Müstəqillik ədəbiyyatının itirilmiş siması

Müstəqillik ədəbiyyatının itirilmiş siması
14 noyabr 2016
# 12:19

Kulis.az İradə Musayevanın “Müstəqillik, müstəqillik, müstəqillik...” adlı məqaləsinin üçüncü hissəsini təqdim edir.

II hissə burda

(AMEA-nın Nizami adına Ədəbiyyat institutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında)

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı elə bir yanaşma əsasında ərsəyə gəlib ki, müstəqillik dövrü ədəbiyyatı haqqındakı mühüm suallar kənarda qalıb, hər kəs mündəricatda öz adını axtarmaqla məşğuldur. Bu adda ədəbiyyatın müstəqil, azad elmi-nəzəri düşüncədən qaynaqlanan obyektiv təhlili, xüsusi diqqət yetirilən problemləri, gələcək inkişafı haqqındakı proqram xarakterli tezisləri olmadığı üçün, sadəcə sıradan bir toplu təsəvvürü yaradır. Demək olar ki, əməkdaşlardan “kimin əlində nə var” prinsipi ilə toplanan materiallar daha çox yer tutub kitabda. Və bu materiallar yerləşdirilərkən təkrarlar, bəzən isə ziddiyyət yaradan məqamların redaktəsi nəzərdən qaçırılıb.

“Portret oçerklər”dəki müəlliflər haqqında icmal məqalələrdə də materiallar gedib, özü də çox hallarda təkrarlanan, “eyni qapını dəfələrlə döyən” şablonlarla. Yaradıcılığın mahiyyətini açan yox, hamıya aid edilə bilən ümumi təriflərlə... Məsələn, Anar kimi ciddi, Azərbaycan ədəbiyyatına və ümumilikdə mədəniyyətimizə layiqli xidmət etmiş bir nasirin haqqında yazılan (təkrar-təkrar) bu tipli sitatlardan bir kitabda nə qədər oxumaq olar? “Xalq yazıçısı Anar əsl gənclik ehtirası ilə ədəbiyyatımızda öncül mövqeyini saxlamaqdadır. Böyük uğurla Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etməklə yanaşı, yazıçı proza sahəsində də qələmi yerə qoymamış, ən müxtəlif janrlarda (?-İ.M) yazdığı əsərlərlə geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır”. (s.16)

Məsələyə yeni elmi baxış metodologiyası aspektindən yanaşılmadığı üçün müstəqillik dövrü ədəbiyyatının ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən səciyyələndirilməsi işindəki fundamentallıq diqqəti cəlb etmədi. XX əsrin 30-40-cı illərindəki ədəbiyyatşünaslıq görüşlərindəki qətiyyət, elmilik, tədqiqatçılıq prinsipiallığı, ədəbi cəsarəti belə bu kitabda yoxdur. Bəs hanı azad, sərbəst, qadağasız, diktəsiz təfəkkür modeli ki, onu Müstəqil Azərbaycanın qazanılmış nemətləri sırasında qanla, şəhidlərlə, qurbanlarla əldə etmişdik. Etmək uğrunda mücadilədə bulunmuşduq... Bizim axtardığımız əsil ədəbiyyat haqqında çox az söz eşitdik, az sayda imza gördük, bəyanat, proqram xarakterli, intonasiyalı material yetərli deyil bu kitabda. Köhnə, sosrealizm ədəbiyyatşünaslığının tərif-təhlil metodu, standart məzmunlu cümlə yığını... Hamıya eyni epitetlərlə qiymət vermək ənənəsi unudulmur ki, unudulmur. Bu ədəbiyyat heç cavanlaşmadımı? Heç yenilənmədimi? Heç müstəqilləşmədimi? Sırf 70-80 yaşlı müəllifləri dönə-dönə əzbərlətmək birtərəfli yanaşma əlaməti deyilmi? Gənclərdən danışanda da elə həmin təhlil parametrləri əsas götürülür.

Əzizə Cəfərzadə, Çingiz Hüseynov, İsmayıl Şıxlı, İsa Muğanna, İlyas Əfəndiyev, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Vaqif Sultanlı, Rafiq Tağı, Şərif Ağayar və başqa bu kimi müstəqillik illərinin ədəbi düşüncəsində dəyərli sözü olan adamlarla bağlı epizodik xatırlatmalar qənaətbəxş deyil. Bəzi müəlliflər haqqındakı uzun-uzadı materialları qısaltmaq yolu ilə bu ədəbiyyat cəfakeşlərinə bir az artıq yer ayırmaq olmazmı idi? Məsələn, H.Mirələmov haqqında 24 səhifəlik məlumat var və ədəbiyyat adına oxuyuruq: “Hüseynbala Fazil oğlu Mirələmov 25 iyun 1947-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur 1950-ci ildə ailələri Lənkəran rayonuna köçdüyündən uşaqlıq, ilk gənclik və məktəb illəri Lənkəranda keçmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirən H.Mirələmov 1971-ci ildə Lənkərandakı 4 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində iş ustası kimi əmək fəaliyyətinə başlamış, az sonra iş icraçısı, baş mühəndis, daha sonra idarə rəisi vəzifələrində çalışmışdır. 1980-ci ildə keçmiş SSRİ-nin ali mükafatlarından olan “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif olunmuşdur.

H.Mirələmov 1986-cı ildə Bakıya dəvət edilərək, Azərbaycan Qaz Təmir Tikinti Trestinə rəis təyin olunmuş, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsini sədrinin birinci müavini vəzifəsində çalışmışdır. H.Mirələmov 1992—1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs demiş, laboratoriyaya rəhbərlik etmişdir, ali məktəblər üçün “İnşaat fizikası” adlı dərsliyin həmmüəlliflərindən biri olmuşdur...”(s. 70) Beləcə müstəqillik ədəbiyyatının “fundamental analiz və səciyyələndirmə” tempi bir müəllifin adı ətrafında düz 24 səhifə davam edir...

“Şöhrət” ordenli xalq yazıçısı Ə.Cəfərzadənin 1992-ci ildə yazdığı “Eldən-elə” (coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman), 1995-ci ildə yazdığı “Bir səsin faciəsi” (XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından haqqında əsər), “Gülüstan”dan öncə” (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumuna həsr olunmuş roman, “Zərrintac-Tahirə” (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və babilik hərəkatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər, ”İşığa doğru” (1998) – XX əsrdə İranda babilik hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest, “Bəla” (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azərbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər, “Rübabə-sultanım” (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı, “Xəzərin göz yaşları” (2003) – 1938-ci ildə Azərbaycanda yaşayan Güney azərbaycanlılarının Stalin rejimi tərəfindən İrana deportasiyası haqqında povesti, M.Füzulinin həyatından bəhs edən “Eşq sultanı” romanı əsas vermədimi ki, bu qocaman yazıçının ədəbi portreti kitabda layiqincə əks olunsun?

İstiqlal ordenli xalq yazıçısı İsa Muğanna müstəqillik illərində qələmini yerəmi qoymuşdu? Elə onun son illərdə çap olunan “İlan dərəsi”, “Türfə” kitabları, roman və memuarları, ədəbiyyat məsələlərinə həsr olunmuş xeyli sayda müsahibəsini yoxsa ciddi ədəbiyyat məsələsi hesab edilmir? Xalq yazıçısı İsmayıl Şıxlının müstəqillik uğrundakı ictimai-siyasi mücadilədə payı yox idimi? Çağdaş Azərbaycan nəsrinin sələflərindən və ideya öndərlərindən biri olan İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın” (1992), “Ölən dünyam” (1995) adlı kitabları hansı dövrün kitabları hesab edilir?

Mühacirət mövzusunda ilk bədii nümunələrdən (“Tənha iydə ağacı” pyesi-1991-ci il) birinin müəllifi, Qarabağ tarixi və müharibəsini əks etdirən əsərləri (“Hacı Axundun cənnət bağı necə oldu” (1994) və “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996) povestləri, “Ağıllılar və dəlilər” (1992), “Hökmdar və qızı” (1994) pyesləri və s.) ilə müstəqillik illəri ədəbiyyatının səciyyələnməsində rolu olan və ümumiyyətlə, dramaturgiyamızda, teatr sənətinin inkişafında danılmaz xidmətləri olmuş İlyas Əfəndiyev də yoxdur, seçilmiş ədəbi simalar, “portret”lər arasında...

“İnsan dənizi”, “Səhra savaşı” romanları, xeyli sayda hekayə və povestləri ilə məhz müstəqillik illəri ədəbiyyatına yeni dil-üslub və ideya-estetik xüsusiyyətləri gətirən Vaqif Sultanlı, ayrıca ədəbi portreti olan, ədəbiyyatımızın ağrısı, nisgili kimi yadda qalan Rafiq Tağı, modern şeir nümunələrinin ən qiymətli örnəklərini yaradan Ələkbər Salahzadə, müstəqillik, həm də 1 milyondan çox insanın öz yurdundan qaçqın düşdüyü didərginlik zamanının insanına həsr edilmiş gözəl nəsr nümunələrinin müəllifi Şərif Ağayar və bu qəbildən olan digər haqqı çatan müəlliflərimiz var ki, onların azad, müstəqil düşüncələrindən qaynaqlanan, müstəqillik dövrü ədəbiyyatına yeni nəfəs gətirən xidmətləri qabardılmalı idi...

Məsul redaktor deyə bilər ki, biz onlar haqqında filn-filan səhifədə söz demişik. Əlbəttə, oxumuşam. Amma bu adamlara elə həcm ayrılıb ki, o səviyyədə yer tutmasalar daha yaxşı olardı. Yarım, və ya 2-3 səhifə ilə ümumi, şablon cümlələr vasitəsilə açıla bilməz Rafiq Tağı ədəbiyyatı... Portret oçerklərdən söhbət getmir yalnız. Təhlilin konseptuallığından, analitik mühakiməliliyindən gedir. Müstəqillik dövrü ədəbiyyatına kim hansı yeniliyi gətirib, kim hansı paradiqma ilə mücadiləyə qalxıb və s. bu kimi ideya-estetik sualların elmi-nəzəri cavabı yoxdur.

Ə.Əylislinin də ədəbi portreti yoxdur bu kitabda. Amma ədəbiyyatda, ədəbi-bədii yaddaş və düşüncəmizdə var. Qəbul etdiyimiz və etmədiyimiz bütün tərəfləri ilə. Olmazdırmı ki, onun da müstəqillik dövrü yaradıcılığı hərtərəfli təhlil edilsin, tərif demirik, təhlil! Yalançı vətənpərvərlik intonasiyası, patriarxal düşüncə inkarı ilə cavab verilə bilər bu fikrimə, “Daş yuxular”-filan. “Daş yuxular” kitabı haqqında ilk tənqidi məqalə yazanlardan biri mən olmuşam, söhbət ədəbiyyatın, əlimizdə olan müstəqillik dövrü ədəbiyyatının mənzərəsindən gedirsə bu imza da olmalıydı və xarakterizə edilməliydi, müstəqillik ədəbiyyatşünaslığının prizmasından... Və ədəbiyyatdan başı çıxan hər kəs bilir ki, Ə.Əylisli bu kitabda “portretləşən” şəxslərin bir çoxundan daha artıq ədəbiyyata dəxli olan adamdır... Çingiz Hüseynovun iki hissədən ibarət “Doktor N”, “Merac” romanları müstəqillik illərində yazılıb. Rüstəm Behrudi demişkən: “Bütün institutlar gedəcək, yaradıcılığı ilə məktəb yaradanlar qalacaq!”...

Kitabda, “1990-cı illərdə nəsr” adlı fəsildə verilmiş “Tarixin həqiqətləri” adlı məqalənin (s.259-270) müəllifləri T.Əlişanoğlu, M.Hüseynova, G.Qənbərovadır. İ.Şıxlı, Ə.Cəfərzadə, M.İbrahimbəyov kimi müəlliflərin yaradıcılığına əsasən, bu məqalədə toxunulur. Nəsrimizin cəfakeşləri olan bu müəlliflərin ya bir əsərinin süjetindən danışılır, ya da ümumilikdə yaradıcılığına daxil olan əsərləri haqqında sadalamalar...

Müstəqillik anlayışını sadəcə zaman kəsimi kimi qəbul edənlər, əlbəttə bu cür yanaşmalıydı kitabın tərtibatına, yazılmasına. Müstəqillik zaman faktı deyil təkcə... Taleyini qan, itkilər, dağıntılar, sıra-sıra salınmış şəhid qəbiristanlıqları hesabına dəyişən bir millətin mücadiləsidir həm də. Müstəqilliyin yaşını qeyd etmək haqqı olmalıdır boynumuzda. Əsir, kölə düşüncəsilə müstəqilliyə nə qədər tərif oxusaq, səsimiz çıxmayacaq. Söhbət konkret olaraq ədəbiyyatdan gedirsə, deməliyəm ki, biz ədəbiyyatşünaslıq sahəsi olaraq bu azadlıqdan, bu fürsətdən yararlana bilmirik. İndi bizim klassik ədəbiyyatımız, ümumtürk abidələrimiz və eləcə də günümüzdə yaranan ədəbiyyat haqqında yeni təfəkkür formatında, qadağasız, qorxusuz danışmaq şansımız var. Dövlətin göz önündə olan qayğısı da buna sübutdur. Saysız-hesabsız nəşrlərə, cildlərə maliyyə ayrılır, pullar xərclənir. Nə üçün? Azərbaycan ədəbiyyatının, elminin, təhsilinin dünya standartları səviyyəsində bizə üzağlığı gətirməsi üçün. Müstəqil Azərbaycan insanının dünyagörüşünü, mədəni-intellektual səviyyəsini qaldırmaq üçün... Nəticələr isə çox zaman belə olur...

“Bölgələrdə müasir ədəbi həyat” fəslində Nisəbəyim kimi gözəl şairənin poetik obrazının yoxluğuna da təəccübləndim...

Mən mündəricatda bu adamların adlarını onların ədəbi obrazlarını qabartmaq istəyi ilə axtarmıram. Sadəcə bu axtarışa ehtiyac var - müstəqillik dövrü ədəbiyyatının mahiyyətini səciyyələndirmək üçün. Bu zamanın adlarını, adamlarını ədəbi portret kimi təqdim etməli deyildik, təkcə... Onların bu adda ədəbiyyata gətirdikləri ideyalardan danışmalıydıq. Məsələn, mənim üçün Rafiq Tağı, Orxan Fikrətoğlu, Səfər Alışarlı, Həmid Herisçi yazılarından, mətnindən daha çox, bu adamların başqalarından fərqlənən ədəbi–estetik görüşləri və həmin görüşlərin bədii mətn kontekstində reallaşması məsələsinə ədəbiyyatşünaslığın münasibəti maraqlı idi.

Müstəqillik dövrü ədəbiyyatına baxış bucağında yaşlı və gənc ədəbi nəslin yaradıcılığı, təəssüf ki, ancaq və ancaq başlıqlarda “yaş”, təvəllüd mənasında qruplaşdırılıb. Gənc ədəbi qüvvələrin hansı manifestlə və hansı paradiqmalarla ədəbiyyata gəlişi açıqlanmamış qalıb. Sovet dövrünün ideoloji, tendensiyalı ədəbiyyatşünaslıq prinsipləri ilə müstəqillik dövrü ədəbiyyatını xarakterizə etmək cəhdinin uğursuzluğunun səbəbini anlamağa çalışaq...

“Gündəm mövzuları nəsrdə”, “Mənəvi-əxlaqi problemlər nəsri”, poeziyada “siyasi mövzu”, ”tarixi mövzu”, “sosial mövzu” “Şeirlərindən görünən şair”... “Vətəndaşlıq mövqeyi, plyus lirizm” və s. bu kimi başlıqlar əsasında aparılan təhlillərdəki elementar, primitiv yanaşma məhdudiyyəti yaradıcılıq diapazonunu, potensialını açmağa, aşkarlamağa imkan vermir. Ədəbiyyatda yanlış yaş bölgüsü kimi cins bölgüsü ənənəsindən də yaxa qurtarmırlar: “Qadın yazıçıların yaradıcılığında müasirlik problemi” və s. “Yaradıcılıqda müasirlik problem”i ədəbiyyat məsələsi kimi öyrənilməlidir ya qadın, az qala gender məsələsi kimi? 20-25 illik ədəbiyyatı səciyyələndirmək üçün bu qədər lazımsız bölgülər, quruplaşdırmalar nəyə lazım idi? Hətta paytaxt və bölgə ədəbiyyatı səviyyəsində... Xüsusi bir başlıqla-“Bölgələrdə Müasir ədəbi həyat”...

Ardı var...

13.11.16

# 1386 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #