Maral Tahirqızı səviyyəsində adamlar

Maral Tahirqızı səviyyəsində adamlar
7 may 2018
# 10:43

Günel Natiq

Adətən televizora baxmıram. Çünki vaxtımın çoxunu yazı yazmağa sərf edirəm. Ona görə də bu “fenomen”in mövcudluğundan məqamında xəbər tutmadım.

Bir də onda “qəflət yuxusundan” ayıldım ki, hamı onun varlığından danışır, özü də çox ciddi şəkildə. Sosial şəbəkələrdə demək olar ki, hər bir şəxs bu qadın haqqında fikir deməyi özünə borc bilirdi.

İlk növbədə özümü qınadım, yenə əsas informasiyadan ən sonda xəbər tutmuşdum. Yəqin yeni fenomendir,- deyə düşündüm. Ya da qəfil parlamış müğənnidir. Qısa bir müddətdə bu qədər ərazini “işğal edən” bir müğənni parlaq istedada malik olmalıydı. Yoxsa bu qədər adamı niyə işindən-gücündən ayırıb məşğul etsin ki.

Yoldaşlarımızın birindən xahiş etdim ki, bu qadının kimliyindən məni agah eləsin. Deyəsən yoldaşımızın zəif damarını tutmuşdum, çünki ləzzətlə qəhqəhə çəkdi, dedi ki, yeni ortaya çıxmış istedadsız müğənnidir, peşəkar deyil s və i.

Düzü bu açıqlamalarda diqqət çəkən bir nəsnə görmədim. Hər gün onlarla qeyri-peşəkar müğənnilər ortaya çıxır. Heç diqqətimizi də çəkmirlər. Bəs bu qadın niyə fenomen olub ki?

Yoldaşımız yenə ləzzətlə qəhqəhə çəkdi və soruşdu ki, onun şəkillərini necə, görübsənmi? Mən təbii ki, görmədiyimi dedim və şəkillərin qeyri-adiliyi ilə maraqlandım. Yoldaşımız həzz ala-ala dedi ki, onun balkonda bir görüntüləri var ki, deyərsən bəs Meray Kerridir, nə bilim, Cennifer Lopesdir.

“Google”də axtarışa çıxıb Maral Tahirqızı deyilən şəxsin şəkillərinə baxdım. Kök bir qadındır, bəsit görkəmi var, primitivliyindən başqa diqqət çəkən bir şey yoxdur. Yaxşı, bu primitivlik niyə insanların marağına səbəb olsun ki? Yenə təkrar edirəm, belə müğənnilərdən gündə ən azı on-on beşini efirlərdə, saytlarda, restoranlarda və s. görürük. Yəni bu müğənninin görüntüsündən, ifasından təbii bizim üçün heç nə ola bilməz. Bəs niyə hamı “Maral Tahirqızı” deyə bar-bar bağırır?

Sonra aydınlaşdırdım ki, məsələ Maral Tahirqızında deyil. Məsələ bizim özümüzün belə müğənnilərə şüuraltı tələbatındadır. Əslində belə müğənnilərə bizim ehtiyacımız var. Çünki onların sayəsində öz eqomuzu təmin edirik. Bəziləri üçün də sadəcə belə müğənnilər maraqlıdır. Maral Tahirqızı kimi müğənnilərə tələbatı olanlar öz maraqlarını ört-basdır etmək üçün bu priyoma əl atır. Onu kinayə hədəfinə çevirirlər.

Bir dəfə məşhur bir psixiatr dedi ki, Məşədi İbada gülənlər əslində özlərinə gülürlər, çünki bu bizim milli obrazımızdır. Maral Tahirqızına gülənlər haqqında da eynilə o cür düşünürəm.

Bu qadını qəbul edə bilmirsiniz? O sizə lap səviyyəsiz görünür? Yaxşı, bəs niyə onu bu qədər ciddiyə alırsınız? Ona sərf etdiyiniz vaxtı bir dəyərli işə sərf etmək olar, bu vaxt ərzində bir istedadlı şəxsdən söhbət açmaq olar, görkəmli sənət adamlarını təbliğ etmək olar. Bəs siz niyə qiymətli vaxtınızı məhz bu səviyyəsiz müğənniyə sərf edirsiniz?

Hətta Maral Tahirqızı bizim insanlarımıza o qədər maraqlıdır ki, onu televiziya ekranlarına çıxarıb təhqir etməkdən xüsusi həzz alırlar. İnanmıram, Alim Qasımovun möhtəşəm ifası insanlara bu qədər zövq yaşada. Amma Maral Tahirqızı yaşadır. Deməli zövqümüzün sınırlarını Maral Tahirqızılar müəyyən edir.

Aparıcılar da insanların zəif damarını tutur: Sizə Maral Tahirqızı maraqlıdır? Buyurun, bu da sizə Maral Tahirqızı. Baxın, nəşələnin. Bolluca gülün. Həzzin lap pik yerinə çıxmaq istəyirsiniz? Bu da problem deyil. Ona canlı bir mahnı oxudarıq. Sonda da studiyadan elə qovarıq ki, lap qəşş edərsiniz.

Bu məqamda Kefli İsgəndərin Şeyx Nəsrullaha dediyi replika yadıma düşür. O qədər məşhur replikadır ki, təkrar etməyə ehtiyac yoxdur.

Maral Tahirqızılar yerdən göbələk kimi çıxmır, onları sizlər ciddiyə alırsınız, sizlər məşhur edirsiniz. Ona görə növbəti “fenomen”i gündəmə gətirməzdən əvvəl bir azca düşünün.

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

# # #