Ərin ölümü, qardaşın faciəsi, evin sökülməyi

Ərin ölümü, qardaşın faciəsi, evin sökülməyi
25 noyabr 2013
# 11:37

Kulis.az Kənan Hacının “Sonuncu gediş” hekayəsini təqdim edir.

Gənc qadına ərinin öldüyünü deməyə qorxurdular. Hamı bilirdi ki, qadın bu dəhşətli xəbəri eşitsə, havalanacaq.

Kafedrada həmişə şux görünən, bir-birləriylə zarafatlaşan qızlar nəfəslərini içinə çəkib oturmuşdular, otaqda ağır sükut hökm sürürdü. İlahə müşəmbə çantasından çıxardığı əl güzgüsündə özünə baxıb hər şeyin qaydasında olduğunu görəndən sonra qəfildən hiss etdi ki, üz-gözü qaydasında olsa da otaqda nəsə qaydasında deyil.

Axşam Kamran evə gəlməmişdi və İlahə bütün gecəni narahatlıq içində vurnuxmuşdu. Bəlkə bunlar nəsə bilir? Qızların donuq baxışları altında üşəndi. Nəzərlərini bir-bir onların üzündə gəzdirəndə ona elə gəldi ki, bu qızlar hər gün rastlaşdığı, bəzən işə bir gəlib, işdən birlikdə çıxdığı qızlar deyil; bu donuq sifətlər ona tanış gəlmədi.

- Sizə noolub, qızlar? – deyə soruşdu.

Bu məşum xəbəri kafedranın qızlarına səhər-səhər kadrlar şöbəsinin müdiri Famil müəllim üzünə növbətçi təəssüf maskası taxaraq demişdi. Artıq iş yerində hamı bu hadisədən xəbərdar idi, bircə İlahənin heç nədən xəbəri yox idi. İndi bunu ona necə desinlər?! Hamı bilirdi ki, İlahə həyat yoldaşını dəlicəsinə sevir, həmişə universitetdə həyat yoldaşı haqqında danışanda gözlərindən xoşbəxtlik yağırdı, ərinin mətbuatda hansısa yazısı çıxanda uşaq kimi sevinirdi, onunla fəxr edirdi. Kamranın kitabları çıxanda hələ mətbəə qoxusu çəkilməmiş gətirib iş yoldaşlarına təqdim edirdi və onunla qürur duyurdu.

***

Kamran kasıb, evsiz-eşiksiz jurnalistlərdən idi, valideynləri dünyasını dəyişəndən sonra rayonda qala bilməyib şəhərə gəlmişdi. Şəhərin ucqar məhəllələrindən birində ucuz qiymətə bir həyət evi kirayələmişdi, ev sahibləri də təqaüdlə və ev kirayəsi ilə dolanan yaşlı adamlardı, iki qızları vardı, ikisi də ərdəydi. Biri şəhərdə, o birisi isə özləri demiş, dünyanın o başında – Almaniyada yaşayırdı.

Jurnalistdə pul nə gəzirdi, aylığı bu aydan o aya gücnən çatırdı.

Kirayə pulunu gecikdirəndə qocalar bu kimsəsiz oğlana güzəşt edirdilər. Hətta bəzən Kamran evdə olanda arvad qapını tıqqıldadıb ona isti yemək də gətirirdi ki, ay bala, bilirəm, özünə yemək bişirən deyilsən, gününü kafelərdə keçirirsən, amma ev xörəyinin yerini heç nə vermir, bir bunun dadına bax. Rusiyada alverlə məşğul olan qardaşından savayı kimi-kimsənəsi yox idi. Arada qardaşı ona pul yollayırdı ki, şəhər yerində korluq çəkməsin. Kamranın yeganə ümid yeri qardaşıydı.

Bir gün xəbər gəldi ki, qardaşını öldürüblər. Qardaşını öz köhnə “Jiquli”sinin içində ölmüş vəziyyətdə tapmışdılar. Dedilər ki, onun kimlərəsə külli miqdarda borcu varmış və dəfələrlə ona xəbərdarlıq edilsə də borcları qaytarmayıb. Nəticədə özünü öldürmüş, maşınını isə yandırmışdılar. Kamran qardaşının yad, uzaq şəhərdə kimlərlə əlaqədə olduğunu, kimlərə borclu olduğunu bilmirdi. Dəfələrlə qardaşına burdakı vəziyyətdən gileylənib yalvarmışdı ki, oralarda mənə də bir iş tap, gəlim yanına, həm də bir yerdə olarıq, mənim burda heç kəsim yoxdu. Hər dəfə də qardaşı onu inandırmışdı ki, Moskva sənlik deyil, sən alverçün yaranmamısan, gəlib burda mənim əl-ayağıma dolaşmaqdansa yazılarını yaz, birtəhər başını girələ, nə çətinliyin olsa, zəng vur, sənə pul yollayım. Kamran hər dəfə çətinliyə düşəndə, əli hər yerdən üzüləndə son güman yeri kimi qardaşına zəng vururdu və bir Allah bilir ki, qardaşından pul istəyənəcən nə zülm çəkirdi. Özünü söyüb lənətləyirdi, deyirdi bu, axırıncı dəfədir, bu dəfə acından ölsəm də ona zəng etməyəcəm. Amma vəziyyət dözülməz həddə çatanda, kirayə pulunu ödəyə bilməyəndə, gündəlik ərzaq almağa belə pulu qalmayanda düşünürdü ki, yadlara ağız açınca elə öz qardaşıma deyərəm. Bəs doğma qardaş adama nə gündə lazımdı? Gün gələr, mənim də ona hardasa köməyim dəyər. İndi də belə...

Dostları sağ olsun, qardaşının dəfnində, hüzr məclisini yola verməkdə ona köməklik etdilər. Moskvadan da ölən qardaşın xeyli dostları yığışıb gəlmişdi, Kamranı kənara çəkib cibinə iki min dollar pul basdılar və dedilər ki, bizlik başqa nə iş varsa, canla-başla hazırıq, rəhmətlik orda bizə az yaxşılıq etməyib. Kamran da razılıq edib evə çəkildi, otağına girib zülüm-zülüm ağladı. İndi o, doğrudan da bu boyda dünyada təmtək qalmışdı, doğmam deyib döyəcəyi bir qapı yox idi, özgələr nə qədər yaxın olsa da heç vədə doğmaları əvəz edə bilməzlər.

Qardaşının yasını verib şəhərə qayıtdı. Qocalar onun dərdinə şərik oldular; kişi ona təsəlli verdi, qarısı isə dizlərinə döyə-döyə ölən qardaşçün vaysındı, göz yaşı axıtdı. Kamran pencəyinin qoltuq cibindən qardaşının şəklini çıxarıb onlara göstərdi. Şəkildən qocalara boylu-buxunlu, qaraqaş, qaragöz, kəkili alnına tökülmüş yaraşıqlı bir oğlan baxırdı.

Qarı şəklə baxa-baxa: - eynən sənə oxşuyur, ay bala, bunu vuranın əli qurusun! – dedi. – Bu cür yaraşıqlı oğlana necə qıymaq olar?! Can bala, can...

Kamranın boğazı qəhərdən sıxıldı, yadına anasının son nəfəsdə dediyi sözlər düşdü. Atası dünyasını dəyişəndən sonra sapsağlam anası tədricən gözünün qabağındaca sınıxdı, şax qaməti əyildi, o cür qüvvətli qadın xəstələnib yorğan-döşəyə düşdü. Onda Kamran canını qoymağa yer tapmırdı, hər gecə yataqdan qalxıb qulağını anasının sinəsinə söykəyirdi ki, görsün nəfəsi gedib-gəlirmi. Anasını itirmək qorxusu günbəgün, saatbasaat içini yeyirdi, bütün günü səksəkə içində gəzib-dolanırdı. Qardaşına zəng vurub demişdi ki, bilmirəm anaya noolub, əməlli-başlı sınıxıb, gün-gündən geriləyir, bəlkə gələsən? Qardaşı Kamranın sözünü qəribçiliyə salıb demişdi ki, yəqin ərinin fikrini çəkir, onu tək qoyma, keçib gedər. Amma keçib getməmişdi, bir gün Kamran baxdı ki, anası yatağından qalxa bilmir, həkim çağırdı, həkim gəlib diaqnoz qoydi: İnsult.

Atası yatağa düşəndə anası qulluğunda durdu, indi isə anası yatağa düşmüşdü və Kamran anasına qulluq edə bilmirdi. Gecə-gündüz xəstənin yanında olmalı, vaxtlı-vaxtında dərmanlarını verməliydi. Ərin yataq xəstəsi olan arvada qulluq etməsi çətin deyil, ana isə oğuldan həya edir. Kamran qonşu qadınlardan birini çağırıb ondan xahiş etdi ki, anasına qulluq etsin, əvəzində ona lazımi hörməti edəcək. Qonşu qadın da sağ olsun, dedi mən təmənnasız o xalaya qulluq edəcəm, çünki o, bizim hamımızın işinə yarayıb. Köməkləşib xəstə qadının qulluğunda durdular. Qonşu qadın da az qala, hər gün Kamranı danlayırdı ki, evlənsəydin, atan da toyunu görərdi, indi də anana gəlini baxardı. Anası qəmli təbəssümlə qonşu qadını süzüb deyirdi ki, noolar, oğluma bir yaxşı qız tap, evlənsin, deyəsən, mənim vaxtım çatıb. O biri gədə də sözümə baxmadı, indi orda rus qızlarıynan gününü keçirir. Burda gül kimi qızlar evlərdə qalıb.

Gecənin gec vaxtı yuxudan hövlnak oyandı, anası xırıldayırdı. Yorğanı üstündən çəkib dik atıldı və anasının başı üstə dayandı.

- Ana, ay ana!..- deyə çağırdı. Səsi titrədi.

Anasının xırıltısı kəsdi, sinəsi ağır-ağır qalxıb endi. Sifəti ağappaq idi. Buz kimi soyuq ağrı sonuncu dəfə anasının sinəsində qaynayırdı. Kamran üşəndi, gecənin bu vaxtı kimi haya çağıra bilərdi?

- Ay ana, məni qorxutma da, noolar...

Anası udqundu, hülqumu az qala boğazının qırışmış dərisini deşəcəkdi. Yumulu gözlərinin altı qapqara idi, kirpikləri uzanmışdı və nəmli idi. Kamran fikirləşdi ki, yazıq anam bir sümük, bir dəri qalıb. Sövq-təbii hiss etdi ki, anasının son nəfəsidi. Dodaqları aralandı:

- Qardaşına de ki, qayıtsın kəndə. Mən oğul doğmamışdım ki, ruslara qismət olsun!...

İndi Kamran anasının bu sözlərini xatırladı. O vaxt anasının son sözünü qardaşına çatdırmışdı. Amma qardaşı anasının vəsiyyətinə əməl etmədi və vətənə tabutun içində qayıtdı.

***

Bir gün işdən qayıdanda qonşusu Fəxrəddin ona zəng vurdu ki, evə keçməmiş yanıma gələrsən, sənnən bir balaca işim var. Fəxrəddin də bu məhəllədə tək yaşayırdı, arvadı onu neçə ildi ki, atıb getmişdi, arada oğlu gəlib atasına baş çəkirdi. Vaxtilə əli pulla oynayan bu adam indi dost-tanışın ümidinə qalmışdı. Heç yerdə işləmirdi, yeni zəmanəyə heç cür uyğunlaşa bilmədiyindən özünə qazanc yeri də tapa bilmirdi. Kamran eşitmişdi ki, Fəxrəddin sovet hökuməti dağılmamışdan əvvəl restoran müdiri olub, bir neçə yerdə də taxta sexi varıymış. Bir gün qumarda restoranı da, digər obyektlərini də uduzub. Ailəsi də elə o vaxtdan ondan üz döndərib. İndi köhnə qumarbaz dostları əli yaxşı gətirəndə Fəxrəddini unutmurdular, cibini pulla doldururdular. Amma həmişə belə olmurdu. Bir də görürdün gecə yarısı Kamranın mobil telefonu zəng çalırdı, yuxudan kal oyanıb telefonun displeyində Fəxrəddinin adını görcək bilirdi ki, bədbəxtin ya siqareti qurtarıb, ya da meylinə araq düşüb. Kamran çox vaxt axşam işdən evə dönəndə Fəxrəddin ona zəng vururdu ki, gələndə mənə bir “paçka” siqaret al, ciyərim yanır, o da alıb aparırdı. Arada oturub araq da vururdular, səhərəcən dərdləşdikləri də olmuşdu.

Bu dəfə Fəxrəddin zəng vuranda Kamran hiss etdi ki, burda nəsə ayrı bir iş var. Özü də neçə vaxt idi ki, küsülüydülər. Fəxrəddinin bu dəfəki zəngindən ağlı bir şey kəsmədi.

Evdə yad bir qadın vardı.

- Ev tör-töküntü içindədi, çağırmışam yır-yığış eləsin, silib-süpürsün, səliqə-sahman yaratsın. – Fəxrəddin qonağını bu cür təqdim elədi.

Qadın uzun müddət baxımsız qaldığından solmuşdu, gözlərinin ifadəsi də sanki bozarmışdı, bu gözlərdə heç bir məna oxunmurdu. Əyin-başı tökülürdü, kişi ayaqlarına oxşayan nahamvar, iri ayaqları və qartımış sifəti tüklü idi. Kamran sonra biləcəkdi ki, bu qadın İlahənin yaşlı və xəstə anasına qulluq edir. Onu Fəxrəddinin dostlarından biri yollayıbmış ki, qoy gəlib evini səliqəyə salsın, beşdən-üçdən hörmətini edərsən.

Axır ki, Fəxrəddin mətləbə keçdi:

- Bəsdir avara-avara gəzdin, qərara gəldik ki, səni evləndirək!

Kamranı gic gülmək tutdu, istədi desin ki, mənə bunu tapmısan? Bu ki, əldən düşmüşün biridir. Amma dilinə başqa söz gəldi:

- Məni dolamaqçün bundan yaxşı vasitə tapa bilmədin?

- Səni dolayanın var-yoxu belə-belə olsun! Sən əvvəl-axır evlənməlisən ya yox? Yetim oğlansan, çox sağ ol deginən ki, sənə ağsaqqallıq edirəm. Qorxma, sənə necə lazımdu, podderjka verəcəyəm.

Onları bir-birilə həmin qulluqçu qadın tanış elədi və ayrılıb getdi. Gül bayramı günü idi, şəhər başdan-başa gül-çiçəyə qərq olmuşdu. Qız da bu güllərdən heç seçilmirdi. Elə ilk gündən bir-birlərinə isnişdilər, məlum oldu ki, sən demə, eyni gündə anadan olublar, bu təsadüfə gülüşdülər. Sonra bir neçə eyniliklər ortaya çıxdı; demə atalarının da, əmilərinin də adı eyni imiş. Təsadüf olar, amma daha bu qədər yox da. Və sonra davamlı görüşlər başlandı.

İlahə universitetdə elmi işçi işləyirdi. Kamranın isə şəhərdə evi yox idi. İlahə uzun təkidlərdən, yalvarışlardan sonra Kamranı razı salmışdı ki, evlənəndən sonra onlarda qalsınlar. İlahəgil Əhmədlidə kiçik həyətyanı sahəsi olan bir evdə qalırdılar. Atası çoxdan dünyasını dəyişmişdi, həyətdə böyük qardaşı öz ailəsiylə birgə yaşayırdı , İlahə və yaşlı anası ayrıca bir otaqda qalırdılar, həmin otağın geniş mətbəxi vardı və elə bu mətbəxi də otaq hesab etmək olardı.

Fəxrəddin sözünün üstündə durdu; Kamran evlənəndə ağsaqqal kimi qabağa düşdü, elçi getdi, dostlarından pul tapıb cibinə basdı və dedi ki, get özünə yaxşı əyin-baş al, qız yanında xəcalətli qalma. Yadındadı, qızla ikinci görüşə gedəndə Fəxrəddin özünün təzə kostyumunu ona verdi ki, bunu geyin, ayıbdı, qızla görüşə gedirsən, özü də yaxşı bir gül bağlat, centlemen ol. Fəxrəddin belə Fəxrəddin idi.

Beləcə evləndilər və Kamran uzun müddət İlahəgildə yaşadı. Amma yaxşı deyiblər, el elə sığar, ev evə sığmaz. Kamran bu həyətdə özünə rahatlıq tapa bilmədi. İlahənin qardaşı elə ilk gündən gənc ailəyə göz verib işıq vermədi. İki gündən bir həyətdə dava-dalaş qopurdu, mübahisələr elə vaxt olurdu ki, səhərə qədər çəkirdi. İlahənin qardaşı Mahir onlardan tələb edirdi ki, həyətdən çıxın! Kamran işdən yorğun-arğın evə dönüb dincəlmək istəsə də Mahir başının üstünü kəsdirib dururdu:

- Mənə konkret bir söz de. Otağı haçan boşaldırsan?

Yenə bacı-qardaş qırğını qopurdu. Kamranın qayınanası oğlunun qorxusundan bir kəlmə danışmırdı, nə oğluna bir söz deyə bilirdi, nə qızına, eləcə otağına keçib qapını örtürdü. Söz-söhbət səngiyəndən sonra isə astaca: - Allah məni öldürsün, sizin əlinizdən canım qurtarsın! – deyirdi. Onun oğlunun, yoxsa qızının tərəfində olduğunu ayırd etmək olmurdu.

Bu söz-söhbət iki ilə qədər uzandı. İş o yerə çatdı ki, Kamran İlahədən boşanmaq qərarına gəldi və evdən getdi. Bir müddət keçdi, barışdılar. Nəhayət, razılığa gəldilər ki, həyət ortadan bölünsün və İlahəgil onların payına düşən hissədə iki otaqlı bir ev tiksinlər. Heç bu iş də Kamranın ürəyincə deyildi. Çünki Mahirin bundan sonra da onlara rahatlıq verməyəcəyini bilirdi. Əlinə fürsət düşdükcə “kişi arvad evində yaşamaz!” deyə Kamranı təhqir edir, alçaldırdı. Kamrana qalsaydı, bu təhqirlərə dözməzdi, arvadı hər dəfə ona yalvarıb-yaxarırdı ki, qurban olum, bir az da döz, həyət bölünsün, ayrıca evimiz olandan sonra o, sənə heç nə deyə bilməz.

Payızda həyətdə tikinti başlandı. Mahir isə hər gün “otaqları boşaldın!” deyə qışqırıb-bağırırdı. Bir neçə bankdan pul götürdülər ki, tikinti işi sürətlənsin və ev qısa müddətdə hazır olsun.

Usta on gün ərzində iki otağı hörüb qurtardı, döşəməni və tavanı vurmaq, evin üstünü bağlamaq qalırdı.

Axşamüstü evə qayıdanda Kamran gördüyü mənzərədən yerindəcə donub qaldı. Buldozer təzə tikilmiş evi yerlə-yeksan eləmişdi... Daha heç fikirləşmədi və çevrilib sonuncu dəfə həyətdən çıxdı.

24 noyabr 2013

# 3098 dəfə oxunub

Müəllifin son yazıları

# # #