Yanımızdan ötüb keçdi yeni şeir dalğaları...

Yanımızdan ötüb keçdi yeni şeir dalğaları...
14 sentyabr 2016
# 11:29

İradə Musayeva

(Qulu Ağsəsin şeirləri haqqıında...)

XX əsrdə modernizm ədəbi-estetik baxış kimi ilk (1900-1920) illərdən düşüncəmizə yol tapmağa başlasa da, məlum ictimai-siyasi hadisələrə görə proses ləngidi, inkişaf yarımçıq qaldı, ikinci oyanış dalğası isə 60-cı illərə düşdü - məlum ictimai-siyasi düşüncə devrimi zamanına. Sənətin bütün sahələri (rəssamlıq, musiqi, kino, teatr və s.) bu intibahı məqamdan yararlandı. Poeziyada R.Rza, Ə.Kərim, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu, E. Baxış, sonralar A.Mirseyid, V.Bayatlı modernistik çoxrəngliliyini isə ədəbiyyatşünaslığımız, xüsusilə, ədəbi tənqidimiz çox hallarda düzgün səciyyələndirə bilmədi. Hamını sovet şairi kimi bir “ədəbi dam”ın altında “ədəbi mühakiməyə” çəkdi... Belə demək mümkünsə, axtardığımız yeni şeir dalğasını zamanında tuta bilmədik, yanımızdan ötüb keçdi...

90-cı illərdə şeirə yeni hesab edilə bilən üçüncü dalğa gəldi. İlham Qəhrəman, Qulu Ağsəs, Nisə Bəyim, Salam Sarvan, Əlizadə Nuri... Onda da başımız başqa qovğalara qarışmışdı, yenə o dalğanı tuta bilmədik. Tək-tək məqalələr yazdıq. (Məsələn, mənim 15 il öncə bu mövzuya həsr olunmuş “Şeirimizin bu günü, bu günümüzün şeiri” adlı silsilə məqalələrim “Azərbaycan”, “Körpü” jurnallarında, “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində çap olunmuşdu.) Amma bu ədəbi –poetik gəlişdəki yeniliklərin spesifikasını, fərqliliklərini, üslubi istiqamət yarada biləcək potensial imkanlarını elmi-nəzəri cəhətdən çözmək məsuliyyətini unutduq... Azərbaycan şeirinin inkişaf tendensiyasındakı dəyişmələrin ritmini, intonasiyasını nəzəri cəhətdən izah etmək borcu qaldı boynumuzda. Çünki ədəbiyyatşünaslıq bir elm kimi konseptual baxış gücünü itirmişdi və təəssüf ki, bu hal bu gün də davam etməkdədir.... Sanki, hamı – bir neçə şair birdən, bir qələmdə, bir həmlədə, bir təhlil ovqatı intonasiyasında qiymətini alır, yeri müəyyənləşir. Biz hələ də ədəbiyyatşünaslıq yanaşmamızın sovet qiyafəsindən çıxmağı bacarmırıq... Vaxtilə hörmət edilən yazarların adına məhəbbət nişanəsi olaraq “Sosializm realizminin ustadı” təyini əlavə edilirdisə, indi həmin münasibət “modernist” kimi anlayışda “çiçək açır”... Halbuki, başqa ədəbiyyatların nəzəriyyəçiləri sinonim ifadələrin məna çalarındakı ən incə məqamı belə dəqiqləşdirməyi tələb edir: “Bununla belə, modernliyin müddəti, onun təxminən bir əsr davam etməsi məndə termini düzgün seçməyimə dair şübhə yaradır. Amma bu mövzuda danışanların işlətdiyi "dekadens", "eniş", "qürub" kimi sözləri düzgün hesab etmirəm. "Böhran" sözü daha dəqiq sözdür, hərçənd, onun da çox işləndiyindən mənası zəifləmişdir. Adını nə qoyuruqsa qoyaq, 20-ci əsrin əvvəlində başlanan dövr Modernliyin formalaşdırdığı dəyərlərə və ideyalara münasibətində qeyri-müəyyənliyə görə Modernliyin əvvəlki dövrlərindən fərqlənir”.(Qustav Paz)

90-cı illər poeziyasına Qulu Ağsəs yeni dərd, yeni yanaşma, yeni obrazlar və fərqlı poetik yozumları ilə gəldi. “20 yanvar” adlı qanlı gecədən keçmişdi, Qarabağ məğlubiyyətinin xəcalətini yaşamışdı. Uduzanda, qəhrəmanlardan, şəhidlərdən ürəklə yazmaq olmur. Məğlubiyyət onları (qəhrəmanları) da sanki bir az hörmətdən saldı. Onların da babalı qaldı boynumuzda. Qulu da qələbə gününə yox, “İşğal gününə” and içdi şeirlərində. Vətəni müdafiə yolunda ayaqları kəsilən əsgərin şərəfinə “şeirlə badə qaldırmaq” saxtakarlığından uzaq oldu, əksinə, həmin yaralı əsgərin yarasına duz səpdi, əyilmiş vüqarına, məğlub ruhuna acı-acı ağladı ona həsr etdiyi şeirində. Onun aldanışına, bədbəxtliyinə, sarsıntı və məğlubluğuna qafiyələr, yandırıcı, göynədici kəlmələr fikirləşdi... İnsana endi, insan faciəsindəki rəngləri çeşidlədi. Məlum oldu ki, vətən üçün yananı yana-yana qoyduq... Ailəsinin qarşısında aciz durumlara saldıq:

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…

Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

Qulu Ağsəsin şeirlərini həmişə oxusam da, haqqında yazmağa nədənsə, tələsməmişəm... Bu yaxınlarda “Molodost” jurnalının suallarını cavablandırarkən cavan ədəbi nəsil haqqında belə bir fikir yazmışdım: Hələ «keçid dövrü» dediyimiz bir keçiddə də bir nəslin (məsələn, poeziyada İlham Qəhrəman, Qulu Ağsəs, Nisə Bəyim, Salam Sarvan və başqaları) ədəbi taleyi qarmaqarışıqlığa düşdü və yaradıcılıq imkanları, daha geniş dairələrdə tanınması üçün əngəllər yarandı, bir tərəfdən də müharibəmiz…”

Qulu Ağsəs də yaşıdları kimi məğlubiyyətlərin, çaşqınlıqların, aldanışların və bütün dəyərlərin “bazarlaşdığı” bir zamanın şairi oldu... Əlbəttə, ağrılıdır... Sənin şeir kimi gördüyün dünya, şeirlə düşündüyün hadisələr, poeziya simalı əşyalar və təbiət başqaları üçün ikinci , üçüncü dərəcəli bir “əyləncə növü” kimi göründü. Sözün - estetik duyğular oyadan sözün dəyəri düşdüyü zamanın şairi oldu Qulu Ağsəs də... Amma bu “acı”, sıxıntılı və itkilərlə dolu qiyamət əlamətli vaxtın, zamanın poetik ovqatını vaxtındaca şeirləşdirə bildi. “Damarı kəsilmiş göy üzündən qan yağır başımıza, dulud torpaq dizlərinə çırpır, ölülər qan gölündə küçə boyu üzür, su sonaları gözəllər su altda qalıb, qan yağışı üstümüzdə ağı deyir:

Tövbə, görünməyib fəlakət belə,

Damarı kəsilib göyün elə bil.

Tanrı qəzəbindən bulud əliylə,

Torpaq dizlərinə döyür elə bil.

Göydən zəhər yağır, zəhrimar yağır,

Allahın altında hər nə var yağır…

Minbərdə dörd olub mollanın gözü,

Basdırdığı meyit küçəylə üzür.

Sular sonası da su altda qalıb,

Yağış havası da su altda qalıb…

Örtüb üstümüzə bu yağış-ağı,

Biləndə ölmüşük –

enib aşağı,

Onda gələcək ki, haya Yaradan,

Sağ ikən görməsin onu bir adam…

Növbəti şeirin mətnində isə ən azı üç antiteza məqamı var. Əkslilklər və mümkünsüzlüklər poeziyası - “giriş qıfıldandır”, “sev illərlə, unut qəfildən” və sonda qəribə bir gəliş, faciə ilə sonlanan “ümidli “ gözlənti: “Darıxma, gəlirəm sabahla, İki güllə, Bir silahla...”

Yarpağın üstündə

damlaya –

işığı düşür damlara.

Qapıda elan:

“Giriş qıfıldan”

Sev illərlə,

unut qəfildən.

Kişi – istedadlı,

Qadın – isti, dadlı;

ya da əksinə:

həyatdı!

Bazardı, bazar

həftənin günləri

Satışda

saat əqrəbinin zəhəri.

...Darıxma, gəlirəm sabahla

İki güllə,

Bir silahla...

Mən heç vaxt «sevirəm» sözünün çox işləndiyi şeirlərdəki məhəbbətə, «vərtən, vətən» nəqarətli mahnılardakı vətənpərvərliyə, “Koroğlu, Nəbi” –haqqındakı poemaların qəhrəmanlıq ideyasına inanmamışam...

İnsan sevdiyi şeylərdən, inandığı həqiqətlərdən, dərdini, ağrısını, nisgilini çəkdiyi həsrətlərdən yerli-yersiz və ucadan danışmır, adətən. .. Elə şeylər var ki, yazmaq üçün deyil, yaşamaq və dərdini çəkmək üçündür hətta. Lap bizim doğma yurdumuz yox, artıq doğma dərdimiz və həsrətimiz Qarabağ kimi...

Balamın canına,

atamın goruna,

işğal gününə...

- gör nəyə and içirəm:

səni çox sevdiyimdən

şeir yazmadım şəninə.

Elə bilərsən

bayrağın qara rəngi olduğundan

utanıb yazmadım,

azadlığın belində üzəngi olduğundan

utanıb yazmadım.

Yoox!

Dedim, birdən şeirim

peşəkar ovçunun

öz adaxlısını gülləylə vurub

qaçırmağına bənzəyər,

memarın

qurduğu qalanı

sevincdən öz başına

uçurmağına bənzəyər.

Ona görə heç nə yazmadım şəninə.

Gör nəyə and içirəm:

balamın canına,

atamın goruna,

işğal gününə...

“İşğal gününə” and içmək ölmüş əzizinin qəbrinə, goruna and içmək kimidir... Qarabağ da bizim “ölmüş əzizimiz”dir...

Qulu Ağsəsin poetik intonasiyası yekrəng deyil. Məzmun özü ahəngi cilalayır. Məsələn, aşağıdakı parçada fərqli bir şeiriyyət havası var:

Çoxdandı ki, içimdə bir

yalvarış dolaşmada:-

Gedib tövbə eləməyə

mənə yer ver, İlahi,

Elə yer ki baxıb görüm

sənsən hər yer, İlahi!..

Günahımı nəylə desən

razıyam yuyum orda,

Əgər gücün çatsa məni

özündən doyur orda...

Şeirimizdəki fərdi axtarışlar hara qədər böyüdü?-sualı düşündürür məni. İlham Qəhrəman vardı... Poeziyanın ahənginə, sehrinə tutulandan dərhal sonra, sanki, “ayıldı”, Füzuli demiş “əql yar oldu” və “Nəsimi” filmində deyildiyi kimi “Şeir zamanı deyil!”- məntiqinin soyuqluğunda uzaqlaşdı ilham pərisindən...

“Şeir zamanı olmayan vaxt”larda nələri itirdik, bilmirəm...Amma itirdik. Sözün sehrinə tutulmaq, Sözün , həqiqi, pak, qutsal Sözün Allahdan gəlməsi həqiqətinə inamımızı itirdik... Şairlər, söz, ədəbiyyat adamları sındı bu itkidən... Kitablarını çap etdirmək üçün “bazar iqtisadiyyatı” körpüsündən keçməli oldular, balacalaşdıqca, yıxıldıqca, əyildikcə böyüyə bilməmək faciəsinin acısını daddılar... Onda həmin fərdi yaradıcılıq axtarışlarının çevrəsi də daraldı... Ümumi, “milli”, dediyimiz poeziya faktı kimi böyüyüb təlatüm , söz fırtınası yarada bilmədi, özü öz içində gəzinməli oldu həmin şairlər... Qulu Ağsəs deyir: “Əlimizə bir dənə söz bayrağı veriblər, çatdırın estafetə. Kim haracan apara bildi – bildi! Nizami səkkiz yüz ildi qaçır, Füzuli beş yüz ildi, Molla Pənah Vaqif üç yüz ilə çatacaq. Əli Kərim yetmiş ildi...” Qulu Ağsəs şeirə neçə ildir yol gəlir? Əsil şeirə, poeziyaya yol ölçür, inandığı vaxtlar da olur, əlini üzdüyü vaxtlar da... Amma modern şeir nümunələri yaratmaq cəhdində bu gün də israrlıdır. Fərqli forma və ifadə tərzi axtarır. Bütün “sərbəst”lərdən sərbəst, bütün hecalardan seçilən heca və s...

HE-CA

(«Dur(y)ğu işarələri» silsiləsindən)

I

Səssiz gecədir… Çox var

Hələ sübh azanına.

Qələmim balta kimi

yenə doğrayıb tökür

gönüqalın gecəni

heca-nın qazanına…

II

Qəribə səhərdi o…

(vaxtını unutmuşam)

Sevindim ki, nə yaxşı

ürəyimin yağıyla

bişirdiyim gecəni

Günəşə pay tutmuşam…

“Balta kimi doğrayıb-tökən qələm”, “gönüqalın gecə”, “heca qazanı”, “ürək yağı ilə bişən gecə”, “Günəşin payı”... Bu birləşmələr ilə başqa şeirdə rastlaşa bilməzsiniz. Oyaq qalıb səhəri diri gözlə açdığınız zamanlarda bu poetik yaşantının adını bu cür qoymamısınız, yəqin. Assosiativ şeir adına burda çox nümunələr var. Gecəni ürəyinin yağıyla “heca qazanı”nda “bişirir”. Səhər açılır və şair əlidolu çıxır səhərin, daha doğrusu, Günəşin qabağına. Burda diqqəti çəkən daha doğma və maraqlı obrazlılıq var - “Günəşə pay tutmaq!” –gecə oyaq qalıb onun zülmətində şeir yazmaq və səhərə ümidlə açılmaq... Səhər onun, o da səhərin üzünə açılır yeni doğduğu şeirilə...

Hadisə, təsvir, tərənnüm yoxdur, adi bir yaşantının (hamının keçirə biləcəyi yuxusuz gecə - şeir yazıb oyaq qaldığı gecələrdən biri...) tam yeni obrazı, siması var. Yaşantının bu qədər canlanması, bu qədər portretləşməsi, əlbəttə, şair intuisiyasının və duyumunun qələbəsidir. Ovqat meydan oxuyur. Qafiyələr, ahəng, ritm yadımızda qalmaya da bilər, amma bütün gecəni sözlərlə əlləşib, gecədən, onun vaqiələrindən yazıb Günəşin pişvazına hədiyyə, ərmağanla çıxan yuxusuz şairin obrazını unutmuruq...

Latış rəssamı Statis Krasauskasın əl rəsmlərini yada salan bir şeiri var Qulu Ağsəsin. Amma o rəsmlərdə müxtəlif “xasiyyətli”, müxtəlif “ovqatlı” əllər vardı, bu şeirdə isə bir əlin, bir şəxsə aid olan barmaqların halbahal olan durumları şeirləşib. Adi, sadə qafiyələnmələr belə şeirin rəngini dəyişib, usandırıcı etmir.

Barmaqlarım yaman şeydi,

Hara gəldi uzanır.

Çıxarmağa göz axtarır,

Mənə düşmən qazanır.

Bir ucu hey tətikdədi,

Hədəf elə özüməm.

Bu barmağın şıltağına

Vallah, mənəm dözürəm.

Üstündə say döydürmüşəm,

Sıfırdan doqquzacan.

Tutanda qız əllərindən

Buraxmır doqqazacan.

Bu barmaqlar şairin dostudur, düşmənidir, “kimdirsə” emosional, narahat, həyəcanlı birinə bənzəyir. Şeirin şah misraları növbəti bənddədir. Soyuqdan, hətta “salam” adlı görüşün də soyuğundan, qeyri-səmimiliyindən üşüyür. İki misra şeir yazan kimi “qaranəfəs olur”, tövşüyür bu barmaqlar...

Bir qorxusu soyuqdandı,

Salamdan da üşüyür.

İki misra şeir çıxar,

Səhərəcən tövşüyür.

Əllərim daş altındada

Barmaqlarım qəbirdə.

Ata, ruhun kömək olsun

Barmağımı dəbərdəm.

…İçimdə dərd at oynadır

Yox damı, döşəməsi.

Ya Rəbb, mənə isti ölüm,

Barmağım üşüməsin…

Qulu Ağsəsin məcazları aforizmləşmə həddindədir. “Dan yeri – gecənin göydə od tutan Bağrıdı”, Bir də yarpaq salma külək poçtuna Bağlıdı” və s.

Dialoq şeirləri var ki, burda tərəflərdən biri əsəbi, emosional, digəri susqun və kədərlidir, sadəcə “bilmirəm” cavabı ilə ötüb keçir:

Ürəyin – içəri qapındı sənin,

Aç görək, nəyin var qabında sənin?!

Ömür-gün bölünüb... qalıqda səni

Saxladı.

Xəbərin varmı? –

Bilmirəm.

Hərəmiz borcludu bir can ölümə,

Ölsək də, tapmarıq əncam ölümə.

Tanrı qırmır bizi... ancaq ölümə

Yoxladır.

Xəbərin varmı? –

Bilmirəm.

Birinci şəxsin açıqlaması nə acıdır: Sənə düşən tale, ömür-gün paylaşılıb (bəlkə də dərdə, qayğılara, başqalarına həsr ediləcək zamanlara və s.), bölünüb. Rəqəmlər bölünür və bəzən”qalıq” qalır... Riyaziyyat dərslərimizdə təbaşirlərin hökmü, taqqıltıları altında qalan “qalıq” yadıma düşdü. Obrazlardan biri qarşısındakına (yəqin ki özünə) deyir: Sən qalıqda qalansan, artıqsan öz taleyində! Kafkanın gündəliyindəki aforizmi xatırladım: “Mən həyatımın epizoduna çevrilmişəm...”

Onu da qeyd edim ki, şairin heca şeirlərinin çoxunda özünüifadə və poetik cilalılıq sərbəst şeirlərində olduğu kimi deyil. Bu şeirlərin bir çoxunda “udan” və “uduzan” misralar, bəndlər olur bəzən. Heca qəlibi məna –məzmun bitkinliyinin, konkretliyinin və yeni poetik çalarlarla ifadənin sona qədər mümkünlüyünü mümkün etmir hərdən. Bu şeirin son bəndində olduğu kimi...

Ürəyində bir arzu tut,

Di böl onu iki yerə.

Sevgidən dönən kafirdi,

Gəl yenə həminki yerə.

Ürəyində bir arzu tut,

Bir azca qarışsın başın.

Tavanı deşilib nədi?

Könlümə damır göz yaşım.

Ürəyində min arzu tut,

Arzun başacan, sevdigim.

Mən ÖLÜMƏ gedər oldum

Sən qal yaşa! Can sevgilim.

- Ayrılığa dözərmisən?

- Kələf açıb söz düyəcəm.

- Yenə məni gözləmisən?

- Səni ORDA gözdüyəcəm.

Qulu Ağsəsin doğulduğu, böyüdüyü yerlərdə - Qarabağda “adamlar Günəşi yandırıb işə çıxır, söndürüb yatırdılar”. Bu insanlar Günəş saatı ilə işləyirdilər… O zamanın çarxı döndü, büsatı tar-mar oldu… Bütün insanları kimi şairlərinin də görünməyən göz yaşları elə hey içəri, nisgillərin, qövr eləmiş yaraların daşlaşdığı məkana- qəribsəmiş könüllərə yol aldı:

Tavanı deşilib nədi?

Könlümə damır göz yaşım...

Mənbə: “Ədəbiyyat qəzeti”

# 2932 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #