Bu gün yazıçı, şair Günel Mövludun doğum günüdür.
Kulis.az bu münasibətlə onu təbrik edir və "Dostum Elnur Astanbəyliyə məktub" adlı şeirini təqdim edir.
***
Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Səndən sonra uşaq doğdum qürbətdə
Heç üzümü güldürmədi birisi
Səndən sonra Mövlud öldü, dinmədim
Səndən sonra dindirmirdi heç məni
Səndən sonra didərginəm vətəndən
Hələ neçə ölkə qalıb köçməli?
Səndən sonra ingiliscə öyrəndim
Bir azca da kökəlmişəm, on kilo.
"Xalq düşməni" deyir mənə qohumlar
Anam deyib: "Mənim qızım deyil o!"
Roman yazdım, bu yaxında çıxacaq
Gözlərimin kənarları qırışıb
Son zamanlar heç düzələ bilmirəm
Başağrısı diş dərdinə qarışıb...
Hey gülürəm sən yadıma düşəndə
Ürəkgetmən, gecə itdən qorxmağın
Bilirəm ki, darıxmırsan mənimçün
Kim neynəsin mənim kimi axmağı?
Şəkillərdən görürəm ki, yaxşısan
Yerindədir sağlamlığın, səhhətin?
Solmayıb ki, gözlərinin yaşılı?
Sınmayıb ki, hələ qəddin-qamətin?
Qurban olum, sən özünə yaxşı bax
Ağartmasın saçlarını acılar
Gözəl dostum, sən qocalma, qorxuram!
Səndə mənim cavanlığım qocalır!