Onlar niyə intihar etdi?

Onlar niyə intihar etdi?
3 iyul 2013
# 12:48

İntiharı depressiya dalğası gətirir. İntiharı seçən insanın ruhi halı qaydasında olmur. Görəsən, insanları bu addımı atmağa nə vadar edir? Bizdə təəssüf ki, intihar faktıyla bağlı statistika aparılmır, baş vermiş intiharın səbəbləri cəmiyyətə açıqlanmır, bununla bağlı araşdırmalar aparılmır. Məlumdur ki, son dövrlər intihara cəhd edənlərin sayı xeyli artıb, elə gün olmur ki, mətbuatda intiharla bağlı xəbər olmasın. Bu, faktdır.

Məncə, intihar hallarının çoxalması ilk növbədə ideoloji boşluqla əlaqədardır. Neçə illərdir ki, Azərbaycan insanı özünü tapa bilmir, daxili vurnuxmalar da çox vaxt itkisiz ötüşmür. İntiharlar arasında sırf aksiya xarakteri daşıyanlar da var; bu zaman insanın fikri özünü öldürmək olmasa da aksiya xətrinə bu addımı atır. Uşaq vaxtı psixoloji travma alanlar da depressiya baryerini aşa bilmirlər və çıxış yolunu intiharda görürlər.

Digər tərəfdən, reklama hesablanan intiharlar var. Özlərini qəzetlərin birinci səhifəsində görmək, məşhurlaşmaq ehtirası son nəticədə belə bir axmaq hərəkətlə nəticələnir.

Azərbaycan ədəbiyyatında intihar temasını Rafiq Tağı qədər gözəl işləyən ikinci bir yazıçı tanımıram. Onun “Əlverişli intihar hündürlükləri” hekayəsini hamının oxumasını arzulayardım, xüsusən də intiharı yeganə çıxış yolu seçənlər mütləq və mütləq oxusunlar. Hekayənin məzmunu belədir ki, anası rəhmətə getmiş gənc qız qoca atasıyla birgə qalır, atası hər gün fikirləşir ki, qızını intihar fikrindən necə daşındırsın. Onlar doqquzmərtəbəli binanın yeddinci mərtəbəsində yaşayırlar, yeddinci mərtəbə əlverişli intihar hündürlüyüdür. “O dünya insanın qulağının dibində, ağzının içində imiş.” Qoca eyvandan tez-tez müəmmalı şəkildə aşağı boylanan qızına hər gün bir yalan uydurur, fikirləşir ki, qızı evdə yaşıl sapı axtarırsa, deməli hələ həyatla bağlı planları var, güman edir ki, qızı hələ ölməyi bacarmaz. Ona deyir ki, növbəti futbol çempionatına birlikdə baxarıq, qızı razılaşır, çempionata isə hələ beş il var, deməli, hələ beş il planda intihar yoxdur. Beləcə, ata psixi xəstəyə çevrilir və bu vəziyyətində də fikirləşir ki, qızı xəstə atasını qoyub intihar etməz. İndən belə bu təsəlli ilə yaşayır...

Yazıçı “intihar ən çətin peşədir”, deyir və bu peşədən yalnız bir dəfə istifadə olunur.

Xatırlayırsınızsa, bir neçə il bundan öncə türk müğənnisi Murat Kekillinin “Bu akşam ölürüm” mahnısı populyarlaşmışdı və təkcə bu mahnının təsiri altında Türkiyədə 17 nəfər gənc intihar etmişdi. Məncə, bu intiharın ən düşük növüdür.

Azərbaycanda intiharlar çox biabırçı motivlərlə həyata keçirilir. Kapitalizmin xarakterik cəhəti odur ki, insanlar arasında özgələşmə patologiyası yaranır. İnsan özünü son dərəcə tənha hiss edir və cəmiyyətdən təcrid olunur. Bəzi insanlar yeni yaranan cəmiyyətlə ayaqlaşa bilmədiklərindən intihara əl atırlar.

İntiharın spesifik xüsusiyyətlərindən biri də məhəbbəti cavabsız qalan, platonik sevgi yaşayan gənclərin özünə qəsd etməsidir. Bütün bunlara baxmayaraq, heç bir halda intihara haqq qazandırmaq olmaz. İntihar edənləri Allah heç bağışlamır. İslamda intihar qadağan olunur.

İntihar həmişə ədəbiyyatın yol yoldaşı olub. “Mən həmişə hesab etmişəm ki, həyat sonluğu əvvəlcədən müəyyən edilmiş faciədir” söyləyən Heminqueyin öz həyatına sonluq kimi intiharı seçməsi inanılmazdır. Çünki Heminquey kifayət qədər güclü və eyni zamanda sərt xarakterə malik bir insan idi. Onu intihara aparan yollar hansı psixoloji dolanbaclardan keçirdi? Əsərlərində də bu suala cavab tapmaq çətindir. Yazıçının oğlu Qreqori atası haqqında belə deyir: “O özü üçün həyat fəlsəfəsi yarada bilmədi. Elə bir həyat fəlsəfəsi ki, ona rahat qocalmağa imkan versin”.

Heminquey atasının özünü öldürdüyü silahla həyatına son qoyur.

Mən “Martin İden”i oxuyanda bilmirdim ki, Cek London öz həyatının sonluğunu qələmə alıb: “Mən öz gücümün son həddinə çatdım. İşgəncə çəkmiş, əldən düşmüş və aclıq çəkən mən yenidən bel götürüb kömür atmağa, ya da həyatımı intiharla başa vurmağa hazıram.”

Yapon ədəbiyyatında Akutaqava, Yukio Misima, Kavabata, rus ədəbiyyatında Mayakovski, Yesenin, Marina Svetayeva və sair və ilaxır. Bu siyahını xeyli uzatmaq olar. Akutaqava da dəfələrlə ölümə hansı etaplardan keçib getməyin yollarını öyrənmək üçün eksperimentlər aparmışdı. Nəhayət, növbəti eksperiment onun həyatına nöqtə qoydu.

I Pyotrun hakimiyyəti dövründə intihar edənlər kütlə qarşısında təhqir olunardılar ki, başqaları buna meyl etməsin. Əvvəllər Romada, Yunanıstanda sevdiyi oğlana görə özünə qəsd edən qızların meyitlərini küçə-küçə gəzdirərdilər.

Müasir dövrümüzdə bu cür cəza növləri olmasa da ictimai qınaq olmalıdır. Hamı bilməlidir ki, intihar heç də çıxış yolu deyil.

Hər bir insan təxəyyülündə özü üçün poetik ölüm süjeti quraşdırır. Poetik süjetə söykənən intiharları hətta təbliğ edənlər də tapılır.

İntihar bütün hallarda axmaqlıqdan başqa bir şey deyil.

# 2204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #