Kənan Hacı yazır...
“Kafka sahildə”, Murakami mistikası
Murakami üslub və yazı manerasına görə çox sevdiyim yazıçılardandır. Onun dili çox dinamikdir. Əsərlərində Şərq və Qərb düşüncə tərzinin sintezini yarada bilən azsaylı yazıçılardandır. Vaxtilə onun bir neçə hekayəsini dilimizə çevirmişəm və çox sonra ““Qoyun ovu”na çıxmış Murakami” adlı bir yazı da yazmışam. Həmin yazıda yazmışdım, yenə bu fikirdəyəm ki, Murakami Yaponiyada qalsaydı, dünya onu heç vaxt tanımayacaqdı. O, öz vətənindən çıxmaqla həm də ədəbi anlamda dünyaya çıxdı.
Bu yaxınlarda onun “Kafka sahildə” romanını oxudum. Bu əsər həyatın və ölümün mənası haqqında yazılmış ən gözəl əsərlərdən biridir. Deyə bilərsiniz ki, həyat və ölüm əbədi mövzulardır və bu haqda minlərlə, on minlərlə əsər yazılıb, Murakami bütün bu yazılanlara əlavə olaraq nə deyə bilər ki? Amma bir məsələ unudulur. Axı oxucu kitabı hansısa absurd suallara cavab almaqçün oxumur, əksinə, ona görə oxuyur ki, bu cavabsız sualları bir daha eşitməklə onların mənasızlığına bir daha əmin olsun, belə suallara cavab axtarmaq fikrindən vaz keçsin, vaxtını boş-boş işlərə sərf etməsin.
Buna baxmayaraq, Murakami bu cavabsız sualları qismən də olsa cavablandırmağa çalışıb və həyatın mənasını özünəməxsus şəkildə bu cür izah edib: “Həyatın mənası küləyin səsinə qulaq asmaqda, şəkillərə baxmaqda, cazı dinləməkdə və sair. belə şeylərdədir”. Ümumiyyətlə isə “heç bir şey” haqqında yazılmış uzun, eyni zamanda olduqca maraqlı romanları oxumağın özü də mənasız həyatda vaxtı birtəhər öldürməyin çox effektli üsullarından biridir. Hər halda kitab oxumaq başqa axmaq işlərlə məşğul olmaqdan daha yaxşıdır.
“Kafka sahildə” rahat oxunur, amma çətin həzm olunur. Kafka əsərin on beş yaşlı qəhrəmanının adıdır. Kafka çex dilində qarğa deməkdir. Bu mistik və bir qədər də qorxunc quşun yapon folklorunda hansı rol oynadığı bilinməsə də bunun bir o qədər əhəmiyyəti yoxdur. Murakaminin sənətkarlığı ondadır ki, saysız-hesabsız simvolları əsərin səhifələrinə səpələsə də oxucu üçün həqiqətə aparan cığır qoymağı, əsas tapmacaların cavabını lazımi məqamda açıqlamağı unutmur.
Gənc Kafka sözün hərfi mənasında Edip kompleksindən əziyyət çəkir. Müəllif onun daxili dünyasını açır və qəhrəmanının valideynləriylə necə münasibət qurmaq istədiyini danışır. Qəhrəmanlardan biri qəfildən Bethovenin musiqisinə aludə olur, onun haqqında kitabxanadan kitablar tapıb oxuyur. Bu musiqiylə Kafkanın taleyi arasında mistik bir bağlılıq var. Bu bağlılıq əsər boyu çözələnir. Roman fantastik hadisələrlə zəngindir. Bəzən ipin ucunu itirirsən, amma yazıçı oxucunu azdığı məqamda lazımi səmtə yönəldir. Məhz bu, oxucuya xüsusi zövq verir.
Müharibə vaxtı bir qrup məktəbli çöl dərsləri üçün nəzərdə tutulan təpəyə yollanırlar və qəfildən uşaqların hamısı huşunu itirir. Ayılandan sonra onlar özlərində qəribə xüsusiyyətlər kəşf edirlər. Əslində bütün bunlar fantastika yox, mistikadır. Ona görə də heç nəyi rasional şəkildə izah etməyə ehtiyac yoxdur, sadəcə, ətraflı təsvir kifayət edir. Həm də o biri dünya ilə bağlı hadisələri izah etmək onsuz da mümkün deyil. Ölülər öz sirlərini heç vaxt dirilərə açmırlar.
İlk baxışdan elə görünür ki, maraqlı hadisələr detektiv janra xas olduğu kimi müəyyən bir ox ətrafında fırlanır. Lakin sonda məlum olur ki, heç bir ox-filan yoxdur. Murakaminin qəhrəmanları bütün günü boş laqqırtıyla məşğuldurlar. Yazıçı öz oxucusunu bu tufanın mərkəz nöqtəsində yerləşdirir və bütün hadisələri onun ətrafında dolandırır. Bu mərkəz nöqtədən baxanda hər şey bir növ bərabərləşir, eyni məna kəsb etməyə başlayır. Valideynlərinin atdığı uşağın taleyi də, onun seksual fantaziyaları da, ölümün qapısını açıb-bağlamağa cəhd edən sərsəm qoca Nakata da, bu qocanın yanında Sanço Panso rolunu oynayan sürücü də, pişiklərlə qəribə söhbətlər də...
Kafka sonda qeyri-şüuri olaraq anasıyla da, bacısıyla da bir yatağa girir. Həmin naməlum qadına “mən sənin həm sevgilin, həm oğlunam, biz sonsuz bir burulğana düşmüşük” deyir. Əslində yazıçı oxucunu da qəhrəmanlarıyla birlikdə sonsuz burulğana salır.
Bu yerdə oxucu iki variantdan birini seçməlidir. Ya Murakaminin mistikasına aldanıb onun ardınca getmək, ya da kitabı büküb bir kənara atmaq...