Kulis.az İradə Musayevanın “Ölümdən sonra ilk kitab...” məqaləsini təqdim edir.
V.Səmədoğlunun “Gürzəçöl yazıları” kitabı haqqında
Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabını onun ömür-gün yoldaşı Nüşabə xanım mənə verəndə iki-üç dəfə gözləri doldu... narahat və həyəcanlı idi. Onu heç vaxt belə görməmişdim. Elə bil gənc bir qız öz ilk kitabını əlində tutmuşdu. Vaqif Səmədoğlunun ölümündən sonra sanki mən başqa bir Nüşabə xanımla üz-üzə dayanmışdım. Həmişə sakit, pərdə arxasında olmağı xoşlayan bu xanım indi özünü böyük öhdəliklər qarşısındakı kimi məsuliyyətli hiss edirdi. Vaqif müəllimin sözə, şeirə o qədər ciddi yanaşması və vasvasılığı Nüşabə xanımı bu gün də qorxudurdu. “Bilmirəm, Vaqif bu kitaba nə deyərdi, amma bunu çap etdirməyə bilməzdim” – dedi...
Nüşabə xanımın mənim düşüncəmdə başqa bir obrazı var, bu barədə yəqin ki gələcəkdə yazacam. Təkcə onu deyə bilərəm ki, Azərbaycan şair və yazıçıları arasında Vaqif Səmədoğlu bəlkə də yeganə bir yaradıcı şəxsiyyətdir ki, xanımı onun yolunda həyat yoldaşı kimi yox, mədəni-intellektual səviyyənin tərəf müqabili kimi fədakarlıq edir. Vaqif Səmədoğlu adına nə varsa hər şey Nüşabə xanım üçün müqəddəsdir, toxunulmazdır, əzizdir. Elə göz yaşları içərisində əlində saxladığı “Gürzəçöl yazıları” kitabı kimi...
“Bir gün təsadüfən üzərində “Gürzəçöl yazıları” yazılmış dəftər əlimə keçdi. Adını eşitsəm də əsərin özünü görməmişdim. “Tapıntıma” sevindim. Dəftəri, cırılmasın deyə, ehmalla vərəqlədim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə çox əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu qaralama idi. Sənə: “Gəl bunu makinada yığım, çap edək” – dedim. Və indiyədək dəftəri görmədiyimə görə təəccübümü gizlətmədim. Sən çox ciddi tərzdə dəftəri əlimdən alaraq: “Üzərində işləməliyəm”-dedin. (Bu zaman düzü bir az incidim də) Və dəftəri gözdən uzaq bir yerə qoydun”...
Vaqif Səmədoğlunun Nüşabə xanımın əlindən həmin dəftəri aldığı zamandan 15 il ötür. Və yenidən bu dəftər əlinə keçəndə daha ilk dəfədə olduğu kimi sevinə bilmir. “Dəftər əlimə ağır gəlir, daş kimi ağır... Sənin yoxluğun yazılarının çəkisini də ağır edib...”
Nüşabə xanım Vaqif müəllim haqqında “O” deyə, və ya keçmişdə, ancaq xatirələrdə qalmış biri kimi danışmır. Sanki üz-üzə dayanıb və hesabat verir. Hətta söhbət əsnasında, Vaqif müəllimlə bağlı tədbirin təşkilati məsələlərində qarşılaşdığı çətinlikdən danışanda qeyri-ixtiyari “Vaqif, gör məni hara gətirib çıxardın” –deməyindən də açıqca hiss etdim ki, Nüşabə xanım üçün Vaqif müəllim qətiyyən ölməyib...
Maraqlıdır, 1999-cu ildə Vaqif Səmədoğlu haqqında yazdığım monoqrafiyada da “Gürzəçöl yazıları”nın əlyazması haqqında məlumat varmış. Bu yazılarla bağlı fikri bəlkə Vaqif müəllimin özündən almışdım, yadıma sala bilmirəm. Amma mənim kitabımda bu barədə məlumat olması faktını da mənə Nüşabə xanım xatırlatdı...
Və budur, haqqında danışdığımız sirli, bir az da müəmmalı kimi görünən həmin əlyazma artıq çap olunub. Kitabın ilk səhifəsindəcə Vaqif Səmədoğlunun payız yağışı altında tək-tənha qalmış səsini eşidirik: “ İllər ötər, aylar keçər, bir payız gələr yenə bu yerlərə, yağışı yağar, yağar -kəsməz, küləyi əsər, əsər-yatmaz. Millət olan-qalan azuqəsindən yeyər, yeyər-aclıq gözləyər. Gözləyər ta boz qurd Gürzəçölün başında ulayana qədər. O ulayan gün hər kəsin yadına ölənləri düşər, düşər-yaddan çıxmaz daha. Ölülər ömürlük yadda olanda ömür ölümə dönür, atam.”
Şeirlərindəki səs və poetika... Amma məna və fikir başqa istiqamətli olacaq deyəsən. Pritçalardır bu dəfə əlimizdəki. Sözaltı sözlük. Fikir içində fikir, məna içində məna, alleqoriya, yozumlar, işarələr, sarkazm və ibrətamiz hökmlər... Şairin açıq deyə bilmədikləri varmış... on illərlə deyə bilmədikləri... Əlyazısını xanımının əlindən alıb gizlətdiyi yazıları... Pritça kimi sözü qısaca, amma kəskin şəkildə demək imkanı verən bir janra ehtiyacı varmış şairin sən demə...
Sokrat haqqındakı pritçaları xatırladım, Hind, Çin pritçalarını, Sufi pritçalarını, Kafkanın pritçalarını... Və saysız-hesabsız müəllifi bəlli olmayan, xalqın yaddaşında diri qalan pritçalar da var ki, insanlar ən kədərli, çıxılmaz anlarında belə bir ibrətamiz pritça söyləməklə dərdini anlada bilib. Əbül -Fərrac pritçaları insan əqlini canlandıran və ürəkdən dərdi, qəmi silən hekayələr adlandırmışdır . “Qoy onlar (pritçalar) iztirab çəkənlər üçün təskinlik, ürəyi yaralılara şəfaverici balzam, nəsihət sevənlər üçün bələdçi və məzənin qiymətini bilənlərə yaxın dost olsun”.
Pritçalar V.Səmədoğlu yaradıcılığı üçün yeni janr olsa da, pritça məzmunu və üslubu, ideyaya, mətnə pritça yanaşması poeziyasında və dramlarında bu və ya digər şəkildə ifadəsini tapmışdır. Nüşabə xanım da bu yeni janr məsələsini kitaba yazdığı ön sözdə vurğulayır: “Sən yaradıcılığının yeni cəhətini özün istədiyin kimi tanıtdıra bilmədin... Və “Gürzəçöl...” Sənin ürəyinin bir küncünə sığınmış yaralı yerin oldu. Hər dəfə onun “uğultusunu” eşidəndə, “ətrini” duyanda yeri göynədirdi...”
Vaqif Səmədoğlu 1985-ci ildə gündəliyinə pritçaları haqqındakı qeydlərində yazıb: “Mənzil başına yetirməliyəm... Çətin işdi, ağır yükdü. Ancaq qaça bilməyəcəyəm bu mövzulardan. Heç harda gizlənə bilmərəm...” 12 il sonra isə, 1997-ci ildə yenə gündəliyində yazır: “Gürzəçöl yazıları”nın uğultusu, ətri beynimdə hazırdır. Konspektlərini çoxdan yazmışam. 80-ci illərin əvvəllərində. Hər yazı iki səhifədən uzun olmamalıdır. Maksimum yığcam yazılmalı və ən sadə danışıq dilində olmalıdır bu yazılar. 120-200 əhvalatı pritçasayağı qələmə ala bilərəm”.
Vaqif Səmədoğlu yaradıcılığının sehr və sirrinin bir səbəbini tutduq bu qeydlərdən. Sən demə yazının “uğultusu”, “ətri” gəlməliymiş əvvəlcə ruha, düşüncəyə, daha sonra isə qələmə, kağıza... 200 pritçalıq əhvalatı 30 il yaşadıb, cücərdib, göyərdib içində... Fəqət, bunlar şeir və dram deyil, daha ağrılı, həssaslıq və zərgər dəqiqliyi, aforistik ifadə qabiliyyəti tələb edən yazı tipidir –pritçalardır... Yəqin ki hələ çox cilalamaq, mükəmməlləşdirmək lazım imiş, amma başa çatdırmayıb sağlığında... Ona görə də Nüşabə xanım həyəcan və üzrxahlıqla Vaqif Səmədoğluna üzünü tutub yazır: “Sənin yaradıcılığına olan tələbkarlığını bilə-bilə, əsəri yazdığın ilk variantda çap etdirmək və ən əsası bunu sənin xeyir-duanı almadan edirəm. Bununçun gərək məni bağışlayasan...Sən Allah bağışla...”
Kitabda 23 pritça toplanıb. İlk pritçanın adı “Öküz yolu”dur. Onun bu adda şeiri olmasını da xatırladım. “Bu yol öküz yoludur...” Amma o şeirin tam mənasını bu pritçanı oxuyandan sonra anladım. Öküz yolu... Nəymiş bu yol? Buğadan öküzə zorla çevrilməyin ağrısı. Hisslərin, buğa taleyi yaşamağın zövq və səfasının axtalanmağı... Fikir insanı haralara çəkir... Axtalanmış talelər...
Səlim kişi ölür və onun 5-10 qoyunu, bir dənə iki illik buğası və bir də oğlu qalır. “Kişinin qırxını verən kimi oğul buğanı həyətdən eşiyə hoylayıb qabağına saldı. Üz tutdu buğa, keçi, at saxlayan bir erməninin evinə sarı. Buğanın gönü qalın olsa da ürəyi nazik idi. Nəsə damdı o nazik ürəyə.
- Ə, atası ölmüş oğul, məni bu sabahın gözü açılmamış haraya aparırsan belə? Olmaya ermənilərə satmaq istəyirsən, qibləsiz?
- Düz tapmısan o buynuzlu kəllən haqqı, ermənilərin yanına aparıram səni, di gəl satmağa yox.
Oğul bic-bic içində gülürdü. Buğa da yaş burnunu dağlardan gələn keşniş ətrinə tuta-tuta onun qabağında gedirdi. Yolun qırağında bir göyçək ala inək göründü. Buğa bir az ayaq saxlayıb sinəsini gəbərə-gəbərə ona baxdı.
- Bax, bax, hələ baxan günündü, - dedi oğul.
- Niyə “hələ”, a atası ölmüş? - soruşdu buğa.
- Ermənilərin yanından gələndə bilərsən.
- Niyə aparırsan məni ora?
- Burdurmağa.
- O nə deməkdir?
- Axtalayacağam səni. İndi buğasan, geri öküz dönəcəksən”.
Oğlan buğanın iş qüvvəsini artırmaq, “ala inək” sevdasıyla başını qatmamaq üçün ermənilərə onu axtalatdırır. Təbii ki, burada bir heyvanın fizioloji yox, daha çox insanların mənəvi-zehni, ruhi-psixoloji anlamda axtalanmağı faciəsinə işarə vurulur. “Atası ölmüş oğulla kitabı bağlanmış buğa” münasibətindəki qısırlıq, xəyanət və zülm cəmiyyət ladındakı hadisələrin simvolu kimi canlandı təsəvvürümüzdə. Və bu mənzərənin-yola buğa kimi çıxıb öküz kimi qayıtmağın (qayıdanbaş daha ala inəyə gözucu belə baxa bilməməyin qısırlığının) ağrısı doldu ürəyimizə. İçimizdə bir axta kompleksi qımıldanmaq istədi, susdu. Doğma, tanış sızıltılar yaşadıq, axtalanmış buğanın acı-acı gileyində. Qayıdanbaş oğul da kədərlidir, nədənsə, həm də qəzəbli. Istəyir ki, öküzə çevirdiyi buğa nəsə desin, yenə də ala inək həsrətiylə ora-bura boylansın, amma olmur:
“-Ə, niyə dillənmirsən, dilini ha kəsdirmədik!
- Yola baxıram, a atası ölmüş yetim. Ömrümüz öküz yoluymuş, yol qırağında duran bir inəyə baş qaldırıb baxmayacağam. Çünki öküzük, buğalığımızı burub, əlimizdən alıblar. Axtalanıb, axta yaşayırıq. Axta yeyirik, axta gəzirik, axta düşünürük. Axta-axta yol gedirik axtalanmış yuxuların tozunu qoşulduğumuz arabanın təkəriylə qaldıra-qaldıra, -dedi öküz”.
Bu pritçada sətiraltı mənaları çözdükcə çözə bilərik. Ermənilərə axtalatdırılmış buğanın öküz taleyi bizə çox söz deyir əslində...
İkinci pritçası “Ballıca” adlanır. Ballıca adı olan bir quzunun, qoyunun tale hekayəsini oxuyuruq. Doğulanda tərs gələn bu quzuya rənginə görə ad verirlər. Bal rəngindədir, Ballıca... sürüdə yeganə adı olan qoyun odur. Amma onu qoyun hesab etmir qoyunlar. Onunla cütləşmir, onunla gəzmir, onunla oynamırlar. Heç bir erkək qoyun onun gözəlliyinə diqqət vermir. Əvvəldən taleyi də özü kimi dünyaya tərs gəlib. Ona görə də dünyaya gəldiyi günü, “anasının onu doğarkən bağırdığı gecəni” söyürdü tez-tez. O gecəni ki “anasının içinə ağzından tünd araq iyi gələn çobanın qatı sabunlanmış əli girdi. Ballıcanı birtəhər çevirib gecəyə çıxardı. Atdı tapdanıb bulanmış samanın, otun qoxusuna. Sonra səhər çobanlar, uşaqlar yatağa girib quzuları saymağa başladılar.
- Ayə, gecə tərs gələn quzu bu idi. Vaxtında yetməsəydik, murdar olacaqdı.
- Nə göyçək dərisi var, baxsan. Lap bal rəngindədi.”
Ballıca sürü taleyi yaşaya bilmədiyi üçün çox əziyyət çəkir. Tərs kimi bütün qoyunlar, hətta itlər də onun öz adı olduğunu bilir, yaxın durmurlar. O isə təklikdən bezib. Və bir gün təpənin üstünə çıxıb yad bir sürüyə qarışmaq ümidilə boylanır... Böyük həvəslə sürüyə qarışır, sevinir ki, burda onun adlı biri olduğunu bilmirlər. Lakin üstünə cuman yad itinmi, qurdunmu vahiməsi hər şeyi alt-üst edir. “Ballıca sürüdə hər gün qurd haqqında düşən söhbətləri xatırladı. Ayağa qalxıb qurdamı, itəmi adını demək istədi, ancaq boğazına nə isə oldu birdən-birə. Bu ağrı idi”.
Yenə söz içində söz...Sürü təhlükəsizliyi və sürüdən ayrılma yadlığı, tənhalığı... Adı, özlüyü olanların sürü psixologiyasında dışlanması, təcridlənməsi...
Üçüncü pritça “Tut ağacında şinəbub yuvası” adlanır. İnsanları iki dünya savaşının, iki erməni-müsəlman davasının, bir də ən azı qırx-əlli quraqlığın aclığından qurtaran tut ağacında bir gün bir şinəbub (şanapipik) yuva saldı. Kişi arvad-uşağa hay salır ki, bu “dimdiyindən p...daman” murdarlayacaq ağacı... Amma arvadı, oğlu-qızı müxtəlif bəhanələrlə yuvaya əl vurmayacaqlarını deyir.
“ – Murdar oldu tut ağacı. Hayıf. Arvad, neyləmişdi ulu babalar ağacından əli üzüləndə?
- Köçüb qürbətə gedərdi ulu babalar, - cavab verdi arvad.
- Qürbətin qapısı bağlı, açarı səndə olmayanda necə, arvad?-soruşdu tut yiyəsi.
Arvad bir söz deməyib evə keçdi. Sonra eşiyə çıxıb, ərinin ayaqları altına balta atdı. Sonra başından kələğayısımı götürdü, ləçəyini açdı. Sonra saçlarını yaxasına tökdü. Torpağa oturub əvvəlcə sinəsinə, sonra dizinə vurdu. Və ağlamağa başladı. Tut yiyəsi baltanı qaldırıb, tut ağacının üstünə getdi. Və cəmi iki saatdan sonra tut ağacının yerində tut ağacından qalmış kötük qaldı.
İki saat da keçəndən sonra tutdan qalmış kötük yiyəsinin qapısına qonşusu gəldi”.
Qonşu da gəlib baltanı alır ki, meşəyə odun qırmağa getsin....
Pritça bizi düşündürür... sinəbubun yuvasını dağıtmağı, onu ağacdan uzaqlaşdırmağı gah günah sayır, gah da əl vurmağa iyrəndiklərini deyirlər, ağacı dibindən kəsirlər və bu ölümə ağlayırlar...
Qonşu meşəyə oduna gedəndə isə baltanı ürəklə ona verən “kötük yiyəsi” fikirləşir ki, özünün bu qışa odunu var...
Vaqif Səmədoğlu dilinin fərqli yumor çaları pritçalarında poeziya və dramlarından da fərqlənir. Burada müraciətlər də başqadır. Məsələn, “Ə,atası ölmüş oğul”, “ay cehizi bir ələk, bir aşsüzən olan”, “kötük yiyəsi” və s.
Dördüncü (“Tülkü yuvası”), beşinci (“Maral”) pritçaları oxuyanda düşündüm ki, Vaqif müəllim bunların üstündə işləyəcəkmiş yəqin... Əvvəla ona görə ki, həcmi çoxdur nisbətən. Özünün gündəliyində yazdığı “iki səhifədən artıq olmamalı, maksimum yığcam yazılmalı” prinsipi pozulub və müəyyən məqamlarda hekayə mətni təsvirləri pritça üslubuna xələl gətirir. Sətiraltı fikir ağırlığı və ibrətamizlik təsirliliyi isə pritça janrının tələblərinə cavab verir.
“Qartal kölgəsi”ndə kölgəyə güllə atmaq istəyi, “İsti”də isə kölgəsi itmiş ağaclar, suyu qurumuş kəhrizlər, dili tutulmuş aşıqlar, simi qırılıb “qızmar günəş altında sinəsi açıq qalmış saz”lar və s. simvollaşmış anlayışlar söz içində söz mənalılığını əks etdirir...
“Ölüm ayağında” pritçasının ibrətamizliyi də maraqlıdır. Yaşı bilinməyən qocanın ölümsüzlüyü hamını təəccübləndirir. Onunla bağlı söylənən bütün əhvalatlar yadımızda qalmaya bilər, amma bircə nüansı unuda bilmirik. Ölümsüzlük, əbədilik hikmətinin mahiyyətini anlamayan kolxoz sədrinin guya öz ərəb mirvarilərini, varidatını qocanın nəcisində saxlaması əhvalatını hamı danışır kənddə. Amma bu qoca ölüm ayağında belə tökülüb itən buğda dənələrini toplayıb saxlamaqla məşğuldur. Aclıq olan ildə heç kəsin gözləmədiyi anda toxumluq buğdanı çıxarıb camaata vermişdi bir zamanlar ... Bu yolla o kənd əhlini dəfələrlə aclıqdan çıxardıb. İmtiyazları, gücü, qüvvəsi hesabına camaatı yaxşı dolandırmaqdansa onları çətin duruma salan kolxoz sədri və çox zəif, heysiz, tükənmiş halıyla camaatın qeydinə qalıb onların sabahını, güzarınını düşünən, ölə bilməyən qoca paradoksallığı... Heydən, əldən-dildən düşən yaxşılıq (ölə bilməyən qoca) və elə hey onun ölümünü gözləyən, hətta həkimə pul verib iynə vurdurmaqla öldürmək istəyən şər daşıyıcıları...
“Qara qoç” pritçası da xeyirlə şərin həyati hadisələr, məişət güzəranı fonundakı mübarizəsinə həsr edilib. Bu pritçada da V.Səmədoğlunun kənd həyatına bələdliyinin, təsvir və ifadə məqamlarındakı yumorunun maraqlı tərəflərini gördük. “Çalpapağın qıllı qızı eşiyə çıxıb inəyin başını həyətə döndərmişdi. Oğlan uşağı yerində mıxlanıb qızın ayaqlarına baxmışdı mat-mat. Sonra axşam atasına demişdi:
- Ay dədə, çalpapağın qızının hər ayağında bir yorğanlıq yun var.
Və o gün dədəsi uşağı birinci arvadına döydürmüşdü.
Gecə hamı şirin yuxuya dalmışdı, çalpapaq kişinin qızından başqa. Qız qıllı ayaqlarının yun yumşaqlığına Mirzə İbrahimovun “Pərvanə” romanını qoyub, şirin-şirin oxuyurdu ki, birdən qulağına tövlədən gələn qəribə bir hənirti dəydi, gül kimi romanı ayaqlarından yerə atıb qız tövləyə qaçdı. Gördükü inəkləri böyrü üstə düşüb, qarnı da şişib, az qalır tavana dəysin. Evə keçib tez atasını yuxudan qaldırdı”.
“Su” pritçasında ideya ondan ibarətdir ki, həyat, yaşamaq, can vermək, yaşatmaq cövhəri olan su yeraltı laylarda qərar tuta bilmir, kükrəyib oyanmaq, yer üzünə çıxıb fayda vermək istəyir insanlara: “Su əsr, il, ay, gün haqq-hesabı bilmirdi. Amma bilirdi ki, çoxdan, lap çoxdan laya yığılıb və yer üzünə çıxmaq vaxtı, allah bilir nə vaxtdan çatıb. Ancaq quyu qazıb onu üzə çıxaran yox idi”.
Hər dəfə özü, öz hünəri ilə coşub üzə çıxır, insanlara xeyir vermək, saf, təmiz işlərə imza atmaqla su ömrü yaşamaq istəyirdi. Lakin qarşılaşdığı haqsızlıqlar, gördüyü insanın insana ədalətsizlikləri onu yenidən mənbəyinə, yuvasına çəkilməyə sövq edirdi. Hətta onun təmiz, büllur kimi saf, göz yaşı kimi duruluğuna çirkli ayaqlar salınanda da özünü təhqir edilmiş kimi hiss edir və yerin dibinəcən küsüb gedirdi... Oraqla deyil, qılıncla taxıl biçən oğlana “Dayan taxılı qılıncla biçməzlər... qılınc adam öldürüb” dediyinə görə həmin oğlan “yerdən daş götürüb bulağın gözünü tutdu”...
Bu pritçadan sonra isə daşla susdurulan həqiqətlərin, saflığın, doğruluğun acısı doldu içimizə...
Beləcə oxumağa davam edirik: “Cehiz”, “Qərar”, “Quru arx”, “Darvaza”, “Kaş ki o gün olaydı”... Hər birindən də bir mətləb, bir ibrət, bir yumorlu hadisə, bir ağrı qaldı ruhumuzun Vaqif Səmədoğlu guşəsində...
Nüşabə xanımın kitabı tərtib etdiyi anların həyəcanı mənə də sirayət etmişdi. Kitabı o məsuliyyət, o narahatlıqla oxudum. Hər pritçanı oxuyanda “Görəsən, Vaqif müəllim burda nəyi dəyişərdi, burdan nəyi çıxarardı, bura nəyi əlavə edərdi, bu pritçanı, ümumiyyətlə kitabına salardımı? – deyə götür-qoy edirdim... Hətta Vaqif Səmədoğlu yaradıcılığına bələd biri kimi o nüansları açıq-aydın görə də bilirdim. Məsələn, oxu prosesində çox oldu ki, əminliklə öz-özümə deyirdim: Vaqif müəllim son redaktədə bu pritçanın axırını mütləq dəyişərdi və s...
Kitabı bitirəndən sonra Nüşabə xanımın sualını mən də verdim öz-özümə: Görəsən, Vaqif Səmədoğlu onsuz çıxan bu kitaba nə deyərdi? Ölümündən sonra çıxan ilk kitabına... Nüşabə xanımın əlindən alıb gizlətdiyi “Gürzəçöl yazıları”nın əlyazması kitab olmuşdu...
Nüşabə xanım bu kitabı ərsəyə gətirməklə sanki Vaqif Səmədoğlunun Azərbaycan oxucusu üçün hələ də bitmədiyini, davam etdiyini sübut etdi... Hər şeirində, hər oxuda yenidən doğula bilən Vaqif Səmədoğlunun...
Və mən nədənsə, yenə Frans Kafka və Maks Brod hadisəsini xatırladım. Kafkanın vəsiyyətinə əməl etməyib onun əsərlərini yaşadan Maksı... Biz Kafka ədəbiyyatı üçün Maksa da borcluyuq. Nə yaxşı Kafkanın sözünə baxmadı, nə yaxşı Kafkanın ədəbiyyat zəhmindən qorxmadı Maks, onun əsərlərini yaşatdı və onun yox, özünün haqlı olduğunu bütün dünyaya sübut etdi - əlbəttə ki Kafka dahiliyi fonunda...
Bəli, “Gürzəçöl yazıları”nın son səhifəsini oxuyub, kitabı örtəndən sonra düşündüm: nə yaxşı ki, Vaqif Səmədoğlunun bu fədakar qadını var, nə yaxşı ki, onun on illərlə tərəddüd içərisində susub duran pritçalarını bizə təqdim etdi...