Yaxşı və pis Əkrəm Əylisli – GÜNEL MÖVLUD YAZIR

Yaxşı və pis Əkrəm Əylisli – GÜNEL MÖVLUD YAZIR
27 mart 2017
# 14:19

“Kişi yazıçı ədəbiyyatı, qadını və içkini sevməlidir...”

Bu, onun həmişə təkrarladığı sözlər idi.

2006-2007 illər idi. Biz dörd nəfər gənc yazar şəhərin mərkəzində gəzişirdik. Birdən Əkrəm Əylisli ilə qarşılaşdıq. Hamımızla çox isti görüşdü, sonra bizi yığıb çox bahalı bir italyan restoranına apardı. Hamımız etiraz elədik. Dedik ki, biz qlamur adamlar deyilik, gedək ortabab bir yerdə oturaq. Cavabımıza məhəl qoymadı, dedi o restoranlarda oturan adamlar sizdən artıq deyil.

Getdik oturduq, Əkrəm müəllim yemək və xeyli şərab sifariş verdi. Həmişəki kimi özümüzü onun yanında çox rahat hiss edirdik. Əkrəm müəllim tez-tez mənə tərəf dönüb deyirdi ki, mən bilmirəm, sən siqaret çəkənsən, ya yox, amma çəkənsənsə, çək. Sıxılıb eləmə, mən hörməti siqaretlə ölçmürəm. Bu sözləri o məclisdə oturan bütün gənc qızlara həmişə deyirdi.

Aramızdakı ən gənc yazarın 15-16 yaşı vardı. İçki ona necə təsir etmişdisə, bir azdan başladı Əkrəm müəllimi mövqeyinə görə ittiham eləməyə. Sonra ədəbi müstəvidə onu qınadı, hətta dedi ki, siz kifayət qədər şişirdilmiş yazıçısınız. Xatırladım ki, bu sözləri deyən dostumuzun 16, Əkrəm Əylislinin isə 76 yaşı vardı. 16 yaşlı uşaq özündən altmış yaş böyük, cildlərlə kitabın müəllifini, o zaman hələ xalq yazıçısını qabağına qoyub, uşaq kimi danlayırdı. Əkrəm müəllim gülümsədi, qədəhini onunku ilə toqquşdurdu, dedi ki, gənclik hər zaman haqlıdır. Əslində haqlı olmasa da, yenə haqlıdır. Çünki o gəncdir. Əsas odur, qocalar xərifləməsin.

Bu söhbətə qədər də, sonra da mən dəfələrlə oxşar səhnələrin şahidi oldum. Dəfələrlə gənc yazar dostlarım Əkrəm müəllimin bizi dəvət elədiyi, ürəkdən və bol süfrə açdığı məclislərdə onu mövqeyinə, həyatının müəyyən məqamlarında göstərdiyi zəifliklərə görə ittiham ediblər. Hər dəfəsində, o, eyni reaksiyanı verib. Gülümsəyib, deyib ki, gənclik hər zaman haqlıdır. Ən sərt ittihamı belə eşidənə cırnamayıb, qoymayıb ki məclisə qan-qaraçılıq, pərtlik düşsün. Həmişə deyə-gülə, zarafatlaşa-zarafatlaşa bitirmişik məclisi. Daha sonra dostlarımız bu ittihamları qəzetlərdə, saytlarda yazıblar. Bir dəfəsində də o cırnamayıb, inciməyib. Həmişə də münasibətini soruşanda deyib ki, gənclik yaltaq olmaqdansa, qoy cırtqoz olsun, dəlisov olsun.

2006-cı ildə Rasim Qaraca pul tapıb dörd gənc yazarın ilk kitabını nəşr etdirmişdi. Qara üzlü, arıq-uruq kitablar.

Bir dəfə “Sahil” metrosundan “Baksovet”-ə tərəf addımlayanda, Əkrəm Əylisli qarşımıza çıxdı. Onun əlində həmin dörd gənc yazarın kitabları vardı. Bizi gördü, gülümsədi, kitabları göstərib dedi, yaxşı uşaqlar gəlir ədəbiyyata, kaş davamını gətirə bilələr.

Bir dəfə mənə zəng elədi. Dedi ki, Günel, xuliqanlıq eləmək istəyirəm. Təəccübləndim, heç nə başa düşmədim. Görüşdük, soruşdu ki, şəhərdə harda içki vermirlər? Yaxınlıqda ancaq kofe və çaylar verilən kafeni göstərdim. Getdik ora, oturduq. Kofe sifariş verdik. Kofeləri içəndən sonra, Əkrəm müəllim masanın altından konyak şüşəsi çıxarıb, kofe fincanlarına süzdü, başladıq içməyə. Ofisiant bunu gördü. Cavan adam idi, Əkrəm Əylislinin kim olduğunu bilmirdi. Yaxınlaşdı, dedi ki, burda spirtli içki qadağandır. Əkrəm müəllim dedi ki, ay oğul, yaşlı adamam, imkan ver 50 qram ürəyimizə düşüb, içək. Oğlan gedib administratoru çağırdı. Orta yaşlı kişi olan administrator Əkrəm Əylislini tanıdı. Ofisianta dedi ki, işin olmasın, gör bizə necə hörmətli qonaq gəlib. Kafedən çıxanda Əkrəm müəllim dedi ki, yox ee, daha xuliqanlıq da eləmək mümkün deyil, dadı qalmayıb, adamı tanıyıb, hər şeyə göz yumurlar, xuliqanlığı gərək cavanlıqda doyunca eləyəsən.

Əkrəm Əylisli həmişə müasirliyi ilə şəxsən məni çox təəccübləndirib. O, etik çərçivələr daxilində istənilən mövzuda – qadın, ədəbiyyat, seks, içki, siyasət, kənd, şəhər, gənclər, qocalar – rahat söhbətə açıq olub. Yaş, stasus fərqi nə olur-olsun, qarşısındakı adamı həmişə özü ilə bərabər görüb, sıxılmağa qoymayıb. Məclislərdə gənclər sıxılmasın, süfrədə rahat olsun deyə özünü hamıdan ac göstərib, hamıdan çox içib. Həmişə gənclərə keyfiyyətli içkidən, yeməkdən, paltardan istifadə etməyi məsləhət görüb. Bütün söhbətlərdə ənənələrə, geriliyə deyil, müasirliyə, açıqlığa, yeniliyə çağırıb. Bununla yanaşı, əsl el adamı, sadə xalqın içindən çıxmış kefkom, əliaçıq, zarafatcıl, dili sadə, özü rahat azərbaycanlı kişisi obrazını itirməyib.

O, tanıdığım nadir insanlardandır ki, yazıçı kimi ustalığı, insan kimi maraqlılığı, kişi kimi xarizması, ahıl adam kimi səbri, məclis adamı kimi dözümlülüyü və şirinliyi bir-biri ilə yanaşı addımlayır və bir xüsusiyyəti o birinin yanında sönük qalmır.

Hər dəfə onun əsərlərini oxuduqca, dialoqların təbiiliyi, xarakterlərin tanışlığı, təbiət təsvirlərinin sehri, ifadənin bədii keyfiyyətinə baxaraq, təəccüblənir və düşünürəm ki, öz nəsli arasında, bir yandan sintetik və süni şəhər ədəbiyyatı, bir yandan da sosializm romantikasının arasında necə belə təbii olmaq, ədəbi kriteriyalarla necə belə tanış olmaq olar, tanışlıq bir yana o dövrdə necə bu kriteriyalara bu qədər əməl eləmək olardı?

Necə oldu ki, yaşıdları, eyni ədəbi nəsildən olduğu xalq yazıçıları, şairlər gənclərin tənqidinə, müstəqilliyinə, müasirliyinə həqarətlə baxanda, onlara “lümpen”, “tüfeyli” deyəndə, nifrət edəndə, nüfuzlarından istifadə edib, işdən çıxartdıranda, “get, filankəs haqda belə müsahibə ver, səni ev növbəsinə yazdıraq” deyib şərə, alçalmağa sürükləyəndə, gəncləri sındırmaqdan, qapılarında gözlətməkdən həzz alanda, o, gəncləri sevirdi, onların bütün tənqidlərini həzm edir, yaltaq olmalarını istəmir, onlarla söhbət etməkdən, vaxt keçirməkdən həzz alırdı?

Və indi, ahıl yaşında, onun yaşıdları olan yazıçılar oğullarına, nəvələrinə gün ağlayanda, qocaldıqca daha da məddahlaşdıqca, daha da hakimiyyət, güc, din, mentalitet qarşısında əyildikcə, kəmfürsətcillik peşəsinə daha dərindən yiyələndikcə, yaşı səksəni haqlamış bu adam bütün xələflərinin çörəyinə bais olub, hakimiyyəti onlara düşmən edib, əynindəki “ədəbi mundirindən” bütün titulların, medalların, adların nümayişkaranə, görk edircəsinə yolunmasına rəvac verdi? Nə idi bunu ona etdirən, onun hədəfi, məqsədi, ümidi nəyə idi?

Bəlkə bir vaxtlar öz əli ilə korladığı bioqrafiyasını düzəldirdi, bəlkə dünyadan köçməzdən əvvəl günahlarının bədəlini ödəyirdi, bəlkə sadəcə kefi belə istəmişdi. Gözlərinin içi gülən bu ahıl yazıçının bu zarafatı, bu hoqqası, bu, özü demişkən “xuliqanlığı”nın səbəbi şəxsən mənə hələ də qaranlıq qalır.

İndi, uzaq, qarlı Norveç dağları arasında mən onu tez-tez, sevgi və hörmətlə xatırlayır və ümid edirəm ki, səksən yaşında ölkədən çıxış qadağası qoyulmuş, bu yaşda əsir saxlanılan Əkrəm Əylislini bir daha görmək mənə nəsib olacaq. Mən onun balaca, bərk əlini bir yazıçı kimi sıxıb, boynunu qucaqlayacam və onu şəxsən tanıyandan bu yana hər dəfə görüşəndə dediyim sözləri, heç bir kişiyə bu qədər müntəzəm və çox demədiyim sözləri deyəcəm. Deyəcəm ki, “Əkrəm müəllim, mən sizi sevirəm!”/meydan.tv/

# 3499 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #