Sağ qalmağın resepti

 Sağ qalmağın resepti
12 iyul 2011
# 11:08
Məktəb direktorunun səsi və bərəlmiş gözləri indi də yadımdadır. Əlini dizinə vurub deyirdi ki, “30 min manatı aparıb çayın qabağına töksən, çay dayanar. O qədər pulu verib bunu “Medinstuta” qoyublar, qız üstə dalaşıb qovulub...”

Direktor bir il əvvəl məktəbimizi bitirmiş tacir oğlundan danışırdı...

Bizim vaxtımızda elə idi. İnstituta “vaenkom”un, “oboxees”in, tacırın – bir sözlə, alverçilərin uşaqları qəbul olunurdu. Pullarını verirdilər, sonradan bir çoxu Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulacaq müəllimlərdən, alimlərdən qiymət alıb girirdilər istədikləri instituta. Biliyi olanlar da bir neçə cəhddən sonra gedirdilər arzuların rəhmətinə...

Beləcə, savadlılar fəhlə və əkinçi, savadsızlarsa “mütəxəssis” olurdular.

Bax indiki dövrün “həkimləri”nin, müəllimlərinin də əksəriyyəti o vaxtkı dövrün beyni bir cibinin yarısı qədər belə dolu olmayan pullu gəncləridir. Yəni 5-7 il o tərəf-bu tərəf olmaqla mənim yaşıdlarım...

Elə ona gürə də indiki nəslin əsas qayəsi o vaxtkı nəslin “mütəxəssisləri”nin əlindən qaçmaqdır.

Fikrimi həmişə olduğu kimi qısa məsafədə yekunlaşdırmaq üçün şagirdlərinin orta məktəb müəllimlərindən repetitor yanına qaçmalarından cox danışmayacam. Bircə onu deyəcəm ki, qaçırlar və bu yolla öz bilikləri hesabına tələbə olurlar. Alınmayanda da qızdısa – gələn il, oğlandısa - əsgərlikdən sonra bəxtini bir də sınaya və uğur qazana bilir...

Amma o vaxtın gəncindən əmələ gəlmiş indiki həkimə düşənlərin gələcəyi barədə bunu demək olmaz... Alınmadısa, istər qız, istər oğlan, nəinki gələn il, heç əsgərlikdən sonraya da şansı qalmır. Çünki həkimin uzağı ikinci kurs müalicəsində insan dondurma kimi əriyib gedir (həkimlərin nə vaxtsa dərman alverçiləri ilə ittifaqının pozulacağına ümid edənlər yanılır. Genetik yaxınlıq buna imkan verməyəcək. Axı dedim, bunların əksəriyyəti məhz alverçi balaları olduqları üçün Tibb İnstituna girə bilmişdilər o vaxt)...

Bəs sağ qalmaq üçün nə etməli? Burada ağıla yenə də yalnız klassik variant gəlir. Nədi o klassik variant?

...Atan oldu rəhmətlik. Əlbəttə, qaçmaq. Hara? Süzsğz ki, ən azı İrana. Qiyməti qiymət, həkimi də həkim (üstəlik Təbrizi də görürsən)...

Çox vaxt da orada sənə deyirlər ki, narahat olma, əməliyyata-zada ehtiyac yoxdur. Ən azı qarşıdakı 10 illiyin üfüqündə yerin var (niyə, çünkü vaxtında qaça bilmisən)...

Kəsirdilər ey, səni Bakıda o vaxtkı xalatlı tələbələrin indiki 40-50 yaşlı variantları!

...Həkim qohuma dedim, bir az ağrıyıram, sonra bildim ki, yaxşı həkim adı ilə məni bıçağının altına göndərdiyi bisavad kolleqası ilə aralarında müştəri mübadiləsi varmış və adam göndərmək növbəsi bu dəfə qohumunmuş...

Gör tək bunlar ikisi birlikdə vaxtında Arazı keçə bilməyən nə qədər adamı yarımcan ediblər...

Nə isə. Sözü ona gətirirəm ki, görəsən, İran həkim olaraq ildə nə qədər azərbaycanlının canını həkim olmayan Azərbaycanın bıçağının altından çəkib çıxardır? Bunun statistikasını aparan varmıı? Varsa, lütfən aparmasın. Ayıb deyil ey, amma lazım da deyil. Çünki say cəlbedici olacaq və klassik alverçilərin ağ xalatlı davamçıları mütləq nəsə fikirləşib tapacaqlar...

Amma arada gözünüzə 40-50 yaşlı yaxşı mütəxəssis dəysə, təəccüblənməyin. Onların çox az qismi pulla instuta girib yaxşı oxuyanlar, bir qismi də ya o vaxt biliyi ilə bəxti üst üstə düşənlər, ya da intihar etməyib test üsulunun tətbiqindən sonra ali təhsil alanlardır (onlara ehtiram)...

P.S. Ey, indinin ağ xalatlı tələbəsi!

Bəs sən kim olacaqsan?! 40-50 yaşın olanda bütöv bir nəslin səndən qaçmamasını, ən azı Arazın o tayından əks axının başlamasını və bunun səbəbinin həm də sən olmasını istəməzmisən?

Mən istəyərdim. Ağ xalatlı tələbə olsaydım...
# 3141 dəfə oxunub

Müəllifin son yazıları

# # #