Süleyman Rüstəmin Əli Vəliyevi aldatmağı

Süleyman Rüstəmin Əli Vəliyevi aldatmağı
12 aprel 2013
# 11:15

Bu xatirə Xalq Yazıçısı Hüseyn Abbaszadənin “Dünyadan gör necə insanlar keçib” kitabından götürülüb.

Əli Vəliyev də Süleyman Rüstəm kimi Yazıçılar İttifaqına gələndə çox vaxt mənim yanımda olurdu. Otağımda yaşıl üz çəkilmiş köhnə, ancaq rahat kreslo vardı. Onların hansı tez gəlsəydi, bu kresloda əyləşirdi. Bir gün Süleyman Rüstəm gələndə gördü ki, Əli Vəliyev kreslonu tutub, ayrı stulda əyləşdi. Əli Vəliyev otağımda çox oturmadı. Telefonla ona lazım olan adamlara zəng vurub çıxıb getdi. O çıxan kimi Süleyman Rüstəm keçib köhnə kresloda əyləşdi və məzə ilə dedi:

- Gəlsənə, sənin Əli Vəliyevlə aranı vurum. Bura gəlməsin, kresloda tək mən oturum.

- Bizim aramızı vura bilməzsən, Süleyman müəllim, - dedim.

- O mənim əlimdə. Baxarsan.

Elə bildim zarafat edir. Lakin beş-on gün keçdi, Əli Vəliyevdən səs çıxmadı, yanıma da gəlmədi. Onlara zəng vurub kefini soruşdum. Mənə soyuq cavab verdi. Başa düşdüm ki, Süleyman Rüstəm dediyini eləyib. Odur ki, kişi mənimlə ağızucu danışır. Xəbər aldım:

- Əli müəllim, mənimlə niyə belə soyuq danışırsınız?

- Onu özündən soruş, Hüseyn...

- Yəqin araya Süleyman Rüstəm girib, Əli müəllim?

- Günahını bilə-bilə ta məndən niyə soruşursan?

“Çox sağ ol” deyib incik halda dəstəyi asdı.

Fikirləşdim ki, görəsən S. Rüstəm məndən ona nə deyib? Elə bir səbəb tapa bilmədim. Ertəsi gün Süleyman müəllim yenə İttifaqa gəldi. Söhbəti ona danışdım, güldü.

- Əli bu səhər mənə zəng çalmışdı. Bu gün günorta ikimizi də dəniz kənarındakı restoranda qonaq edəcək.

Ondan Əli Vəliyevə mənim barəmdə nə dediyini soruşdum, demədi.

- Hüseyn, üz vurma, gözlə, bu gün restoranda məsələni açıb deyəcəm, bu da bir novelladır, məişət novellası.

Süleyman müəllim saatına baxdı.

- Əliylə vədələşmişəm ki, bizi saat birdə restoranda gözləyəcək. Yığış gedək. On beş dəqiqə də yolumuz. Bilirsən də, Əli Vəliyev pedantdı. Ondan ötrü hər dəqiqənin böyük əhəmiyyəti var. Geciksək, indi də məndən inciyər.

Dəniz sahilində “Azərbaycan” mehmanxanası ilə üzbəüzdə vertolyot meydançası vardı. Sonra bu meydança ləğv olundu. Yerində məxsusi toyuq-cücə bişirilən bir restoran tikdilər. Tezliklə bura şəhər sakinlərinin sevimli yeməkxanalarından birinə çevrildi. Biz ora çatanda gördük ki, Əli müəllim kənarda, bir stolun dalında oturub, içki-göyərti gətirtdirib yola baxa-baxa bizi gözləyir.

- Süleyman, niyə belə gecikdin? Gözləməkdən gözümün kökü saraldı. – Saatına baxdı.- İkiyə işləyib.

Süleyman ciddi ifadə ilə dedi:

- Mən gəlirdim, Əli müəllim, günah Hüseyndədi, gəlmək istəmirdi.

Əli müəllim acıqla dedi:

- Gəlmirdi, daha niyə gəlib? Gözüm atırdı onunçün. Otursun, ona hələ sözüm var.

Biz stolun arxasında oturan kimi xörəkpaylayan tez üç pay səliqə ilə qızardılmış, iştaha açan tabaka gətirdi.

Süleyman müəllim dedi:

- Əli, boynuma alıram. Sənə Hüseynin adından dediklərimin hamısı uydurmadır. Bu yazığın heç nədən xəbəri yoxdu.

- Süleyman, sən o tək oğlunun canı, doğru deyirsən?

- Əli, Azadın canıyçün, zarafat eləmişəm. Bir də mən sənə o sözü deməsəydim, axı bu gün bizi buraya yığmazdın.

Sən demə, neçə ay əvvəl bizim kreslo barədə söhbətimizdən sonra Süleyman Rüstəm Əli müəllimə deyib ki, guya mən deyirəm Əli müəllim çox xəsisdir, başqasının hesabına yeyib-içməyi xoşlayır. Öyrənib ki, hamı onu qonaq eləsin.

Əli Vəliyev də bundan bərk əsəbiləşib. Süleyman Rüstəm ona deyib ki, gəl Hüseyni qonaq elə, bu sözləri sənin yanında üzünə deyim, utansın.

Həqiqəti biləndən sonra Əli müəllim qəhqəhə çəkib güldü. O gündən yenə yanıma gəlib-getməyə başladı, ancaq o yaşıl üzlüklü kresloda bir daha oturmadı.

# 2747 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #