Uşaqlıqda çox vaxt yaşıma uyğun olmayan kitablar oxuyurdum. Anamın kitabxanasından Nadejda Krupskayanın Leninlə bağlı xatirələr kitabını götürüb oxuyanda vur-tut 12 yaşım vardı. Anam kitabı əlimdən alıb mənə təpindi ki, bu nədir oxuyursan? Get, dərslərini hazırla!
Amma danlağın xeyri olmurdu və mən yenə anamın gözündən oğurlanıb gizlicə kitabxanadan kitab çırpışdırırdım və xəlvətə çəkilib götürdüyüm kitabı oxumağa cəhd edirdim. Əlbəttə, buna ancaq cəhd demək olar, o kitabları mənim kövrək beynim həzm etmək gücündə deyildi. Bundan başqa, iki kitab da vardı ki, anam o kitablara əl vurmağı mənə qəti qadağan eləmişdi. Biri Drayzerin “Amerika faciəsi” kitabı idi, o biri isə Ceyms Oldricin “Diplomat”ı.
Bu kitabların ikisi də şişman və boz rəngdəydi. Yadıma gəlir, “Amerika faciəsi”nin vərəqləri arasında solmuş bir qızılgül ləçəyi vardı. Hansısa uzaq bir xatirənin nişanəsiydi... Hər dəfə bu kitablara yaxınlaşanda onların zəhmi məni basırdı, rəfdən götürüb vərəqləyir, əlimdə samballadıqdan sonra qaytarıb əvvəlki yerinə qoyurdum. Aradan illər keçdi, çoxlu kitablar oxudum, amma bu iki kitab hələ də oxunmaq növbəsini gözləyirdi.
Qəribədir, 12 yaşımda oxumaq istədiyim kitabı 27 ildən sonra oxuyası oldum. Ceyms Oldricin “Diplomat”ını yeni ilin ilk günlərində oxudum. Kitabın titul səhifəsində anamın imzası olan bu kitab öz tanış qoxusuyla məni uşaqlığıma qaytardı. Kitabı əlimə götürəndə bir anlıq mənə elə gəldi ki, indicə anam başımın üstünü kəsdirib kitabı əlimdən alacaq və deyəcək: “Bu nədir oxuyursan? Get dərslərini hazırla!”
1945-46-cı illərdə Cənubi Azərbaycanda demokratik hərəkat zamanı Rusiya və İngiltərə arasındakı mənafe toqquşmaları romanda əsl diplomat soyuqqanlılığı ilə təsvir edilib. Oldric özü də peşəkar diplomat olub və əsərdəki baş qəhrəman Mak-Qreqor müəyyən mənada müəllifin özüdür. Oldric bəlkə də yeganə ingilis yazıçısıdır ki, Cənubi Azərbaycanda baş verən hadisələr haqqında bu qədər geniş və əhatəli bir roman yazıb. Biz hərəkat dövründə İranda baş verən hadisələri bir ingilis yazıçısının gözüylə görürük. Mirzə İbrahimovun “Gələcək gün” romanı istisna olmaqla İrandakı demokratik hərəkat dövrünü əks etdirən bədii əsər tapmaq mümkün deyil. Məsələn, o dövrdə Demokratik Hökumətin (Azərbaycan Demokrat Firqəsinin) başçısı olmuş və sonralar bu tayda müəmmalı şəkildə qəzaya düşən Seyid Cəfər Pişəvərinin həyatını əks etdirən bircə roman da yazılmayıb.
Ceyms Oldric haqqında internetdə axtarış versəm də qarşıma heç bir məlumat çıxmadı. Bu əsərin latın qrafikasıyla nəşr edilib-edilmədiyini də bilmirəm. Amma düşünürəm ki, “Diplomat” oxunması vacib olan əsərlərdəndir. Burada İran valisinin, Stalinin, Molotovun, İngiltərə, İran, Rusiya səfirlərinin, İraq səmtində Kürdüstan dövləti yaratmaq istəyən separatçı qüvvələrin obrazları ustalıqla qələmə alınıb. Esseks Orta Şərqdə ingilislərin mövqelərini möhkəmlətmək üçün və rusları bu bölgədən sıxışdırıb çıxarmaq məqsədilə Moksvaya, ordan Tehrana, Təbrizə gedir. Onların əsas marağı neftdir və bu marağın təmin edilməsi üçün mövqe mübarizəsi gedir. Stalin isə olduqca sakit və təmkinli görünür və hesab edir ki, heç bir halda İranın daxili işlərinə müdaxilə etmək olmaz. İngilislər İranda müstəqil hakimiyyətin yaranmasını özləri üçün təhlükə hesab edir və inqilabi qüvvələrə dəstək verən rusların sıxışdırılmasına cəhd edirlər.
Esseks Kremldə Molotovla görüşür və onların arasındakı dialoq əslində Stalinin sabit mövqeyini əks etdirir və ingilislərin nə istədiklərini açıq-aşkar ortaya qoyur. Esseks bu görüşdə Molotova uduzur.
Esseks Molotova deyir:
-...İran Azərbaycanında şəraitin durmadan pisləşməsi bizi narahat edir. Bu əyalətdə hakimiyyəti ələ keçirən separatçıların hərəkətlərindən narazıyıq. İstərdik ki, bu məsələni sovet hökuməti ilə birlikdə yoluna qoyaq.
Molotov isə cavabında:
- Biz İranın daxili işlərinə qarışmayacağıq. Orada demokratik hərəkat baş verib, bu hərəkat bütün İrana faydalı ola bilər, - deyir.
Esseks isə deyir ki, bu, demokratik deyil, separatçı hərəkatdır. Molotov soyuq məntiqlə onun həmlələrini dəf edir: “O zaman bu müzakirənin yeri İran olmalıdır. Böyük Britaniya və Sovet İttifaqı səfirləri arasında”.
Cənubi Azərbaycanda Stalin böyük nüfuz sahibi idi və hadisələrə birbaşa təsir etmək gücündə olan yeganə şəxs idi. Oldric bu məqamların üstündən keçsə də üstüörtülü şəkildə sovet hökumətinin də eyni maraqları güddüyünə eyham vurur. Təbii ki, əsərdə ruslara, sovetlərə qarşı mənfi məqamlar olsaydı, romanın rus və Azərbaycan dillərinə tərcüməsinə imkan verilməzdi. Amma yazıçı diplomat hiyləgərliyi ilə oxucuya kifayət qədər ipucları verir. Xalq öz müqəddəratını həll etmək istəyir, şah öz hakimiyyətini qorumağa çalışır, ingilislər və ruslar isə neft uğrunda mövqe savaşına çıxıblar.
Mak-Qreqor Şərqi yaxşı bilir, vaxtilə Azərbaycanda yaşayıb, ingilis diliylə yanaşı Azərbaycan və fars dillərini də bilir. Vaxtilə İngiltərə-İran neft şirkətində geoloq kimi çalışıb. İngiltərə hökumətinin nümayəndəsi Esseks onu özüylə Mokvaya və Tehrana aparır ki, yerli vəziyyəti öyrənməkdə ona kömək etsin. Mak-Qreqor vicdanlı adamdır və sonda Esseksi ifşa edir. Özü isə Təbrizə, öz ixtisası üzrə işləməyə qayıdır.
Oldricin “Diplomat” romanı təkcə diplomatlar üçün deyil, həm də bizim üçündü. Azərbaycanın taleyi haqqındadır.