Kulis.az tənqidçi İradə Musayevanın “Salam Sarvanın absurd şeirləri...” yazısını təqdim edirik.
Orda qapı yoxdu, niyə döyürsən?
S.Sarvanın “Heykəl tənhalığı” kitabı haqqında
(Bakı, Qanun nəşriyyatı, 2017 )
Hər şairin poeziyasını səciyyələndirən, onu özünəməxsus obrazı ilə yaddaqalan edən təkcə vəzn, üslub, məcazlar sistemi və digər sənətkarlıq xüsusiyyətləri deyil. Bəlkə də daha çox həmin şairin müraciət obyekti və ünvanlarıdır. Ünvan - ruhun və hissin, düşüncənin can atdığı məkanlar, məqamlar...
Dünya poeziyasında, ümumiyyətlə, ədəbiyyatında və incəsənətində “qapı” simvolu həmişə çoxmənalı olub. Professor R.Kamal “Hamımız qapıyıq” essesində yazır: “M.Eliade (sitatın məzmunu yadımdadır) qeyd edirdi ki, insan ilahi və bəşəri dünyaları yalnız vəhdətdə dərk edəndə onu müqəddəs dünya kimi qəbul edir. Bu dünyaları ayıran və birləşdirən bir qapı var. Yuxarıda hansısa bir qapı olmalıdır ki, tanrılar Yerə enə bilsinlər, insan da simvolik olaraq Göyə qalxa bilsin.”
S.Sarvanın da “qapısı” məişətdəki qapılardan deyil, o da Yer, Göy, insanın özündən özünə, içinin dərinliyinə, o dünya, bu dünya və daha uzaqlıqlara açılan keçid kimi təqdim olunur. İnsandan insana da bir qapı olmalıdır, amma şair bu münasibətdə də qapısızlıq, üstündə qapı şəkli çəkilmiş “kor divar” əngəli ilə rastlaşır. Onun dillər əzbəri olmuş “Min ildi qapım döyülür, aç gör kimdi bu GƏLMƏYƏN?” misrasından həm də yadımda bir “GƏLMƏYƏN” nisgili qalıb. Salam Sarvanın “qapısı” bəzən F.Kafkanın əsərlərindəki döyülməyən, açılmayan, qıfılı pas atmış, kandarında illərlə gözləyən, ümidi ölmüş insanları aldadan, üstündə sanki “ümid yoxdur” bildirişi yazılmış qapılara bənzərlik görürük. Və belə məqamlarda şair əsəbi tonla soruşur: Orda qapı yoxdur, niyə döyürsən?
Özünü yandırma yaşların üstə,
Bu başı, ürəyi boşların üstə...
Bir gün asacaqlar başları üstdən
Ya o cəsədini, ya bu şəklini.
Başın xarabdırmı bəyəm, döyürsən:
Yer qalıb, başını göyə döyürsən...
Orda qapı yoxdu, niyə döyürsən
Divara çəkilmiş qapı şəklini?!
Onun poeziyasında sözün leksik və qrammatik məzmunu inkar şəkilçilidir. Orda hər şey sanki “yox”, “deyil”, sözləri və “ma-mə” şəkilçisi ilə tənzimlənir: Dayan bir dəqiqə, bir “yox” de mənə...
Və aldadıcı bir göndəriş var. Şeirin əvvəlində deyir ki, get qarşıla! Şeirin sonunda isə boşluğa, heçliyə, ümidsiz qapıya ünvanlandığının fərqində oluruq. Burda yollar da çarpazlaşır, yan-yana, üz-üzə dayanmalar yox, ayaq saxlamadan ötüb keçmələr var... Lakin bu “ötüb keçmə” ötəriliyinin də xatirəsi, kədəri çökür şeirin ovqatına.
Dayan bir dəqiqə, bir “yox” de mənə.
Hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
Ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək...
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki, sonuncu teleqramım.
Mən gələr olmadım, yolu qarşıla.
Başqa bir şeirində isə onu yenə simvolik bir naməlumluğa göndərir. Gedişin marşrutunu izləyirsən dairədə qapanır hər şey:
Bizimki çoxdan qurtarıb...
Çoxdandı mən səndən çıxıb gedirəm.
Sən də məndən çıx get.
Get çat mənə.
Və ya, hansı ünvanasa məktub göndərilir. Amma necə?
Hər gün neçə məktub yazıb cırıram,
Cırıb tullayıram poçt qutusuna.
Bu sevda sahibinin qəribə məktubları kimi, qəribə də hədiyyələri var:
Sənə kağızdan qayıq, sənə kağızdan çiçək,
Sənə kağızdan şeir düzəldib bağışlaram.
Salamın şeirlərini “absurdluq poeziyası” adlandırardım. Hər misra, hər bənd, parça özünüinkar, “hə və yox”, “olar-olmaz” dilemmasının tərəddüdü, ziddiyyəti nöqtəsində səslənir sanki. Növbəti şeirə diqqət edin, nə qədər absurdluq var:
Nə qalan kimi qalıram,
Nə gedirəm gedən kimi.
Bir yekəpər Ölüm gəzir
Yanımda cangüdən kimi.
Burada “qalmaq və ya getmək” antiliyi “Ölüm, ya qalım?” sualı qədər fəlsəfidir. Və çox gözəl bir poetik ağrı... Ölüm adlı cangüdəni var, hər anını izləyir, onu qoruyur... Yenə də absurd bir məqam: yıxılmış ağacın başına dırmanmaq, qalxmaq adıyla yerə enmələr!
Deyəsən dəli oluram,
Qılan yox əlac başıma:
Gövdəsindən dırmaşıram
Yıxılmış ağac başına.
Növbəti bənddə isə başımız “sökmək-tikmək”, “təsəlli və düzəlməmək” antonim mənalılığında daha bir kilidli qapıya dəyir:
Ya sök, ya tik, nə fərqi var,
Bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
Darıxma, düzəlməyəcək!
Poeziya ruhun həzin titrəyişidirsə, orda ağrı da, təbiətin həzzi də, sevgisizlik və ümidsizlik, ayrılıq, ölüm və itkilər də - hər şey zövq verəcək. Hətta “ürəyi sıxılan dağ”ın elə həmin sıxıntının ortasından açılan gülü də...
Buludlar tozdurmu belə qopublar
Yağışın yol keçib axdığı yerdən?
İlahi, indicə bir gül çıxacaq
Dağ öz ürəyini sıxdığı yerdən.
Salam Sarvan şeirində məlum həqiqətlərin, hətta minlərlə dəfə təkrarlanan “xoşbəxtlik”, “bədbəxtlik” sözlərinin tam yeni tərzdə və aydın ifadə ilə şeirləşməsini görürük. Məzmunu dəyişməyən məfhumlar, forması əbədi olan əşyalar belə hansısa şairin poetik özünüifadəsində yeni çalar qazanırsa, o sənət əsil ədəbiyyat malı olur. Salam şeirində saat da funksiyasını dəyişir. Burada saat görüşü, vüsalı, xoşbəxtliyi yox, ölümü, ayrılığı və yolu uzun xoşbəxtlikləri gözləmək üçündür. Bir ömür boyu sanki gözlərini saata zilləyib bəxtin yolunu gözləyirlər, vaxt keçmir... Nəhayət, Bəxt gəlir...
Bir uzaq yol gəldi bu bəxt bizəcən,
O da gələn kimi yoruldu yatdı.
Uzun yoldan sonra yorulub yatan bəxtin bir “sevda” adlı qardaşı da var ki, o da lirik qəhrəmanın inadla başını döydüyü dəmir qapı kimi yolunu bağlayıb. Bəxt qapılarına çırpılan sevdalı başlarda minillik zərbələr var. Yenə qapı baryeri...
Başımla döyürəm qapını, sevda,
Nə evdən çıxırsan, nə də başımdan.
Həyatı müşahidədə yeni mənalar yaradıcısı olan incəsənət adamları ətrafı içərisinə köçürüb onun şəklini sözlə və ya rənglə, musiqi ilə olduğu kimi rəsm edirsə, bu çox az uğur olar. Məsələ həm də ətrafda və düşüncələrdə daşlaşmış anlayışlara özündən, öz ruhundan, hiss və təfəkkür tərzinin estetikasından töhvə verməkdir.
Onun “Öləsən, bir düşmən sevindirəsən” adlı şeirində xatirələrindən nigaran adamın narahatlığı var:
Gözlərin tavana dəyib qayıda,
Ürəyin atlanıb çöllərə düşə...
Salıb itirəsən xatirələri,
Ancaq etibarlı əllərə düşə.
Bu poeziyada modern sənət estetikasına xas baxış motivlərini bəlkə hər şeirdə görmək olur. Qəhrəmanı yad, qərib və tənhalığını dost kimi qəbul edib özünə sığınan adamdır. Şəxsiyyətləri içərisində əridən toplumların sükutunda haray salıb qışqıran səs kimi solo ifadır onun harayı... Onun yaddaşı zamansızdır, mövcudluğu isə məkansız. “Ölüb əvvəlki yerimə qayıdacam”- arxayınçılığı var. Hərəkət mexanizmi də fizika qnunlarına zidd, lakin anlaşılandır. Enmə, düşmə hərəkəti bir talenin kompas göstəricisi kimi təsdiqlənir. Bir insanın həyatında nə qədər “düşmə”lər olarmış?
Elə hey düşürsən...
Deşilib boşalır iddiaların,
Göydən düşürsən.
Elə hey düşürsən...
Gözdən, ruhdan, həvəsdən,
Heydən düşürsən.
İndi düşmək səninçün
Yeganə mümkün hərəkət forması.
“Azadlığın yiyəlik halı” şeirində isə əks-hərəkətlə boylandırır bizi. Biz qalxmaq, ucalmaq üçün hərəkətləndik. Salam bu şeiri ilə neçə on illərin ictimai-siyasi, sosial mənzərəsinə heykəl qoyur. Bu qədər lakonik və bu qədər məlum gördüklərimiz onun misralarında aforizmləşir:
Əvvəl “Azadlıq” qışqırıb səsini qaldırdın,
Sonra imperiyaya yumruğunu qaldırdın.
Sonra bayrağını qaldırdın.
Sonra saray tikintisinə,
Daş qaldırdın, taxta qaldırdın.
Sonra şahlar seçib taxta qaldırdın.
Sonra baxıb gördün ki,
Bütün qaldırdıqlarından aşağıda qalan
Yenə sənsən.
Salamın şeirinin mənalılıq sirri onun təxəyyülünün obrazlılığı və fəlsəfiliyi ilə izah edilə bilər. Təkcə təşbeh, mübaliğə, metafora rəngarəngliliyi yoxdur. Həm də ifadələrlə, bəzən sabit söz birləşmələri, fraziologizmlərlə postmodern davranış ustalığı bu poeziyanın siqlətini artırır. Məsələn, biz “ürəyim açılmır” ifadəsini məişətdə adi ovqat, əhval-ruhiyyə təcəssümütək qəbul edirik. Şair isə həmin fikri işlətsə də, ardınca məna və məzmunu dəyişən bir gözlənilməz ifadə (kilid-kiliddi) ilə mürəkkəblik yaradır. Meşədə azan adamın düşdüyü meşənin özü də yoxa çıxır. Sandıq içində sandıq bağlılıqları, kilid-kilid ürək sıxıntısı və s.
Ürəyim açılmır daha
kilid-kiliddi, vəssalam.
İçində itdiyim meşə
Özü də itdi, vəssalam.
Salam sözü o qədər qənaətlə və bir sözdən min məna çıxara-çıxara işlədir ki, onun poetik leksikasının xüsusi lüğəti yaranır ədəbiyyatımızda. Məsələn, “dağ” sözündən istifadədəki “xəsislik” əsil ədəbi səriştə və estetik mükəmməllikdir. Aşağıdakı misrada “dağ” həm coğrafi simvol, həm də zülm, yara, əzab, dağlamaq, yandırmaq mənasını verən əlamət kimi hallanır, şəkillənir:
Sənin ad gününə gül dərmək üçün
Sinəmə çəkdiyin dağa çıxıram.
Və təsadüfi deyil ki, həmin müəmmalı, ilğımlı, sirli gedişlər silsiləsi şeirin sonuna qədər davam edir:
Səni axtarmağa gedirəm daha
ta mən də bu gündən yoxa çıxıram.
Bu poeziyada zamanın, saatın, tarixin və sevgi yaşının bir ünvanda cəmlənməsi məqamı var. Burda zamansızlıq, məkansızlıq, bütün kiçik hisslərdən, bütün adiliklərdən, bütün kütləvilikdən uzaq, ali duyğuların diktəsinə ram olaraq yaşaya bilmək ucalığı var. O ucalıqda hətta adamlar arasında və fiziki zaman sərhəddində tənhalaşmır şair, əsrlər arasında heykəlləşib dayanaraq tənhalıq abidəsinə çevrilir. Burada zamanın qəribə meyarı, adı var. Məsələn, “Sən o gün niyə bikef idin”-yox, “Niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq?” –deyir... Bu qədər yeni, fərqli, canlı və qulağımızın duymadığı, ağlımızın hələ dərk etmədiyi məntiqli, poetik və sadə, amma doğma, həm də təəccüblü olsa da, tanış bir zaman zərfi görməmişdik - beş yuxu bundan qabaq... Simvollaşmış, absurdlaşmış, ağlı çaşdıracaq qədər qarışıq və həm də adi günlərdən birinin sualını eşidirik
Yeni sevgi deyildin sən, sən tarix idin axı:
Saatın neçəliyiydin sən axı bundan qabaq.
Ta beş gün, beş il, beş əsr vaxtın ölçüsü deyil!-
Niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq.
Səni axtarmaq əbəsdi dünyadakı küçədə...
Zamanın harasındasan – gündüzdəsən, gecədə?
Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.
Bilmirəm ölüm başıdı, ya ölüm ayağıdı...
Daha adamlar içində təklik deyil mənimki,
əsrlərin içində heykəl tənhalığıdı.
Realizm və naturalizm kimi estetik yaradıcılıq tipindən fərqli olaraq Salam Sarvanın da poeziyasını aid etdiyimiz simvolizm estetikası və metodunda həyatın sənətə deyil, sənətin həyata diktəsini görürük. Simvollar yeni dünya yaradır. Zaman başqa dünya meyarları ilə işləyir. Burda sevgilinin də yaşı yoxdur. Tunc dövründən qalıb, amma sağdır bəlkə də... Sevgilinin surəti, kimliyi də müəmmadır. ( “Sevdiyim həmişə sən olmusansa, bir vaxt unutduğum kim imiş görən?”)
Heç nədə konkretlik, maddilik, reallıq cisgisi yoxdur. Hətta dar ağacının kəndiri də ölçüsüzdür. (“Kəndiri rezinmiş dar ağacımın, bəxtəvər başıma hələ dartılır”.) Burda ölmək də olmur, öldürmək də... Burda dözüm üçün sonsuzluq, limitsizlik var. Dünyaya barmaqlıqlar arxasından baxan məhbus olduğunu deyir, lakin daha yeni və maraqlı baxış yeri, torpağı bu şəkildə görməkdir:
Bu həyatda
Heç bircə saat da məhbəs görməyən
Adamda bu nə azar ki,
Hər şeyə barmaqlıqlar arasından baxıram:
Hətta torpaq da mənimçün
Ayaq barmaqlarımın arasından göründüyü qədərdir.
Bəzən isə həmin torpaq ayaq barmaqları arasından yox, içindən uçulub tökülür. “İçində torpaq sürüşməsi baş verir” və bütün xəyalların yox olur.
Xəyalında tikdiyi evi
Yenə uçdu bu yazığın -
İçindəki torpaq sürüşməsindən.
Salamın şeirləri ilə tanış olduğum ilk gündən havasına öyrəşmədiyim yeni bir poeziya otağına girdiyimi hiss etdim. Bu otaqda dünyanın və insanın, həyatın heçliyinə həsr olunmuş çoxlu simvolik fraqmentlər tablosu asılmışdı. Acı dadlar, tünd rənglər, qorxulu həqiqətlər qalereyası köçdü yaddaşıma...
Tənhalıq acısından minlərlə şeir yazılıb. Hamı ən kədərlisini deməyə çalışıb. Salam isə bu mövzuda sanki məişət dili ilə nəsə danışır... “Yol qırağında tapılmış naməlum kişi meyidi”... Elə bil xəbərlər proqramından gəlir səs, adidir, çox adi... heç bir tənhalıq romantikası hiss edilmir, bu adama necə şeir yazmaq olar? Lakin bu kiçicik şeiri oxuyub bitirəndən sonra şüuruna ağırlıq, qəm kölgəsi çökür... düşünürsən, İlahi, bu qədər tənha bədbəxtlik olarmı?
Vaxt gələcək...
Yol qırağında tapılmış
Naməlum kişi meyidi olacaqsan,
“tanımağa” bir kimsə gəlməyəcək.
“Böyük dərdlərdən büdrəyəndə xırda sevinclər yıxılmağa qoymadı” təsəllisi ilə nə qədər yaşamaq olar? Bu poeziyanın qəhrəmanına adam heç vaxt təsəlli vermək istəməz. Çox süni görünər, mənasız olar...
Getmək lazımdı şair,
dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı...
Ardı var
04.05.2018