Zakirin valideynləri övladları üçün elçilik etməkdən imtina etdilər. Bununla da dostumun faciəsi başlandı; yük maşınında işləməyinə baxmayaraq, hər gün içirdi, iki dəfə az qala daş dolu maşını dərəyə yuvarladacaqmış, xoşbəxt təsadüf nəticəsində xilas olmuşdu. Elə vaxt olurdu ki, gecədən xeyli keçmiş daş karxanasına yollanıb növbə tuturduq, səhərə yaxın növbəmiz çatırdı, fəhlələr toz-torpaq içində durmadan kuzova daş yükləyirdilər. Zakir “bardaçok”da gizlətdiyi arağı çıxarırdı, kabinədəcə boğazımızı yaşlayırdıq. Səhər çağı sarı rəngli “MAZ” çala-çuxurda yırğalan-yırğalana asfalt yola doğru sürünürdü. Zakirin nağd müştəriləri vardı, aparıb daşı boşaldır, yerindəcə pulunu alırdıq, çox vaxt neçə maşın daşın pulunu qabaqcadan verirdilər. Qalan mənfəəti yarı bölürdük. Asfalt yoldan çıxan kimi Zakir sükanı mənə verirdi: “Sür!”-deyirdi, yük maşınını karxanaya qədər torpaq yolla sürürdüm, sükanı fırlamaq çətin idi, sürətdəyişəni də nasaz idi.
Mən maşın sürməyi daşlı-kəsəkli karxana yollarında öyrəndim. Sonra “Jiqulu” alanda yük maşını ilə müqayisədə “011” mənə oyuncaq kimi yüngül göründü.
Zakir üçün elçilik etməyi Mirzə əmigil öz boyunlarına çəkdilər. Mirzə əmi Zakirin dostu Tərlanın atasıydı, yeyib-içən, həmişə cavanlarla oturub-duran zarafatcıl bir kişiydi. Biz onunla öz tay-tuşumuz kimi davranırdıq, o özü belə şərait yaratmışdı. Hətta bir neçə dəfə bizə qoşulub bara da getmişdi, buna baxmayaraq, ağsaqqal kimi həmişə hörmətini saxlayırdıq. Bütün dərd-sərimizi onunla bölüşürdük. Eşidəndə ki, Zakirin ata-anası bu işə qol qoymaq istəmir, “mən ölmüşəm bəyəm?” deyərək sinəsini qabağa verdi və Zakirə tapşırdı ki, hazırlıq görsün. “Qızın “həri”sini alan kimi nişan aparırıq!” Hökm qəti və dəyişməz idi. Axşam keçmiş kəndxuda Zərbəlinin kəndin girəcəyində yerləşən kafesinə yığışdıq və bu xeyir işi qabaqcadan əməlli-başlı “yuduq”.
Xəbər hardansa Zakirin atası Hacıağa kişiyə gedib çatmışdı. Səhər qabağımı kəsdi:
- Alə, mənə bax görüm, o gədənin hırı qalxıb, xalxın qızını da bədbəxt eliyicey. O arvad saxlıyan oğraşdu? Ayağına bir şalvar ala bilmir, arvadı necə saxliyicey?
Ərkyana dilləndim:
- Hacıağa əmi, Allaha şükür, Zakir yeri gələndə səndən də çox qazanır. Nöş elə danışırsan? De ki, Allah xeyir versin! Düş qabağa, ağsaqqallıq elə. Sevinmirsən ki, oğlun evlənir?
Məndən belə cavab gözləmirdi, duruxdu. Deyəsən şəstinə toxundu:
- A bala, ağzından süd iyi gəlir, mənə ağıl öyrətmə. İndidən qurşanmısız piyaniskəliyə, elə bilirsüz arvad saxlamaq halvadu. Ay bədbəxtlər, başınızı könüllü xaltaya soxmaqdan ötrü sino gedirsüz. Bəs siz cavanlığıvızı haçan eliyceysüz, ay mən deyənlər, hı?
Gördüm ki, yox, deyəsən ağsaqqalı razı sala bilməyəcəm. Sağollaşıb ayrıldım, heç bu söhbəti Zakirə açmadım ki, fikir eləməsin.
Gözünə döndüyüm Mirzə əmi öz həyat yoldaşı Xirdaxanım xalanı da götürüb elçiliyə getdi. Qızın “həri”si alındı və Zakir nişana hazırlaşmağa başladı. Ona dedim ki, daha içkini azalt, işin düzəlir, nəyin fikrini eləyirsən? Ay azaltdı haa! Elə əvvəlki həyat tərzini davam etməkdəydi. Bəlkə də onun içməyi həyatında hardasa xilas rolunu oynamışdı. Yadımdadır, bir dəfə onun qəfildən ayaqları tutuldu, özümü itirdim, qətiyyən evlərinə getmək istəmirdi. Qonşuluqda Asya adında bir erməni qadın vardı, vəziyyəti ona danışdım. Dedi ki, götür gəl, qoy sağalanadək aşağıdakı evdə qalsın, mənim əlimdən ancaq bu gəlir. Asyagilin evləri ikimərtəbə idi, özü və bir qızıyla yuxarı qatda yaşayırdılar. Aşağı qatdakı otaqlar boş idi. Zakiri otaqlardan birində yerləşdirdik.
Asyanın bu yaxşılığını indi də minnətdarlıqla xatırlayıram. Nə olsun ki, erməni idi, bir çox insani keyfiyyətləri ilə o məhəllədə yaşayanların çoxundan seçilirdi. Zakir o evdə on beş gün qaldı. Asya məhrəm, doğma bir insan kimi onun qulluğunda durdu, vaxtlı-vaxtında yemək-içməyini verdi, həkimin yazdığı iynələri ona özü vurdu. Mən isə işdən çıxıb yüngülvarı bazarlıq edirdim və evə getməmişdən öncə Zakirə baş çəkirdim. Zakiri o vaxt beləcə qaldırıb ayaq üstə qoyduq.
Nişan günü Buzovna dəmiryol stansiyasının həyətindəki yeməkxanada düd deyincə vurduq. Möhkəm yağış yağırdı, yeməkxanadan çıxanda Zakir qolunu boynuma doladı və qəfildən heç gözləmədiyim halda hönkür-hönkür ağlamağa başladı. Zakirin gözünün yaşı yağış damcılarına qarışmışdı. Düşünürdüm ki, qoy ağlayıb ürəyini boşaltsın.
Bu əhvalatın üstündən on beş il keçəndən sonra mən də Zakirin gününə düşəcəkdim, onda mənə heç təsəlli verən də olmayacaqdı, qonaqları banket zalında qoyub tualetə təpiləcək, qapını arxadan bağlayıb hönkür-hönkür ağlayacaqdım. O anlarda dəhşətli dərəcədə Zakiri arzulayırdım, mən ancaq onun yanında belə utanmadan hönkürə bilərdim, istəyirdim ki, o mənə təsəlli versin. Amma...
İnsan ömrü uzun bir yuxudur. Zakir mənim yaşadığım bu uzun yuxunun havada qalmış hissəsidir. Onun toyu da qəribə keçdi; qız evi oğlanın imkansızlığına baxmayaraq nədənsə onu tələsdirirdilər, uzun-uzadı fikirləşdikdən sonra qərara alındı ki, toyu elə qızgilin evində keçirsinlər. Analoqu olmayan bir hadisəydi. Amma başqa çıxış yolu qalmamışdı.
Yadımdadır, bu ərəfədə hardansa yaxşı pul qazanmaq haqqında uzun-uzadı baş sındırdıqdan sonra Tiflisə gedib ordan “Pşeniçnaya” arağı gətirmək planının üzərində dayandıq. Tanış uşaqlar vardı, bizə ünvan verdilər, bir gecə Tiflisə bilet alıb qatarla yola düşdük. Zviad Qamsaxurdiyanın hakimiyyətdə olduğu vaxt idi. Şəhərdə əli silahlılar gəzirdi, bu qədim şəhər mənə son dərəcə doğma, həm də dumanlı yuxu kimi göründü, sanki uşaqlığımı bu şəhərdə keçirmişdim. Vağzaldan taksiyə oturub deyilən ünvana yollandıq. Pəzəvəng gürcülər bizi qarşıladılar və geniş tanışlıqdan öncə Osetin pivəxanasına yollandıq, ilk dəfə onda əsl gürcü şərabının dadına baxdım. İndinin özündə də Bakıda gürcü kafesi görəndə buynuz qədəhlərdə içdiyimiz, bizi məst-xumar edən gürcü çaxırının tamını ağzımda hiss edirəm. Çaxır Qafqazda gürcülərin monopoliyasındadır.
Aradan uzun illər keçəndən, on yeddi illik fasilədən sonra yolum yenə Tiflisə düşdü. 2009-cu ilin avqustunda Türkiyəyə gedərkən Gürcüstan torpağına adladım. Ölkənin paytaxtı çox dəyişmişdi. Amma Tiflisin qədim-qayım havası hələ də qəmbər döşəmələrdən buxarlanır, əsgi xatirələri qabağına qatıb gətirirdi. Möhtəşəm şəhərlə təmasdan zövq aldım və həm də uzaq payız axşamının ovudulmaz nisgili amanımı qırdı. On yeddi il bundan öncə Zakirlə birlikdə həmin bu qəmbər daşlarla döşənmiş küçədən adlayıb keçmişdik. Xırda biznesdə ilk addımlarımızı burda atmışdıq. Təbii, ikimiz də çox yaxşı bilirdik ki, bizdən biznesmen çıxmaz. Sadəcə, bayaq dediyim kimi, istəyirdik ki, çoxlu pulumuz olsun.
Görünür, bu sıxıntıdan çıxmaq, amansız qəzavü-qədərin payıma düşən acısını dadmaq lazım imiş. İçində itdiyimiz insan seli mənim sonsuz kədərimə biganə idi. Təkcə həyat yoldaşım üzümə baxıb:-sənə nə oldu, niyə belə dalğınsan?-deyə soruşdu. –Heç,-dedim,-avtobus məni yaman yorub.
Onun xoş ovqatına qıymadım.
Biz Zakirlə süd qardaşı olmuşuq, bu sətirləri yazarkən belə mən onun həyatda yaşayıb-yaşamadığını dəqiqliyilə bilmirəm. Onunla sonuncu görüşümüzdən on beş il keçir və bu on beş ildə həmişə onu axtarmışam, onun hardasa yaşadığına möhkəm inanmışam. Mənə elə gəlib ki, Zakir insanlardan küsüb, kimsəsiz bir adaya çəkilib və qardaşlarından, dostlarından beləcə qisas alır. Anası fikirdən xəstələnib yatağa düşdü və az sonra vəfat etdi. Atasının ölümündən bir az əvvəl gözləri tamamilə tutuldu və mən Naxçıvanda hərbi xidmətdə olarkən vəfat etdi. Zakir nə anasının, nə də atasının dəfninə gəlib çıxmadı.
O, taleyilə heç cür barışmaq istəmirdi, heç kəsə zərrə qədər ziyan gətirməyən üsyankarlığı da durduğu yerdə onun üçün çözülməz problemlər yaradırdı. Zakir nə vaxtsa həyatın dibinə yuvarlanmaqdan qorxurdu və bilirdi ki, o zaman başına yığılmış adamları milçək kimi dağıda bilməyəcək. Onun içində hüdudsuz bir azadlıq vardı, bizi birləşdirən həmin hüdudsuz azadlıq idi. O, heç vaxt kiminsə ardınca danışmaz, kim olmağından asılı olmayaraq, sözü şillə kimi adamın üzünə çırpardı. Cəmiyyət bu cür adamları çox yaşada bilmir, onlar tezliklə məhv olub gedirlər.