Kədərində uğurlar!!!

Kədərində uğurlar!!!
10 may 2013
# 14:22

İlqar Rəsul

Görüşdüyün və ya sevdiyin adam son vaxtlar başının çox qarışıq olduğundan, səhhətindən, problemlərinin çoxluğundan və digər bu kimi şeylərdən gileylənir? Boş ver. Ayrılıqlar belə başlayır...

İtirən tək sən deyilsən. Nə qədər qazanclar olsa belə həyat itirmək üzərində qurulub...

“Bəlkə başı qarışıqdır”,-deyib sənə təsəlli də verə bilərəm. Amma ən pisini düşün ki, çox əziyyət çəkməyəsən və ya buna hazır olasan...

Sənin üçün əldən-ayaqdan gedən birisi indi sürətlə səndən soyuyur? Açıq söhbətdən qaçır? Ünsiyyət azalıb? Bütün bunlara baxmayaraq "ayrılaq" dediyində razılaşmır, amma səni özünə yaxın da buraxmır? Burda anlaşılmayan heç nə yoxdu. Adam gerçəyi etiraf etməyə hazır deyil.

Necə ki, sən ona yalvara bilmirsən. Qürurun imkan vermir. Amma bu sevgidir. Çox da qürur istəməz. Nə vaxtsa belə olmalıdı. Həyatı olduğu kimi qəbul etməyi də bacarmaq lazımdı bəzən. Əslində həyat daha çox "bəzən"lərin hesabına dözüləndi...

Onsuz da bir azdan bəlli olacaq hər şey. Çalış o "bir az"a ayaqda qalasan...

Bölüşə bilmirsən? Çox şeyi deyə bilməyib boğulursan? Nədən başlamağı bilmirsən? Sınırsan içində? Yaşaya bilmirsən? Artıq səndə elə təəssürat yaranıb ki, çox yaşamayacaqsan bu gedişlə, deyilmi? Çoxlarında belə olur ayrılıq ərəfəsində. Amma çox davam etsə əsəblərin korlanacaq. Bir psixoloqla görüş. Xeyri olacaq sənə. Əks halda əlbəttə içindən ovulub töküləcəksən...

Düşünürsən ki, sən ona çox bağlısan. Əsas problem də budur. Halbuki, başqasına bundan da çox bağlanmaq şansın yetərincə var...

Ona şərait yarat, içindəkini deyə bilsin. Demək çətin olduğu kimi dinləmək də çətin olacaq əlbəttə. Sonra bu ağrını daşımaq daha da ağır olacaq. Amma müvəqqəti. Nə olmalıdırsa, olacaq sonunda...

Bədbəxtliklər az olub həyatında? Doğmaların itkisi, uğursuzluqlar... Bu nədi ki..

Dərdlər var düşünməyə də imkan vermir. Bu da bir bədbəxtlikdi, keçəcək...

O boyda xoşbəxtlik yaşayanda bədəlini ödəməyəcəyinimi sanırdın?

Olmaz elə. Nəsə aldınsa, bilməlisən ki, ya nəsə vermisən, ya da verəcəksən. Ölümü belə göz önünə alacaq qədər səni cəsarətli edən mutluluğun səni ölüm arzulayacaq qədər bədbəxt edəcəyi də olacaq əlbət ki...

İçinə sala bildiyin insanı çıxarıb atmağı da bacarmağa çalış.

Düşün, sənin halını pərişan edib yaxınlarını üzən birini bu qədər ciddiyə almağa dəyərmi? Mən şəxsən əminəm ki, məni-yəni bütün bunları yazan birini belə özünə dərd etməyə dəyməz. Sən isə sənə artıq sevmədiyini deyə bilməyən birini unuda bilmirsən. Haqqı unudulmaq olanı yaşatmaq özü haqsızlıq deyilmi?

Boş ver və davam et məncə.

Kədərində uğurlar !!!

# 4266 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #