Sənin heç şəhərin bombalandımı? Sən heç mərmilərin altında evinizə tərəf anana qaçdınmı? Ayağının altına baxmadan qaçdığın küçələrdə, döngələrdə, aralıqlarda yanından keçdiyin evə düşən mərminin partlayışının ardınca ətrafa yayılan çığırtı səsləri səni daha sürətlə qovdumu evinizə sarı? Çatıb evinizi yerində, ananını sağ görəndə başqa evlərin dağıldığını və başqa anaların öldüyünü unudub eqoistcəsinə sevindinmi heç ? Sonra bu şəxsi sevinc ömrün boyu xatırlandıqca qaraltdımı qanını?..
Amma bunlar şəhərin birinci dəfədə bombalananda idi...
Sən heç şəhərin sonralar dəfələrlə bombalananda divanda uzanıb televizorda gedən mənasız filmə baxmağa davam etdinmi? Evin üstündən uçan top mərmilərinin, "qrad" raketlərinin tanış simfoniyasını laqeydcəsinə dinlədinmi heç? Nəfəs və zərb alətlərindən ibarət orkestrin ifasında bir simfoniya. Əvvəl mərminin fısıltısı, fiti, sonra hardasa partlayış...
Sonra da bu həngamənin solo hissəsi...
Sən hər gün qonşu arvadların xorunun arajimanında mollanın solo oxumasını dinləməkdən bezdinmi heç ?
Sən heç doğma şəhərin boşaldıqca qəbiristanlıqların necə sürətlə dolduğunun fərqinə vardınmı? Hər gün top atəşinə tutulan şəhərlərin qəbiristanlıqlarında bir gündə nə qədər ölü doğulduğunu düşündünmü heç?
Sonu boş küçələr, dolu qəbiristanlıqdı bombalanan şəhərlərin bilirsənmi?
Bilmirsən, görmədin. Nə gözəl. İstəyirəm bilmə və görmə heç zaman.
İstəmirəm sən də həyatının qalan hissəsinin bayramlarında qəfil partlayan fişənglərin, pistonların səsinə nifrət edəsən...
İstəmirəm qaranlıq səmadakı rəngbərəng bayram atəşfəşanlığında sənin də gözünə mərminin parçaladığı insan cəsədləri görünsün. Ətrafında sevinclə yeni ilin gəlməsinə qışqıran insanların səsi qulaqlarına vay-şivən, ağlaşma şəklində dolsun. İstəmirəm...
Bir də...
Bir də istəyirəm hamı bilsin ki, müharibə gedən əraziləri tərk edənlər əslində ölümdən qaçmırlar. Ölümə qaçırlar. Sonuncu dayanacağımız yer öləcəyimiz yerdi demək...