Vaqif Səmədoğlu istəsəydi...İradə Musayeva yazır

<b>Vaqif Səmədoğlu istəsəydi...</b> – <span style="color:red;">İradə Musayeva yazır
1 fevral 2018
# 12:27

Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısını təqdim edir.

Vaqif Səmədoğlunun yaradıcılığı haqqında

Əgər 1960-cı illərə qədərki ədəbiyyat ictimai-siyasi təsirlərdən, göstərişlərdən yaranıb artmışdısa, əksinə 1960-cı illər ədəbiyyatı özü yeni bədii-estetik, fəlsəfi və siyasi düşüncələr doğurmuşdu. Təbii idi ki, 1940-50-ci illər ədəbiyyatı ilə 1960-cı illər ədəbiyyatı arasında bir qırıqlıq, əlaqəsizlik görünürdü. 60-cılar 50-cilərin davamı və varisləri olmadılar. Onların sələfləri arxada, əsrin birinci yarısında qalmışdı. İlhamını bolşevizmə, leninizmə, sosializmə, ateizmə və s. bu kimi zərərli “izm”lərə tabe etməyənlərin, həqiqət və vicdan meyarına əsaslanıb, mənəviyyat və insan problemini ali məqamlarda həll etməyə çalışanların, sənətin, ədəbiyyatın taleyini məsuliyyətlə qorumağı özünə borc bilən, sözü yarımçıq qalan, səsi qırılan sənətkarların varisi kimi boy verməyə başladılar. Onlar repressiya qurbanlarının davamı, sənətdə “göstəriş” üsulunun, şablonun, şüarçılığın, hər cür pərəstiş və yaltaqlıqların əleyhdarı kimi çıxış etdilər, yaxası ordenli, dili şüarlı, pafos, əzəmət nümayiş etdirənlərdən, yalanı qışqıra-qışqıra, bəlağətlə deyənlərdən fərqli olaraq həqiqəti daha astadan, pıçıltı ilə, çox zaman sətiraltı mənalarla oxucuya çatdırırdılar. Bu ədəbiyyatın şairi də, nasiri də hay-küydən bezmiş, aldadılmış oxucuda bədii-estetik zövq, fəlsəfi duyum yaratmaq və formalaşdırmaq üçün daha çox əziyyət çəkməli oldular. Yeni düşüncə tərzinin, məntiqi reallığın, ortaya çıxardığı ədəbi problemlər öz həllini gözləyirdi. Artıq ədəbiyyat pafoslu ritorikadan, həqiqət donunda təqdim olunan yalanlardan, müdrikliyə, kamilliyə nadan münasibətindən, inzibatçılıqdan azad olmalı, həqiqi sənət naminə psixoloji-fəlsəfi və mənəvi-ictimai, tarixi yanaşmalara, fəal vətəndaş və başlıcası şəxsiyyət-insan mövqeyinə, böyük və bütöv həqiqətə üstünlük verməli idi. İctimai şüurun başqa sahələrindən fərqli olaraq ədəbiyyat dövrün yeni havasını qəlbə, ruha sərinlik verə biləcək mehi hamıdan qabaq hiss etdi. Bu havanın saflığı, təmizliyi işığında ağa ağ, qaraya qara demək bir az da asanlaşmışdı.

“Vəzifə qəhrəmanları, karyeristlər təsərrüfatda, həyatda süni pambıq, üzüm, tərəvəz mal-qara “rekord”ları ardınca qaçanda əksər ədiblər, şairlər də tərif, bəzək, ritorika rekordları dalınca qaçdılar, təsərrüfatda bürokratlıq ifratlarına ədəbiyyatda qrafomanlıq rekordları ilə cavab verdilər, təbiətdə ekologiyanın pozulması mənəviyyatda, ədəbi vicdanda, yaddaşda “ekologiya”nın pozulmasına gətirib çıxardı”. (Y. Qarayev)

Tənqid və ədəbiyyatşünaslığımız bu günün prizmasından baxanda 60-cı illər ədəbiyyatından daha artıq cəsarət, mübarizlik tələb edir. Halbuki, həmin ədəbiyyatın inkişafına əngəl olan amillərdən biri məhz elə tənqidin özü olub. “İcraçı”lar ən gözəl ədəbi nümunələri inzibatçıdan bürokratdan qabaq əzişdirən tənqidçinin “dəlil-sübutuna” əsaslanıb “lazımi” hökmləri yerinə yetirirdi. “Qəhrəmanlar passivdir”, “sovet adamına xas sifətlər, müsbət keyfiyyətlər azdır”, “sovet kəndini pis təsvir edib”, “sosializm ideologiyasına mənfi münasibət hiss olunur” və s. bu kimi “cəsarətli” təhlillə tənqidçi sözünü onsuz da ehtiyatla deyən, bir doğru sözü nadan qayçısından, ixtiyarlı bürokratların senzura fərmanından salamat çıxarıb oxucuya çatdırmaq üçün min bir yol axtaran yazıçını, şairi daha ciddi təqiblərə məruz qoyurdu. 37-dən qalan qorxu, şübhə ehtiyatlılığından tam əl çəkməmiş ədəbiyyatı bəzi “ehtiyatsızlığı” üçün ədəbi tənqid daha tez-tez hədələyirdi. Görünür, tənqid qiymət vermək ixtiyarının üstünlüyünə görə yaradıcılıq, böyük sənət, həqiqi ədəbiyyat naminə ədəbiyyatla ittifaqa girə bilməmişdi...

“Bəraətdən sonra 37-nin kabusu 37 qurbanlarının məzarı başından silindi, 37-ni görənlərin ruhunda, iradə və əxlaqında isə bu kabus (bu qorxu, bu xof və şübhə!) hələ də silinməyib, yox: radiasiyanın təsir zolağında qalanlar şüalanmadan ömrü boyu əziyyət çəkirlər; 87-nin də inqilabi sərvətlərinə inamsız baxanların çoxunu onlar-37-ni görənlər təşkil edir. 37-də məhv olan əxlaqi dəyər və sərvətlər fiziki ölümlərdən qat-qat çox oldu. Qolu-qanadı qırılan, əli-ayağı qıc olan yalnız Sibirdə donanlar deyildi: ən böyük iflic sosial ətalət fərdi təşəbbüsdə, müstəqil düşüncədə, şəxsiyyətin, “mən”in enerjisində baş vermişdi ”. (Y. Qarayev)

Nəzərdə tutduğumuz dövrün tənqidində prinsipiallıq, müstəqil tənqidi fikir, elmi-nəzəri fundamentallıq, sosioloji baxım, fəlsəfi dərinlik, ictimai rəy söyləmək iqtidarı, bir sözlə, tənqid üçün lazım olan cəhətlər yetər dərəcədə deyildi. Onun özülsüzlüyü onda bəlli oldu ki, hər cür “qısa dalğa”ların, ötəriliklərin təsirinə qapılıb lazımlı-lazımsız ittihamlarla, təriflərlə özünə qarşı olan yazıçı etimadını, oxucu inamını itirmişdi. Ədəbi tənqidin yanaşma tərzindəki obyektivlik, sırf tənqidi münasibət şəxsi təəssüratla əvəz olunanda daha tənqidçi-oxucu fərqi də aradan qalxır. Belə çıxır ki, müəyyən təcrübəyə malik oxucu əlinə qələm alıb hər hansı bir əsər haqqında fikir söyləyə bilər.

Yazıçı Anar “Voprosı literaturı” jurnalının suallarına cavab verərkən deyir: “Mən və mənimlə bir dövrdə-60-cı illərin əvvəllərində ədəbiyyata gəlmiş şair və yazıçılar bir məsələdən hələ də razı qala bilmirik ki, bizim 60-cı illər nəsli içərisində öz tənqidçilərimiz yetişmədi...Ədəbi tənqid bu yeniləşmə prosesinin dərin təhlilini verə bilmədi, onun əsas aparıcı istiqamətlərini, prinsipial uğurlarını, cəmiyyətin inkişafından doğan estetik və etik qanunauyğunluqlarını göstərə bilmədi”.

Ədəbiyyat zamanla ayaqlaşdığı halda tənqid ədəbiyyatla ayaqlaşa bilmirdi: ədəbiyyatı həyatdan təcrid olunmuş halda götürür, onun problemlərini həyatla əlaqələndirmir, ədəbiyyatın özündə baş verən hadisələri görmür, ədəbi prosesdə, ədəbi mühitin inkişafının istiqamətlənməsində öz rolunu itirməklə yanaşı ədəbiyyatın da inkişafına mane olurdu.

Bu dövrün tənqidinin ümumi vəziyyətinə nəzər salsaq, bəlkə də hər şeyi qaydasında hesab edərik, çünki vaxtlı-vaxtında mətbuatda ədəbi tənqidi məqalələrlə, resenziya və “dəyirmi stol”larla, müzakirələrdə çıxış edib və formal şəkildə də olsa hər yeni əsərə öz münasibətini bildirib. Ancaq bu fəaliyyəti ilə estetik şüurun inkişafına dəyərli mənbələr bəxş edə bilmədi. Ədəbiyyat isə dövrün inkişaf istiqamətini düzgün görür və həmin səmtdə bacardığını edirdi. Poeziaya yeni inkişaf mərhələsində daha inamlı və qətiyyətli idi. “Altmışıncı illərin şerində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. Fərdi üslublar get-gedə püxtələşir, poeziyada rəngarənglik yaradırdı. Sanki məcburiyyət qarşısında qalıb eyni bir komada daldalanan adamlar zəlzələnin bu komanı yerlə yeksan edəcəyindən qorxuya düşüb hərə bir tərəfə üz tutur. Məqsəd birdir-qaçmaq, qurtulmaq! Zamanın yeni inkişaf meyillərini, onun aparıcı tendensiyalarını da 60-cı illərdə yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər, hərənin şair dünyasında zaman eyni əks-səda verə bilməzdi. Məsələn, Rəsul Rza kimi böyük sənətkar altmışıncı illərdə bir şair kimi sanki yenidən doğuldu”. (V. Yusifli)

Ədəbi vicdan, tarixi yaddaş, mənəvi təkamül prosesində baş verən canlanma və oyanışlar poeziyaya təsirsiz qalmadı. “Yenidən doğulan” şairlərlə birgə yeni doğulan şairlər də bu prosesdə iştirak edirdi. Yeni doğulanlar öz problemləri ilə gəlməmişdi, yaşlarından qabaqkı tarixi səhv və ictimai faciələrlə barışmazlıq mövqeyindən çıxış edir, poeziyamıza ideya-məzmun və forma-sənətkarlıq baxımından dəyərli ədəbi nümunələr bəxş edirdilər.

Doğuldum 1939-da.

1937-də tutuldum. (1965)

Vaqif Səmədoğlu əlinə qələm alanda dünənə yox, bir az da uzağa boylanmalı oldu və 1937 qurbanlarının boğazında tıxanıb qalan həqiqəti pıçıldamağa başladı. Şair özünə qəribə tərcümeyi-hal yazır: 39-da doğuldum, 37-də tutuldum. Mən məhbus doğulmuşam, dünyaya əli-ayağı, fikri, əqidəsi qandallı gəlmişəm-etirafını Vaqif Səmədoğluna qədər kim belə cəsarətlə deyərdi? “İnqilabdan, oddan-alovdan doğulanlar”, “Koroğlunun nəvəsiyəm”, “Babəkin, Cavanşirin varisiyəm” deyən şairlərimiz nə qədər qürrələnsələr də, Vaqif dönməz inadı ilə -yox, mən qorxudan, sıxıntıdan yaranmışam-dedi. İşıqlı, nurlu gələcəyə-kommunizm təntənəsinə minlərlə şeirlər, nəğmələr qoşulanda:

Görüşdük.

İçdik.

Bir az

süfrədə olandan yedik,

bir az xatirələrdən.

Gələcəyə də uzatdıq

əlimizi hərdənbir...

Çörək boyat,

xatirələr acı,

gələcək yanıq çıxdı...

Ayıldıq.

Ayrıldıq. (1968)

-deyirdi şair. Bu şeir bir neçə il bundan qabaq, milli-azadlıq hərəkatı zamanında, meydanlarda, tribunalarda yaranmayıb. Neçə onilliklər öncə bağçalarda, məktəblərdə uşaqlara “Lelin, Lelin yolunda” şeirini əzbərlədirdilər. Binaların divarlarına iri hərflərlə “məqsədimiz-kommunizmdir” şüarını yazırdılar. Plenumlarda, qurultaylarda “sovet adamı”nı, “sosializm quruculuğu”nu, “kommunizm ideyası”nı “lazımınca” əks etdirməyənlər, gələcəyin parlaqlığını görməyənlər “tənqid və ifşa olunmalıdır!” – göstərişləri verilirdi. Elə bu zaman “keçmişlə fəxr edirik, gələcəyə inamla gedirik!” – trafaret şüarlar bayramlarda zəhmətkeş sinfin başı üzərində yellənirdi. Vaqif isə “keçmiş acı, gələcək yanıq, hal-hazırda yediyimiz isə boyatdır!” məntiqi ilə bütün buların hamısını rədd edirdi. Vaqif Səmədoğlu düşdüyü ictimai mühitdə özünü məhbus hesab etsə də, dövrünün bəlkə də ən azad, sərbəst şairi olub. Yazıçı Anar yazır: “Dövlət müstəqilliyimizi bir neçə il bundan qabaq qazandıq, amma o keçən sovet dövründə də Azərbaycanda daxilən tamamilə müstəqil, düşüncəsində, sənətində azad, davranışında sərbəst insanlar vardı-şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, başqa peşə sahibləri. Onlardan biri Səttar Bəhlulzadə idi. Biri elə Toğrulun (Nərimanbəyov –İ. M.) özü idi. Onlardan biri də, madam ki, bu söhbətimizi onunla başlamışıq-Vaqif Səmədoğlu idi”.

Ədəbiyyata gəldiyi ilk gündən şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərzi ilə diqqəti cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ictimai-siyasi həyatımızı təsir altına alan və tez-tez dəyişən bütün ideologiyalardan uzaq olub. Ona görə şairin 1960-cı illərində yazdığı şeirləri ilə XX əsrin sonunda yazdığı şeirləri əqidə, məslək baxımından müqayisə etdikdə heç bir fikir ayrılığı yaranmır. Müxtəlif zamanlarda deyilən şeirlərdəki ovqat yaxınlığı, sənətkar səriştəsi, sevincdən, kədərdən, dərdin ağırlığından, bəzən ümidsizlikdən, qəzəbdən şeirləşib yol boyu səpələnən duyğulardakı dönməzlik, 24-25 yaşlı gənc şairlə nisbətən yaşlı şairin həyata, dünyaya baxışındakı oxşarlıq, müdriklik, təmkin oxucuda bu poeziyaya qarşı böyük inam və məftunluq hissi yaradır. Vaqif bir şair kimi həqiqət, təmizlik, paklıq dünyasında əzab çəkəndə belə adi insan rahatlığından, ötəri şöhrətdən, müvəqqəti əzizlənmədən şair iradəsi, şair təmkini ilə uzaqlaşa bilib:

Tüstü qalxır dam üstə,

Tüstü dolur gözümə.

Yenə bir şair sözüm,

Baxmır insan sözünə...

Şairlik onun üçün müqəddəslikdir. İnsan kimi əzab çəksə də, şair kimi enməyib. Bu poeziyanın qəhrəmanı kədərli, dalğın, bəzən də təbəssümlü görünür. Ancaq bu təbəssümün özündə də istehza, ağrı, etiraz var:

İsti otaqdan çıxıb,

Qoşulmaram küləyə.

Ömrü başa vuraram

Başımı əyə-əyə...

Belinski Puşkinə həsr etdiyi məqalələrindən birində yazırdı: “Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır...Əgər siz şairin şəxsiyyətini ciddi, qərəzsiz də ədalətlə tədqiq edib öyrənmiş və şairi düzgün başa düşmüsünüzsə, o halda siz, küləyin gücünə, öz şıltaq fantaziyanızın göylərində haraya gəldi, baş alıb getmirsiniz, yerdə ayaqlarınız üzərində möhkəmcə dayanırsınız; siz daha şairdən özünüzün arzu edə biləcəyiniz şeyi tələb etmirsiniz, indi siz onun özünün sizə verdiyini qiymətləndirirsiniz, siz özünüzü və başqa şəxsiyyətləri onunla qarışdırmırsınız: indi siz onun özünü olduğu kimi, necə varsa, eləcə də görürsünüz, siz daha öz fikir və ya rəyinizi ona sırımır, onun öz ideya və anlayışlarını götür-qoy edir, onların haqqında düşünürsünüz. Bu halda siz şairlə doğmalaşırsınız, çünki siz onu tədqiq edib öyrənmisiniz; indi siz onu sevirsiniz, çünki şairi başa düşmüsünüz”.

V.Səmədoğlu deyirdi:

Mən bu insan deyiləm,

Şeirlərdə sözüməm.

Anam olsa da mənim,

Məni doğan özüməm...

Şair sözünə Allaha inan kimi inanan müəllif “mən şair sözüyəm, şair həqiqətiyəm, bu sözdən, bu həqiqətdən yaranmışam” – deyir. Anar yazır ki: “Vaqif yaradıcılığının bircə səhifəsini də yaradıcılığı nümayiş etdirmək həvəsinə qurban vermədi. Təsəllisini “Şair sözündən qorxan ya cəllad, ya dəlidir” aforizmində tapdı. Vaqif poetik “mən”ini ana balasını qoruyan kimi qorudu. Bu baxımdan aramızda Vaqif hamımızdan çox azad idi”. Oxucunun da gördüyü bu həqiqəti məşhur yazıçımızın etirafında eşitmək nə qədər təqdirəlayiq olsa da sonrakı cümlələrdəki fikir bizi təəccübləndirir: “Ona görə ki, hamımızdan az çap olunurdu. Başqa cür də demək olar: hamımızdan az çap olunurdu, ona görə də hamımızdan azad idi”.

Vaqif Səmədoğlu istəsəydi, ən azı Səməd Vurğunun oğlu və yaxşı şair kimi saysız-hesabsız kitab çap etdirə bilərdi. Amma o məhz Səməd Vurğunun oğlu olduğu üçün toxgözlüklə, təmkinlə ucuz şöhrət yolundan imtina etdi, şair ömrü yaşayıb azad olmağı, vicdanlı, dəyanətli yaradıcılıq yolu keçməyi daha şərəfli yol saydı. “Meyar şəxsiyyətdir. Şəxsiyyət yoxdursa-“mən”, milliyyət yoxdursa –xalq yoxdur. Aşkarlıq, demokratiya, vicdan hamısı “mən”dən kənarda qalanda yox, “mən”də birləşəndə, onunla bərabərləşəndə, “mən” olanda “şəxsiyyət” əmələ gəlir.

“Mənəm-haqq!”, yoxsa... “Mən və haqq?” Məncə: “mənəm haqq!” Təsadüfi deyil ki, bizim klassik milli, fəlsəfi fikir “mən”i və haqqı, insanı və vicdanı, şəxsiyyəti və əqli bir-birindən ayırmır”. (Y.Qarayev)

Əlbəttə, V. Səmədoğlunun formalaşdığı ədəbi-ictimai, tarixi mühitin mənzərəsini bütövlükdə əks etdirmək imkan xaricindədir. Lakin təzadlı və mürəkkəb ədəbi-ictimai mühitə tənhalığı, fəlsəfi kədəri, təmkin və iradəsi ilə qalib gələn şairin həyatını “şəxsiyyət və zaman” konflikti nöqteyi-nəzərindən açıqlasaq məntiqi nəticəyə daha çox yaxınlaşmış olarıq. Mühit, şəxsiyyət və mənəviyyat üçlüyündə əksliklər, ziddiyyətlər həmişə olub. Lakin şəxsiyyətlə mənəviyyat bütövləşəndə birinci-hakim tərəfə daha güclü müqavimət göstərə bilib. Şəxsiyyət və “mən” arasında boşluq olanda mühit onları daha asan sındıra bilir. Tək şəxsiyyət mühitə qalib gələ bilməz, lakin hər hansı dövr, zaman nə qədər güclü olsa da, yenə tarixin dəyirmanında üyüdülür, tarixin hökmünə bəraət və rəddinə möhtac olur. Onda böyük şəxsiyyətlər işıqlı səhifələrdə qərar tutur, bu şəxsiyyətləri, haqqı, ədaləti əzən, incidən dövran isə lənətlənir.

Vaqif Səmədoğlu istedadı, şəxsiyyəti ədəbi və ictimai mühitə saflıq, təmizlik gətirdi. Oxucu sözün həqiqi mənasında onun “bəşəri kədər”indən bəhrələnməli və düşünməli, çox həqiqətləri dərk etməli oldu. Tənqidçi Şirindil Alışanov yazır: “Vaqif Səmədoğlu poeziyanın qəribsəmiş bir keyfiyyətinin ona necə məhrəm olduğunu bir daha sübut etdi. İctimai-sosial əsası olmaya-olmaya ritorik nikbinlik ruhunda yazılmış onlarca şeir bədii şüarlar kimi həyat meydanını çox tez tərk edir. Axı, ağıllı, mənalı yaşamaq üçün düşünməyi də, kədərlənməyi də bacarmaq lazımdır. İnsan kədərlənmirsə, demək, düşünmür, özünü axtarmır”.

Şair bütün yaradıcılığı boyu bəşəri və milli əxlaq normaları prinsiplərinə riayət edib. Milli “mən” və dünyəvi, qlobal “mən” səviyyəsində dünyaya baxıb. Ona görə də kəsərsiz, məntiqsiz bir misra ilə rastlaşa bilmərik”.

Ayıbdır, utan,

Özünü qüvvətli göstərmə,

qəfəslərində

aslanlar mürgü vuran

heyvanxanası olan bu şəhərdə.

Ayıbdır, vallah,

Bir az çəkil,

ölümə yer saxla yanında,

ölümsüz göstərmə özünü

Qız qalası

Xəzərdən gen düşmüş bu şəhərdə

Ayıbdır, yavaş,

bir az yavaş danış,

şairləri susan bu şəhərdə...

“Susan şair” ifadəsi Vaqifin ədəbi taleyinin rəmzi kimi səslənir. Kədərli, narahat, dönməz, sıxılan və bütün bu gərginlikləri içində boğan, dünyada yalnız Tanrısına və şair “mən”inə sığınıb susmaq əzabını yaşayan Vaqif şəxsiyyətinin bir çaları da açılır: mənfiliyə, pisliyə şablon nifrət və ittiham hissiylə yanaşmır, əksinə cahilliyin, nadanlığın faciəsi kimi ona acıyır. Aslanlar yatanda, şairlər susanda meydana boşboğazlar, qrafomanlar atılır. Susan şairlərdən, qəfəsə salınmış aslanlardan, nəhayət, səni bir ovuc torpağa döndərəcək ölümündən-yoxluğundan, heçliyindən utan!-deyə müəllif nadanı, cahili qınayır. Şeirlərinin birində isə “tükənmişəm, partlayıram” –deyir. Bu misra ilə də həmin sükutun xarakteri açılır. Amma, nə qədər tükənsə də, şair kimi dillənəndə təmkinini itirmir, qəzəbini, kinini cilovlaya bilir. Müsahibələrinin birində Vaqif Səmədoğlu deyir: “Bilirsiniz, şairləri, birincisi, bir qəlibə salmaq olmaz. Şair var, inildəyir, amma çox gözəl inildəyir, şair var bağırır, amma çox gözəl bağırır. Xalqa hərbi marş da, həzin nəğmə də lazımdır. Lakin bir şeyi bilirəm, bizə şeir yazan şair yox, özünü yazan şair gərəkdir”.

Bütün ömrü boyu yazan, lakin az çap olunan Vaqif Səmədoğlu həmişə özünü, qəlbini, ruhunu, Allah vergisi olan poetik dünyasını yazıb. Amma bu dünyanın genişliyi, gerçəkliyi imkan verir ki, minlərlə oxucu orada qəlbinə, ruhuna dinclik, rahatlıq tapsın. Və daima şairin özünüifadəsində tanış, doğma duyğularla rastlaşıb. Bu poeziyada inilti, sızıltı, yersiz ah-fəğan yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər...

1960-cı illər ab-havasında cəsarətli düşüncə tərzinə, uzaqgörənliyinə, dövrün acılarını varlığında yaşatmaq fədailiyinə görə Vaqif zəmanəsinin mənəviyyat səmasında parlaq bir ulduz idi. Onun işığını yerdən əl uzadanlar söndürə bilmirdi.

Kür daşacaq,

Yoxsa bəndlər ovcundan

Töküləcək Xəzərə?

İnsan bir ömrü boyu

Öləcək neçə kərə?

Şair ölə-ölə “diri qalmaq”, kiçilə-kiçilə “böyümək” yolunun tarixi faciəsində mənəviyyatsızlıq, əxlaqsızlıq görürdü.

Günah nə məndə, nə onda,

Günah duman içindədir.

Yaxşının özü də indi

Daha yaman içindədir,

Evim duman içindədir...

Yaxşılar yamanlığın içində əriyəndə zamanın ziddiyyətli, mürəkkəb durumu bir az da gərginləşir. “Dünyanın arşını əyiləndə” (S.Əhmədli) qalan həqiqət və əxlaq normaları da ölçüyə gəlmir. Vaqif Səmədoğlu yəqin ki, ilk şeirini sevincdən, fərəhdən deyil, sarsıntıdan, kədərdən dərdləndiyi üçün yazıb. O, sözünü, ağrısınıı faş etmək ümidilə ədəbiyyata qədəm qoyanda “Söz üstündə insanlar yenə məhbəslərə atılır, sürgünlərə göndərilir, “psixikuşkalara”-dəlixanalara salınırdı”. (V.Səmədoğlu)

Bir tərəfdən mənəvi repressiyaların özülü tökülür, bir tərəfdən də araşdırmalar, bəraət və “əfv”lərlə guya tarixin səhvləri düzəldilirdi. Səhvləri düzəldə-düzəldə yeni səhvlər edən icraçılar nə cəmiyyətə, nə də ədəbiyyata azadlıq vermək fikrində deyildi. Azadlığı, demokratiyanı cəmiyyət də, ədəbiyyat da özü öz içində, öz mənində yaratmalı idi. Vaqif bu ağır işin öhdəsindən gələ bildi: qəfəsdə azadlıq nümunəsi yaratdı və bu nümunə ilə müasirlərinin “başqa yol yoxdur, dövr, zaman belə tələb edir”-yaradıcılıq prinsipinə etiraz etmiş oldu.

Anar Vaqif Səmədoğlunun şeirlərindən birini xatırladıb yazır: “Sovet rejiminin sərt illərində bu sayaq şeirləri nəinki çap etmək, kimlərəsə oxumaq da təhlükəli idi. Hələ belə şeirlər yazmağın nə qədər təhlükəli olduğunu demirəm”. Anarın fikrini izah etsək, belə çıxır ki, oxucuya beş il düşürdüsə, yazanı sürgün etməliydilər. “37-də tutuldum” deyən şair isə söz, həqiqət, yaddaş və vicdan həbslərinin ağrısından xəbərsiz deyildi. O, belə həbslərin dəmir barmaqlıqlarını, dəmir qandallarını qırıb ədəbiyyata atılmışdı.

Azadlıq həsrəti var

Yenə titrək səsində.

Neçə quş dustaq qalıb

Köksünün qəfəsində?

Azadlıq həsrəti şairi bütün dövrlərdə: 60-70-80-ci, hətta müstəqillik aldığımız sonrakı illərdə də tərk etmir. 1991-ci ildə yazdığı şeirlərinin birində:

Qul quldar olacaqsa

Azadlıq yalan imiş

- təəssüfünün ağrısını yaşayır. “Vaqif Səmədoğlu az qala hər şeirini ilhamının son həddində yazır”. (M. İsmayıl) Həm də hər şeirini qəzəbinin təəssüf və ağrısının son həddində yazır. Gəldiyi məntiqi nəticənin danılmaz doğruluğunu, həqiqiliyini sübut edəndə yazır.

Vaqif Səmədoğlu dövrünün qərib şairidir. Həyat fəlsəfəsi, kədəri, dünyaya baxışı, yaradıcılığı “xorda qalan tək səs” (V. Səmədoğlu) kimi qərib, özgə, bizim psixologiyamıza və “standart”larımıza yad göründüyü üçün ona başqa planetdən gəlmiş adam kimi baxırıq. Onun haqqında ədəbi mühitdə tez-tez eşitdiyimiz “heç zəmanə adamı deyil” ifadəsi də bunu təsdiq edir. Nizami Cəfərov Azərbaycan yazıçılarının 10-cu qurultayındakı çıxışında demişdir: “Milli azadlıq hərakatı başlayanda, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər V. Səmədoğlu təbiri caizsə, “cəmiyyət adamı” deyildir, bu dünyanın işlərinə qarışmırdı, hərəkat başlayanda isə onun liderlərindən birinə çevrildi, Azadlıq meydanında göründü, “Ulduz” jurnalına müsahibə verdi, (1991 №3) müvazinətini itirmiş o zamankı Azərbaycan “rəhbərliyi”ni adam olmağa çağırırdı. Müəyyən sabitlik yaranandan sonra o, yenidən öz dünyasına döndü, tənhalıq poeziyasını davam etdirdi”.

1999.

Ardı var

# 2712 dəfə oxunub

Müəllifin son yazıları

# # #