Heyvanların dilini bilsəydik...

Heyvanların dilini bilsəydik...
13 mart 2013
# 08:45

İlqar Rəsul

Qərara gəlmişəm ki, heyvanlar danışmaq istəyəndə susurlar. Yəni bir yerdədirlər və susurlarsa, demək söhbət edirlər...

Nə böyük inkişaf ! İnsanlığın hələ çatmadığı mərhələ. Fikri söz demədən ötürmək. Məncə səsləri heyvanların hissəlinin, emosiyalarının ifadəsidir...

Əla gedişdi göylər tərəfindən. Heyvanların danışığını səsli verməyiblər ki, insanlar onların dillini de-şifrə edə bilməsinlər. Çünki istənilən dilin səsli və ya yazılı variantını de-şifrə etmək mümkündür...

Təsəvvür edin ki, insanlar heyvanların dilini bilir. Etdiniz? İndi düşünün ki, heyvanların dilini bilən insan onları təhdid edərək nələrə sürükləyərdi.

Məsələn, qartalın balasını girov götürməklə onu kiminsə uşağını gətirməyə, yaxud haranısa yandırmağa məcbur edə bilərdi. Bu imkana malik insan canavarların hansısa kəndə basqınını təşkil edə və ya balinaların gəmilərə hücumunu həyata keçirə bilərdi...

Hələ heyvanların vastəsilə kütləvi qırğın silahları yerləşən bazalara və digər strateji obyektlərə qarşı hansı təxribatlar gerçəkləşdirmək olardı, bu barədə düşünmək belə qorxuludur...

Əlbəttə ki, fərdi qaydada bir insan bir itlə, yaxud bir delfinlə anlaşa bilir. Amma bu onların arasında müəyyən həddə qədər sıralanmış ardıcıl hərəkətlər toplusundan başqa bir şey deyil.

Demək ki, insan heyvanın dilini bilməməlidir. Əgər deyəcəksinizsə, "bəs Süleyman peyğəmbər ?". Deyəcəm o bu dünyaya düzən pozmağa yox, bəlli bir nizam yaratmağa gəlmişdi. Yəni, bəlli bir məkan və zaman üçün istisna hal...

Yəqin ki, insanlar heyvanların dilini bilməyəcəklər. Ən azı insanlıq dilini mükəmməl öyrənənə və insancasına yaşamağı bacaranadək...

# 3080 dəfə oxunub

Müəllifin son yazıları

# # #