Ceyms Coysda Allah olmaq iddiası – DÖRDÜNCÜ YAZI

Ceyms Coysda Allah olmaq iddiası – <span style="color:red;">DÖRDÜNCÜ YAZI
21 avqust 2017
# 17:30

Kulis.az İradə Musayeva “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edim.

Tanrısını axtaran tükənmiş bir fahişə zamanındayıq…

Əgər Sokrat evindən bu gün getsə, özünü düşüncələrinin

qapısının ağzında oturmuş görəcək, əgər Yahuda bu

gecə yola çıxsa, addımları onu Yahudaya aparacaq...

əvvəli burda

IV məqalə

Qəzetlərdə bir çığırışma həyəcanı yaşanır. Eynən bu günün mətbuatının ab-havası... “Yandı”, “Öldü”, “Zorlandı”, “Qətl edildi”, daşqın, zəlzələ, müharibə... Coys onu düşündürən sualları hər yerdə səsləndirə bilir, istər romanın məzarlıq səhnəsində, istər sevişmə çarpayılarında, istər qəzet reklamlarında, Dublin küçələrinin səkilərinə çəliyini çırpa-çırpa işıq, qapı, labirintdən çıxış yolu arayan bir kor yolçunun əlhavası keçdiyi tinlərdə, Blumun xəyallarında, istərsə də Stiven Dedal, Buck Mulligan, John Eglinton, Mr. Best, Kitabxanaçı və başqalarının ədəbiyyat müzakirələrində... Şüur axını maneəni və qayda-qanunu, didaktikanı, diktəni, yönləndirməni heç sevməz, istədiyi yerdə öz “çıxış”ına başlaya bilər...

Romanın bir yerində ədəbi söhbətlər zamanı belə bir fikir səsləndirilir: “İrlandiyalı yazarlarımız hələ də saksoniyalı Şekspirin Hamletinin yanına yerləşdirilə biləcək bir qəhrəman yaratmadılar...”

Coys bir yazıçı kimi çox iddialı və cəsarətli idi. Ona görə də o filosoflar, dini təlim, fəlsəfi-estetik nəzəriyyə məktəblərinin fikir, düşüncə başçıları, baniləri və Homer kimi klassik ədəbi meyar, eləcə də ədəbiyyatın Şekspir fırtınası qarşısında öz ədəbi-nəzəri manifesti ilə çıxış edə bildi. “Uliss” onun modernizm mərhələsində postmodern estetikanın formasızlığını, nizamsızlığını, azad ədəbi-intellektual düşüncə süjetini (bəlkə də süjetsizliyini) təqdim edən manifesti, ədəbi bəyannaməsi idi. Modernizmdən sonra yox, elə modernizm zamanında, modernizmin içərisində postmodernist düşüncə modeli qoydu ortaya... Bu əsərdə XX əsrin mövcud modern təfəkkür forması qəliblərini də aşa bilən fərqli bir modern estetika vardı... Nəinki “Hamletin yanına yerləşdirilə biləcək bir qəhrəman”, hətta onu – Hamleti təhlil edən, belə demək mümkünsə, sıxıb-sıxıb suyunu çıxaran şüur gücünün ifadəçilərini – “tədqiqatçı”, “təhlilçi” obrazlarını yaratdı... Romanda Coysun bir Şekspir mövzusu var. Onun qəhrəmanlarını öz qəhrəmanlarının (John Eglinton, Stiven Dedal və başqalarının) dili ilə mühakimə edir. Hamleti, onun sui-qəsd nəticəsində öldürülən atasını, günahkar anasını (ümumiyyətlə, romanda xeyli sayda günahkar qadın obrazları var), Şekspir şəxsiyyətini və yaradıcılığını... “Biz kulisə-dahilərin pərdəarxası obrazına, arxa qapıdan həyatlarına girməməliyik. Ortada dahi Şekspir və ən azından onun “Kral Lir”i var” - deyirlər. Aristotel, Platon, Budda və başqa bu kimi tarixi, fəlsəfi düşüncə sahiblərinə günün adamlarının nəzəri ilə baxılır. Özünü yenidən yaratma, özünü doğma, oyanma, özünüdərk nəzəriyyələrinə məqamı düşdükcə müraciət edilir. Çünki Blumun, Stiven Dedal və başqalarının özünütapma, özünə, şüuruna tapınma missiyası var. “Banan ağacının altında Budda hökmünü sürür. Ruhları çəkib udan, ruh girdabı... Kişi ruhları, qadın ruhları... Bu ruhların sürüsünə bərəkət... zar-zar ağlayanlar girdabda elə hey göz yaşı tökərlər. Uzun sözün qısası, illər boyu bu ət torbasında bir dişi ruh qaldı”. Coys istehzası havaya atılan güllə təsiri bağışlamır, əsrlərin tarix və mifoloji yaddaş kitablarına, dini inanc kultuna əsaslanaraq söyləyir fikirlərini...

Coys daha çox teoloji antropologiya nöqteyi-nəzərindən insanın ilahi varlığa münasibətini araşdırırdı. Yer üzündə günahkar-günahkar gəzən insanın ilahi başlanğıcla əlaqəsini tapmaq istəyirdi. İnsan yarandığı gündən bəlkə özündən qaçmaq uğrunda mübarizə aparıb. Coys insanın başını içərisinə doğru əyirdi və sanki deyirdi: Özünə bax! Coys insanı öz şüuru ilə üzləşdirdi... Sən böyüksən, dünyanı başında gəzdirən bir varlıq! Amma acizsən! Tarix, eyni çevrədə təkrarlanan zaman sənin ruhun və cəsədinlə oynayır... Burda görünməz bir əl var. Coys qaranlıqda da olsa bir korun tutacaq yeri axtarışına bənzər axtarışla bu idarə edən əldən yapışmaq istəyirdi... İnsan özü-özündən qorxur, utanır, bezir və elə hey “nəsə...”-deyib qaçır. Amma hara? Təbii ki, bu qaçış və qayıdış yenə “dairə məntiqi” ilə qapanırdı. “Biz öz içimizdən qaçdıqca, oğrularla, ruhlarla, divlərlə, qoca , cavan, qarılar və dullarla, gənc bir aşiqlə, amma elə hey özümüzlə qarşılaşırıq…”

“Uliss”də bir Allah axtarışı, həm də ateistik yanaşma metodu var. “Kralıma xidmət etdiyim kimi Tanrıma xidmət etsəydim məni tərk etməzdi...” İnsanı Allahla əlaqələndirən, ruhbirliyi ideyasını təlqin edən axtarış. Fəqət, bu yanaşmada o birmənalı mövqe tutmur. Dili dualı, qəlbi inanclı qəhrəmanları, sərt inkarçı obrazları sözlər üzərində deyil, ideyalar, əqidə, məslək fərqliliyi kontekstində mübahisə edir. İnsan yorulub, tükənib, günah gölündə üzür. Günahdan, zinadan yorulmuş bir fahişə, “fühuş dövrü”nü yaşayan bəşəriyyət qiyaməti, axirət haqq-hesabını gözləmək istəmir. Bu gün, elə bu an kimliyini, İlahi başlanğıcını bulmaq arzusundadır. “Tanrısını axtaran tükənmiş bir fahişə zamanındayıq…” “Uliss”də vədlərdən, günah təkrarlarından, tövbələrdən və “ölüb-dirilmə mexanizmi”ndən bezmiş bəşəriyyətin şüuru, düşüncəsi, sualları ilə üsyanı, ayağa qalxması intibahı var. Simvolik olaraq kilsədə ibadət zamanı bir tövbə edən fahişə təsvir edir. Bu qadın, günahkar başlanğıc, günah etdiyi üçün yerə endirilən bəşər mövcüdatına ironik bir misaldır. “Mən necə düz yola gəldim?”-mövzusunda çıxış edən bu fahişənin tövbələri hər gün günah edib, dualarla yuyunmaq istəyən insanların ümumiləşmiş obrazıdır həm də... Coys milli, irqi, cinsi, sosial ayrılıqlar ampluasında deyil, “Allah və insan” kontekstində çözmək istəyir suallarını. Baxmayaraq ki, dediyimiz milli, irqi, cinsi və s. kateqoriyalarla da bağlı mövzu daxil edib mətninə... Mütaliə prosesində diqqət etsəniz onda İrlandiya, Dublin sevgisi və unudulmaqda olan İrland dili ağrısı, təəssübkeşliyi görəcəksiniz...

İnsanın ali məqamı, fövqəl mövqeyi, ilahi başlanğıcla, Allahla ruhi yaxınlığı haqqında orta əsrlər şərq fəlsəfəsində və ədəbiyyatında, xüsusən, sufizmdə intibahi bəyanatlar verilmişdi. Bu yanaşma qərb ədəbi-estetik düşüncəsində və fəlsəfi nəzəriyyələrdə XIX əsrin II yarısında, daha sonra isə XX əsrin başlanğıcında modernizm estetikasında davam etdirildi.

Əhdi-Cədiddә teoloji antropologiyaya (bədən və ruh elmi-İ.M) әn çox toxunan Hәvari Pauldur. O, insan bәdәnini Allah tәrәfindәn yaradılan mәbәd (Ruhun mәskәni) vә möminlәrin bәdәnlәrini Mәsihin bәdәninin üzvlәri hesab edirdi:

“Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir?...”

“Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz”.

Hәvari Platondan fərqli olaraq insanın fiziki tәbiәtinə mәnfi yanaşmır, əksinə, Tövratın da təsdiqlədiyi kimi, müsbәt yanaşır. Can vә bәdәn canlı vәhdәt tәşkil edir; insan ölәndә mәhv olan vә dirilmәdә bәrpa edilәcәyi gözlәnilәn bu can-bәdәn vәhdәti Әhdi-Cәdiddә “cismani tәbiәt” adlandırılır. İnsanın yüksәk tәbiәti ruhdur. İnsan bütövlükdә ruh vә “cismani tәbiәt”dәn (prixofiziki can-bәdәn vәhdәti) ibarәtdir...

Bibliyaya əsasən, ölümə və əzab-əziyyətlərə düçar olan fani bəşərin taleyi çürüməzlik, ölməzlikdir. Bəşərlə birlikdə bütün yaradılış da puçluğa təslim edildi və əziyyətlə doğuş ağrısı çəkir. Lakin yaradılış azad olacağını ümid edir. Bəşəriyyətin və bütün canlı aləmin son düşməni olan ölüm aradan götürüləcək və Allah hər şeydə hər şey olacaqdır”.

Leopold Blum ölmüş bədənlərlə bizim - dirilərin müxtəlif cür davranmasının, onların fərqli şəkildə dəfn edilməsinin nədənini çözür. “Ölüləri yandırmaq daha yaxşı... Amma rahiblər bunun tamam əksinədir. O biri firmaların reklamçıları bunu təbliğ etməyi yaxşı bacarırlar. Sobada və Hollandiyada yandırılma cəmiyyətləri, agentlikləri... Xəstəlik dönəmləri, onları yandırdıqları hələ də sönməmiş əhəng quyuları... Ölüm otaqları. Torpaqdan yaradıldıq, torpağa dönəcəyik... Bəs dənizdə dəfn edilsək? Haradaydı Parsinin o sükut qalası? Quşlar yeyib bitirdi... Torpaq, su, od... Deyirlər ki, ən zövqlüsü boğulmaqdır... Bütün həyatın bir anda gözünün önündən keçir... Həyata dönmək? Amma yox... Bircə havada dəfn edilmək olmur. Uçan bir maşından bayıra... Yəni, kimsə o biri dünyanı təsvir edəndə, maraqlıdır ki, bu xəbərlər yayılırmı? Yeraltı əlaqələr... Bunu onlardan öyrəndik. Gərək qətiyyən çaşmayasan... Hər gün qarınlarını yaxşıca doyururlar... Ölən kimi milçəklər uçuşurlar üstündə. Diğmanın qoxusunu almışdılar...”

Mister Blum həm də şəxsi həyatında baş verən kədərli hadisələrin süjetini qoşur düşüncə axınına. Arvadı Molly ilə bağlı hadisələr (xəyanət xəbəri və s.) sıxıntısını bir az da artırmışdır. Qadın-kişi münasibətləri, sevgi, xəyanət, sədaqət, nifrət və s. bu kimi hisslərin şüur analizlərində çözümü... Keçmiş daha xoş assosasiyalıdır. Yenə də bu assosasiyanın bir “sabun” detalı var. Millini çimizdirdikləri o uzaq günlər, amerikan sabununun qoxusu yayılmış hamam... “Əcəba, mən o vaxtlar bəlkə daha xoşbəxt idim? Yoxsa indi? 28 yaşım vardı, o da 23-ün içindəydi...Lombard Street Westdən köçdüyümüz zamandan bəri çox şeylər dəyişmişdi. Rudynin ölümündən sonra artıq zövq-mövq qalmadı. Zaman geri dönməz ki... Suyu tutmaq kimi bir şeydi... Görəsən dönmək istəyirəmmi o günlərə? O zamanlar yenicə başlamışdı, istəyirsənmi? Sən yuvanda xoşbəxt deyilsənmi, yaramaz uşaq? Düymələrini tikmək istəyir... Cavab yazmalıyam. Kitabxanada yazaram...”

“Uliss” mətni həm də düşüncə paradoksallıqları, xüsusən də, insanın fiziki və mənəvi tərəflərinin müqayisəli şəkildə qarşılaşdırılması, analitik təhlillərə çəkilməsi baxımından dərin mahiyyət daşıyır. Romanda bir “ruh, düşüncə, psixoloji ovqat, mənəvi əzablar-bədən, fiziki, fizioloji, instiktiv istəklər və cismani həzz, nəfs dilemması” adlı dramatik sitüasiya da mövcuddur. Düzü-dünyanı öz sehrinə alıb dolaşan şüur çox zaman bədənin təbii istəklərinin əmri ilə “Stop!” əmrini alır. Məsələn, Blum başında bir dünyalıq fəlsəfi düşüncələri ilə Dublin küçələrini dolaşarkən, iradəsi qəflətən cisminin “dadlı bir yemək” və “isti, dolu bir qadın bədəni” tələbatına tabe olur. Mədə və şəhvani nəfs hökmü, hikkə diqtəsi şüuraltı tapşırıq kimi icra olunur. “Qoy bir qarnımı doyurum!”-deyə gözü restoran arayır. Və ya ruhlar, o biri dünya, ölməzlik və s. bu kimi fəlsəfi düşüncələrin pik həddində qeyri-iradi olaraq əlini yelləyir: “cəhənnəm olsun bunlar hamısı nə qədər ki sağam bu dünyanın ləzzətlərindən istifadə etmək lazımdır”. “Hələ görəcək, dinləyəcək, hiss edəcək çox şey var! Yanındakı canlı, ilıq varlıqları hiss etmək!... Əşşi getsin o ölülər öz qurdlu yataqlarında yatmağa davam etsinlər...”

Bu dəfə də belə oldu. Blum bir neçə dəqiqəlik “Uiliss səyahəti” kontekstindən çıxdı, bir kişi, bir erkək intuisiyası və refleksi ilə öz fizioloji aşağılığına qədər endi. Bu enmənin özü də ikipilləli oldu. Əvvəl qadın arzuladı. “bir qucaq qadın qoxulu sevişmə”, “ilıq, isti, dolu bədənlə qucaqlaşma”... Acmış bədənin istəkləri... İkincisi isə bu acmış bədənin “mədə” adlı əjdahasının hay-küyü, yemək istəyi... Hətta qadınla sevişmənin estetik tərəfləri olsa da, o ikinci plana düşdü. Mədə istəyi keçdi birinci yerə: “Birinci yemək yeməliyəm!”

“Birinci İsti, dolu bir bədən istəyi girdi beyninə. Beyni ona əmr elədi. Qucaq dolusu qoxu hər tərəfi bürüdü. Acmış bədəniylə gizli, için-için sevişməyi arzuladaı. Duke Street, gəldik çıxdıq... Birinci yemək yemək lazımdır. “Burton”da ürəyimə yatar... Cambridgen tinini dönərkən, hələ də izləməkdədirlər... Şakırtısı tok, tok nal səsləri... Ətirli bədənlər, ilıq, dolğun... Fərq qoymadan hamısını öpdü: kimsəsiz yaz tarlalarında, əzilmiş otların, çəmənliklərin üstündə, kasıb binaların dəhlizlərində, divanlarda uzanmış vəziyyətdə, cırıldayan çarpayılarda.

- Jack, sevgilim!

- Həyatım!

Öp məni, Reggy!

- Erkəyim!

- Sevgilim!

Ürəyi ağzına gəldi, Burton restoranının qapısına çatdı. Kəskin qoxular titrəyən nəfəsini kəsdi. Sərt qoxulu ət suyu, xaşlanmış yaşıl səbzilər, mal ətlərinin tıxışdırılmasına bax hələ... Erkəklər, erkəklər, erkəklər...”

John Eqlinton qınayıcı əda ilə deyir ki: “- Bizim gənc irlandiyalı ozanlarımız bütpərəstlikdən bu yana dünyanın, saksoniyalı Şekspirin, yaşlı Ben kimi mənim də heyranı olduğum Hamletinin yanına yerləşdirə biləcəyimiz bir qəhrəman yaratmadılar hələ də...

- Bütün bunlar sırf akademik problemlərdir, - deyə oturduğu sakit guşədən dilləndi. Dediyim odur ki, Hamlet istər Şekspirin olsun, istər İ.James, ya da Essex olsun. Kilsə mənsublarının İsanın tarixi kimliyi üstündə mübahisəsidir... Sənətin bizə bir sıra düşüncələr, mənəvi təkamül aşılayan təsirləri lazımdır. Bir sənət haqqındakı ən xoşa gələn sual nə dərinlikdə bir həyatilikdən tüğyan etməsidir... Gustave Moreaunun tabloları düşüncələrin tablolarıdır. Shelleyin ən dərin sirləri. Hamletin sözləri zehnimizi ölümsüz hikmətlə Əflatunun düşüncə aləmiylə əlaqələndirir. Bundan kənarda nə varsa adi bir tələbənin oxuduğundan başqa bir şey deyil...

- Professorlar da bir zaman tələbə olmuşlar, -dedi Stiven. Aristotel bir zamanlar Əflatunun tələbəsiymiş...

- Və elə də qalmışdır. Zənnimcə, - dedi John Eqlinton və sükuta daldı...”

İnsanın öz içindəki tərəddüdləri, dəyişimləri, həyatının ortasındaca, ömrünün yarısında belə yeni sifətlər qazanma zorluluğu, günah, ilk günah, zina və s. bu kimi sualları cavablandırmağa çalışır Coysun qəhrəmanları. İçindən sürgün olunan insanlar hara gedir? Özlərinə doğru... Və hardasa özləri ilə üz-üzə gələcəklər... “Meterlink (Belçika dramaturqu və esseisti-İ.M) deyir ki, Əgər Sokrat evindən bu gün getsə, özünü düşüncələrinin qapısının ağzında oturmuş görəcək, əgər Yahuda bu gecə yola çıxsa, addımları onu Yahudaya aparacaq...”

“Uliss” əsərində hadisə, əhvalatlar, macəralar yox dərəcəsindədir. Düşüncənin, bir günlük şüur axınının tarixcəsi, nağılı, romanı var. Sevginin, xəyanətin, ölümün, dostluğun, siyasi riyakarlıqların və s. özü yox, onlar haqqında beyinlərdəki yozumlar, düşüncələr çözülür. Kinayə isə hər fraqmentin mayasında özülündədir. Məsələn, bir tərəfdən iribuynuzlu mal-qaranı xəstəlikdən xilas etmək üçün tədbirlər görülıür, heyvansevərlilik canfəşanlığı nümayiş olunur, o biri tərəfdən həmin heyvanların kəsilməsi, beyinlərinin baltanın altında əzilməsi, kəllələrin soyulması, yeməkxanalarda ləzzətlə marçıldadılan ağızlar təsvir edilir. Qəssab dükanında həmin heyvanların ətlərini, içalatlarını almaq üçün növbəyə düzülən adamların davranışlarının daha çox instiktiv, heyvani refleksli olması əks edilir. Romanın əvvəlində Blumun arvadı Molly ilə bağlı bir fraqment getdi. Məktub, sevgi və sədaqət, xəyanət, itirilmiş ailə ocağının istisi və s. bu kimi ağrıların yaddaşımıza ötürülən mesajları isə mütəliə uzunu şüuraltımızda tez-tez baş qaldırır. Çünki, hadisələrin yox, məhz haqqında bəhs edilən dəyərlərin və ya dəyərsizliklərin barəsindəki düşüncəyə ilişib qalırıq. Düşüncənin romanı... Coys özü Fransız simvolist rəssamı Qustav Moreaunun haqqında romanda belə bir fikir səsləndirir: “Onun əsərləri düşüncələrin tablolarıdır...”

Doğrudan da düşüncənin tablosu, düşüncənin rəngləri, hərarəti və soyuğu, düşüncənin musiqisi, düşüncənin romanı da olurmuş. Modern sənət məhz daha çox bu obrazın (düşüncənin) haqqında düşündü. “Düşüncə sənəti”, düşüncəni rənglər, musiqi, sözlə insan obrazının özündən də yuxarıya qaldırmaq... İnsanı sənətin qəhrəmanına, əsil, aliməqam qəhrəmanına çevirmək üçün onun özü, zahiri, fizioloji forması, macəraları, hadisə sicilləmələri ilə deyil, ağlı, düşüncəsi, hissi, duyğuları, ruhu ilə böyütmək... Amma bütün bunları qəhrəmanının şüur axınına buraxmaq yeniliyini isə, əlbəttə Coys etdi.

Coys bir günlük zamanın müddətini unutmadığını da arada vurğulayır. Bir az əvvəl Blum saat günorta iki olduğunu bildirdi. İndi isə üçə beş dəqiqə qalıb: “Möhtərəm baş rahib John Conmee S.J.kilsədəki qapalı bölmədən aşağı enərkən parıldayan saatını yenə qoltuq cibinə yerləşdirdi. Üçə beş dəqiqə qalmışdı...”

Romanda şeytani bir qüvvənin enerjisini də duyuruq. Şəri, qaranlığı, inamsızlığı, üsyankarlığı təlqin edən, şüur axınına qoşulub, şübhə toxumu səpə-səpə onu müşayət edən bir coysvari iblislik... Amma bu iblis A.F.Hötenin, M.Y.Lermantovun, H.Cavidin, M.Bulqakovun iblisinə bənzəmir. Bu daha məkrli, daha “siyasətcil” və daha “tədbirli”dir. Adlarını çəkdiyim müəlliflərin əsərindəki kimi ortada qan-qada yaya-yaya, açıq-aşkar fitnə törədə-törədə gəzmir bu iblis... O iblislər az qala real varlıqlar kimi fiziki qiyafə, ad, obraz qazanır mətnlərdə. Məsələn, M.Bulqakovun “Master və Marqarita” əsərində Voland kimi konkret obraz deyil. “Master və Marqarita”da şəhərdə öz dəstəsiylə meydan sulayan İblis iş başında təsvir edilir. Coysun iblisi çox hallarda onun öz şüuruna da virus salır, onu asi olmağa vadar edir. Bu iblis həm də ona görə gözəgörünməzdir ki, şüurlarda yerləşdirib özünü. Şüur axınının istiqamətini küfrə yönəldir. Az qala bütün obrazların şüurunda vəsvəsəsini altdan-altdan ötürən (şüuraltı vəsvəsə) şübhə və inkar mahiyyətlidir... Diqqət etsəniz bütün dialoqlarda, təsvir və təhkiyə intonasiyasında şeytani təkəbbür, nifrətli, istehzalı, acı münasibət təlqin olunur. Bulqakov romanını Coysdan 14 il sonra, 1928-ci ildə yazdı. Amma onların bu mifik qüvvəyə münasibətləri tamamilə fərqli idi. Bulqakov bütün obrazlarını və ideya gücünü iblisə qarşı çevirmişdi. Coys isə, əksinə, iblisi bütün qüvvələrin, hətta Tanrının belə üstünə göndərmişdi. İblisanə şübhələr və satirik məzmunlu aşılamalarla... Coysun insanı qəddar, hissiz, duyğusuz, sevgisiz adamlar deyildi. Amma onun təsvir etdiyi sevgilərdə ülvilik, ilahi, mənəvi dəyər daşıyan çalarlar yox dərəcəsində idi. İstər valideyin və övlad, istərsə də ər və arvad, kişi-qadın arasında... Stiven Dedalın asiliyi, ateistliyi onu valideyin qarşısında da günühkar edir. Əsərin əvvəlində Buck Mulligan onu anasını öldürən oğul kimi suçlayır. “Anan ölüm ayağında sənə yalvardı ki, onun üçün dua et, etmədin, anasını öldürən oğul...”

Günah mövzusunun çözülməsi də maraqlıdır. Ruh etibarilə Tanrı ilə qohum olan insanın əxlaq qanunları bəs niyə tanrınınkı ilə üst-üstə düşmür? Niyə elə “Hər şeyi Tanrı bilir?”- sualını roman boyu dönə - dönə təkrarlayır: “Gəncliyini itirmiş dalğın bir qadın, Mary ilk Belvedere Kontesi, Loch Ennel küçəsində təkbaşına gedirdi, axşamüstü dalğın-dalğın, bir su samuru suya atıldığı kimi baş alıb gedirdi... Həqiqəti kim bilə bilər? Doğrudanmı o ərinin qardaşı ilə zina etmişdir? Ejaculatio seminis inter vas naturale mulieris! Nə qısqanc Lord Belvedere, nə də ona günah çıxaran papaz bilməzdilər ki, günah işləməyən qadınlar haqqında ağızlarına gələni danışırlar... Sadəcə Allah bilirdi, bir də qadınla o adam-ərinin qardaşı... Peder Conmee, insan nəslinin yer üzündəki qanunları üçün gərəkli olan bağların sağlam olmaması və bizim əxlaqımıza uymayan Tanrı əxlaqı haqqında düşündü”.

V.Nabokov “Uliss”dəki sevgi mövzusunu nəinki seks, hətta daha qeyri-etik, qeyri-insani bir fizikiliklə müqayisə edir. Tualet qayda-qanunları formasında tənzimlənən ünsiyyət... Cinslərin bir-biri ilə bağlılığı ruhi-ilahi, plotonik məhəbbət səviyyəsində deyil, fiziki, bədən instiktinin tələbatı aşağılığındadır: “Blumun zehnində və Coysun kitabında seks teması sürəkli şəkildə tualet teması ilə çulğalaşır. Allah da bilir ki, romanda səmimiliyin, açıq sözlülüyün əleyhinə deyiləm. Əksinə, məncə, açıq sözlülüyümüz azdır, əlimizdə olan nümunələrsə kitab klublarının sevdiyi, həmin klublara üzv olan qadınların ev heyvanıtək əzizlədiyi sözdə sərt yazıçıların istifadə etdiyi kimi banal və bayağıdır. Amma buna etiraz etməliyəm: Blumu deyəsən adi vətəndaş elan ediblər. Adi vətəndaşın fikrindən ancaq fizioloji şeylərin keçməsi doğru deyil. Mən burda iyrəncliyə yox, sürəkliliyə etiraz edirəm. Dediyim kontekstdən baxanda, bu patologiyaların hamısı süni və lazımsız görünür. Aranızdan mədəsi həssas olanlara məsləhət görürəm ki, Coysun bu çox özəl məşğulliyyətini tərəfgirlik etmədən dəyərləndirsin”.

Blumla arvadı Mollynin münasibətlərini çözdükcə daha dərin fikirlərə qərq oluruq. Q.Q.Markesin “Patriarxın payızı” romanında qoca patriarx, despot hökmdar bütün sahələrdə olduğu kimi qadına münasibətdə də zorakı və heyvani reflekslidir. O əlaqədə olduğu qadınların hətta üzünü belə görmür çox zaman. Onun üçün qarşısındakı qadının obrazı, ruhu, düşüncəsi, sevgisi, zövqü və estetik portreti qətiyyən maraqlı deyil. Hətta inək sağan, heyvanları yemləyən vəziyyətdə olan qadınlarla da cinsi əlaqədə ola bilən bir zorakı tip, despot obrazı yaratmaqla Markes diktatorluğun fizioloji anatomiyasını açır. “Uliss”də isə bu münasibətin bir az başqa forması ilə tanış oluruq.

Romanda istənilən bir nüansın düşüncədəki problemlərlə mahiyyət baxımımndan əlaqəsi yaradılır. Blum arvadının başqası ilə münasibəti haqqında artıq məlumatlıdır. Günün əvvəlində arvadı üçün kitab almaq haqqında danışmışdılar. Kitab mağazasında Blumun vərəqlədiyi, üstünü oxuduğu zaman adlar, başlıqlar belə mövzunun açılmasına kömək edir. “Blum kitabları təkbaşına, satıcıların köməyi olmadan seçməyə başladı. James Lovebircin “Gözəl və zalım”ı. Ondan xəbərim var. Almışdım? Hə... Kitabı açdı. Oxumuşdum. Çirkli pərdənin arxasından bir qadın səsi:

-Nə deyir?

- Yox onu istəmir. Deyir ki, bir dəfə alıbmış.

Başqa kitaba baxdı: “Günah və həzz”... Hə, bundan xoşu gələ bilər, baxaq...

Barmağını sətirlərin altında gəzdirərək oxudu:

- Ərinin ona verdiyi bütün pullara mağazalardan özü üçün ən bahalı ətirlər, üzük-sırğa və başqa bəzək əşyaları alardı. Onun üçün! Raoul üçün!

Bəli… bax bu… Baxaq… Bunu almaq lazımdır…

Samur kürkünü çıxarıb kənara atdı. Çiyinlərini və enib-qalxan sinəsini nümayişkaranə şəkildə göstərdi sanki... Kişiyə doğru döndü, şahanə bir təbəssümlə hərəkətə gəldi...

Blum oxumağa davam etdi: Gözəl qadın...

Bədənini ləzzətli bir ilıqlıq bürüdü, vücudu ürpəndi... Qırışıq paltarının altından bədən üzvləri sanki baş qaldırdı, gözünün ağı itdi, burun dəlikləri ehtirasla açılıb yumuldu...

- Bunu alıram

Dükançı yol çəkən, kitaba zillənmiş gözlərini qaldırdı.

- “Günah və həzz!”, -deyib kitabın üstünə əlini çırpdı.

- Yaxşı kitabdır...”

17.08.2017.

# 1119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #