Məncə iş vaxtı, insan ömrünün yad zamanlarıdır. Nə qədər maraqlı, yaradıcı və sevgi dolu olsa belə, kütləvi istehsaldırsa, o zamanı yadlaşdırır. Çünki onun adı hətta “ölüm vaxtı” yox, məhz “iş vaxtı”dır...
Bəlkə doğrudan da iş insanın cövhəridir, amma onun zamanının yox...
Mənim ən sevimli vaxtım özümə işgəncə vaxtlarımdır. Nə qədər nifrət qoxusa da, işgəncə insana özünü sevdirir. Çünki işgəncə altında insan öz canına qayıdır... Hər şey bizim canımızdadır. Vəhşiliyimiz kimi məsumluğumuz da...
Arada çox yazıq olmaq yaxşı şeydir. Ətrafdakıları mərhəmətli edirsən... Sənə yazığı gələnlərin xəbəri də olmur ki, bax indi, məhz bu an, onlar insanın əsl formasına adaptasiya ediblər. Bax bu an onlar insani duyğularına sonradan calanmış yığmaq, dağıtmaq, qazanmaq, qənaət etmək və sair kimi hərisliyə aparan vərdişlərdən qurtulublar...
Mən insanları onların nigaran halında daha asan anlayıram. Çünki həmin anda onların üzündə yalnız təbii həyat cizgilər oynaşır. Çünki həmin an onların gözləri bahalı heç nə axtarmır. Çünki həmin an onların yalnız dilində yox, həm də ürəyində Allah olur...
Fərqinə vardınızmı heç, “Allah” sözü qorxu anında nə qədər insani səslənir. Cəsarətə və ya qələbəyə çağıran “Allah böyükdür” ifadəsi heç vaxt belə səmimi alınmır. Niyə? Çünki, insan qorxduğunda daha həqiqidir...
İnsan ölüm anında da həqiqi olur. Haqqa qovuşmaq üçün həqiqi olmaq şərtdir...
Arada bir qorxun. Amma bu qorxu xəstəlik, kimisə itirmək kimi ənənəvi qorxulardan olmasın... Arada bir qorxun. Kiminsə qəlbini qırdığınıza, kiminsə haqqını yediyinizə, kimisə vaxtında duymadığınıza görə qorxun...
Əgər bunu doğrudan bacarsanız, gedin güzgüyə baxın. Orda sizə çox tanış gələn bir adam görəcəksiniz. Amma sizdən bəlkə də xeyli fərqli. Bax o, həqiqi insandı, ananızın doğduğu. Sadəcə, sonradan mühitin korladığı həqiqi insan. Sonra güzgüdə onunla yerinizi dəyişin. Və imkan verməyin ki, bir də sizi başqalaşdırsınlar.
Lap elə yaxınlarınız da. Əgər əlbəttə ki, siz həqiqi insan olacaqsınızsa...