Bir zamanlar ədəbiyyata İlyas Ərnəfəs adlı bir gənc şair gəldi. Maraqlı, orijinal deyim tərziylə seçilən bu gənc tezliklə hamının diqqətini cəlb etdi və şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, ədəbi qəzetlərdə müntəzəm dərc edilməyə başladı.
Deyirdilər bu gənc gələcəyin böyük şairlərindən olacaq... Şeirdən başlanan yol onu Riqaya, ordan yenə də Vətənə qaytardı. Qayıdıb gələndə daha həmin həyat eşqiylə dolub-daşan gənc İlyas deyildi.
O vaxtdan İlyas bu dünyanın adamlarıyla dil tapa bilmir. “Azərbaycan” nəşriyyatının qabağında var-gəl edə-edə ciddi tövrlə kiminləsə danışır, bu söhbətlər bitmək bilmir... Biz heç vaxt İlyasın həmsöhbətini görə bilməyəcəyik... Bəlkə də “üzündəki mələk təbəssümüylə pillələri enən” o qızla danışır...
Kulis.az İlyas Ərnəfəsin “Ulduz” jurnalının 1990-cı il 2-ci sayında dərc edilmiş şeirlərini təqdim edir
Hayqırtı
Uzaqların boyunu ütür
bir bayram gecəsində,
tənha otaq küncündə yanan
qərib qəndil.
Yalqızlıq süzgəcindən keçirdi
qürbətin zorluğu,
yaşanmamış sevdaların göz yaşları.
Oyunlardan bezar dünya
itirdi rahatlığın səmtini.
Pıçıldar qaranlıqlar,
hayqırar aydınlıqlar.
Dinləməz bir kimsə:
- Tərk et, yalqız qəndilim,
otaq küncündəki qəribliyini!
Döyüldü xoş xatirələr
ötənlərin zindanında.
Dəmirçi körüyünə döndü xəyallarım.
Ümidlər yağmadı göylərin
qərib tutqunluğundan.
Qüssələr geniş çətirini açdı
başımız üstə.
Dabanlarımız cadar-cadardı
keçə bilməyəcəyimiz yolların xofundan.
Dar ağacında yellənən insanın
hədəqəsindən çıxmış mavi gözləritək
ümidsizdi dəniz.
Kəsik qola dönüb
sabaha uzanan yollar.
Yüyürür uca dağlar
qurumuş dəryaların dibsizliyinə,
çığırtıların qaytanı kəsir
dünyanın yağır çiyinlərini.
Bircə sən qaldın, yalqız qəndilim,
tərk edəcəksənmi axır,
dünya dolusu tənhalığını?!
Nəğmə
Dənizin hamar üzünü öpür
sahilin çağırış dolu təbəssümü.
Söykənəcəkdi ləpələrin səsinə
şaqraq gülüşlər.
Gəmilərə ilişib üzən
yosunlar xoşbəxtdi.
Göyərtə qapılarının cırıltısıdı
bədbəxtlik nəğməsi.
Darıxıb lövbərlər,
dibi göynəyir dənizin.
Qumlar
qızmar Günəşdən dəli-divanə,
yoxdu dünyada limanlar,
gözləmələrdə
insan baxışlarıdı önümüzü hasarlayan.
Gözlər -
bizdən uzaq oyunların bitməzliyi.
Hədəfə çatmayan zərbəyə dönürdü
get-gedə əllər.
Ayaqlar - tərk edilmiş sevdaların
uçuq sütunları.
Gözəl xatirələrə
başdaşıdı qayalar.
...Örtə bilmədiyimiz açıq qapılardı
ovuc dolusu azadlıq.
Kimsə görməz,
qarımış qız qədər dərdlidi dəniz.
Ağrılarına sığal çəkmədən
yoruldu dalğalar,
üzüqoylu düşdü sonsuzluqlar...
Şaşqınlıq
Xatırladığım bir şey;
pillələrlə enirdin,
üzündəki mələk təbəssümüylə.
Elə bil sən yox,
çöhrəndəki təbəssümdü mənə sarı gələn.
Bahar ətritək hopurdu pillələrə
hər addım atdıqca
ayaq səslərin.
Xoşbəxtlikdən başını itirmişdi
məhəccərlər,
təbəssümdən açıq qalmış
insan dodaqlarına bənzəyirdi
pillələr...