İşdən çıxarılan aktyor: "Mənə dedi ki, o sənədi imzalamasan..." - Açıqlama

İşdən çıxarılan aktyor:  "Mənə dedi ki, o sənədi imzalamasan..." - Açıqlama
27 dekabr 2023
# 18:31

Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar.

Bu barədə "Kulis"ə danışan aktyor Anar Buludun sözlərinə görə, səbəb teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub:

“Bir iki həftə öncə baş rejissor Sərvər Əliyevin işdən azad olunması üçün imza toplayırdılar. Ərizədə Sərvər Əliyevin işləyə bilməməsi, işdə məsuliyyətsizlik göstərməsi, tamaşa qura bilməməsi, qurduğu bütün tamaşaların uğursuz olması kimi məsələlər qeyd olunmuşdu. Hamı imzaladı, mənsə bildirdim ki, imzalamayacağam.

Sərvər bəyin tamaşasında baş rolda oynamışam, imzalasaydım, haqsızlıq etmiş olardım.
Hamı məni qınadı. Dedilər ki, kollektivlə eyni addımı atmalısan.

O adamı o işə nazirlik təyin edib, bu məsələni də nazirlik həll etməlidir. Məni ittiham edirdilər ki, Sərvər Əliyevlə yaxın olduğun üçün imzalamırsan. O baş rejissordur, mən aktyor. Bizim aramızda ancaq sənət söhbətləri ola bilər.

İki gün direktor bizə dedi ki, hamı Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı sənədi imzalamalıdır. Mən də dedim ki, nə İftixar Piriyevin, nə də Sərvər Əliyevin əleyhinə imza çəkəcəyəm. Çünki yaradıcı adamam. Tamaşa oynamalıyam, belə intriqalara qarışmamalıyam.

Mənə dedi, imzalamasan, işdən azad olunacaqsan. Dedim, imzalamayacağam, onsuz da bu davalardan bezmişəm. Çıxarırsınızsa, çıxarın məni işdən. Evə qayıtdım.

Səhər saat 11:30-da teatra getdim. Mənə dedilər ki, işə gecikmisən. Dedim ki, işdən çıxdığım üçün sənədləri götürməyə gəlmişəm. Dünən İftixar müəllim məni işdən çıxarıb. İftixar müəllim gəldi. Ona dedim ki, sənədlərimizi götürməyə gəlmişik. Belə dava-dalaşın içində işləmək istəmirik. O isə bir gün qabaq dediklərini inkar elədi. Dedi, ərizə yazmalısan. Psixoloji olaraq çox yorulmuşdum. Ərizəmi yazdım, dedim, ki, nə vaxt bu söhbətlər bitsə, öz teatrıma geri qayıdacağam. Başqa teatrda çalışmağı düşünmürəm. Ümid edirəm, bu söz-söhbətlər tezliklə bitəcək. Belə mühitdə çalışmaq olmur..."

Fərid Vəliyev isə qeyd edib ki, baş direktoru nazirlik təyin edib, o da işdən azad etməlidir:

“Bu, bizlik bir iş deyil. Mən aktyoram, özümü bu cür işlərə yox, yaradıcılığa həsr etməliyəm. Bu teatrda isə belə mühit yoxdur. Qalmaqal və intriqalar bizə imkan vermir. Həmkarım Anar Bulud da mənimlə birlikdə teatrla yollarını ayırdı. Ümid edirəm, məsələ tezliklə həllini tapacaq”.

# 3308 dəfə oxunub

Müəllifin son yazıları

# # #