Sizin xərçəngli dostunuz varsa...

Sizin xərçəngli dostunuz varsa...
29 dekabr 2015
# 17:36

Xərçəngli bir adamın dostu olmaq çox çətindir. Üstəlik onun sizdən başqa bir dostu yoxdursa... Üstəlik o çox qürurludursa... Üstəlik onun üçün bir şeylər etmənizi qəbul etmirsə...

Bir neçə gün əvvəl səhər ilk öyrəndiyim xəbər jurnalist xanımın xərçəngdən vəfat etməsi oldu. Bir anlıq donub qaldım. Bu, eyni xəstəlikdən itirdiyimiz minlərlə insandan biridir. Ağır və amansız statistika belə söyləməyimizi istəyir. Amma o qədər də asan deyil, əgər sizin ən yaxın dostunuz xərçəngdirsə...

İlk düşündüyüm – “gördümü, oxudumu?”- oldu. Əlimi telefona atdım. Adı həmişə ən göz qabağı qeydlərdədir. İki ilə yaxındır demək olar hər gün danışırdıq. Son zamanlarda bu danışmalar bir qədər seyrəldi, çünki bir az çəkilməz oldu, dil tapmaq zor oldu, amma yenə də ilk nömrə onun nömrəsidir.

Gözlərim yaşardı, barmağım telefonun zəng düyməsində donub qaldım. Səhər-səhər zəng etməzdim heç. Sonra birdəncə hönkürdüm. Qızım məktəbə getməyə hazırlaşırdı, nəsə hiss etmiş olmalı ki, yanıma gəldi, “Üzgünsənmi?” - deyə soruşdu. Üzümü əlimin tərsiylə sildim, “Fikir vermə, olur belə şeylər”. “Umarım çabuk keçər” - qızım türk dilində kitablar oxuya-oxuya başıma türk dili bilicisi kəsilib. “Öz dilində danış” - dedim və istər-istəməz gülümsədim... “Amma üzülmə” - dedi... Qızımı öpdüm, qapıya gəldik, birdəncə onu qucaqlayıb özümə sıxdım, üzümü çiynində gizlətdim, içimdə nəsə kükrəyib qalxırdı... “Pis xəbərmi eşitdin?”-soruşdu qızım yenidən. “Bir tanış xanım vəfat etmiş”. “Gənciydimi?”, başımı tərpətdim. “Tanışsınız?” - başımla “Yox” işarəsi verdim. “Amma, ana, olmaz ki, belə, sən hər şeyə üzülürsən, mən də sənin üçün” - dedi qızım və getdi...

Qəribədir, deyilmi?

Bunu anlamamağınızı istəyirəm. İnsanın xərçəngli dostu olunca belə olur...

Heç kim sınaqlardan sığortalanmayıb, bilirəm. İnsanlar hərəsi bir şəraitdə həyatını itirir. Qəzalarda, intihardan, qocalıqdan, müharibələrdə, mübahisələrdə... Və xəstəliklərdən... Və xərçəngdən...

Xərçəng çox zaman məhv edir. Hər şeyi məhv edir, arzuları, xəyalları, ümidləri, sevgini... Çox zaman o qədər gec göstərir ki, özünü, ondan qurtulmağın mümkünsüz olduğu bir zamanda... Mən xərçəng haqqında çox şey bilirəm, çox şey. Davamlı internetdən araşdırıram, sağlamlıq proqramlarını izləyirəm, xalq təbabətini axtarıram, xəstə adama kritik dövrlərdə nə kömək edir, nə onu daha da gücsüzləşdirir, nə qüvvətləndirir, hər şey... İnsanın itirmək istəmədiyi xərçəngli dostu olunca belə olur...

Amma mənim dostum şanslıdır. Sağala bilib. Ən azından özü belə deyir, deyirsə deməli belədir. Mən onunla xərçəngdən qurtulmağa başladığı bir zamanda tanış olmuşam. Çox gec bilmişəm xəstəliyini də. Bəzən onu qınayıram, gizlətdiyi üçün, bəzənsə düşünürəm ki, bu elə belə olmalıymış ki, olub.

Mən xərçəng haqqında çox şey bildiyimi dedimmi sizə? Amma bundan daha ağır olanı var - mənim dostum xərçəng xəstəsidir və mən xərçəngli insanı bilirəm həm də...

Sizin heç xərçəngli dostunuz oldumu? Umuram ki, yoxdur... Olmasın! Mənim var...

Ölkəmizdə adi xəstəliklər belə ağır keçildiyi həqiqəti var. “Adi xəstəlik” - söyləmək çox acıdır, bilirəm, ağrı ağrıdır. Diş ağrısı, baş ağrısı... Mən indi böyrəkləri soyuqlayan, mədə xorasından müalicə alan, kor bağırsağından əməliyyat olunan adamlara belə dünyanın xoşbəxt adamı kimi baxa bilirəm... Qınamayın, axı mənim xərçəngli dostum var...

O çox güclüdür. Sevgi doludur. Şəkillərində həmişə gülümsəyir. Qısqandıracaq bir işıq var üzündə. Amma mən bir dəfə onun altı qap-qara kölgələnmiş qan-qırmızı gözlərinin şəklini çəkdiyini gördüm. Və o da mənim onu gördüyümü qəfil gördü, mən telefonu onun əlindən alıb şəkilləri sildim, sonra yerə atdım. Əsəbləşmiş kimi göründüm, amma qorxdum. Qorxdum, bir gün yenilər, o şəkillərdən birini kimsə görər deyə qorxdum... Onu dostuna, sevgilisinə qısqanan, “Kaş ki, tez ölsən” deyib mesaj yazan adamların sevinməyini istəmirəm. O qədər amansızdır ki, sevgisizdir ki, basqınçıdır ki, insanlar...

Əgər sizin xərçəngli dostunuz varsa... Umuram bu olmaz... Onu tək qoymayın. Sevginizi gizləməyin, gündə beşcə dəqiqənizi ayırıb bir zənginizi əsirgəməyin, bir gün çaya dəvət edin, bir gün bir kitab haqqında danışın, onu müzakirəyə çəkin... Sevginizi, problemlərinizi, dərdinizi, ondan gizlətməyin. Bəzən ondan məsləhət belə alın. Bunlar kiçik şeylər, amma ona gərəkliliyini duyduran şeylər... Mübahisə belə edin, üstünə belə qışqırın, danlayın, yanındasınızsa çiyinlərindən tutub silkələyin, amma unutmayın, bunlardan sonra könlünü almayacaqsınızsa etdikləriniz ona heç nə verməz. Bəlkə də qəsdən onu incitdiyinizi düşünərək, daha çox inciyəcək...

Gərgin günləri ola bilər xərçəngli dostunuzun... Bəzən güclü olmaya da bilir, bu onun da haqqı... Xəbərdar edirəm, belə bir dostunuzun olması çox çətindir, buna el arasında deyərlər ki, “Görəcək günlərin varmış”... Amma əgər bunu əvvəldən bilməmisinizsə və bir anda özünüzü məsələnin orta yerində gördünüzsə... Çətindir... Siz ona sevginizi göstərmək istədiyiniz yerdə qəfil bir dalaşma içində ola bilərsiniz, anlamazsınız... Can ağrısı içində sizin coşğulu səsinizdən qıcıqlana bilər, anlamazsınız... Dişindən açılan qanın qorxusu içindəykən ona “özünü qoru” deyərsəniz dəlilənər, “yeməyini ləngitmə” söyləyərsiniz, bilməzsiniz ki, bu zaman o əzab verici öyümədən çökmüş olar... Sevdiyiniz insanlardan bəhs etməyə başlarsınız və əsla bilməzsiniz ki, elə bu anlarda kimsə onun üzünə nəyisə vurmuşdur, kimsə ürəyinə toxunmuşdur, qonaqlıqda olacağınızı söylərsiniz və bilməzsiniz ki, o indi əlində yeni bir resept dodaqlarını çeynəyir... Bir anda ağrısını anlatmaq istər, siz ona deyərsiniz ki, getməliyəm, məşqim var...

Dözməyəcəksinizsə, xərçəngli insana dost əlinizi heç uzatmayın... Gedişlər onlara sizin qədər asan deyil...

Həp bir anlatma istəyi olar içində... Anlatmaq istər... Özünü, arzularını, inamını... Əgər ağır zamanları geridə qoymuşsa, bu istək daha güclü olar. Ölümlə dəfələrlə üz-üzə qalan insan daha çox duymuş həyatı... Sonra birdəncə susar... Onu susmağa qoymayın, lap elə sayaqlasın, amma susmasın... Yoxsa sabahı gün bütün xəbər saytlarını araşdırıb ölüm xəbəri alacağınızın qorxusunu yaşayacaqsınız...

Xərçəngli dostunuz bir az ərköyünlük edə bilər, bəzən ürəyinizi qıra bilər. Qışqıra bilər üzünüzə, zəng edərsiniz, açmaz. Nəsə yazarsınız, cavab verməz. Qapısına dayanıb döyərsiniz, özünü evdə deyilmiş kimi aparar... Bir də baxarsınız hansısa verilişdə uğurlu iqtisadiyyat haqda danışan fırıldaqçının acığını sizin üstünüzə tökər... Onsuz da baha olan dərmanlarının qiyməti yenidən qalxıb... Amma içində bir inam heç zaman ölməz-siz onu anlarsınız və heç nəyə görə üz çevirib getməzsiniz... Getsəniz çox üzülər, xəstəlikdən üzülmədiyi qədər hətta... Sonra günahkarcasına üzünüzə baxarkən hər şeyi unutmanızı istər...

Tikanlı çiçək kimidir xərçəngli dostunuz, amma onun çiçəkləri əlbəttə vardır... Tikanlarını deyil, çiçəklərini görmənizi istər. Amma onu tikanları üçün sorğulayarsınızsa, tikanlarını hiss edəcəksiniz. Sorğulamayacaqsınız... Suçlamayacaqsınız... Ya yanında olacaqsınız, ya da gedəcəksiniz xərçəngli dostunuzdan...

Çox çətindir əslində, mən bunları bilirəm, hə, bilirəm. Çünki mənim dostum xərçənglidir... Telefonda səsinin üzgün gəlməsi sizi bir anda özünüzdən çıxarar məsələn, üzünə qapayarsınız. Niyə o səs coşğulu olammır ki? Sonra günlərlə zəng edə bilməzsiniz. “Necəsən” - soruşmaq dünyanın ən alçaq qumar gedişi kimi gələr bəzən, ya bəxtiniz gətirməzsə və o “Heç yaxşı deyiləm” - deyərsə? İçinizdə bir qəzəb doğar, “Bitməyəcəkmi, lənətə gəlsin” - düşünərsiniz. Qınayarsınız dostunuzu, bəzən gözlərinizi örtmək, qulaqlarınızı qapamaq istərsiniz. Bəzən sizə elə gələr ki, sanki dostunuz qəsdən sizin pisliyinizi istəyərək sağalmır. Bəzən tutammazsınız özünüzü, bir yalana belə ümid edəcək qədər qorxuya təslim olarsınız, ağrılarla baş-başa qaldığı anda belə “Yaxşı deyilsənsə də yalnız ”yaxşıyam” de” - deyə tələb edərsiniz. Bəzən bütün bunların bir yuxu olmasını, bəzən isə bu insanın həyatınızda olmadığı günləri arzu edərsiniz...

Əgər sizin xərçəngli dostunuz varsa ondan bir qat daha güclü olmağınız gərəkdir. Əks halda qorxular, sarsıntılar kabus kimi üstünüzə çökər.

O da ruhdan düşə bilər, xərçənglə üz-üzə gəlmək qədər onu arxada qoymaq da çox çətindi. Bəzən sizə elə gələ bilər ki, qəsdən sizin kimi olmur, qəsdən son addımı atıb həyata adlamamaqda israr edir, qəsdən körpünü keçmək istəmir, sizi qəsdən sınağa çəkir, sizi qəsdən anlamır, sizi qəsdən incidir... Hələ bu nədir ki?! Ağır xəstəliklə mübarizədən sonra dərin bir depressiya gəlir... Bütün ehtiyat xərclənib getmişdir, orqanizm zəif düşmüşdür, bütün duyğular ən həssas yerdədir, həyata əvvəlki kimi dönmək mümkün deyil. İndi onun gözündə sizin üçün önəmli olan çox şey bütün dəyərini itirmişdir. Məsələn siz səhər tezdən durub işə gedirsiniz, o isə uzun zamandır iş üçün qapıları döyməkdədir. Məsələn siz adət etdiyiniz həyat tərzinə davam edirsiniz, hər şey düzənindədir, dostlarınızla görüşürsünüz, ailənizlə yeməyə çıxırsınız, uşaqlarınızla əylənirsiniz, o isə yatağından qalxmadan nə qədər gərəksiz biri olduğunu düşünür. Məsələn siz brend mağazaları uzun-uzun gəzib kiçik bir şey üçün saatlarla seçim edərkən o içindəki duyğularla baş-başadır axı, bütün bunların nə əhəmiyyəti ola bilər ki? İnsanların cah-cəlalı onu məyus edir, gərəksiz havaya uçurulan pullar onu qəzəbləndirir - onun neçə eyni taleyi bölüşən xəstə yoldaşı məhz pulsuzluqdan ölümə təslim olmuşdur. İndi o həkimlərə nifrət edir, onları pulu verilmədiyi üçün uzun dəhlizlərdə çarəsizcə yalvaran xəstənin adamlarına görməzdən gələrkən tanımışdır. O indi bilir ki, təmirli xəstəxana palatalarında adi tibb bacısı manatını almadan adi bir ağrıkəsicini də vurmur. Ən başında deyildiyi kimi, statistika dostunuz üçün fəlakətdir. Həyatın dəyəri və dəyərsizliyi arasında incə bir kəskin tiyə olduğunu anlamış bir dostunuz var. Bəzən qırıldığı şeylərin qarşılığında “Sağ qalmağa dəyərdimi?” - deyərək üsyan edir. Sizin onu, onun sizi anlaya bilməyəcəyiniz bir dövr gəlib yetişmişdir... Məsələn, sizinlə görüşmək istəyərkən sürəkli başqa işlər, əyləncələr, məşğuliyyətlər, alışqanlıqlar bunun önünə keçər. Sizə elə gələr ki, “hələ vaxt var”... Görüşmədiyiniz bir ay, iki ay, üç ay sizin ömrünüzün iyirmidə, otuzda bir hissəsidir, kiçik məsələdir, amma onun üçün hər gün belə dəqiqəbədəqiqə hesablanan ömürdür... Onun vaxtı yoxdur, onun vaxtı hər an tükənə bilər...

Sizin onun kimi olmağınız mümkün olmadığı kimi, onun da sizin kimi ola bilməyəcəyinə sayğıyla yanaşın...

Mənim bir xərçəngli dostum var... Vardı yəni... Yox, sağdır, yenə mənim dostumdur. Amma sağaldı o... Keçdi bütün bunlar, keçdi... Başqa yolu da yoxdu zatən, mən ona başqa seçim imkanı heç tanımadım.

Zədələndimmi mən? Zədələndim. Yuxusuz gecələr, əsəb, qorxu, “bitdi, daha xəbər alan deyiləm”, “ayrılmaq lazımdır, mən belə xəstə oldum”, “mənim həyatım ondan ibarət deyil, olmamalıdır da”, “dünyada tanımadığım minlərlə xəstə var, unut getsin” - şəklində özünə söz vermələr, ağıl vermələr... Davamlı xərçəng haqda yeni məlumatlar toplamağa davam edirəm. Əslində əlacım olsa bütün bu məlumatları hər yerdən silərdim ki, tapıb oxuyammasın. Bilə-bilə ki, o bunları yaşamışdır. Göndərdiyi şəkillərdə gülümsəyir, mən “yalandan eləmir ki?” - düşünürəm. O, qorxularını yenmiş kimi görünür, mən isə yox... O, fəlakətin, tufanın içindən çıxmış kimi hiss edir özünü, mən isə hələ də fəlakətin görüntülərini seyr etməkdə davam edib “əcəba, bir də olarsa?” - deyirmiş kimiyəm... Mən bir şey yeyirəm, qəfil yadıma düşür ki, ona olmaz, boğazım tıxanır... Hər xərçəngdən ölən insanın xəbəri dostumun bir parça daha ölməsi xəbəri kimidir. Mən hər anında onunlaydım, lakin özümü ölümə heç zaman hazırlayammadım, “nə edərəm?” - deyə düşünəmmədim. Kaş o sağalacağına inandığı qədər mən də özümü inandıra bilsəydim... Mənə elə gəlir ki, hamı ölə bilər, ona isə olmaz!

...Dostuma zəng etmədim. Yenidən xəbərlərə baxmağa davam etdim. Jurnalist xanımın ölümü ilə bağlı yazılar çoxdu. Onlardan birinin altında şərhlərin arasında biri vardı - “təəssüf edirəm”... Bunun əslində nə anlama gəldiyinə qəlbimdə ağrıdım. Şərhi yazan mənim dostumdu...

Mənim xərçəngli dostum...

Amma o sağalıb...

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #