Kulis.az İradə Musayevanın “Taleyinin şeirini yazan adam...” məqaləsinin ikinci hissəsini təqdim edir.
Siz ey ürəyimin başında dolaşan sözlər,
ürəyimin qanına bulaşan sözlər...
Eldar Baxış 50 yaşına çatmamış dünyasını dəyişdi. Tərcümələri vardı, A.S.Puşkindən, V.Şukşindən və s. Nəsr (“Qaravun dərənin dükançısı”), dram (“Uzun Həsən”) eksperimentləri də etmişdi. “Balıq ölümü”, “Çaldıran döyüşü” adlı poemalar yazıb. Bir neçə şeir kitabçası, barəsində yazılmış rekviem xarakterli bir neçə məqalə qaldı, bir də bütöv, sınmayan, sözə, ədəbiyyata xəyanət etməyən şair obrazı... Haylı-küylü, cəsarətli, azad ruhlu misralarında zərifdən zərif, kövrək, bir çiçəyin solmasını belə kədərlə müşahidə edən insanın dramatik yaşantılarının təbii rənglərlə çəkilmiş şəkli...
Biz şeirdən adətən nə istəyirik? Ancaq harmoniya ilə cilalanmış söz qatarının musiqisinimi? İki insanın sevgi dialoqundakı lirik ovqatdan doğan həzzimi? Dövrün ictimai-siyasi problemlərinin insanı ağrıdan məqamlarının cəsarətlə inkarını, inikasınımı? Dağın, dərənin, dənizin, Günəşin vəsfinimi? Əlbəttə, bunların heç birini. Ədəbiyyat, poeziya azad ilhamın doğuşudur, sözüdür. Biz sözdə, düşüncə və ifadədə, əksetdirmədə həmin sərbəst, azad, ruhumuzda özünə yer edən, demək istədiyimiz, ədəbiyyat dili ilə deyə bilmədiyimiz özünüifadəni istəyirik. Elə bir özünüifadəni ki, orda həm mən-oxucunun, həm də o-şairin oxşar duyğu və yaşantıları doğma cizgilərilə əks oluna bilir. Onda oxucu ilə müəllif arasında səmimi bir ortam yaranır. Cəsarətli misralar, çılğınlıq, emosiyanın bolluğu hər şairi bizə sevdirə bilməz. Bədii mətnlərdə “öz”, “mən” deyilən bir qüvvə və bu qüvvənin enerjisi var. Biz bunu axtarırıq əslində mütaliə prosesində. Bu “öz”ü... M.Svetayevanı, A.Axmatovanı, N.Hikməti, U.Uitmeni, H. Cavidi niyə sevirik? Çünki yaradıcılıqlarının mayasındakı “Öz” salamatdır, birüzlüdür, misralarda, qafiyələrdə, pafoslu sözlərdə oynamır, sadəcə əks olunur. Özünü bəlağətdə gizlədən şairlər uduzur həmişə. Çünki onlar özlərini deyil, obrazını, şəxsini oynamaq istədikləri şairlərin kölgəsi ola bilir ancaq. Siyasi, ictimai, sosial həyatda səhvləri ola bilər onların, necə ki olub. Amma ədəbi mövqedə-Söz həyatında bütöv adam olmaq, mükəmməl qələm, imza deməkdir. E.Baxışın şeirləri onun şəxsiyyət kimi obrazını da tanıdır. Deyir ki, hamı mənə öyüd-nəsihət verir: bir az yumşaq ol, siyasətcil, tədbirli ol ki, nəyəsə nail olasan. Amma şair bu “qayğıkeşliklərdən” əsəbləşir. Onun aləmində hər adamın, hər kişinin öz “hə”si, öz “yox” u olmalıdır. (Nə vaxt öz halalca səsi olacaq, öz “yox”u olacaq, “hə”si olacaq?)
Öz fikri, öz iradəsi olmayan adamları “ən qorxulu adamlar” hesab edir. Və bu mübahisədə başını söykəyəcəyi, çiynini dayayacağı bircə güvənc yeri var-qələmi, cəmi 30 qəpik qiyməti olan, azadlığının, ruhi təlatümlərinin carçısı qələmi...
Bəsimdi, şeytana deməli sözü
Şeytanın üzünə şax deyirəmsə.
"Hə" deməli işə "hə" deyirəmsə,
"Yox"deməli işə "yox" deyirəmsə.
Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub, yatdığım qələm.
Qələmim olanda qorxu bilmirəm,-
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan, dövlətdən,
Onun da qiyməti otuz qəpiyə.
Çoxlu etirazları vardı dünyaya, insanlara. Şeirlər içinin fırtınası, alovu kimi püskürürdü, doğulurdu. Yaşadığını, duyduğunu şeirlə səsləndirirdi. E.Baxşın gözündə dünyanın hər mənzərəsi, hər halı şeir parçası ola bilərdi. “Gecə saat üçün-dördün söhbəti” şeirində “yatmaq”, “yuxu” ifadələri müxtəlif məkan, məqam, əşya və xəyal tərənnümündə açar söz kimi işlədilir. Bəzi mətnlərində aşıq şeiri intonasiyası, ənənəvi üslub cizgiləri, konstruksiya texnikası tanış bədii format təsəvvürü yaratsa da, bir çox şeirlərində isə obyektə onun modern intellektuallıqla yanaşma tərzini görürük. Düşüncə və poetik intuisiyadakı sərhədsizlik, çərçivəsizlik, təxəyyülü daha uzaq məsafələrə göndərə bilmək bacarığı onun coşqun ilhamının özünəməxsus əlamətləri kimi dəyərli idi. Hər yan yuxu içindədir. Dünya sanki bir yuxunun əmri altında donub durub. Meşədəki ağaclardan, turaclardan, həyətdəki itdən, yükün arasında səsini yuxu aparmış pişikdən, arxaçda fısıldaya-fısıldaya ölüm yuxusuna dalmış qoyun-quzudan, kitablardakı hərflərdən, xəritədə Araz çayının üstündə ilişib qalmış coğrafiya müəlliminin çubuğundan, Ədalətin sazın üstündə yuxulamış barmağından tutmuş ürəyimizə səssiz-səmirsiz baş qoyub yatan ümidlərimizə qədər nə varsa hər şey bir yuxunun bayrağı altında eyni taleni, eyni susqunluğu yaşayır. Məişətin belə hər cizgisinə estetik harmoniya vəhdəti kontekstində baxmaq bacarığı müşahidə edilir:
Baxıram: Hamı yatıb,
Meşədə - ağaclarımız yatıb,
Çöməlib ağacların dibində
turaclarımız yatıb.
Dillərini qoyub qarınlarına
qapıda - itlərimiz yatıb.
Evdə -
kitablarımızın arasında
Saitlərimiz, samitlərimiz yatıb.
Coğrafiya müəlliminin
çubuğunu yuxu aparıb.
Arazın üstündə,
Ədalətin barmaqları
bu saat yuxu görür
sazın üstündə.
Ürəyimizə baş qoyub
səssiz-səmirsiz
ümidlərimiz,
arzularımız yatıb.
Arxaçda fısıldaya-fısıldaya
qoyunlarımız,
quzularımız yatıb…
Baxıram: yuxu aparıb
pişiyin səsini
yükün arasında
Uşaqlara nə var,
Uşaqlar tumançaq uyuyub
anaların laylasında.
Qısa ömründə çeşid-çeşid xislət gördü, sifət-sifət insan gördü, ölməmişdən ölümlər (Ölüm boyda bayquş gördüm, Dünya boyda xarabası) gördü, hiddətini soyutmaq üçün yenə də 30 qəpiklik qələminin verdiyi azadlığına bel bağlayıb xəyanətlərə, yalanlara, riyakarlıqlara şeirlər qoşdu. “Mənə adam ol deyənlər” misrasındakı müraciət obyektinin obrazındakı şərin, qaranlığın mahiyyətindən söz açdı... Amma heç vaxt maddiyyat zənginlərinin yerində olmaq istəmədi. Üzünü aya, ulduza (Pula nə gedirsə onlara qaldı,Havayılar mənə, pulsuzlar mənə Qaldı yer üzündə çiçəklər, otlar, qaldı göy üzündə ulduzlar mənə), bir də onu həm var edən, həm də üzən Sözə tutdu:
Siz ey ürəyimin başında dolaşan sözlər,
ürəyimin qanına bulaşan sözlər,
ağı deyib, ağlaşan sözlər;
bəsdi ağladınız,
bəsdi sızladınız,
sizin gözünüzün yaşı mənim gözümün yaşıdı,
sizin başınızın daşı mənim başımın
daşıdı.
Ulduzları, Ayı, otu, çiçəyi özünə pay, sovqat hesab edən şair “Mən ümidin oğluyam” deyirdi. Dözümü tükənib ondan imtina edəndə özünə yeni dayaq, arxa, ata tapmışdı- ümid...
Əlişə dedilər: Həşimin oğlu,
Vəlişə dedilər: Həmidin oğlu,
Mənə də dedilər, hara getdimsə,
Ümidin balası, Ümidin oğlu.
Ümidi çörək kimi yeyib, ümid atına minir, ümid qılıncını siyirib ümid saraylarını, ümid taxtlarını zəbt edir, gündoğandan günbatana səfərlərə gedir, ağacın, ulduzun, dənizin, gölün dilini öyrənir, onlarla öz dillərində danışır. Dünyanı ümidləriylə dörd dolaşandan sonra qayıdır özünə. Başqaları da ona-Ümidin oğluna həsəd aparır:
...İndi özlərinə yer tapa bilmir,
İndi qurcalanır Həşimin oğlu,
İndi dingildəyir Həmidin oğlu.
İndi deyirlər:
gör, nə fikirləşir
Ümidin balası, ümidin oğlu...
E.Baxış şeirinin təbi, tərzi, poetik havası onun müraciət intonasiyasında, çağırışlarında daha çox hiss olunur. Şeirimizdəki “Eldar Baxış tonu” çalarını xüsusən bu müraciət estetikasının özünəməxsusluğunda axtarmaq lazımdır. “Hara qaçırsınız, kənd uşaqları?!”
Hara qaçırsınız, kənd uşaqları,
Göbəyiniz burda kəsilməyibmi?
Burdan – bu qaraca damın altından,
Bu ağcaqovağın, şamın altından
Hara qaçırsınız, kənd uşaqları?
Bu dağları atıb, daşları atıb,
Bu yayları atıb, qışları atıb,
Körpəcə-körpəcə quşları atıb,
Hara qaçırsınız, kənd uşaqları?
Dünyayla davasında uduzduğu məqamları özünə bağışlaya bilmir, Mənim də havamı aldı bu dünya, görməli işləri görə bilmədim və ya: Mənim arılarım öldü acından, mənim ağrılarım beçələdilər, –deyir.
İki övlad itkisinin ağrısını da yaşayıb şair. Anası Şeyda xanımın adını qızına qoyur. Bu adı verəndə arzuları çiçək-çiçək açılır sanki. Və qızını yox, daha çox anasını yenidən yaratmaq, yenidən dünyaya gətirmək istəyi baş qaldırır xəyallarında: yenidən gəncləşəcək anam, yenidən bulaq başına gedəcək səhənglə, yenidən sevəcək, keçmişini yenidən xatırlayacaq anam qızımın varlığında, adında...
Nə var xatırlasın olub-keçəndən,
Soluna boylansın, sağına dönsün.
Qırmızı yaylıqlı, qırmızı donlu,
Qırmızı başmaqlı çağına dönsün.
Amma ölüm bu “anasını” da əlindən alır...
Dərdin qatlarından xəbərin yoxdu,
Nədi ki, torpağın qatları, qızım,
Mənim ürəyimin çatdaqlarıdı
Sənin bu qəbrinin çatları, qızım.
Tellərin bilirəm, sığallayıram
Bu çatlardan qalxan otları, qızım.
İndi mən çıxıram, ayaqlayıram
O sən ayaqlayan odları, qızım,
Səni o dünyanın qurdları yeyir,
Məni bu dünyanın qurdları qızım.
E.Baxışın bədii təsvir və ifadə vasitələrindən istifadə üsulu onun özündən asılı olmayan bir yazı prosesinin təbii doğuşu kimi çıxır ortaya. Şeirlərindəki quşlar, otlar, ağaclar, yağışlar, göz yaşları, itkilər, xəyanət və sevgilər müəllifinin ürəyindən od, düşüncəsindən məna alır. Fərqli baxış məqamları var məlum hadisələrə. Səmada quş görmüşük həmişə. Amma E.Baxış “Səma var quşun ağzında”-deyir.
Torpaq var, xışın ağzında,
Səma var, quşun ağzında,
toxum var, daşın ağzında,
çiçək açdı – kürələdi.
Müharibəni bu rəngləri, bu “naxışları” ilə tanımaq da bir səmimi şair qəlbinin, ruhunun işidir.
Fələstinin ağrısını-acısını
ev-ev,
küçə-küçə,
dalan-dalan,
güllə-güllə,
tətik-tətik,
gicgah-gicgah,
hıçqırıq-hıçqırıq,
hönkürtü-hönkürtü,
göz yaşı-göz yaşı
tanıyıram.
Şairin qəhrəmanları yalnız doğmaları, tanışları, dostları deyildi. Onun azad, uzaq diyarlara qədər baş alıb gedə bilən ruhu hətta dünyanın yetim qızı Cennini də vəsf edə bilirdi:
Cenni,
əlin, ayağın
oda, alova dönə
boş-bekar qalacaqsan
elə dünyada yenə...
İsti otaqlar dolub,
dolub ağzına qədər,
dükançı arvadından
nazir qızına qədər.
Nə dükançı arvadı,
nə də nazir qızısan...
köhnə Nyu-Yorkda da
yaşamağa razısan.
Köhnə Nyu-Yorkda da
anandan soruş nə var,
sulu-sulu küçələr,
nəmli-nəmli otaqlar.
Otaqda taxtabiti
siçan şilləsi boyda,
küçədə acın gözü
topun lüləsi boyda.
Yaşayırsan bir həftə,
bir ay, bir il uzunu...
İşsiz-gücsüz, birtəhər
saxlayarsan özünü.
İncə dodaqlarını
sıxarsan bir-birinə,
saçlarını tökərsən
incə çiyinlərinə.
İncə barmaqlarını
cibində gizləyərsən,
incə ayaqlarını
maşından gözləyərsən.
Şirin təbəssümünü
düyüb əl dəsmalına,
bir gözmuncuğu kimi
bağlayarsan qoluna.
Yadından çıxararsan
bütün sevgini-zadı...
Qoy vurulsun hamıya
dükançının arvadı.
Sütül-sütül oğlanlar
nazir qızının olsun,
on beşindən soyusun,
on beşinə vurulsun.
Gördün ürəyin durmur,
yaşın baxmır sözünə,
bir küçə aynasında
göz vurarsan özünə.
Öpərsən lap özünü
Azca gülümsəyərək,
sonra əl eyləyərsən:
– Sabah görüşənədək!
Yönünüz bir tərəfə
səkidən düşərsiniz,
ürəyiniz istəsə
sabah görüşərsiniz...
“Qapımızın ağzında donan sərçə” şeirində sərçədir əsərin qəhrəmanı. Bütün quşlar payızın, qışın soyuq hücumundan, çətinliklərindən qorunmaq üçün yır-yığış edib bu yurddan köçür. Yazda qayıdacaqlar. Poeziyamızda bir məlum “sərçə sədaqəti” anlayışı var. Amma E.Baxış bu –qapısının ağzında donan sərçəyə “səni sevgin bu hala saldı, sən bu yerlərin havasını, butasını, arpasını, adasını, insanını sevdin. Sənə nə gəldisə, sevgindən gəldi. Pis günümün də yiyəsi sərçə, nə sədaqətlisən”- deyir:
Çəkildilər göyə getdilər,
qanadlarını çırpa-çırpa,
döyə-döyə getdilər,
yazda yığdıqlarını,
yayda yığdıqlarını
yeyə-yeyə getdilər,
getdilər bütün köçəri quşlar.
Qısa-qısa,
basa-basa yanlarını,
doldurdular çinədanlarını,
getdilər bütün köçəri quşlar.
Gördülər qabaqdan payız gəlir,
payızın dalınca qış gəlir,
qışın dalınca qar gəlir,
payızın dalınca yağış gəlir
duruş gətirmədilər.
Ağzı quranlı qaranquşlar getdilər,
hacdan gələn leyləklər getdilər,
canım sənə desin sonalar getdilər,
üçtelli, dördtelli,
beştelli durnalar getdilər,
getdilər qaqqıldaya qaqqıldaya,
getdilər dimdikləri şaqqıldaya-şaqqıldaya.
... Sən niyə getmədin
atam sərçə,
anam sərçə,
qapımızın ağzında donan sərçə?
Yaradıcılığının əsas mərhələsi ötən əsrin 70-ci illərinə düşdü. İkinci dünya müharibəsindən sonra doğulmuşdu. Amma müharibənin qalıqlarını, izlərini ruhunda, gözündə-könlündə gəzdirə-gəzdirə yaşayırdı. Bu izlər atasının alnındakı şırımda, Belarusiyada Xatın kəndində külə dönmüş bir evin həyətində, gənc qvardiyaçıların qanlı komsomol biletində, Səməd Vurğunun “Qolsuz qəhrəman” şerində, avtobusda – oturacağın qabaq cərgəsində,əlillərin yerində qalmaqda idi... Amma bu sıralamada daha kədərli bir müharibə detalı şeirləşir- müharibə əlili İsmayılın həmişə təzə qalan bir tay ayaqqabıları...
Kəndimizdə dava görmüşəm:
İsmayıl dayının
dizdən aşağı
bir qılçası yoxdur...
Nə vaxtdır!..
İsmayıl dayı həmişə
mağazadan
bir cüt ayaqqabı alar,
birini geyər ayağına,
biri taxçada qalar.
Neçə il yaşasa İsmayıl dayı
Həmişə belə olacaq,
ayaqqabısının biri təzə qalacaq...
Şair intuisiyası güclü olur, adətən. E.Baxış da bəlkə bu günü o zamanlardan görür, hiss edirmiş. Unudulan, yaddan çıxan, haqqında az yazılan, danışılan və bəlkə də heç yazılmayan şairlər sırasında olacağını duyurmuş bəlkə? Ona gör “Ümidim torpağadır”-deyirmiş...
Baxdığım bu göy üzünün,
mindiyim bu maşının,
keçdiyim bu küçənin,
içdiyim bu pivənin,
çıxdığım bu ağacın,
yığdığım bu meyvənin –
bunların hamısının
yadından çıxacağam.
Bunların hamısının
yadından çıxacağam –
dərdini-sərini yazdığım
bu bığıburma kişilərin,
bu döşlüklü arvadların…
Ümidim bircə torpağadı,
üstündə gəzdiyim bu torpağa;
bu torpaq yoluxacaq məni,
yoxlayacaq məni…
hər şeyi unutsa da,
qəbrimi,
başdaşımı
yadında saxlayacaq mənim.
Eldar Baxış unudulası şair deyil. Oxunmalı, öyrənilməli, öyrədilməli, kitabları çap olunmalı şairlərimizdəndir...
Nə yaxşı ki, sözə dəyər verən insanlar, sədaqətli dostlar var bu dəyərlərin get-gedə yoxa çıxmağa başladığı bir zamanda. Və şair İlham Qəhrəman var... Onun itib-batan şeirlərini bəlkə də bənd-bənd, misra-misra toplayıb kitabını çapa hazırlayır... Deməli, ümid təkcə torpağa deyilmiş...
30.04.2017.