Gecə vaxtı şəhərdən gələn avtobuslar kəndin içinə girməyib, Zağulba yolunun üstündə dayanırdı, kəndə gedən adamlar düşüb piyada xeyli məsafə qət etməli olurdular. “Əzizbəyov-Bilgəh” marşrutu gecə saat 12-yə qədər işləyirdi. Amma Buzovnaya gedən avtobuslar marşrutdan tez çıxırdılar, ya da Maştağa qədər gəlib ordan qaraja gedirdilər. Mən də az qala hər gün gecəyə qaldığımdan çox vaxt taksiyə minməli olurdum. O vaxt avtobuslar şəhərətrafı qəsəbələrə indiki “Koroğlu” metrostansiyasının yaxınlığındakı ərazidən gedirdi, sonra oralarda qazıntı işləri başladı və kəndlərə gedən avtobuslar “Ulduz” metrostansiyasının yanında yığışmağa başladı.
Bir gün yenə gecəyə qalmışdım, “Ulduz”dan kəndə gedən avtobusa mindim, avtobus camaatı Buzovna dairəsində düşürdüb Maştağadakı qaraja yollandı. Sakit payız gecəsiydi. Yolu əlimə alıb kəndə üz tutdum. Kəndə kəsə yolla getmək üçün çox vaxt qəbiristanlığın içinə düşürdüm, üzüaşağı sərt enişlə gedib evə nisbətən tez çatırdım. Gecə saat 12-ni keçmişdi. Çox yorğun idim. Fikirləşdim ki, bu dəfə də qəbiristanlığın içiylə gedim. Öyrəncəliydim deyə gecə vaxtı qəbiristanlıqdan qorxmurdum. Fikirli-fikirli aşağı enməkdəykən qəfildən aşağı tərəfdən səs-küy eşitdim, nə gizlədim, canımı üşütmə aldı. Gecənin bu vədəsində qəbiristanlıqda bu nə səs-küy idi? Qaraltısı görünən hündür başdaşları elə bil adama barmaq silkələyirdi. Geri qayıda bilməzdim, az qala yolu yarı eləmişdim, demək olar ki, qəbiristanlığın ortasındaydım. Özümü toparlayıb asta-asta irəlilədim, qabaqda iki nəfərin silueti görünürdü, bərk mübahisə edirdilər. Bir az toxtadım. Yaxınlaşanda hər ikisini tanıdım, kənd uşaqlarıydı, möhkəm içmişdilər, nəyəsə görə dalaşırdılar. Addım səsi eşidib səslərini kəsdilər, çevrilib mən tərəfə boylandılar. Mən də zarafata salıb vəziyyəti yumşaltmaq istədim:
- Bayaqdan ürək-göbəyimi yeyib qurtarmışam, dedim yəqin burda cinlər ölülərlə dalaşır. Qəbiristanlıqda “razborka” eləyərlər? Nöş imkan vermirsiniz rəhmətliklər rahat yatsınlar?
Zarafatım işə yaramadı. Hiss etdim ki, nəsə ağır söhbətdi.
Mübahisə edənlərdən biri əlini yelləyə-yelləyə üzümə baxmadan:- brat, sən bizim işimizə qarışma, sakit adamsan, bizə görə zibilə düşərsən, çıx get, heç elə bil bizi görməmisən, heç kəsə bizi gördüyünü demə, sonra başın ağrıyar,- dedi.
Bir az da yaxınlaşdım:
- Yekə adamsınız, ayıbdır, özü də görürəm yaxşıca vurmusunuz, gəlin gedək, səhər söhbətivüzi edərsiz.
O biri oğlan pis söyüş söydü:- Bu oğraşın elə burda .... filan-filan edəcəyəm!
Bir-birlərinə cumdular, bayaq mənə çıxıb getməyi məsləhət görən oğlan yerdən çox yekə bir daş götürüb o birinə tolazladı, yaxşı ki, o da cəld tərpəndi, tez başını yana çəkdi, əks halda başı yarılacaqdı. Yekə daş qəbir daşlarından birinə dəydi, köhnə başdaşının qırağı yüngülcə zədələndi. Gördüm ki, o da əlini şalvarının arxa cibinə atdı, bildim ki, bıçaq çıxarır, tez aralarına girib sakitləşdirməyə çalışdım.
Sən demə, bunlardan biri o birisinin anası haqda hardasa pis sözlər işlədib, deyib ki, onun anası fahişədir, bu söhbəti də oğlana çatdırıblar. Həmin gün də onlar kənddə rastlaşıblar və kafedə yeyib-içməyə gediblər, həmin söhbət yemək masası arxasında ortaya atılıb və bu söhbətin axırına çıxmaq üçün ikisi də qəbiristanlığa gəliblər. Həmin oğlan dalaşdığı adamın anası haqqında pis söz dediyini boynuna almırdı, deyirdi sənə bunu kim deyib? O birisi isə deyirdi ki, kişisənsə, gedək, səni həmin adamla üzləşdirim, bu da getmək istəmirdi. O deyirdi, elə söz deyənin var-yoxu belə-belə olsun, bu birisi deyirdi, mənim anam haqda o sözü deyənin anasını-bacısını belə-belə eləyim. Söyüşün biri bir qəpiyə idi.
Arada qalmışdım, beyni qızmış cavanları heç cür sakitləşdirmək mümkün deyildi, üstəlik o birisi də bıçaq çıxarmışdı. Qəfildən aralıdan kimsə qışqırdı:
- Ay bala, orda neynirsiz?
Qollarından tutub qucaqladığım adam tez bıçağı cibinə dürtdü. Sevindiyimdən bilmirdim nə edim. Bu adam gəlib çıxmasaydı, Allah bilir nələr olacaqdı. Qan töküləcəkdi. Yaxınlaşan adam qəbiristanlığın yaxınlığındakı məscidin qarovulçusu idi, yaşlı kişiydi, səs-küy eşidib əlində fənər qəbiristanlığa girmişdi. İkisi də səsini kəsmişdi, yaxınlaşıb yalançı təbəssümlə gülümsədim:
- Əşi heç, yuxarıdan gəlirik, yol uzaqdı deyə qəbiristanlığa düşdük, uşaqlar da elə hey “sbor” eləyirlər.
Kişi yuxulu gözlərini narazılıqla bizə zillədi:
- Alə, ölülər bidar olub səsüvüzdən. Adam kimi danışa bilmirsüz bəgəm? Gecənin bu vaxtı düz yolu əlüvüzdən alıblar ki, gəlib bura girmisüz? Çıxın, çıxın burdan.
Uşaqlara göz-qaş elədim ki, dinməyin. Sakitcə qocanın böyründən keçib qəbiristanlığın çıxışına yönəldik. Arxadan kişinin tənəli səsi eşidildi:
- Ayıbdı alə, atmısuz imanuvuza, burda oyun çıxarırsuz, avaralar!
Cavab vermədik. O kişi qanımızın arasına girdi. Uşaqların da hovu alınmışdı, səsləri çıxmırdı.
Qəbiristanlıqdan çıxıb hərəmiz bir səmtə üz tutduq.