Hər səhər oğlumu dərsə aparıram. Əslində onun sinif yoldaşları artıq özləri sərbəst gedirlər dərsə. Mənsə hələ ki, özümlə getməsini istəyirəm. Axı biz yolda həm də söhbət edirik...
Metroda sakit, qayğılı görünən bir nənə camaatın arası ilə gəzib dilənirdi. Adamları yara-yara iki dəfə bizə də sürtünməklə yanımızdan keçdi. Oğlum onu müşahidə edirdi.
-Nə fikirləşirsən?-soruşdum.
Oğlum:
-Məncə bu pulu olmayan dilənçidir.
-Amma vəziyyəti o qədər də ümidsiz deyil.
-Niyə?
-Çünki o vaqonda, bu basdırıqda adamları narahat edərək gəzib pul istəyə bilir.
-Bundan pisi necə olardı?
-Məsələn, mənim anam dilənçi olsaydı, o dalda bir küçədə, gözdən uzaq bir daşın üstündə oturub bütün günü utanmaqla məşğul olardı...
-Nə yaxşı ki, olmayıb...
-Əslində bu dünyada bütün insanlar dilənçidilər. Heç kimdən heç nə istəməyən də bəxtinin cibindən gözünü çəkmir. Əl açıb onun mərhəmətini gözləyir...
-Kim nə qazanır...
- Deyəsən, sən qazanırsan hər səhər mənimlə yol gedib danışmaqdan...
-Hələ mənə pul da verirsən.
-Hələ sənə pul da verirəm...
-Pul demişkən, ata, bəs o nənənin çörəkpulu yoxdursa, əynindəki paltarı hardandı?
- Görünür, indi məmləkətdə paltar tapmaq çörək tapmaqdan asandı...
P.S. Dedim axı, hər səhər mən oğlumla məktəbə gedirəm. Və biz çox şey öyrənirik...
www.facebook.com/ilqar.rasul
Mən hələ də məktəbə gedirəm
28 oktyabr 2012
12:04
3539 dəfə oxunub