Kloun Aquşa: "İşimə görə heç kim mənlə evlənmək istəmir" - Müsahibə

Kloun Aquşa:  "İşimə görə heç kim mənlə evlənmək istəmir" - Müsahibə
1 noyabr 2023
# 09:30

Kulis.az “Aquşa” kimi tanınan kloun Ağa Piriyevlə müsahibəni təqdim edir.

– Neçə ildir bu işlə məşğulsunuz?

– Artıq 18 ildir. İnsanları güldürürəm, xoşbəxtəm.

– Neçə yaşınız var?

– 34.

– Tələbəlik illərindən klounluq etməyə başlamısınız?

– Bəli. Aviasiya Akademiyasında təhsil almışam.

– Hansı ixtisas?

– Logistika üzrə mühəndis.

– İxtisasınız üzrə iş tapmadız?

– Universitetdə oxuduğum illərdə klounluğa başlamışdım. Bitirəndən sonra əsgərliyə gedib gəldim. Məndən işə düzəlmək üçün rüşvət istədilər.

– Nə qədər pul istədilər?

– Məbləği deyə bilmərəm.

– Ailənizin reaksiyası necə oldu?

– İlk başlarda gizlin işləyirdim. Anam bilirdi, atama deyə bilmirdik. Atam da əvvəl qəbul etmirdi. Sonra qohumlar razı salmağa çalışdılar. Mən tanındıqdan, maşın aldıqdan sonra qəbul etdi.

– Qazancınıza görə...

– Yox. Ümumiyyətlə, istəmirdi. İndinin özündə də yaxşı qəbul etmir. Deyir, get özünə normal iş tap. Bir az köhnə kişilərdəndir... Evdə problem olurdu. Kloun paltarlarımı gizlədirdim.

– Sizcə, qınaqdan çəkinirlər?

– Bəli... “Cammat nə deyər?” məsələsi...

– Qazancınız necədir?

– Əvvəl daha yaxşı idi. Qiyməti öldürən qeyri-peşəkar, ucuz klounlara görə indi zəifləyib. Mən həm də təşkilatçıyam. Uşaq tədbirlərini təşkil edirəm.

– Ancaq uşaq şənliklərinə gedirsiniz?

– Böyüklərin məclislərinə də…

– Uşaqlar sizi bezdirir?

- Baxır uşağa. Eləsi var, dəcəldir, eləsi var, tərbiyəsizdir, eləsi də var, valideyni özündən də betərdi...

– Kloun olmaq üçün hansı bacarıqlar lazımdır?

– Gərək səbirli olasan, işini sevəsən. Hər adam kloun ola bilməz. Gərək dünya görüşün olsun. Həyata, insanlara qarşı sevgin olsun. Enerjin olsun. Klounlar psixologiyanı yaxşı bilməlidirlər. Demirəm ki, bütün bunlar məndə var. Əsl kloun insanları simasından tanıyır. Kimin necə davranacağını öncədən bilir.

– Sizcə, Azərbaycanda klounluq peşə sayılır?

Yox. Çünki kloun yetişdirən məktəb yoxdur. İstərdim ki, gələcəkdə belə bir məktəb olsun. Mədəniyyət Nazirliyi ilə bu barədə danışmaq istəyirəm.

Demək olar, bizdə bu işə peşə kimi yanaşmır və maddi ehtiyaca görə klounluq edirlər...

– Qrimə nə qədər vaxt sərf edirsiniz?

Tiktokda canlı yayım açıram, izləyicilərimlə söhbətləşərək qrim edirəm. Təxminən, yarım saat, bir saat...

– Qrimi özünüz öyrənmisiniz?

– Tələbəlik vaxtı başqa klounların yayında köməkçi kimi çalışırdım. Onlara baxıb öyrəndim.

İlk dəfə sünnət toyuna getmişdim. Adamlardan utanırdım. Düşünürdüm, birdən hansısa tanış görər, deyər, buna bax, filankəsin oğlu yekə kişidir, bambıllıq edir. Özümü çox diskomfort hiss edirdim. Getdim paltarımı dəyişdim, əl-üzümü yudum. Özümə dedim, bir də bu işi görməyəcəm.

2007-ci ildə maşın bazarında çalışırdım. Günə altı manat qazanırdım. Orada on beş dəqiqə kloun kimi çıxış etdim, altı manat verdilər. Düşündüm, belədirsə, niyə davam etməyim? Pul məni şirnikləşdirdi. Get-gedə öyrəşdim. Peşəkarlaşdıqca utanmaq hissimi öldürdüm...

– Ailənin yeganə övladısınız?

– Yox, bir bacım da var. İnsan gərək özünə stimul versin. Valideyn övladın həyatında mühüm rol oynayır. Gərək övladına dəstək olsun.

– Teatr fəaliyyətiniz olub?

– Yox. Çox istəsəm də, belə təklif olmayıb... Üstəlik, bir peşəkar rejissorla işləmək istərdim. Məsələn, Emil Quliyevlə.

– Metroda, müxtəlif küçələrdə insanları əyləndirməyə çalışırsınız. Ancaq reaksiyalar bir o qədər də yaxşı olmur. Əksəriyyəti ümumiyyətlə, gülmür.

– İnsanların ciddi kompleksləri var. Utanırlar. Diqqət cəlb etmək istəmirlər. Çalışıram onların üzündə zərrə qədər də olsa, təbəssüm yaradım. Bir az problemlərdən uzaqlaşsınlar.

Qadınlar kişilərdən daha aqressivdir. Feminizm təbliğ olunandan belədir. Ötən günlərdə “3000 manatlıq telefon” məsələsilə gündəmə gələn psixoloq kimi adamların, serialların əli ilə xanımlar zombiləşdirilir. Boşanmalar çoxalır, ailələr dağılır. Biz Qafqazlıyıq. Bizim üçün ailə müqəddəsdir. İndiki xanımlar azad yaşamaq istəyir, ev, ailə, uşaq istəmirlər. Kişilərdən çox xanımlar işləyir.

­– Sevdiyiniz sizdən üç min manatlıq telefon istəsə, ondan ayrılarsınız?

– Bəli. Qadın səni başa düşməlidir. Həm də kişidən belə şeylər tələb edən qadının məqsədi ondan istifadə etməkdir. Bu cür davam edən münasibət elə bitsə, yaxşıdır...

– Kimsə sizə kobud cavab verəndə, acılayanda məyus olursunuz?

– Yox. Onların təbiəti elədir. Yola verirəm.

– İctimai nəqliyyatda insanları güldürmək ideyası necə ağlınıza gəldi?

– Əvvəldən belə bir şey düşünürdüm. 8-ci kilometr bazarında hər cür insan var. Məsələn, keçən dəfə dostumla - o da batmanın paltarını geyinmişdi - ora gedib insanları əyləndirdik.

– Evlisiniz?

– Xeyr.

– Birdən sevdiyiniz klounluq etməyinizi istəmədi?

– Eləsi də olub. Deyib, işini dəyişməlisən. Razılaşmamışam. Demişəm, səni dəyişərəm, ancaq işimi yox! Qadın gərək həyat yoldaşına motivasiya versin. İndidən mənə şərt qoyursa, bu münasibətin gələcəyi necə olacaq?

Bir-iki dəfə münasibətim evliliyə qədər gəlib. Amma sırf işimə görə alınmayıb.

Yəqin, utanıblar. Ki, birdən kimsə deyər, filankəsin əri kloun işləyir... Bizimkilər sanki inkişafdan qalıblar. Azad deyillər. Qul təfəkkürü...

İstəyərəm, həyat yoldaşım müdrik, savadlı, dünya görüşlü, səbirli olsun. Mənə dəstək olsun. Ümidliyəm...

– Xaricə getməyi düşünürsünüz?

– Təkliflər olub, amma razılaşmamışam. Mənim üçün Əhmədli daha doğmadır. Amma yaxşı iş olsa, müvəqqəti gedib-gələ bilərəm.

Xaric demişkən, bir hadisəni də danışım. Dubayda məni həbs etmək istəyirdilər. Deməli, “Dubay Mollda” kloun paltarında çəkiliş etmişdim. İcazə almaq yadımdan çıxmışdı. Qolumdan tutub bölməyə apardılar. Həbs olunacağımı desələr də, sonradan fikirlərini dəyişdilər. Məndən bir qəpik də almadılar.

– Küçədə söz atırlar?

– Çox təhqir ediblər... Əksəriyyəti də tərbiyəsiz uşaqlar... Tiktokda da belələri çoxdur. Hər adama görə əsəbiləşmək də olmaz. Kimin səviyyəsi necədir, elə də davranır. Gənclərimizin fikri doğru istiqamətə yönəlməyib. Cəmiyyət pis gündədir. Camaata şou lazımdır.

Mən ideya ilə yaşayan adamam. Bu işi sevgi ilə görürəm. Xeyriyyə tədbirlərinə pulsuz gedirəm. Yetim uşaqlara pulsuz konsert verirəm. Həyatda gərək həmişə yaxşılıq edəsən. İnsanlara demək istəyirəm ki, bir az pozitiv olsunlar. Əhvallarını daim yüksək tutsunlar. Problemlər həmişə var. Həyat gözəldir. Heç kimin xətrinə dəyməsinlər, haqqına girməsinlər.

İndi şou xətrinə ateistlər, deistlər də çoxalıb. Elşad Miri də insanları azdırmaq üçün göndərilib. O, ancaq insanlara sərf edən şeyləri deyir. Dində daim problem axtarır. Onu müdafiə edənlər də ibadəti olmayan insanlardır. O, dində daim problem axtarır. Bu adam Adnan Oktarın ölkəmizdəki rəsmi distribütorudur. Allah Hacı Şahinə rəhmət eləsin. Onun kökü var idi. Elşad Mirinin kökü yoxdur.

Foto: İlkin Nəbiyev

# 4213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #