. Müharibə bu və ya digır şəkildə heç kimi sağ, dinc buraxmır - ölüləri də, diriləri də…

# 51 dəfə oxunub

Oxşar xəbərlər

Muzeylərin əməkdaşlığı - İncəsənətdə qadın irsi mövzusunda

Muzeylərin əməkdaşlığı - İncəsənətdə qadın irsi mövzusunda

11:30 2 oktyabr 2026
Məşhur rejissordan yeni layihə

Məşhur rejissordan yeni layihə

10:40 2 oktyabr 2026
Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

10:20 2 oktyabr 2026
Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər