Tiktoker nənə-babalar - İlkin Öz yazır...

Tiktoker nənə-babalar - İlkin Öz yazır...
19 aprel 2023
# 16:00

Kulis.az İlkin Özün"Tiktok virusu və onun törətdiyi fəsadlar" yazısını təqdim edir.

"Mənim səlahiyyətim olsaydı, tiktoku-zadı ləğv edərdim".

Hüseynbala Mirələmov

Yaxın bir neçə ildə dünyada və ölkəmizdə sözün əsl mənasında “Tiktok” adlı bir virus yayılıb. Belə ki, sözügedən xəstəliyin insan şüuruna, psixologiyasına, şəxsi düşüncəsinə və maraqlarına, mənəvi aləminə vurduğu zərərlər və gələcəkdə törədə biləcəyi fəsadların vaxtı ilə dünya əhalisini cənginə almış viruslardan – Vəbadan, Eboladan, Koronodan da ağır olduğu qənaətindəyəm. Bu baxımdan vaxtında virusa qarşı proflaktik tədbirlər görülməsə, nəticələri heç də arzuedilən olmayacaqdır. Nənəmin maraqlı sözü vardı, indicə yadıma düşdü. O hərdən bizə deyirdi: "Bala, bu telefonlar sizin axrınıza çıxacaq". Doğrudan, haqlı imiş.

Onsuz da, ölkədə kitab oxuyan, normal düşüncəyə sahib, sağlam təfəkkürlü, kültürlü insanların sayının get-gedə azaldığı vaxtda, bir tərəfdən də tiktok bəlası ilə mübarizə aparmaq hazırda zərururətə çevrilib. Hüseynbala müəllimin təbirincə desək, sosial şəbəkələr insanların evini yıxır. Müşahidə üçün tiktoku açsan, vallah, özünü bu işgəncəyə məcbur etdiyin üçün vicdan əzabı çəkəcəksən.. Gah görürsən yetkinlik yaşına çatmamış yeniyetmələr gic-gic videolarıyla məşhurlaşıb, gah da görürsən gənclər canlı açıb hədiyyə dilənir, yekə-yekə kişilər-qadınlar reytinq xatirinə canlıda o qədər camaatın içində bir-birlərinə itin sözün deyirlər. Görün vəziyyətimiz nə dərəcədə ciddiləşib ki, yaşlı babalar və nənələr də tiktok çəkir. Özü də, şit-şit, mənasız, bayağı, düşük görüntüləriylə gündəmdə qalırlar. Yaşlarından da utanmırlar e, vallah. Bəlkə də, həmin adamları hardasa başqa yerdə görsən, heç olmasa ağ saqqalları, ağ birçəkləri xatirinə hörmət edərsən. Bütün bunları kənardan sakitcə izlədikdə isə belə adamlara sadəcə yazığın gəlir.

Allah səni rəhmət eləsin, ay Mirzə Cəlil. Vaxtı ilə o elə yerində yazmışdı: "Ölülər rahat idi. Əsl dirilməli olanlar "yaşayanlar" idi". İnanın mənə, indi də ölülər gəzir öz ətrafımızda. Həmin adamların aldıqları nəfəs də oksigen israfıdır.
Şübhəsiz, sözügedən tiktokerlərə fikir versək, ömür boyu bircə kitab üzü belə açmadığını, dünyagörüşlərinin, ümumiyyətlə, olmadığını, hansısa yerli və ya xarici klassikin, incəsənət xadimlərinin adını belə bilmədiyini, həyata yalnız sosial şəbəkələrin imkanları hesabına açdıqları kiçik nəfəslikdən baxdıqlarını aydın şəkildə müşahidə etmək olar.

Baxın, müasir texnologiyaların indiki dövrdə əlçatan olması çox-çox mütərəqqi haldır. Tutaq ki, yüz il bundan əvvəlki azərbaycanlı Novruzəli poçt qutusuna adicə məktubun atılma qaydasını belə bilmirdisə, indiki Məhəmmədəli dayı Rusiyadakı yaxın qohumu ilə elektron formada məktublaşır. Təxminən bircə əsr müddətində xalqımızın ictimai şüurunda görün necə böyük bir inqilab baş verib. Əlbəttə, bu, təqdirəlayiq, sevindirici haldır, sözüm onda deyil. Bizi narahat edən tiktokun timsalında azərbaycanlıların bir mənalı olaraq sosial şəbəkələrdən məqsədyönlü istifadə edə bilməməsi və bunun da sonda ağır fəsadlarla nəticələnməsidir.

Yadıma gəlir, mən orta məktəbdə oxuduğum vaxtlarda tiktok təzə-təzə populyarlaşırdı. Bir sinif yoldaşım gedən prosesləri kənardan izləyərək hərdən bizim yanımızda tiktokun səviyyəsizliyindən, mənasızlığından, bayağılığından gileylənir, qeyd etdiyi həmin sözlərin bloqerlərə də aid olduğunu vurğulayırdı. Amma bir gün bilirsiniz nə oldu? Həmin sinif yoldaşım böyük bir fədakarlıq nümunəsi göstərərib, tiktoku “baykot” etmək məqsədilə adını çəkdiyi bər-bəzəkli epitetləri öz üzərinə götürdü və "Rədd olsun t.." adlı hesabı ilə videolar çəkməyə başladı. İndilərdə işini genişləndirib, yaxşı pul qazanır eşitdiyimə görə...

Hə, onu deyirdim axı, işin də yoxdursa, bikarlığın, pulsuzluğun əlindən necə xilas olmaq olar? Ya günü 15-20 manata fəhlə işləmək, ya da boş-boş tiktok videoları çəkib yayımlamaqla. Belə olan halda çox az adam tapılır canını incidib, minbir əzab-əziyyət hesabına, alın təri ilə pul qazanmağa üstünlük versin. Əksəriyyət eyforiyaya qapılır və düşünür: “Bir halda ki, canlı yayımda bir neçə saata azı 500-600 manat qazanıram, niyə günü 20 manata fəhlə işləyim ki?”
Bütün bunları nəzərə alaraq xüsusi şriftlərlə vurğulamaq istəyirəm: TİKTOK ADLI MƏNASIZ PLATFORMANIN AZƏRBAYCAN ÜÇÜN HEÇ BİR FAYDASI YOXDUR!

Lap hər şeyi bir kənara qoyaq, özünüz deyin, hansı şagirdə belə bir mühitdə yaxşı tərbiyə vermək, yeni nəsə oxumağa, eləcə də öyrənməyə asanlıqla həvəs yaratmaq mümkün olar axı? Bu mənada onun törətdiyi ən böyük fəsadlardan biri də məhz məktəblilərə olduqca mənfi təsir göstərməsidir.

Yenə deyirəm, normal videolar çəkilsə, insanların maraq və diqqətləri müsbət istiqamətə yönəldilsə, heç bir problem yoxdur. Gəl ki, reytinq qazananlar, gündəmdə qalanlar bayağıdan bayağıdır. Ancaq üstünlük erotik səhnələrə, səviyyəsiz bloqlara və düşük komedik kataloqa verilir. Ha-ha-ha, bizim ancaq gülməyə ehtiyacımız var axı, ağlamalı halımıza gülməyə... "Molla Nəsrəddin" jurnalında belə bir epizod var:

"Ey mənim Müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "ha-ha” edib güldünüz ki, az qaldı bağırsaqlarnız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana” - dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz, əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqətlə baxın camalınıza".
Həmin jurnalın nəşrindən 100 ildən artıq vaxt keçib, amma baxırsan insanların təfəkküründə elə də güclü dəyişiklik gözə çarpmır. Söz yox, indi də intellektual, müstəqil düşüncəli azərbaycanlılar da var, amma fikir verirsən kütlə mütərəqqini qoyur mürtəcenin ardına düşür.

Düşünürəm, indiki gileyimizi Seyid Əzim hələ XlX əsrdə aşağıdakı kimi ifadə etmişdi:
“Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.

Qeyrilər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam”.

Oxucuları çox yormaq istəmirəm. Amma mövcud vəziyyət, həqiqətən, ürəyaçan deyil və bu, adamı çox narahat edir. Mən arzu edərdim ki, ölkəmizi dünyaya incəsənət xadimləri, savadlı, intellektual insanlar tanıtsın. Belə adamlarımız çox olub, bundan sonra da olmalıdır! Bu məqsədlə cəmiyyətimizi inkişafa, elmə səsləyir, nadanlıq bataqlığında boğulan tiktokerlərə, videobloqerlərə uymamağa və ətrafındakıları da bu istiqamətdə tərbiyələndirməyə çağırıram.

# 2318 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #