Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar.
Aktyorların sözlərinə görə, səbəb teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub.
İrəvan teatrının rəhbəri İftixar Piriyev isə bu barədə feysbukda status yazıb.
O, aktyorların bu addımını perspektivsiz şou adlandırıb:
“Anar və Fərid! İşdən çıxarılmadığınız halda bu perspektivsiz şoudan qazancınız nədir? Kimin tələsinə düşüb, kimin əlində alət olubsunuz? Kimin dəyirmanına su tökdüyünüzü, heç olmasa, bilirsinizmi? Sizi işə mən götürmüşəm, sizə bu qədər əmək vermişəm, mənim əməyim bir yana, öz əməyinizə heyfiniz gəlsin, gəncsiniz, yolunuza düzəlin!
Taleyinizlə oynayanlara uymayın! Onsuz da elələri sonda hər kəsi meydanda tək buraxırlar! İstifadə müddətiniz bitdikdə arxalarını çevirib, tanımayırlarmış kimi qaçırlar! İndi yüz əməllə məni meydandan qaçmağa vadar etməyin peşindədirlər! Ancaq bu teatr mənim vətənimdir! Mən vətənimə vicdanımla xidmət edirəm! Siz də bunu dana bilməzsiniz! Mən vətənimin həmişə keşiyindəyəm! Canım bahasına olsa belə, onu qoruyacağam! Biz bir qazanda qaynayarıq!
Bir kərə belə mən özümü sizlərdən ayırmamışam! Zabit kürsüsündə deyil, hər biriniz kimi əsgər postunda dayanmışam! Yolunuzu yomurmayın! Xidmətdən yayınanlar fərarilərdir! Fərarilik etməyin! Fərariliyin cəzasını bilirsiniz! Nə qədər ki, işdən çıxarılmamısınız, işinizin başına dönün! Kamikadzeliyin nəticəsi məlumdur! Ağlınızı səmərəli çalışdırın!!! Nə oldu, 25 aktyorun 23-ü qorxaqdır, yaltaqdır, səhv yoldadır, bircə ikisi qəhrəmandır, cəsarətlidir, düz yoldadır?! Öz əllərindən bir iş gəlməyənlər sizləri güdaza verməklə nəyəsə nail ola biləcəklərinə inanırlar! Və yaxud “tutar qatıq, tutmaz ayran” fəlsəfəsi ilə çarpışırlar!
Sizdən əvvəl də başqalarını oyuna saldılar! Onlara da böyük əmək vermişdim, indi də heyfim gəlir ki, onları yurd-yuvalarından etdilər! Özlərinə isə arxa çevirdilər! Mən hər kəsin yuvasına dönməsinin həmişə tərəfdarıyam! Ancaq gerçəkləri səmimiyyətlə dərk və qəbul edərlərsə! Heç kəsin alnına vəzifə əbədiyyən yazılmayıb! Ancaq Allahını itirib, qarayaxma ilə məşğul olanlar anlamalıdırlar ki, həqiqət hər şeydən ucadır! Haqqi nazildə bilərsən, ancaq üzmək mümkün deyil!!! Son dəfə bir də deyirəm, kimlərə görəsə özünüzü güdaza verməyin, sağlam kollektivinizin arasında olun, işinizlə, sənətinizlə məşğul olun!”.
İftixar Piriyev qeyd edib ki, illərdir onun əleyhinə təbliğat aparılır:
“Həm də dərdinə dərman olduqlarımın əlləri ilə! Mən heç kəsə cavab vermirəm! Çünki vaxtımı çalışmağa sərf etməyin daha səmərəli olduğunu dərk edirəm! Kim nə istəyir, qoy desin, bütün internet resursları bizim gördüyümüz işlərin aynasıdır! Bu günlərdə işıq üzü görmüş “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” elmi, tarixi, publisistik monoqrafiyam bütün qara kompaniyaların gözünü deşəcək qədər ifadəlidir! Biz fəaliyyətimizə, vicdanlı xidmətimizə əminik və bu yoldan bizi kimsə sapdıra bilməz! Bizim yolumuz böyük Heydər Əliyevin işıqlı yoludur! Bu yolda can verməkdən çəkinmək bizə haram olar!”.