Rasim Balayev

Rasim Balayev
21 yanvar 2013
# 14:29

İlqar RƏSUL

İndi də Rasim Balayev hədəfdədir. Ağına bozuna baxmadan tənqid edirik həqiqi xalq artistini. Əslində tənqid səviyyə məsələsidir. Elə adamlar var ki, onların haqqında yazanda özünüzü ifşa edirik daha çox...


Azərbaycanın indi olmayan kinosunun da simasıdır Rasim Balayev hazırda. Bu adam öz sevdiyi işlə məşğul olub da onun zirvəsinə qalxanlardandır.

Bəs biz?


Azərbaycanda ziyalı sözü artıq əməlli başlı deqradasiyaya uğrayıb. Bu söz artıq cəmiyyətə və onun dəyərli adamlarına mane olmağa başlayıb. Kimin bir az hörməti varsa, ona ziyalı deyib qarşısında tələblər qoyuruq. Biz hələ də rəssamdan, aktyordan, müğənnidən ya inqilabçılıq, ya da ziyalılıq tələb edirik.


Rasim Balayev qayıdıb adama deyər ki, "mən ziyalı filan deyiləm, peşəkar aktyoram, vəssalam. Nə düşmüsünüz üstümə?!"


Axı harda görünüb ki, aktyor mütləq ziyalı olmalıdır. Guya Hollivuddakılar ziyalıdılar? Onların aktyorlu rejissorlu 2-3 faizi ziyalı ola, ya olmaya. Onu da hələ özlərinə izah etmək lazım gələr ki, bəs bu və digər işlərinə görə ziyalı sayıla bilərlər. Xeyir ola, Azərbaycanın kino ulduzundan aktiv ziyalılıq tələb edirik?


Böyük sənətkarların əksəriyyəti əslində ölkəsindəki siyasətin, hakimiyyətlərin və müxalifətlərin fövqündə dayanan insanlar olurlar. Onları zirvəyə daxili bürokratiyaları yox, ruhi dərvişlikləri aparıb çıxardır...

Nəsimi boyda bir dərvişi oynayan adam gəlib bu balaca oyunlarda iştirak edə bilməz bəlkə-düşünürükmü bu barədə? Axı belələri adətən ondan istəniləni də verib öz dünyalarına çəkilənlər olurlar bu siyasiləşmiş dünyadan...

Rasim Balayev ondan cəsarət tələb edən bizlərə deyər ki, "mən yaxşı rollar oynamaq, ulduza çevrilmək istədim və etdim. Bəs siz nə istəyirsiniz, dəyişiklik? Edin də rahat olun". Kimdən ötrü dəyişiklik istəməlidir ki, Rasim Balayev? Səbəbi bəlli olan bir bəyanata görə onu ayaqlayan bizlərdən ötrümü?...

Aktyorun cəmiyyətdə edamına susayanların bəhanəsinə çevrilən məlum bəyanatını mən də oxudum. Onun yarısı və əsas hissəsi siyasi konyukturanın mətni idi. Rasim Balayev istəsə də o hissəni elə dəqiq yaza bilməzdi...


Əlbəttə ki, bu bəyanatın ortaya çıxması utanc gətirən bir hadisədir. Amma Rasim Balayevin adına yox. Bizim yaşadığımız bu cəmiyyətin və dövlətin adına. Görün bir toplum olaraq biz nə gündəyik ki, o boyda aktyorumuz inzibati bəraət üçün siyasi bəyanat vermək zorunda qalıb.

Bu barədə düşünüb özümüzü tənqid etməkdənsə, hələ qarşıda dilindən, dinindən, millətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların həsədlə və həvəslə izləyəcəyi xeyli obrazlar yaratmaq imkanında olan bir aktyorun yaxasından yapışmağın arxasında gizlənməyə üstünlük veririk.

Rasim Balayev sovet hökumətinin vaxtında Nəsimini yaradıb. Bizim də vaxtımızda qoy Cəlaləddin Rumini yaratsın (Rumi hamınındı). O bunu haqq edir və bacarar. Bəs biz nəyi haqq edir və bacarırıq? Şəxsi ambisiyamızın təsirinə düşərək Rasim Balayev hadisəsində bir daha özünü büruzə verən eybəcərlikliyi buraxıb da onun subyektini tənqid etməyimi?...

P.S. Gəlin indi inkar edin ki, bu gün hamının qəhrəmanına çevrilən Mübariz İbrahimovun qəhrəmanı Rasim Balayev olmayıb. Demək ki, Rasim Balayev öz işini görür və görəcək. Əlbəttə ki, öz sənəti ilə. Yəni özü uyğun bildiyi şəkildə. Day ayrı-ayrı adamların düzgün saydığı və məsləhət bildi formada yox. Evdə valideyninə oxşamaq istəməyənlər istəyirlər ki, Rasim Balayev onlara oxşasın...


Olmadı də bu. Gedin özünüzə ziyalı tapın...

# 3726 dəfə oxunub

Müəllifin son yazıları

# # #