Kamal Abdulla  öz sirrini açmır...

Kamal Abdulla  öz sirrini açmır...
11 oktyabr 2013
# 09:56

Azərbaycan ədəbiyyatında öz üslubu, öz intonasiyası olan yazıçılar çox azdır. Əksər yazıçılarımızın əsərlərində bu və ya digər dərəcədə başqa bir yazıçının təsir dalğaları hiss olunur. Kamal Abdullanın yaradıcılığına bütöv şəkildə nəzər salarkən ancaq öz sözünü, öz cümləsini, öz təsvir ədasını, öz intonasiyasını görürsən. Onun “Əvvəl-axır yazılanlar”, “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı” kitabları esseistikamızın ən gözəl örnəklərindəndir. Kamal müəllimin esseləri yüksək ədəbi zövqün, geniş erudisiyanın, sağlam təfəkkür və intellektin, fenomenal beynin, iti zəkanın və əlbəttə, böyük istedadın, ədəbiyyata olan sonsuz sevginin məhsuludur.

“Yarımçıq əlyazma”ya aparan yol “Gizli Dədə Qorqud”dan, “Sirriçindən nəğmələr”dən keçirdi. Necə ki, “Sehrbazlar dərəsi”nin ilk rüşeymləri “Qərar” hekayəsindən yaranmışdı. Xatırlayıram, mən bu hekayəni 90-cı illərin sonunda “Xəzər” jurnalında oxumuşdum, hekayənin mistik aurası, fərqli dil, təhkiyə tərzi məni heyran etmişdi. O vaxta qədər dilçi alim, dramaturq kimi tanıdığım Kamal Abdullanın həm də bir yazıçı kimi kəşf etmişdim. Aradan illər keçəndən sonra çoxqatlı dildə yazılmış “Sehrbazlar dərəsi”ni oxudum və həmin o hekayənin mütaliəsindən aldığım unudulmaz təəssürat təzələndi.

Kamal müəllim çıxışlarında həmişə xüsusilə qeyd edir ki, yazıçını birmənalı şəkildə inkar etmək qeyri-mümkündür, qəbul etmirsənsə, bəyənmirsənsə, sən yalnız bunu deyə bilərsən ki, “o, mənim yazıçım deyil”. Bu mənada Kamal Abdulla mənim yazıçımdır. O, Azərbaycan dilçiliyinə, Dədə Qorqudşünaslığına böyük töhfələr verib, amma mənim üçün Kamal Abdulla öz oxucusunu sirr içində sirrə doğru aparan, sirlər labirintində buraxıb geriyə qayıdan söz ustasıdır. Oxucu üçün bu, xoş bir məşğuliyyətdir. O, sirlərini açmayan, oxucuya yaxşı mənada axtarmaq şansı verən yazıçıdır. Onun bədii mətnləri çoxqatlı sirlərdən ibarətdir. Oğulsansa, bu sirləri aç! “Dilçiliyə səyahət” əsərinin girişində oxucuya “Ardımca, mənim Əziz Oxucum!” deyə sarsılmaz bir inamla xitab edir. Zənnimcə, Kamal müəllim yeganə dilçi alimdir ki, “Dilçi olmayanlar üçün dilçilik” yazıb. Kim oxumayıbsa, mütləq oxusun!

Kamal müəllim hətta müsahibələriylə də ədəbi prosesə təsir göstərməyi bacarır. Kulis.az onun Qan Turalıyla geniş, əhatəli, olduqca məhrəm söhbətini təqdim etdi. Bu ədəbiyyat söhbətini oxuduqdan sonra içimdən Kamal Abdulla haqqında yazmaq istəyi keçdi. Bu söhbət ədəbiyyatda öz prinsiplərini çoxdan müəyyənləşdirmiş, öz üslubunu, öz dilini yaratmış bir yazıçının stixiyasını bütün aydınlığı ilə açıb göstərir. Bu söhbətdə onu Kamal Abdulla zirvəsinə aparan yolları görürük, daim narahat, ölçüsüz, məkansız, zamansız bir nöqtədə dayanıb öz əbədi və ədəbi həqiqətləriylə baş-başa qalmış Tənha Söz Cəngavərini görürük.

“Həyatdan və ədəbiyyatdan gəlmə yazıçılar” teması nədənsə, son vaxtlar çox dartışılır. Yazıçılıq sənətinə bu cür yanaşma əlbəttə, diletant düşüncənin məhsuludur. Dəfələrlə bu barədə yazıçı dostlarımızla mübahisələrimiz düşüb. Amma Kamal müəllim öz söhbətində bu məsələyə o qədər məntiqi şəkildə yanaşıb ki, həmin mülahizələrdən sonra məncə, bu gülməli təsnifat bir daha söz konusu olmayacaq.

Söhbətin həmin məqamında yazıçının verdiyi cavabdan bir iqtibas gətirirəm:

"Literaturşina"nı həyatdangəlmə hal ilə qarşılaşdırırlar. Yəni, bir yazıçı həyatın içindən gəlir ədəbiyyata, başqa yazıçı isə həyatın içindən gəlmir, ədəbiyyatdan gəlir... ədəbiyyata. Qüsura baxmayın, cümlənin gülməli olması, ona qoyulan mənanın gülünclüyü ilə bağlıdır.

Kimlərinsə bu şəkildə yarlıq vurduğu yazıçılar guya kitab oxuya-oxuya gəlib yazıçı olublar. Onlar həyatı bilmirlər. Həyatı kitabdan öyrəniblər, həyatın özündən deyil. İttihamçılar bir az da səmimi olsalar, boyunlarına alarlar ki, onlara görə bu miskin adamlar yazmaq istəyirdilərsə, gərək hökmən kənddə doğulaydılar, şəhərdə asfalt üstündə gəzə-gəzə onlar torpağın qədrini bilə bilməzlər. Qərəz, kənd barədə real təsəvvürü olmayan, həyatı əzab-əziyyətdən keçməyən biri əsl ədəbiyyat yarada bilməz. Onun yaratdığı nə olacaq? Literaturşina olacaq! Yadınıza gəlirmi, belələri hətta sovet dövründə məcburi "məzuniyyətlərə" göndərilirdilər. "Fəhlədən yazırsansa, gərək məzuniyyət götürüb gedib zavodda bir neçə ay fəhləni müşahidə edəsən" kimi sosrealizm ədəbazlıqları yadınızdamı??!”

Kamal müəllim bu söhbətdə dil və üslub məsələlərinə də kifayət qədər aydınlıq gətirir. Bu haqda geniş yazmağa hacət görmürəm. Ən yaxşısı, həmin müsahibəni oxumaqdır.

Bir kitabın mütaliəsindən alınan zövqü heç bir duyğu əvəz edə bilmir. Kamal Abdullanın Qan Turalıyla söhbəti mənə bir kitabdan, gözəl bir əsərdən aldığım zövqü yaşatdı. Bu söhbətdə yazıçı bir sıra böyük mətləblərə aydınlıq gətirir. Amma... yenə öz sirrini açmır...

# 2526 dəfə oxunub

Müəllifin son yazıları

# # #