Bu günlərdə telekanallardan ürəkparçalayan bir xəbər eşitdim: Ata yeni doğulmuş qızı ilə arvadını evdən qovub.
Səbəb təkcə budur ki, doğulan körpə - qızdır. Ata düşünür ki, qız böyüyüb gələcəkdə onun adına, namusuna ləkə gətirəcək. Körpənin dünyaya gəlməsi isə yanlışlıq ucbatından baş verib. USM doqquz ay boyunca körpənin cinsiyyətini oğlan kimi göstərib.
Nədənsə gənc ananın danışığına qulaq asanda, mənə elə gəldi ki, USM səhv eləməyib. Bəlkə də, müayinəni edən həkim atanın tövrünü, münasibətini görüb, bilib ki, körpənin qız olduğunu desə, abort edəcəklər. Yalan danışaraq, körpəni xilas eləmək istəyib, ona həyat bağışlayıb. Bilmirəm, bəlkə də, belə olmayıb, bəlkə doğrudan da USM səhv göstərib.
Qadın düz on bir gün ərindən körpəsinin qız olduğunu gizlədib. Oğlan olduğunu deyib, ata «oğluna» ad qoyub, «oğlum» deyib, əzizləyib. Təsadüfən on bir gündən sonra uşağın qız olduğunu bilib və körpəsi ilə arvadını rahatca küçəyə atıb.
Gənc ananı öz atası evi də qəbul eləməyib. Deyiblər ki, bizim sənin uşağına yemək, «pampers» alacaq pulumuz yoxdu. Deməli, bircə hadisədə iki ata öz qızından imtina edib. İki azərbaycanlı kişi, iki ailə başçısı, zəif, savadsız, köməksiz bir qadının dəstək umduğu iki kişi, əri və atası ondan da, körpəsindən də imtina edib.
Hər dəfə belə şeylər görəndə, düşünürsən ki, daha nə qədər belə hadisə baş verməlidir ki, bizim qızlar təhsilin, peşə, sənət öyrənməyin, müstəqil yaşamağın dəyərini bilsinlər. Bilsinlər ki, ataları, qardaşları, ərləri istənilən an hansısa namus məsələsini bəhanə gətirib, onlardan imtina edə, küçəyə ata bilərlər. Qız olduğuna görə körpəsini atan varsa, deməli, maddi baxımdan tam özündən asılı vəziyyətə saldıqları arvadlarını, bacılarını, analarını da rahatlıqla ata bilərlər. Özü də an axmaq səbəblərdən, ən xırda şeylərə görə.
Qızlar, qadınlar nə qədər ki, gəncdir, nə qədər ki, kiminsə sevgisinin, heyranlığının, ehtirasının obyekti ola bilərlər, ailəsindəki bütün kişilər onu hər şeydən qoruyur. Təhsildən, məktəbdən, işləməkdən, peşə öyrənməkdən. Qardaş qoruyur, ata qoruyur, ər qoruyur. 35-40 yaşına qədər imkan vermirlər ki, qadın işləsin, bir iş öyrənsin, rahat, səliqəli işlərdə işləyib, pul qazana bilsin.
35-40 yaşa çatandan, gəncliyi sovuşandan, gözəlliyi solandan, heç kimi maraqlandırmayandan sonra ər evindədirsə, ailə də bir az kasıbdırsa, ər deyir, get, işlə. Bu yaşına qədər bir peşə sahibi olmayan qadın nə iş görə bilər? Bazarda alver, xadiməlik, küçə alverçiliyi. Min qat zəhmət tələb edən, qürurunu qıran işlərdə işləməlidi. Çünki vaxtında oxumayıb. Sənət, peşə öyrənməyib.
Bazarda bir-birinə qışqıran, küçələri, yolları, ofisləri süpürüb-silən, əlində limon, salfet, saqqız tutub satan qadınları hamısı nə vaxtsa gənc, gözəl olublar. Ataları, qardaşları təhsil almağa qoymayıb, ya da özləri oxumaq istəməyiblər. Ərə getməyə, uşaq doğmağa tələsiblər.
Qızının təhsilinin, oxuyub bir iş sahibi olmağının, maddi müstəqilliyinin qayğısına qalmaq hər bir azərbaycanlı ananın borcudur. Günlərin birində əri onu körpəsi ilə birlikdə küçəyə ata bilər. Atası onu qəbul eləməyə bilər. Qardaşı yaxasını qırağa çəkə bilər. Dövlət onun sosial müdafiəsindən imtina edə bilər. Nə edəcək o zaman qızlarınız? Yaxşı halda xadiməlikdən, küçə alverçiliyindən, pis halda isə fahişəlikdən başqa nə gözləyir qızlarınızı? Düşünün və oxumağın, təhsil almağın, maddi müstəqilliyin qadın üçün nə qədər vacib olduğunu anlayın.
Körpəsi qucağında sığınacaqlara sığınan, başqalarından imdad diləyən o gənc ananın təhsili, yaxşı bildiyi işi olsaydı, pul qazana bilsəydi, körpəsindən imtina edən birindən, qızına sahib çıxa bilməyən atasından asılı olardımı?
Azadliq radiosu