Sənin dünyandakı Adam

Sənin dünyandakı Adam
17 iyun 2013
# 14:42

İlqar Rəsul yazır

Zülmət gecələrin qaranlıq adlı divarlarında ən çox sevdiyini-artıq bu dünyada olmayan Ananı axtarıb tapmaq üçün bəzən iki gözünü istənilən kor adamın bir əlinə dəyişməyə hazır olursan. Belə havalarda barmaqların ucundakı hissiyyat burnunun ucundakı eynəkdən daha işıqlıdır. Yerə döyəcləyərək irəlilədiyin çoxdan ağacından qoparaq qurumuş əsa bəzən qarşıdan gələn insandan daha etibarlıdır.....

Divar daşlarının arasındakı cığırlar əlində əl ağacı olmayan korlar üçün dünyanın ən gözəl prospektidir. Məhz o prospekt səhəri heç vaxt açılmayacaq gecənin əbədi sakinlərini rəngi sakitlik olan axşamlarda yolundan sapdırmadan evlərinə qaytara bilir...

Əslində insan evə girəndə içəridən çölə çıxmış sayılır. Bizim evimiz əvvəllər dünyanın özü olub. Sonra "ev" adlı xırda çöllər yaradıb dünyanı bir günün təxminən yarısı qədər tərk etmişik hər gün. Azca dərindən düşünəndə görürük ki, əslində gecələr hamı dünyanı tərk edir hansısa dəlmə-deşiklərə girməklə. Yəni böyük evin gecə hissəsi kiçik çöllərin hesabına boşalıb insansız qalır. Ona görə də bomjlar, səfillər, evsiz-eşiksizlər bu böyük evin ən sadiq sakinləri sayıla bilirlər...

Əslində tərk etmək insanın mahiyyətində var. Evi, doğma şəhəri, məmləkəti, və nəhayət dünyanı. Amma bütün bu tərketmələr öz başlanğıcını ana bətnindən götürür. İnsan ana bətnini tərk edincə başlayır bu proses... Əvvəl ana bətni, sonra doğum evinin nömrələnmiş çarpayısı, sonra doğum evinin özü, sonra məktəb, sevgililər və sevdiklərin, düz şəxsi ölümünə qədər hər şey və hər kəs tərk edilir. Hətta məzarı da çürüyüb torpağa qarışaraq tərk edir insan...

Məzarların qiyməti əslində onların daşının bahalığı ilə yox, içindəkinin kimliyi ilə müəyyənləşir. İnsan üçün ən qiymətli məzar valideynin uyuduğu məzar olmalıdır əslində... Bir ömrün ortalarında həyat yoldaşı və ya övladın məzarı varsa, artıq bu hansısa kobud qanunauyğunsuzluğun təzahürüdür və üzərlərinə heç bir qiymət qoyula bilməz...

Uzaqda bir körpü var. O körpü nəhəng bir odun üzərindən keçərək bu dünya ilə o dünyanı birləşdirir. Dərsə getməyən uşaqlara məktəbdə "qayıb" qoyulduğu kimi, vaxtında valideyn məzarını ziyarət etməyən övladların da adına göylərdə "gəlmədi" yazılır. Valideyninə sayğı duymayanlar o körpünün üstündən o körpünün altındakı oda yıxılıb alovu daha da gücləndirəcəklər ki, o dünyaya valideyni ilə görüşməyə tələsən korların belə yolu daha da işıqlı olsun...

İnsanlığın ən kor məhəbbəti Anaya olan məhəbbətdi məncə... O qədər kor ki, başqa bir kimsənin məhəbbətilə gözdən salına bilməz..

Ana hansı dünyada olursa olsun, sənin dünyandadı həm də...

Mənim Anam bu dünyada deyil artıq. Heç olmayacaq da. Amma mən o dünyada olacam. Ona görə də çalışıram göylərdə adıma "gəlmədi" yazılmasın...

# 3616 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #