Kənan Hacı yazır...
Biz əzablı, iztirablı, sonu ayrılıqla bitən eşq romanları çox oxumuşuq. Yazıçılar bizi həmişə faciəvi sonluqla kədərləndirir, ürəyimizdə göynərtili duyğular buraxıb gedirlər. “Sonu mutluluqla bitən” kitablara çox az rast gəlirik. Bu günlərdə Amerika yazıçısı Nikolas Sparksın “Sevgili Con” romanını oxudum və bu əsər mənə gözləmədiyim anda stimul verdi, kitabdan müsbət enerji aldım.
Əsər xoşbəxtliyə gecikənləri belə müjdələyir: Xoşbəxtlik heç vaxt gec deyil!
Romanın olduqca sadə süjet xətti var. Dənizin üstündən bir körpü keçir, Savanna oğlan dostlarıyla deyə-gülə bu körpüdən keçir, bu anda ehtiyatsızlıq üzündən çantası suya düşür, yanındakı iki oğlandan heç biri çantanı çıxarmaq üçün cəsarət edib özünü suya ata bilmir, amma sahildə bir oğlan da var, adı Condur. O, düşünmədən özünü suya vurur və qızın çantasını çıxarır.
Bu süjeti oxuyarkən Norveç yazıçısı Knut Hamsunun “Viktoriya” romanının əvvəlini xatırladım. Çaya düşmüş qızı xilas edən dəyirmançı oğlu Yuhannes... Amma Yuhannes onu yox, ağa qızı Viktoriyanı sevmişdi. Sosial ziddiyyətlər onların sevgisinə mane olmuşdu və Vikroriya ancaq ölüm ayağında olanda dəyirmançı oğluna yazdığı vida məktubunda öz sevgisini izhar edə bilmişdi.
Bu iki müəllif arasında zəmin-asiman fərq var. Amma mən nədənsə Viktoriyanı xatırladım. Hamsun sinfi ziddiyyətlərin insan sevgisini necə məhv etdiyini göstərmişdi. Amma Sparksın qəhrəmanları tamam başqa bir dövrün insanlarıdırlar. Conun atasının ən sabit və hörmətli peşəsi vardı, o, poçt daşıyırdı, şəhərin varlı hissəsinə yaxın yerdə yaşayırdılar. Conun anası o, hələ uşaq ikən başqa bir kişiyə qoşulub getmişdi. Onu atası böyütmüşdü. Savannanınsa atası tarix müəllimidir, anası isə bank işçisi olub. Nə kasıb, nə də varlı deyillər.
Bu iki gəncin sevgisi adi məhəbbət dramı deyil. Con hərbçidir və o, sevdiyi qızı və xəstə atasını buraxıb İraq müharibəsinə yollanır. Savannadan ayrılanda qız ona söz verir ki, yolunu gözləyəcək. Əlbəttə, buna qədər onlar bəlli münasibətlərdə olmuşdular. Amma iş elə gətirir ki, Con hərbçi kimi bağladığı müqavilənin müddətini bir neçə dəfə uzatmalı olur. Savanna gözləməkdən yorulub başqasına ərə gedir və bu barədə döyüşün qızğın yerində olan Cona məktub da yazır. Bu, xəyanətdir? Axı Con da vədinə əməl etməmişdi, hərbi xidmət müddəti başa çatsa da sevdiyi qızın yanına qayıtmamışdı.
Amma illər keçir, onlar yenidən qarşılaşırlar. Con sevdiyi qızın sağalmaz xəstəliyə düçar olan ərini ölümdən xilas edir. Savanna yenə də onu sevdiyini dilə gətirir. Amma ərini kimin xilas etdiyini bilmir.
Çoxmu adamın həyatında belə təmənnasız sevgilər olub? Sevdiyi qadının ərini ölümün cəngindən xilas edən adam bu xoşbəxtliyə layiqdir. Yazıçı son nəticəni oxucunun öhdəsinə buraxır.
Azərbaycan reallığında ərli qadın evli kişini və ya əksinə, sevəndə Aşıq Ələsgərin məşhur misralarını könlündən keçirməsə, onda Aşıq Ələsgər, Aşıq Ələsgər olmaz ki!..
Sənin ərin ölsün, mənim arvadım,
Düşsün aramıza vay gülə-gülə...